BİR ZAMAN TƏRƏQQİ ETMİŞ MÜSƏLMANLARIN BUGÜNKÜ GERİLİYİNİN SƏBƏBİ NƏDİR?
Hər halda bir zamankı inkişafın və bugünkü tənəzzülün səbəblərini araşdıraq:
1. Çoxsahəli fədakarlıq: İlkin müsəlmanlar bütün mənalarda fədakar idilər. İslam ayinləri onlar üçün qardaşdan, qadından, məqamdan, sərvətdən, mənsəbdən əziz idi. Onlar bütün imkanlarını İslam yolunda sərf edirdilər. İslam tarixindəki döyüşlər deyilənlərin canlı şahididir. Bugünkü həyatımızda isə din ikincidərəcəli rol oynayır.
2. İttifaq və birlik: İlkin İslam dövründə müsəlmanlar bir-birini İslam hökmləri əsasında qardaş sayırdılar. Həzrəti Peyğəmbərin (s) vəfatından sonra Əmirəlmöminin Əli (ə) və məsum övladları sayəsində İslamda əldə olunmuş nailiyyətlər bir müddət qorundu. Onlar İslam əsaslarını qorumaq üçün özlərini qurban verdilər. Bu günsə müsəlman başçıları arasındakı fikirayrılığı son həddə çatmışdır. Artıq neçə əsrdir ki, müxtəlif məzhəb və qrup nümayəndələri bir-biri ilə müxalifətçilik edir, bir-birini dindən xaric sayırlar. Bu gün İslamın həqiqi çöhrəsi müxtəlif xürafatların pərdəsi altında qalmışdır. Belə bir vəziyyətdə hansı əzəmətdən danışmaq olar?!
ALLAHIN BİZİM İBADƏTİMİZƏ EHTİYACI VARMI? Bəs nə üçün ibadət!!
Ustad Möhsin Qəraətinin bu mövzuda gözəl bir misalı var: Hamı öz evini günəşə doğru tiksə də, tikməsə də, günəşə nə bir şey artırılar, nə də ondan bir şey əskilər. Günəşin insanların ona doğru üz tutmasına ehtiyacı yoxdur. Əgər biz evimizi günəşə doğru tikiriksə, mənası budur ki, bizim həm özümüzün, həm də evimizin onun istiliyi və enerjisinə ehtiyacımız var. Allah-Taala “Mənə ibadət edin, namaz qılın“ deyirsə, bunun mənası bu deyil ki, Onun bizim ibadətimizə ehtiyacı var. Xeyr, bu bizik ki, Allah-Taalaya üz tutmaqla Onun xas lütfü və rəhmətindən bəhrələnirik. “İbrahim“ surəsinin 8-ci ayəsində buyurulur: “Əgər siz və bütün yer üzündə olanlar küfr etsəniz, (bununla Allaha heç bir zərər yetirə bilməzsiniz). Çünki Allah (heç kimə, heç nəyə) möhtac deyildir və tərifə layiqdir.” “Fatir“ surəsinin 15-ci ayəsində də buyurulur: “Ey insanlar! Siz Allaha möhtacsınız. Allah isə (heç nəyə, o cümlədən sizin ibadətinizə) möhtac deyildir. O (hər cür) tərifə layiqdir!”
Hansı əməl insanı Şeytanın şərrindən qoruyur?!
İmam Baqir (ə) buyurur -- “Sizə bir əməldən xəbər verməyimmi ki, onu yerinə yetirdikdə, (zalım) soltan və şeytan sizdən uzaqlaşsın?”
Əbu Həmzə ərz etdi: “Bəli, bizə xəbər verin ki, onu yerinə yetirək.” İmam (ə) buyurdu:
“Gününüzü sədəqə ilə başlamağı unutmayın; çünki sədəqə İblisin üzünü qara edər və (sədəqə verdiyiniz) həmin gün zalım soltanın qəzəbi sizə təsir etməz. Sizə Allah yolunda sevgini, yaxşı əmələ məhəbbət və yardım göstərməyi tövsiyə edirəm; çünki bu iş zalım soltan və şeytanın kökünü kəsir. Günahlarınızın bağışlanmasında israrlı olun; çünki bu, günahları məhv edir. (“Tuhəful-uqul”, 2-ci cild, səh.298.)
Nigarançılıqlar və sıxıntıların əsas mənşəyi nədədir?!
Hər kəs biliyi həddində həyatının xoşbəxtliyi təyin edə bilir! Dünya adamları maddiyyatı əsas tutur, axirətə bağlı olanlar isə axirət yönlü çatışmamazlıqlara görə nigarançılıq keçirirlər! ... İnsanın nigaran və pərişan olmasının müxtəlif amilləri ola bilər. Onların ən əhəmiyyətlisi aşağıdakılardır:
1. Bəzənr insanlar öz gələcəklərini qaranlıq və qarışıq olması fikrinə düşür və bu da sıxıntı və nigarançılığa səbəb olur. Nemətlərin əldən getmə ehtimalı, düşmənə, zəifliyə, xəstəliyə və acizliyə düçar olmaq qorxusu insana əziyyət verir. Amma qüdrətli və mütəal Allaha iman bu nigarançılıqları məhv edir və insana rahatlıq bəxş edir.
2. Bəzən isə insanın keçmişinin pis və xoşagəlməz olması insanı narahat edir və onu daim nigarançılıqda saxlayır. Günahlara, səhlənkarlığa və ayaq büdrəmələrinə görə insan nigarançılıq keçirir. Amma Allahın məğfirətli, rəhmətli və tövbələri qəbul edən olmasını nəzərə aldıqda, insanın qəlbi rahatlaşır...
AĞVALİDEYNLİYƏ SON QOYMAQ ÜÇÜN NƏ ETMƏK LAZIMDIR?!
Ağvalideynliyə son qoymaq üçün, əgər ata-ana yaşayırsa:
1. Ata-anaya sabit etməlisən ki, bir daha yaramaz işlərə əl atmayacaq, onların narahatlığına səbəb olacaq işlər yerinə yetirməyəcəksən;
2. Sənin bu sayaq haqsızlıq və hərəkətlərinə görə narahat olmuş ata-ananın qəlbini yumşaltmalı, onlara daha çox ehtiram etməli, onlarla ədəb-ərkanla rəftar etməlisən. Buna rəğmən, Allah dərgahında tövbə etməli, peşmançılığını dilə gətirməli, məsumlara təvəssül edərək ata-anadan istəməlisən ki, səni bağışlasınlar. Bu zaman mehriban Allah ata-ananın qəlbini yumşaldacaq və onların da sənə qarşı mehriban olduqlarının şahidi olacaqsan. Ola bilməz ki, övlad üzrxahlıq etdikdə, ata-ana bağışlamasın!!!...
İNSANIN ƏN QATI DÜŞMƏNİ KİMDİR?! HZ PEYĞƏMBƏRİN (s) HƏDİSİ
İnsnaın ən böyük düşməni olan nəfslə mübarizə, şübhəsiz ki, çətindir və ağır zəhmətlər tələb edir. Elə bu səbəbdən də, dini mətnlərimizdə “ən böyük cihad” adlandırılmışdır. Peyğəmbəri-Əkrəm (s) müharibələrin birindən qayıdarkən mübariz səhabələri haqda belə buyurmuşdur: “Kiçik cihadı yerinə yetirən dəstəyə afərin! (Qarşıda isə hələ) onları böyük cihad gözləyir.” Soruşdular: “Böyük cihad hansıdır?” -- Buyurdu: “Nəfslə mübarizə!” Digər bir hədisdə isə o həzrətin buyruğunun davamı belə verilmişdir:
“Ən üstün cihad insanın daxilindəki nəfsi ilə mübarizəsidir.” (“Vəsailüş-şiə”, 11-ci cild, səh.123.) Nəfslə mübarizənin “böyük cihad” adlandırılması onun daimi olmasına görədir. Həm də bu daxili müharibə insan üçün xarici müharibədən təhlükəli və daha qorxuludur. Nəfslə mübarizə adlı böyük cihadda məğlubiyyət bədbəxtlik, adi müharibələrdə isə məğlubiyyətlə hətta “şəhidlik” kimi böyük iftixara çatmaq olur. Başqa sözlə, xarici düşmənlə mübarizədə həqiqi məğlubiyyət əsla olmadığı halda, nəfslə mübarizədə məğlubiyyət ehtimalı çoxdur.
Haram qazanc halal ruzini aradan aparırmı?! Qudsi hədisin izahı
İslamın təkidlə vurğuladığı əsas göstərişlərdən biri də haram qazancdan üz çevirmək və halal ruzi qazanmaqdır. Haram qazanc axirət əzabına səbəb olmaqla yanaşı, dünyada da acı təsirləri vardır. Məxsusən, ağır ötüşən və haram qazancların artdığı bu zəmanəmizdə iman əhli halal ruzi qazanmaq üçün diqqətli və tədbirli olmalıdır. “Qüdsi hədis”də belə oxuyuruq: “Həqiqətən, Allah-Taala yaratdıqları arasında ruzini halal şəkildə bölüşdürdü. Əgər bir kəs haramla qidalanarsa, bir o qədər halaldan məhrum olacaq və qiyamət günü də ağır cəzalara məruz qalacaq.” (“Üsuli-kafi”, (Darul-hədis) 9-cu cild, səh.547.) Bir gün gələcək ki, adətən, yemək, içmək, geymək və digər gündəlik tələbatımıza xərc çəkdiyimiz qazanc, onun haradan qazanıldığı və hara xərclənildiyi haqda sorğu-suala tutulacağıq. Kaş insan həmin günü unutmayaydı: “(Yadınıza salın ki,) o gün (qiyamət günü) hər kəs öz canının hayında olacaq, hər kəsə əməlinin əvəzi veriləcək və onlara heç bir haqsızlıq edilməyəcək!” (“Nəhl” surəsi, ayə 111.)Haram qazancla dolanan insanın o gün vəziyyəti ağır olacaq: “Onların gözləri zəlilcəsinə yerə dikiləcək, özlərini də zillət bürüyəcəkdir. Bu onlara vəd olunmuş həmin qiyamət günüdür!” (“Məaric” surəsi, ayə 44.)
İslamda ən pis peşə hansı peşədir?! Hz Peyğəmbərin izahı.
Peyğəmbəri-Əkrəm (s) buyurur: \"Qazancların ən pisi sələmlə əldə edilən qazancdır!” )“Vəsailuş-şiə”, c.12, səh.426, “riba” bölümü – bölüm 1, hədis 13.)
İmam Baqir (ə) buyurur: “Qazancların ən çirkini sələmlə əldə edilən qazancdır!” (“Vəsailuş-şiə”, 12-ci cild, Səh.423, “riba” bölümü – bölüm 1, hədis 2.)
İmam Sadiq (ə) buyurur: “Allah bir milləti həlak etmək istədikdə, onların arasında sələmi aşkar edər.” (“Vəsailuş-şiə”, 12-ci cild, “riba” bölümü – bölüm 1, hədis 17.)
Qeyd etmək lazımdır ki, hal-hazırda pul müamilələrində, borcda faiz, yaxud riba və sələm dünyada adi kəsb növlərindən biri kimi, qarşısı alınması mümkün olmayan qlobal problemlərdən birinə çevrilib. Bu gün sələmin ucbatından ailələri dağılanlar, özlərini oda yaxanlar, intiharlar, digər faciə və cinayətlər barədə danışmaq çətindir. Buna şərait yaradan bir çox quruluşlarda ona qarşı, demək olar, qətiyyən tədbir görülmür. Odur ki, əksər hallarda mal və sərmayə xüsusi əllərdə toplanır, cəmiyyətdə sinfi təbəqəni sürətlə artırır, xalqın məişət və iqtisadi problemlərini daha da gərginləşdirir. Halbuki İslam dini 14 əsr bundan əvvəl belə kəsb və qazancların əleyhinə çıxaraq kəskin surətdə öz mövqeyini bildirir, ona əks olaraq möminləri daim həmrəylik və yardıma çağırır, imkanlılara çətinliyə düşənlərin əlindən tutmaq üçün “qərzül-həsənə” adı ilə Allah dərgahında bəyənilən “gözəl borc” müqaviləsini təklif edir.
Nə üçün hədislərdə mömin xurma ağacına bənzədilmişdir?!
İslam Peyğəmbərinin (ə) bu barədə belə bir kəlamı var: “Mömin xurma ağacına bənzəyir, ondan nə götürsən faydalı və xeyirlidir.” (“Nəhcül-fəsahə”, səh.564, hədis 2727.)
Xurma ağacı doğrudan da, çox bərəkətli ağaclardan biridir. Onun meyvəsi yeyilir və o, qidalanmaq üçün ən yaxşı yeməklərdən sayılır; onun çəyirdəyindən yanacaq kimi istifadə edilir, yarpağından həsir, papaq, süfrə və s. kimi şeylər toxunulur. İmanlı şəxslər də eynilə xurma ağacı kimidirlər. Onların düşüncələri faydalı, danışıqları xeyirli, oturuşu tərbiyəvi, məktəbləri yaradıcı, dostluqlarında sadiq, vədlərində vəfalıdırlar. Xülasə, onların hər bir işi qiymətli və dəyərlidir.
Quran və hədislərə əsasən insan həyatının böyük dəyəri hansı iki əməldən asılıdır?!
Qurаni-Kərim nəzərindən insаnın dəyəri onun imаnı və əməlisаlehliliyindən ibаrətdir. Qurаni-Kərimin bir çox ayələrində bu iki məsələnin yanaşı qeyd olunmаsının şаhidi oluruq: “Kəhf” surəsinin 88-ci ayəsində buyurulur: İmаn gətirib yаxşı iş görənləri isə ən gözəl mükаfаt gözləyir. Biz onа аsаn bir şey əmr edəcəyik!”
“Məryəm” surəsinin 60-cı ayəsində də belə buyurulur: إِلاَّ مَنْ تَابَ وَ امَنَ وَ عَمِلَ صَالِحاً فَأُولئِكَ يَدْخُلُونَ الْجَنَّةَ وَ لاَيُظْلَمُونَ شَيْئاً “Tövbə edib imаn gətirən və yаxşı işlər görənlərdən bаşqа! Onlаr heç bir zülm, hаqsızlıq görmədən cənnətə dаxil olаcаqlаr.” İnsаnlаr iki dərəcəyə mаlikdirlər: Biri təqvа əhli və fəzilət sаhibləridir. Təqvа əhli və fəzilət sаhibləri peyğəmbərlər, sаlehlər, övliyаlаr, siddiqlər və şəhidlərdir. Elə bu səbəbdən də, həzrət Аdəmə (ə) mələklər səcdə etdilər...