PEYĞƏMBƏRLƏR VƏ İMAMLARIN MƏSUM OLMASI İFTİXARDIRMI?


CAVAB: Peyğəmbərlər və İmamların günah qarşısında paklığı qeyri-iradi, qeyri-ixtiyari bir iş deyil. Onların isməti iradi və ixtiyari bir haldır və onların elmindən və imanından qaynaqlanır. İzah: Günah qarşısında ismət və paklıq elmin və imanın tələbləri və əsərlərindəndir. Əlbəttə, hər elm insanı günahdan qoruya bilmir. Elmin həqiqəti göstərmə gücü o qədər çox olmalıdır ki, günahın nəticələrindən insanı xəbərdar etsin, insanın təsəvvüründə qarşısındakı günahın acı nəticələri canlansın. Bu halda günah insan üçün “əqlən mümkünsüz” yox, “adi mümkünsüz” şəklinə düşür. Bu həqiqəti aydınlaşdırmaq üçün bir misal çəkək: Həyatımız bahasına başa gələcək, bizi məhv edəcək elə əməllər var ki, biz bu əməllərin acı nəticələrini gördüyümüz üçün onlardan çəkinirik. Belə bir çəkinmə, pakqalma həmin əməllərə münasibətdə malik olduğumuz elmin nəticəsidir. Məsələn, iki düşmən dövlət qonşuluqda yerləşirsə, hər iki tərəfin sərhədçiləri sərhəd zolağının ətrafında güclü binokllarla, işıqlandırıcılarla, təlim görmüş itlərlə keşik çəkirlər.


Bəni İsrailin müraciətinə görə Həzrət Məryəm (s.ə) Harunun bacısı idimi?


Bəni-İsrayilin Məryəmi (s.ə) Harunun (ə) bacısı kimi çağırması barəsində təfsirçilər deyir ki, Harun çox pak və saleh insan olmuşdur. Bəni-İsrayil arasında o qədər məşhur olmuşdur ki, hər kimi pak insan kimi tanıtmaq istəyən zaman deyərdilər: “o, Harunun bacısıdır”, ya da “o, Harunun qardaşıdır”. Nəql edilir ki, Peyğəmbər (s) Müğeyrəni Nəcrana göndərir. Bir qrup xristianlar Qurana işarə edərək deyirlər ki, məgər siz Həzrət Məryəmi (s.ə) Quranda Harunun bacısı adlandırmırsınız? Halbuki hamı yaxşı bilir ki, Məryəm (s.ə) ilə Harun arasında xeyli zaman fasiləsi olmuşdur və onlar bacı-qardaş olmamışdır. Müğeyrə bu suala cavab verə bilmir. Ona görə də cavabını Həzrət Peyğəmbərdən (s) soruşur. Həzrət (s) buyurur: “Niyə onların cavabında demədin ki, Bəni-İsrayil arasında adət idi ki, yaxşı insanları peyğəmbərlərə (ə) və salehlərə nisbət verərdilər”. Beləliklə deyə bilərik ki, Həzrət Məryəm (s.ə) Harunun bacısı olmamışdır. Sadəcə çox pak və saleh bir insan olduğu üçün, onu Haruna sanki mənəvi qohum nisbət vermiş və bacısı adlandırmışdılar. /Deyerler.


İlyas peyğəmbərin (ə) şagirdi – o da ölüləri dirildə bilirdi?!


İlyas Bəni-İsrayildən olan qadının evinə daxil olur, onun Yəsə adlı övladı var idi. Həmin qadın İlyasa evində yer verir və onu düşmənlərindən qoruyur. İlyas da ona təşəkkür etmək üçün ağır xəstə olan Yəsəyə görə Allaha dua edir. Yəsə onun duası sayəsində sağalır. Buna görə ona iman gətirir və ona xidmət edir. O gündən sonra İlyas hara gedirdisə, Yəsə də onunla birlikdə gedirdi. O zaman ki, İlyas səmaya qalxmağa qərar verir, Yəsə ona deyir: “Ey İlyas! İndi ki, getmək istəyirsən, mənim vəzifəmi təyin et və tənha olan zaman təklifimi müəyyən et”. İlyas əbasını götürüb onun başına atır və bu əlamət Bəni-İsrayildə o demək idi ki, həmin şəxs onun canişinidir. Allah Təala da onu Bəni-İsrayil üçün peyğəmbər seçir və ona vəhy göndərərək, peyğəmbər olduğunu təsdiq edir. Bəni-İsrayil də onu qəbul edir və ona təzim edirlər. O zamana qədər ki, Yəsə sağ idi, Allahın əmri Bəni-İsrayil arasında yerinə yetirilirdi. İmam Rzadan (ə) gələn hədisdə oxuyuruq ki, Yəsə də İsa (ə) kimi ölüləri dirildir, xəstələrə şəfa verirdi.


Allah-Taala (c.c) hansı günahları bağışlamır?


Həzrət Peyğəmbər (s) buyurur: “Bağışlanmayan günahlardan çəkinin. (Biri) (əldə olunan qənimətə) xəyanətdir. Çünki hər kim (qənimətdən əldə olunan) şeylərə xəyanət əli vurar – Qiyamət günü onu özü ilə gətirər.
(İkincisi) ribaxorluqdur. Çünki ribaxor Qiyamət günü şeytanla təmasda olduğu üçün dəli olan insan kimi qəbrindən qalxar”. İmam Səccad (ə) buyurur: “Allah möminin hər bir günahını bağışlayar, dünya və axirətini həmin günahdan pak edər, məgər iki günahdan başqa: təqiyyəni tərk etmək, qardaşlarının haqqını zay etmək”.


Yatmazdan əvvəl bu ayələri tilavət edən, iblisin (lən) şərindən qorunar?!


Allah Təala Qurani-Kərimin “Əraf” surəsinin 54-cü ayəsində buyurur: “O, gecəni (pərdə kimi) gündüzə bürüyür. Belə ki, gecə daim gündüzü tələb edir və gündüz daim gecəni axtarır. (Sonsuz fəzada) Onun əmrinə ram və təslim olan gecəni, ayı və ulduzları yaratdı. Bil ki, yaradılış və (bütün yaradılmışlara ən təsirli) əmr Ona məxsusdur. Aləmlərin Rəbbi olan Allah sabit, əbədi və çox bərəkətlidir”. (“Əraf” 54). Bu ayəyə “Səxərə” ayəsi də deyirlər. Bu ayəni yatmazdan qabaq oxumaq insanı bir çox bəlalardan, o cümlədən şeytanın (lən) şərindən qoruyar. İmam Sadiq (ə) buyurur: “Hər kim yatan zaman 3 dəfə “Ayətəl-kürsü”nü, “Səxərə” ayəsini oxuyarsa, Allah onu üsyankar şeytanın şərindən qoruyar. Ona 30 mələyi hakim edər ki, Allaha həmd, təsbih etsinlər. Onun üçün bağışlanma istəsinlər o zamana qədər ki, yuxudan ayılar. Bütün bu zikrlərin savabı onun üçün olar”.


İslamın nəzərində tibb bacısı peşəsi necə qiymətləndirilir?


O zaman ki, insanın dərdi və ağrısı başlayır və o, sağlamlığını əldən verir – həkimə ehtiyac yaranır. Amma heç bir bir həkim köməkçi olmadan fəaliyyət göstərə bilməz. Tibb bacısı məhz bu nəcib işdə həkimə kömək edir. Hələ qədim zamandan bəri bu peşə mövcud olmuş və hal-hazırda da mövcud olmaqdadır. Bəs dinimiz bu peşəyə necə baxır?
Özündən zəif olanlara yardım etmək meyli – hər bir insanın fitrətinə qoyulmuş sifətlərdəndir. İlahi rəhbərlər də həmişə bu yolda qabaqcıl olmuş və zəiflərə xidmət etmişdilər.
O zaman ki, Həzrət Yusif (ə) zindanda idi, məhbuslara xidmət edirdi. O, öz qayğısı və mehribanlığı ilə başqalarının diqqətini özünə cəlb edir və hamı onu yaxşı əməl sahibi kimi tanıyırlar. İmam Sadiq (ə) də bu həqiqəti təsdiq edərək buyurur ki, Həzrət Yusif (ə) zindanda olan məhbuslara xidmət edər və ehtiyaclarını aradan qaldırardı. Dinimiz buyurur ki, əgər bir insanı xilas edə bilirsənsə, deməli bütün bəşəri xilas etmisən. Ona görə də həkimlərin və tibb bacılarının səyi nəticəsində ölümdən nicat tapan hər bir insan həyatı – Uca Allahın razılığına səbəb olan əməllərdəndir.


Bəni İsraildən əhvalat: Qəbul olunan 3 dua, niyə hədər getdi?


Allah Təala Bəni-İsrayildən olan bir peyğəmbərinə (ə) vəhy edir ki, ümmətindən olan bir nəfərin üç duasını yerinə yetirəcəkdir. Peyğəmbər (ə) də həmin o kişini bu vəhydən xəbərdar edir. Kişi həyat yoldaşının yanına gedir və olanları ona danışır. Qadın çox təkid edir ki, dualarından birini ona aid etsin. Kişi də qəbul edir. Deyir: “Allahdan istə ki, mən ən gözəl qadın olum”. Kişi dua edir və qadın zamanəsinin ən gözəl qadını olur. Bu zaman həmin qadın padşahın və əyyaşların diqqətini özünə cəlb edir. Qadın da qoca və yoxsul ərinə diqqət etmir və pis əxlaqın yolunu tutur. Kişi onun pis əxlaqına dözməyə çalışır və ancaq sonunda taqəti çatmır. Allaha dua edir ki, onu itə çevirsin və duası yerinə yetir. Həmin qadının uşaqları atasının ətrafına toplaşıb ağlayır və nalə çəkirlər. Ondan istəyirlər ki, analarını əvvəlki halına qaytarsın. Kişi də dua edir və qadın əvvəlki halına geri qayıdır. Bu yolla üç dua hədər olur.


Gündə neçə salavat demək lazımdır ki, Allah-Taala (c.c) insanı bağışlasın?


Salavatın faydaları və bəhrələri barəsində hədislərimiz çox söz demişdir. Onun axirət bəhrələrinin bəziləri ilə tanış olaq.
1. Günahlar bağışlanar. Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim, hər gün mənə məhəbbətlə 3 dəfə salavat göndərərsə, Allah onun günahlarını həmin gündə və ya həmin gecədə bağışlayar”.
2. Qiyamət günü ağır əməl. Həzrət Peyğəmbər (s) buyurur: “Qiyamət günü mən əməl tərəzisiyəm. Yəni o kəsin ki, pis əməlləri yaxşı əməllərindən ağır gələrsə, mən, mənə göndərdiyi salavatları gətirərəm, həsənə gözünə qoyaram ki, həsənə gözü ağır gəlsin”.
3. Behişti görmək. Həzrət (s) buyurur: “Hər kim hər gün mənə 1000 dəfə salavat göndərərsə, dünyadan getməmiş behiştdəki yerini görər”.


Bir insan qızını necə böyütməlidir ki, Peyğəmbərimizlə (s) behiştdə qonşu olsun?


İffətli və təqvalı qız övladı böyütmək – dinimizin ən böyük göstərişlərindəndir ki, ona görə çoxlu savab müəyyən olunmuşdur.
Bu haqda Həzrət Peyğəmbər (s) buyurur: “İffətli və pakətəkli qız övladları – çox gözəl övladdırlar. Hər kimin bir qızı olar, Allah onun vasitəsilə onu (valideyni) cəhənnəm atəşindən qoruyar. Əgər iki qızı olarsa, Allah onu behiştə yollayar. Əgər üç qızı və ya bacısı olarsa – sədəqə və Allah yolunda cihad etmək ondan götürülər”.
Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə buyurur: “Hər kim üç qızına və ya üç bacısına başçılıq edər və onları saxlamaqda səbir edər o zamana qədər ki, bəxt evinə gedərlər, ya torpaqda rahatlıq taparlar – mənimlə o, behiştdə bu ikisi kimi olarıq”...


İlk oruc tutan insan kim olmuşdur?


Hədislərimizin nəql etdiyinə görə, ilk oruc tutan insan Həzrət Adəm (ə) olmuşdur. Hədisdə oxuyuruq: “O zaman ki, Həzrət Adəm (ə) qadağan olmuş meyvədən yedi, o meyvə 30 gün onun mədəsində qaldı. Ona görə də Allah Adəmin (ə) nəslinə 30 gün ac və susuz qalmağı vacib etdi. Əgər gecəni bir şey yeyilirsə, Allah tərəfindən olan lütfə görədir”.
Bu hədisdən aydın görmək olur ki, ilk oruc tutan insan Həzrət Adəm (ə) olmuşdur. O da aydın olur ki, oruc tutmağın mühüm hədəflərindən biri – aclıq və susuzluq vasitəsilə ruha əziyyət verən xəta ləkələrindən təmizlənməkdir. Amma insan ehtiyaclı varlıq olduğundan, tam ac və susuz qala bilmir. Ona görə də, gündüz oruc tutarkən gecə vaxtı yeməyə icazə verilir ki, insanın cismində qüvvət olsun. Və bu gecə fasiləsi, ruhun təmizlənmə proseduruna mane olmur – Uca Allahın lütf proqramı belədir.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter