Qara simalı kəndli kişi İmam Kazimin (ə) nəyi idi?


Qara simalı kəndli kişi İmam Kazimin (ə) nəyi idi? İmam Kazim (ə) kəndli və qara simalı bir kişinin yanından keçirdi. İmam (ə) ona salam verdi və bir müddət onunla söhbət etdi.
Ayrılarkən ona buyurdu: “Hər vaxt bir köməyə ehtiyacın olsa, mən sənə kömək edərəm”. İmamın (ə) səhabələri dedilər: “Ey Peyğəmbərin övladı! Belə bir şəxsin yanında oturursan, ondan hacətləri və çətinlikləri barədə soruşursan? Halbuki, onun sənə daha çox ehtiyacı vardır (Yəni o, sənin yanına gəlməli və səndən xahiş etməlidir)”. İmam (ə) onlara buyurdu: “O, Allahın bəndələrindən biridir və Quranın hökmünə əsasən, bizim qardaşımızdır ki, Allahın şəhərlərində yaşayır. Biz onunla bir atadan; Adəmdənik. İslam adlı bir dinimiz vardır. Ola bilər ki, dövran bizi ona möhtac edər. Bəs, onun qarşısında təkəbbürlü olmaqdansa, təvazökar olaq”.


İmam Əlinin (ə) hədisinə əsasən bəşər xoşbəxtliyinin kamalı nədədir?


İmam Əlinin (ə) hədisinə əsasən bəşər xoşbəxtliyinin kamalı nədədir? Əbu Hənifə Saiqul-hacc deyir: Mənimlə kürəkənim arasında irs bölgüsü üzərində söz-söhbətimiz düşmüşdü. Müfəzzəl bizim yanımızdan ötürdü. O, bizim dalaşdığımızı görəndə bir müddət orada dayanıb, bizə baxdı. Sonra dedi: “Bizim evimizə gəlin”. Biz onun evinə getdik. Müfəzzəl özündən dörd yüz dirhəm verərək bizi barışdırdı və bizim aramızdakı ixtilafı həll etdi.
Müfəzzəl sonra dedi: “Sizə verdiyim bu pul özümün deyildi. İmam Sadiq (ə) mənə göstəriş vermişdir ki, hər vaxt bizim səhabələrimizdən iki nəfərinin arasında dava-dalaş düşsə, onların arasında sülh yaradım və barışdırım, onun (İmam Sadiqin) malından bu iş üçün xərcləyim. Bəs sizə verdiyim bu pul İmam Sadiqin (ə) idi”. İmam Əli (ə) buyurur: “İnsanın xoşbəxtliyinin kamalı insanlar arasında sülh yaratmağa təlaş etməkdir”.


Cansız cəsəd qəbirdə necə əzab çəkə bilər?


Cansız cəsəd qəbirdə necə əzab çəkə bilər? Cavab: Qəbir əzabı həm cismə, həm də ruha aiddir. Amma bu cism adi cismdən fərqlənir. Maddi bədəni tərk edən ruh “bərzəx bədəni” adlanan bir bədənə daxil olur. İnsan yatdığı vaxt ruhun maddi bədənlə əlaqəsi son dərəcə zəifləyir və o, bərzəx bədəninə oxşar bədənlə hərəkət edir. Həmin bədən görür, eşidir, danışır, ağrını hiss edir. Yuxuda insanın hərəkəti bərzəx bədəninin varlığına sübutdur. Ruh bədəni tərk etdikdən sonra bərzəx dünyasına daxil olur. Amma torpaq qəbir və cansız ruh arasındakı əlaqə kəsilmir. Qəbir ziyarəti, qəbir üstə oxunan dualar həmin əlaqəyə əsaslanır. Qəbir əzabı dedikdə torpaqda basdırılmış cəsədin yox, bərzəx bədəninin əzabı başa düşülür. Amma qəbirdəki cəsədlə əzab çəkən bərzəx bədəni arasında zəif də olsa əlaqə var.


Ölümdən sonrakı həyat bütün canlılar üçündür, yoxsa təkcə insan üçün?


Ölümdən sonrakı həyat bütün canlılar üçündür, yoxsa təkcə insan üçün? Cavab: “Rum” surəsinin 11-ci ayəsində buyurulur: “Allah məxluqatı əvvəlcə yaradır, (öləndən) sonra yenidən dirildir.” Bu və digər ayələrə əsasən Allah bütün yaratdıqlarını öz hüzuruna qaytarasıdır. Məad, yəni ölümdən sonra dirilmə həm cismə, həm də ruha aiddir. Ruhun təkamülü baxımından insan digər canlılardan fərqlənir. Ona görə də ölümdən sonrakı dirçəlişdə insan ön pillədə dayanır və onun yenidən dirilməsi daha çox əhəmiyyət kəsb edir.


Kamil imana çatmağın yolu nədir?


Kamil imana çatmağın yolu nədir? İmam Sadiq (ə) buyurur: “Allah-taala imanı yeddi əsas üzərində qərar vermişdir: ehsan və xeyirxahlıq, düzlük, yəqinlik, razılıq, vəfadarlıq, elm, dözüm. Sonra bu paylar xalq arasında bölünür. Allahdan yeddi pay alan fərd kamil imana sahib olur… (“Üsuli-kafi”, c.3,s. 83.)
Bəşər tarixində hər yeddi payı alıb, yəqin mərhələsinə çatmış insanlar çox azdır. Onlardan bir çoxunun dərəcəsi yalnız ölümündən sonra məlum olmuşdur. Hazırkı dövrdə belə insanlara misal olaraq Qum şəhərində yaşamış Ayətullah Behcəti göstərmək olar. Belə bir məqama çatmaq üçün isə dərin elm və bilik əsasında nəfsi tərbiyə etmək lazım gəlir.


Müsəlmanla mömin arasında nə kimi fərq var?


Müsəlmanla mömin arasında nə kimi fərq var? Quran buyurur: “Allah İbrahimə “Rəbbinə təslim ol” buyurduqda, İbrahim “aləmlərin Rəbbinə təslim oldum ” deyə cavab verdi. (“Bəqərə”, 131) Ayədən göründüyü kimi Allahın əmrləri qarşısında təslim olan insan müsəlman olur. Amma müsəlmanlığın dərəcələri vardır. “Hucurat”/14-cü ayədə oxuyuruq: “Bədəvilər “biz iman gətirdik”, dedilər. De ki, siz iman gətirmədiniz “Biz islamı qəbul etdik”, deyin. Çünki hələ iman qəlblərinizə daxil olmamışdır.” Demək, İslamın ilkin dərəcəsi onu dil ilə qəbul edib, şəhadət kəlməsini deməkdir. İslamın ikinci dərəcəsində olanlar onu dil ilə qəbul edib, xeyir iş görənlərdir. İnsanın Allaha qəlbən itaəti İslamın üçüncü dərəcəsinə aiddir. Dördüncü dərəcədə olan insanlar isə bütün varlığını Allahın ixtiyarında görən övliyalardır. İmam Sadiq (ə) buyurur: “Çox vaxt bəndələr sadəcə müsəlman olaraq qalır, möminliyə yol tapa bilmirlər. Allahın qadağan etdiyi günahlara yol verən şəxsi mömin yox, müsəlman kimi qəbul etmək lazımdır.


Namaza əhəmiyyətsiz yanaşmağın nəticələri hansılardır?


Namaza əhəmiyyətsiz yanaşmağın nəticələri hansılardır? Namaza əhəmiyyət vermək Allahın böyük mükafatları ilə nəticələndiyi kimi, namaza diqqətsiz yanaşmaq da bir çox ilahi əzabları insanlara nazil edir. Qurani-kərimdə namaza əhəmiyyətsiz yanaşmaığın bəlaları haqqında olan bir neçə ayəni diqqətinizə çatdırırıq.
Namaz qlmamaq insanın dünya və axirət həyatını çətinləşdirir. Allahı xatırlamaq, onu zikr etmək böyük səadətə səbəb olduğu kimi, Onu yaddan çıxartmaq, namaz və s. dini vacibatlara etinasız yanaşmaq da böyük ilahi əzabların nazil olmasına səbəb olur. Qurani-kərimdə oxuyuruq: “Hər kəs Mənim öyüd-nəsihətimdən (Qur’andan) üz döndərsə, güzəranı daralar (yaxud qəbir evində şiddətli əzaba düçar olar) və Biz qiyamət günü onu məhşərə kor olaraq gətirərik!”. (“Taha”, 124.)...


Övladlarınızın sizə qayğı göstərməsini istəyiriksə hansı əmələ diqqət yetirməlisiniz?


Övladlarınızın sizə qayğı göstərməsini istəyiriksə hansı əmələ diqqət yetirməlisiniz? Ata-oğul münasibətləri: İmam Əli (ə) buyurub: “Öz atalarınıza yaxşılıq edin ki, övladlarınız da sizə yaxşılıq etsinlər”. “Qürər əl-hikəm”, c. 3, səh. 267. Ailə başçılarını uca tutmaq, onların hörmətini qoruyub saxlamaq, dini göstəriş və ilahi əmrdir. Ataların hüququnu tanımaq, zəhmət və xidmərlərinə görə onlara təşəkkür etmək “ağlın inkişafı” və “kamil ülfət”in göstəricisidir. Övladlar ictimai mədəniyyəti, ünsiyyət tərzini və rəftarlarındakı ədəb-ərkanı öz valideynlərindən öyrənirlər. “Ədəb pöhrəsi” uşaqların qəlbində əkilərsə, gələcəkdə məhsul verər.
Bəzən uşağı tərbiyələndirmək bilavasitə həyata keçirilir. Əgər biz öz ata-analarımızın qarşısında təvazökar olmasaq, onlara yaxşılıq və hörmət etməsək, övladlarımız öz ataları qarşısında ədəbli və təvazökar olmalı olduqlarını hardan öyrənməlidirlər?...


Atanın nifrini keçdiyi kimi ananın qarğışı insan həyatına nə belə təsiri var?


Atanın nifrini keçdiyi kimi ananın qarğışı insan həyatına nə belə təsiri var? Böyük əhli-sünnət alimi və məşhur “Kəşşaf” təfsirinin sahibi Zəməxşərinin bir hadisədə nəticəsində qıçı kəsilmişdi. O, Bağdadda böyük fəqih Damağani ilə görüşəndə bunun səbəbini belə açıqlayır: Anamın qarğışı mənim başıma bu müsibətin gəlməsinə səbəb olmuşdur. Mən uşaq vaxtlarımda bir sərçə tutdum. Onun ayağına bir ip bağladım və qanadlarını yolmağa başladım. Birdən sərçə əlimdən qaçdı və buna görə onun sol qıçı üzüldü.
Anam bunu biləndə çox narahat və pərişan oldu. Mənə qarğış edərək dedi: - O dilsiz heyvanın qıçını üzdüyün kimi Allah da sənin sol qıçını üzsün!
Bu hadisədən bir müddət sonra atdan yıxıldım və sol qıçım sındı. Həkimlər qıçımı kəsməkdən başqa bir əlac görmədilər. Bu, anamın qarğışının təsiridir.


Halalı haramdan ayıran zaman seçim anında düzgün addım üçün bizə nə kömək edə bilər?


Halalı haramdan ayıran zaman seçim anında düzgün addım üçün bizə nə kömək edə bilər? Quran buyurur: “Ey iman gətirənlər, (düşmən ordusundan olan) bir dəstə ilə qarşılaşarkən möhkəm durun və Allahı (dildə və qəlbdə) çox zikr edin, bəlkə nicat tapdınız”. (“Ənfal” 45). Bu ayədə adı çəkilən zikr, təkcə dil zikri deyildir. Əsil məqsəd – daxili diqqət, Allahın lütflərini, köməklərini, izzətini, əzəmətini, vədələrini yada salmaqdır. Belə ki, İmam Sadiq (ə) buyurur: “Allahın bəndələri üçün lazım bildiyi əməllərdən ən mühüm olanı – Allahı çoxlu yada salmaqdır. Halal və haramla rastlaşan zaman Allahı yada salmaqdır ki, əgər Allahın itaəti olarsa – ona əməl etsin, əgər Allahın günahı olarsa – onu tərk etsin”. Əks halda hər bir külək, yağış, tufan onu yolundan saxlayar və süqut etməsinə səbəb olar. İmanın möhkəm olmasının tək yolu isə Allahı çoxlu yada salmaq və Ona itaət etməkdir. Hər kimin itaəti çox olarsa, qəlbi daha çox müti olar. Qəlbi müti olan insanın imanı artar və möhkəmlənər...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter