Axirətdə korluq deyəndə nə başa düşülür?


“İsra” surəsinin 72-ci ayəsində oxuyuruq: “Bu dünyada kor olan, axirətdə qəlbikor və azğındır.”
Əgər ayənin zahiri mənası ilə kifayətlənsək, belə bir qənaətə gəlməliyik ki, bu dünyada gözü kor olan insan axirətdə də kor olacaq. Amma peyğəmbərlər və İmamlar tərəfindən böyük ehtiramla qarşılanmış kor insanlar olmuşdur. Əgər ayədə zahiri korluq nəzərdə tutulardısa, belələri iman və saleh əməllərinə baxmayaraq Qiyamətdə məhrum qalası idilər. Hansı ki, Quranda buyurulur: “Orada (behiştdə) qəlblərin arzuladığı, gözlərin ləzzət aldığı hər nə hazırdır...” (“Zuxruf”, 71) Bəli, dünyada fiziki korluğun axirətdə korluqla sonunclanması Qurana müxalifdir. Demək, Əhli-beytdən nəql olunmuş mənaya, yəni qəlbin korluğu mənasına əsaslanmalıyıq.


Hər gün günəş çıxan zaman 4 mələk nə haqda nida çəkərlər?


Günəş doğan zaman dörd mələk onunla birlikdə olar. Onların hər birinin öz vəzifəsi vardır:
Birinci mələk səslənərək deyər: “Ey xeyirxahlar, öz işlərinizi sona çatdırın və sevinc içində olun”.
İkinci mələk: “Ey şər insanlar, (öz şər əməlinizdən) əl çəkin və tərk edin”.
Üçüncü mələk deyər: “İlahi, infaq edənlərin savabını ver, simiclik edənləri isə tələf et”.
Dördüncü mələk isə Günəşin istiliyindən azaldar. Çünki, əgər azaltmasa Günəş yeri yandırar.


Mələklər insanların hansı halətini gülünc hesab edirlər?


Mələklərin güldükləri kəslər bunlardır: 1. Bütün gün ərzində pis-pis danışır, axşam olanda da elə ki, işa namazını qılır, yenə boş-boş və lazımsız söhbətlərə başlayır. Bu zaman mələklər ona gülüb deyirlər: “Ey xəbərsiz! Səhərdən axşama qədər boş və puç danışıqdan doymadın, indi doyacaqsan?!”
2. Əlinə bel və külüng götürüb torpağını şumlamaqdan ötrü öz tarlasına gedən tamahkar kəndlidir. O, öz payını artırmaq məqsədilə qonşu tarla ilə öz tarlasını ayıran torpaq sahəsini də belləyib öz sahəsinə qatmaq istəyərkən mələklər ona gülüb deyərlər: “Bu genişlikdə torpaqdan gözün doymadı, bu kiçik hissədən doyacaq?!”
3. Özünü naməhrəm kişilərdən örtməyən qadın ölən zaman onu kəfənə büküb qaranlıq və gözlərdən gizlin olan yerə – qəbirə qoyarlar, mələklər gülüb deyərlər: “Rəğbətə səbəb olduğu zaman onu gizlətmirdiniz, indi gizlədirsiniz?! Halbuki, indi ona yalnız nifrət və ikrah olunar”.


Mələklər kimlərin məzlumyyət halına ağlayarlar?


Mələklərin ağladıqları kəslər isə bunlardır: 1. Elm ardınca gedərkən yolda ölən qərib.
2. Övladları olmayan və ömürləri boyu övlad həsrəti ilə yaşayan yaşlı kişi və qadındır. Elə ki, yaşlı çağlarında övladları olar, onlar sevinər ki, bu yaşımızda bizim xidmətimizdə durar, öləndən sonra da bizi dəfn edər. Ancaq həmin övladları ata-anasından qabaq vəfat edər. Mələklər ata-anadan qabaq həmin övladın halına ağlayarlar.
3. Gecənin bir aləmi oyanıb anasının yoxluğundan xəbəri olmayan, ağlayaraq onun dalınca getmək istəyən yetimdir. O, ağlayan zaman dayə onun üstünə acıqlanıb deyər: “Niyə ağlayırsan?!” Bu an anasının olmamağı uşağın yadına düşər və ümidsiz halda susar. Həmin vaxt mələklər onun qəribliyinə ağlayarlar.


Ruhlarla əlaqə saxlamaq mümkündürmü?


«Fatir» surəsinin 22-ci ayəsində buyurulur: «Dirilərlə ölülər eyni deyillər. Şübhəsiz ki, Allah (haqq sözü) istədiyi şəxslərə eşitdirər. (Amma ey Peyğəmbər) sən isə qəbirlərdə olanlara eşitdirən deyilsən».
Bütün müsəlmanlar namazın sonunda peyğəmbərə salam göndərirlər. Dünyasını dəyişmiş insanın cəsədinə «la ilahə illəllah» təlqin edilir. Bütün bunlar mötəbər hədislərə əsasən icra olunur. Əgər dünyasını dəyişmiş insan bizi eşitmirsə, hansı əsasla ona salam göndərməli və ya təlqin etməliyik?!«Nəhcül-bəlağə»də ölülərin ruhu ilə əlaqəyə işarə olunur və həzrət Əlinin (ə) möminlərin ruhu ilə danışdığı bildirilir. Ölmüş insanın dünya həyatı ilə əlaqəsi kəsilsə də, Allahın iradəsi ilə belə bir əlaqə mümkündür.


Əhli-beyt (ə) davamçıları hansı şeylərə ehtiyaclıdırlar?


Əhli-beyt (ə) davamçıları hansı şeylərə ehtiyaclıdırlar? İmam Kazim (ə) buyurur: “Bizim şiələrimizin dörd şeyə ehtiyacı vardır:
1. Üzərində namaz qılmaq üçün səccadəyə.
2. Barmağına taxmaq üçün üzüyə.
3. Dişlərini fırçalamaq üçün fırçaya.
4. İmam Hüseynin (ə) türbətindən hazırlanmış təsbehə”. /Qaynaq: “Təhzibul-əhkam”, c. 6, səh. 75


Ayətullah Sistaninin Ərbəin yolunun təmiz saxlanması haqqında yeni fətvaları nələrdir?


Ayətullah Sistaninin Ərbəin yolunun təmiz saxlanması haqqında yeni fətvaları nələrdir? Sual: Ərbəin ziyarəti günlərinin yaxınlaşması və piyada surətdə ziyarətə gedənlərin sayının milyonlarla olmasına diqqət etməklə Kərbəlaya gedən piyada yolu ilə bağlı bir neçə sual soruşmaq istəyirik:
1. Zəvvarların piyada yolunun, həmçinin yol boyu qurulmuş mokəblərin təmiz qalması məqsədilə zibil yeşikləri və və zibil kisələri almaq üçün pul vermək olarmı? Və bu Hüseyn (ə) təzahürləri yolunda infaq sayılırmı? Cavab: Bəli. Möminlərin ziyarət etməsi, onların ziyarətə rəğbətləndirməsi, bu yolda rahatlıq və asayişinin təmin edilməsinə səbəb olan hər bir iş müstəhəbdir. Bu yolda pul xərcləmək Hüseynin (ə) zəvvarına xidmət etmək və infaqın nümunələrindən sayılır.
2. Əgər bir dəstə gənc öz vaxtlarını Kərbəla zəvvarları gedən yolun təmizliyinə sərf etsələr, bu iş bəyənilirmi? Cavab: Müsəlmanların yolundan maneələri aradan qaldırmaq şəriətdə bəyənilən əməldir. Bu iş İmam Hüseynin (ə) zəvvarları yolunda olarsa, daha çox savabı vardır.


«Ayətül-kürsü»də adı çəkilən Urvətil-vusqa kimdir?


«Ayətül-kürsü»də adı çəkilən Urvətil-vusqa kimdir? Bu ayədə adı çəkilən tağut - Ali-Peyğəmbərin (ə) haqqını qəsb edənlərə işarə edir. O kəslər ki, Məsumlarla (ə) düşmənçilik etmiş və insanları zəlalətə salmışdılar. Bunu nəzərə almaq lazımdır ki, Əhli-beyt (ə) vahid bir nurdur və bir İmam (ə) haqqında deyilənlər ondan sonrakı İmama (ə) da aid olar. Ona görə də bizim zamanımızda Ürvətil-vusqa - İmam Zaman ağadır (ə.f). Çünki insanlar onun vasitəsilə Allaha və həqiqətə çatacaqlar.
Bu ayədə oxuyuruq ki, Allah nurunun vasitəsilə hər kimi istəsə hidayət edər. Bəs bu hidayət necə həyata keçəcəkdir? Cavabında deyə bilərik ki, hədislərimiz nuru Allahın xəlifəsinə və kamil insana şamil edir. Bu ayədə adı çəkilən nur – Ali-Peyğəmbərə (ə) aid edilir. Zülmət isə düşmənləridir...


Axiruzzəmanda zühur edəcək Yəmani kimdir?


Axiruzzəmanda zühur edəcək Yəmani kimdir? İmam Zamanın zühurunun əlamətlərindən biri Yəmani adlı bir şəxsin qiyam etməsidir! Ğeybət-Numani (bab 14, s.286, h.13) əsərində İmam Zamanın zühuru zamanı qiyam edəcək Yəmaninin əlamətləri barədə İmam Baqirdən belə bir hədis gəlib: “Süfyaninin, Yəmaninin və Xorasaninin ortaya çıxması (xüruc etməsi) eyni ildə, eyni ayda və eyni gündə baş verəcək. Onların ortaya çıxmağı sapa düzülmüş muncuqların məsəli kimi olacaq ki, biri o birisinin ardınca gələcək. Hər tərəfdə sıxıntı baş verəcək. Onlarla düşmənçilik edənin vay halına. Bayraqların içində ən doğru yolda olan Yəmaninin bayrağıdır. O hidayət bayrağıdır. Çünki o insanları sizin sahibinizə tərəf dəvət edəcək... Hədisə əsasən Yəmani qiyam edəcək, insanları İmam Zamanın zühuruna çağıracaq. Haq-ədalət tərəfdarı olan Yəmaninin bayrağı hidayət bayrağıdır. Möminlər bundan savayı şəxsin ardına getsələr cəhənnəmlik olacaqlar. Bu əlamətlər hələ indiyə qədər heç kimə qəti olaraq şamil edilməyib.


Cənnətdəki nemətlərin ləzzəti necə olur?


Quranda cənnətdə veriləcək nemətlərdən söz açılır. Bu nemətləri insan təsəvvür etdikdə bu dünyada təcrübədən keçirdiyi ləzzətlərin ən yaxşı halı yadına düşür. İnsan düşünür ki bu dünyada təcrübədən keçirdiyi ləzzətlərin ən yaxşı mislini o dünyada görəcək. Quranda behiştin söykənəcək müttəkkələrindən tutmuş, xidmət göstərən huri və qilmanlara qədər, sayə salmış meyvə ağaclarından tutmuş qəsrlər və süd çaylarına qədər və sair nemətlər gəlibdir. Bu dünyada qeyd edilən nemətlərdən alınan həzz təkrarlı şəkildə olsa yorucu və bezici olar. Amma behiştin nemətləri və onların bəxş etdiyi ləzzətlər behişt kimi mükəmməl olduğundan yorucu və bezici olmayacaq. Tövbə/72: “Allah mömin kişilərə və qadınlara altından çaylar axan cənnətlər və Ədn cənnətlərində gözəl məskənlər vəd buyurmuşdur. Onlar orada əbədi qalacaqlar. Allahdan olan bir razılıq isə daha böyükdür. Bu, böyük qurtuluşdur (uğurdur)!” Ayədən bəlli olur ki cənnətdə ən böyük nemət Allahın insandan razı olmasını hiss etməsidir...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter