Nə üçün həmd surəsindən sonra sünnilər \"amin” deyir, biz isə demirik?


Cavab: İslam hökmlərinə görə şəriətə nə isə artırıb azaltmaq olmaz. Həmddən sonra Peyğəmbər (s) və İmamların \"amin” deməsi barədə sübut olmuş xəbər yoxdur. Amma mötəbər bir rəvayətdə İmam Sadiq (ə) buyurur: \"İmamın arxasında namaz qıldığınız vaxt o, həmdi oxuduqdan sonra \"amin” yox, \"əlhəmdulillahi rəbbil-aləmin” deyin” (\"Vəsailüş-şiə”, fəsil 17, hədis 1) Şiə fiqhində \"amin” kəlməsi namazın mətnindən sayılmır. Bu kəlməni mətndən sayaraq deyən kəs bidətə yol verir və namazı batil edir. Sünnə əhli isə öz kitablarındakı rəvayətlərə əsaslanaraq \"amin” deyilməsini müstəhəb sayır və deyirlər ki, Peyğəmbər (s) bu işi özü görmüş və digərlərinə də əmr etmişdir...


Nə üçün camaat namazının birinci və ikinci rəkətlərində yalnız imam, bəzi sünnilərdə isə iqtida edənlər də həmd oxuyur?


Cavab: Şiə fəqihləri yekdil olaraq bu fikirdədirlər ki, camaat namazında əvvəlki iki rəkətdə yalnız İmamın həmd oxuması kifayətdir. Bu məsələyə münasibətdə sünnilər arasında fikir ayrılığı var. Bütün Ərəbistanın müftisi Əbdullah ibn Baz deyir: \"Camaat namazında iqtida edənə (məmuma) həmd oxumaq vacibdir.” Şafeilər də belə hesab edir. Malikilər iqtida edənlərin həmd oxumasını günorta və ikindi namazında müstəhəb, şam və xüftən namazında isə məkruh sayırlar. Hənəfilər isə ümumiyyətlə iqtida edənin həmd oxumasını məkruh bilir. Hənbəlilər isə bildirirlər ki, həmd oxumaq günorta və ikindi namazlarında müstəhəb, şam, xüftən və sübh namazlarında İmamla birlikdə oxumaq məkruhdur.(\"Əl-fiqh ələl məzahibil-ərbəə”, c. 1, s. 228) \"Səhihe Buxari”..


Nə üçün şiələr bütün namazlarda qunut tutduğu halda, sünnilər belə etmirlər?


Cavab: Şiə kitablarında qunutun müstəhəbliyi və fəzilətinə dəlalət edən mötəbər rəvayətlər var. Peyğəmbər (s) və İmamların (ə) qunut tutduğunu nəzərə alaraq şiələr bütün namazlarda qunut tuturlar.
Sünnə əhlinin mötəbər mənbələrində də həzrət Peyğəmbərin (s) xüsusi ilə şam və xüftən namazlarında qunut tutduğu bildirilir.(Səhihe-Buxari”, kitabul vətr, fəsil 7, hədis 1001-1004.)Malikilər həmin rəvayəti əsas götürərək sübh namazında qunut tutmağı müstəhəb hesab edirlər.(\"Əl-fiqh ələl məzahibil-ərbəə”, c. 1.)


Nə üçün şiələr namazın salamından sonra üç dəfə təkbir deyir və təkbir deyərkən əllərini yuxarı qaldırırlar?


Cavab: Şiə fiqhində müstəhəbdir ki, namazın salamından sonra üç dəfə təkbir deyilsin və hər təkbirdə əllər qulaqlar bərabərinədək qaldırılsın. Ümumiyyətlə, şiəlikdə namazın birinci və sonrakı təkbirlərini deyərkən əlləri qaldırmaq müstəhəbdir. Sünnilər isə yalnız birinci təkbir, rükudan əvvəlki və sonrakı təkbir, ikinci rəkətə durarkən deyilən təkbirdə əlləri qaldırmağı müstəhəb sayırlar. (Əl-fiqhu ələl məzahibil ərbəəti, cild 1, səh-249. \"Səlatul-mumin”, əl-Qəhtani,, əl-Qəhtani, s.252)
Sünni müftisi ibn Baz deyir ki, yalnız bu dörd halda əlləri qaldırmaq olar.(\"Töhfətul-ixvan”, Ben Baz, Ben Baz, s. 90)...


Nə üçün biz də sünnilər kimi sübh azanında \"əssəlatu xəyrun minənnovm” demirik?


Cavab: Şiə fiqhində və Əhli-beyt (ə) rəvayətlərində belə bir cümlə barədə məlumat olmadığından onu azanda demək caiz deyil, bidətdir. Amma bəzi qeyri-mötəbər sünni mənbələrində bildirilir ki, həzrət Peyğəmbər (s) azanı öyrədərkən sübh namazında bu cümlənin deyilməsini əmr etdi.(\"Töhfətul-ixvan”, Ben Baz, Əbdül Əziz ben Əbdüllah ben Baz, s. 79) Bəzi rəvayətlərdə isə bu cümlənin Ömər və onun oğlu Əbdullah tərəfindən azana artırıldığı bildirilir.(\"Əl-əzan”, Əbi Hatəm, s. 45) Ən əsası isə sünnilərin \"Səhihe Buxari”, \"Səhihe Müslim” kimi mötəbər kitablarında bu barədə heç bir məlumat verilmir.(Səhihe Müslim, Kitabus-səlati, babu sifətil-əzani, hədis 379. Səhih Buxari, Kitabul əzan.) Dörd sünni məzhəbi yekdil olaraq azanda bu cümlənin deyilməsini müstəhəb hesab edir.(\"Əl-fiqh ələl məzahibil-ərbəə”, c.1, s. 312.)...


Nə üçün sünnilər də bizim kimi azanda \"həyyə əla xəyril-əməl” demirlər?


Cavab: Şiələr öz ibadət üsulunu Peyğəmbər (s) Əhli-beytindən öyrənir. Şiə fiqhinin müraciət etdiyi rəvayətlərdə iki dəfə \"həyyə əla xəyril-əməl”, yəni \"əməllərin ən xeyirlisinə (namaza) tələs” deyilməsi zəruri bilinir. Sünnilərdə də belə bir rəvayət var, amma onlar bu rəvayəti zəif hesab edir və azanda həmin cümləni işlətmirlər.(Kitabul-əzan”, Əbi Hatəm, s. 54-60.) Bəli, şiələr peyğəmbər sünnəsini onun Əhli-beytindən öyrənirsə, sünnilər bu sünnəni kənar şəxslərdən əxz edirlər...


Nə üçün şiələr həzrət Peyğəmbərin adı çəkiləndə salavat deyir, sünnilər isə demirlər?


Cavab: Quranda buyurulur: \"Həqiqətən, Allah və onun mələkləri peyğəmbərə salavat göndərirlər. Ey iman gətirənlər, siz də ona salavat göndərin və layiqincə salamlayın.” (Əhzab” surəsi, ayə 56.) Bu ayədən əlavə bir çox rəvayətlərdə müsəlmanlara tapşırılır ki, həzrət Peyğəmbərin (s) adı, ləqəbi və künyəsi deyilərkən salavat göndərsinlər. Sünnilərin ən mötəbər kitablarından olan \"Səhihe Müslimdə” nəql olunur ki, həzrət Peyğəmbər buyurdu: \"Müəzzin azan deyəndə azanın cümlələrini onun kimi deyin və mənə salavat göndərin. Həqiqətən, mənə salavat göndərən kəsə Allah on salavat göndərər.”(Səhihe Müslim”, namaz kitabı, s. 198)
Buna əsasən də şiələr Peyğəmbərin (s) adı çəkilərkən ona salavat göndərməyi özlərinə vəzifə bilirlər. Sünnə əhli isə hətta azanda Peyğəmbərin adı çəkilərkən salavat çəkməməklə savabdan məhrum olurlar. Bu məhrumiyyət Əhli-beytdən uzaq düşənlərin cəzasıdır...


Ölüyə Quranın \'\'Yasin\'\' surəsini oxumaq olarmı?


Biz bu suala yenə məşhur əhli-sünnə alimlərinin topladığı hədislərlə cavab verəcəyik. Məhəmməd Həqqi həzrətləri \'\'Sirlər Xəzinəsi\'\' kitabında (\'\'Hazinətül-Esrar\'\' tərcüməsi Türk dilində səh.578) Tirmiz Mekat ibn Yaşardan nəql edir ki, (1038-ci hədis) Peyğəmbər(s) buyurub: \'\'Yasin\'\' surəsi Quranın qəlbidir. Axirət yurdunu diləyərək bunu oxuyan insan mütləq bağışlanar. O halda bu surəni ölüləriniz üzərində də oxuyun.\'\' \'\'İslami həqiqətlər\'\' kitabında Əhməd Salman (360-cı səhifə, türk dilində) Buxari ibni Ömərdən, Təbəri Əbu Hüreyradan nəql edir ki, (1040-cı hədis) Peyğəmbər(s) buyurub: \'\'Gecə sırf Allah rizası üçün \'\'Yasin\'\' surəsini oxuyan kimsənin günahları bağışlanar. O halda bu surəni ölülərinizə də oxuyun.\'\' Bunlardan əlavə Əbu Bəkirdən və ibni Abbasdan rəvayət edilmişdir ki, (\'\'Ruhil-bəyan\'\' təfsiri \'\'Dörd səhih hədis\'\' kitabı Əbu Hüreyradan, 1044-1066-cı hədis) Peyğəmbəri Əkrəm buyurub: \'\'Qəbristanlığa girib \'\'Yasin\'\' surəsini kim oxuyarsa, mütləq o gün üçün o qəbirdəkilər həfiflənmiş olarlar. Oxuyana da oradakı ölülər sayısınca savab verilər.\'\' Əhli-sünnə alimlərinin topladığı hədislərdən aydın olur ki, ölüyə \'\'Yasin\'\' surəsini oxuyarkən həm ölünün ruhu şad olur, həm də oxuyan kimsəyə savab yazılır.


Niyə görə şiələr ölülərdən hacət istəyirlər və ziyarətgahlara gedib dua edirlər?


Şiə təriqəti - Cəfəri məzhəbi insanın nə ölüsündən, nə də dirisindən hacət istəmir. Şiə Peyğəmbərə və İmamlara xatir Allahdan istəyir. Allah həmişə duanı qəbul etməyə qadirdir. Bundan əlavə \'\'Allah yolunda öldürülənləri heç də ölü zənn etmə! Xeyr, onlar öz Rəbbləri yanında diri olub ruzi (Behit nemətlərindən) yeyirlər.\'\' (\'\'Ali İmran\'\' surəsi, ayə-169) Ölüm sonluq və heçlik deyil, başqa bir aləmə keçiddir. Əhli-Sünnə alimlərinin qəbri ziyarət etmək haqqında da hədisləri çoxdur, o cümlədən; \'\'Səhihi Müslüm\'\' c. 3 və \'\'Qəzali Əxbarul-uyun\'\' c. 1 kitablarında Həzrət Peyğəmbər(s)-dən belə nəql olunur: \'\'Hər kəs mənim qəbrimi ziyarət etsə mənim şəfaətim ona vacib olar.\'\' Bu hədisdən görünür ki, qəbri ziyarət edib şəfa tapmaq olar. Ancaq bilmək lazımdır ki, şəfanı qəbir vermir, qəbir sahibinin Allah yanında olan uca məqamına xatir Allah özü verir...


Nə üçün şiələr namazı birləşdirib qılırlar, bu şəriətə zidd deyil?


Sübh namazının vaxtı, sübhün açılmasından günəşin doğmasına qədərdir. Zöhr və Əsr namazının vaxtları günorta çağının başlanmasından günəşin batmasına qədər olan müddətdir. Məğrib və İşa namazlarının vaxtı günəşin qürubundan gecə yarısına qədərdir. Quranın \'\'İsra\'\' surəsinin 78-ci ayəsində buyurulub: \'\'Gün batandan gecə qaranlıq düşənədək namazını qıl və habelə səhər (sübh) namazını (da qıl)…\'\' İslam Peyğəmbəri(s) müsəlmanlara rahat olsun deyə zöhr və əsr namazlarının, məğrib və işa namazlarının birlikdə qılına biləcəyinə izn vermişdir. Ərəfatda günəş batarkən camaat \'\'namaz, ya Rəsuləllah!\'\' dedi, lakin Peyğəmbər(s) belə buyurdu: \'\'Məşərül-həramda Məğrib namazını gecikdirdilər və İşa namazıyla birlikdə qıldılar ki, bu da əda idi, qəza deyildi.\'\' Şiələrin namazı birləşdirib qılması göründüyü kimi, özbaşınalıq deyil, ümumiyyətlə şiələrin bütün əməlləri Allahın əmri, Peyğəmbərin buyruğuna əsasəndir. \'\'Peyğəmbər(s)-lə birlikdə səkkiz rükət Zöhr və Əsr namazlarını və yeddi rükət Məğrib və İşa namazlarını birlikdə qıldıq.\'\' (\'\'Müsnədi Əhməd\'\' c. 1, səh.221)...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter