Dini termin olan İlahi vəhy ilə ilhamın fərqi nədədir?


İlham və vəhy elə bir hadisələrdir ki, insanın daxilində baş verər. Ancaq ilham ilə vəhy bir-birindən fərqlənən hadisələrdir ki, insanı hansısa yola yönəltmək istəyər.
Bu fərqlərdən biri budur ki, vəhyin kim tərəfindən nazil olduğu aydındır, ancaq ilhamın deyil. Vəhyi peyğəmbərlər (ə) alar və onun vasitəsilə Allahın göstərişləri və əmrləri ilə xəbərdar olarlar. Ancaq ilham adi insanların da daxilində baş verər. Zərarə İmam Sadiqdən (ə) soruşur: “Peyğəmbər (s) necə əmin oldu ki, ona çatan İlahi vəhydir, nəinki şeytanın vəsvəsəsi?”. İmam (ə) buyurur: “Nə zaman Allah bəndəsini risalət üçün seçər, ona xüsusi vüqar və hüzur verər. Belə ki, haqq tərəfindən ona çatanlar, gözü ilə görən kimi olur”. Başqa bir hədisdə sual verirlər ki, peyğəmbərlər (ə) necə bildilər ki, onlar peyğəmbərdirlər? İmam (ə) cavabında buyurur: “Onlar üçün pərdə aradan qalxmış olur”. Vəhy ilə ilhamın başqa bir fərqi bundadır ki, vəhy edilən xəbərdə heç bir zaman yanlış olmaz, həmişə həqiqət olar, ancaq ilham belə deyildir. Çünki bəzən bu ilhamlar mələklər tərəfindən deyil, şeytan (lən) tərəfindən olar. Vəhyin ilhamla başqa bir fərqi bundadır ki, peyğəmbər (ə) aldığı vəhyi gətirən mələyi öz gözü ilə görür, ancaq ilham edilən şəxs gözə görünməz.


Dini termin olan Nəbi ilə rəsulun fərqi nədir?


Qurani-Kərim bəzən Peyğəmbəri (s) nəbi və bəzən də rəsul adlandırmışdır. Nəbi ilə rəsulun arasında fərq vardırmı? Nəbi, lüğətdə xəbər verənə deyilir. Rəsulun isə lüğətdəki mənası göndərilən deməkdir. Ona görə də belə görünür ki, nəbi ilə rəsulun arasındakı fərq, vəhyin nazil olmaq keyfiyyəti ilə bağlıdır. Belə ki, nəbi o kəsdir ki, İlahi vəhyi yuxuda qəbul edir. Ancaq rəsul o kəsdir ki, İlahi vəhy ona Allahın mələkləri vasitəsilə nazil olur.
İmam Muhəmməd Baqir (ə) bu ayənin təfsirində buyurmuşdur: “(Allahın) elçi(si və xalqa) xəbər gətirən idi”. (“Məryəm” 54).
Rəsul – o kəsdir ki, Cəbrayil (ə) qarşısında mücəssəm olar. O, Cəbrayili (ə) görər və onunla söhbət edər. Nəbi o kəsdir ki, yuxular görər, necə ki, İbrahim Xəlil (ə) görürdü. Allah Rəsulunun (s) risalətdən əvvəl gördüyü yuxular kimi”.


İmam ilə xəlifənin fərqi nədir? izah


“İmamət” sözünün lüğətdəki mənası “rəhbərlik”dir. O kəsə İmam deyərlər ki, bir dəstə insanın diqqət mərkəzində olar. İnsanlar onun danışıq və rəftarının ardıcılı olarlar.
“Xəlifə” sözünün lüğətdəki mənası isə “canişin” deməkdir. Yəni, o kəsdir ki, hansısa rəhbərdən sonra onun işini davam etdirər. Adətən İslam dinində Peyğəmbərin (s) rehlətindən sonra hökumət işlərinə yiyələnən şəxslərə xəlifə deyilirdi. Onları Rəsulallahın (s) xəlifəsi adlandırırdılar.
İmam mövzusuna gəldikdə isə, Quranda İmam sözü iki mənada istifadə olunmuşdur. İmam haqq tərəfdarı da ola bilər, batil tərəfdarı da.
“Səbir etdikləri və ayələrimizə (Tövratın ayələrinə) yəqinliklə inandıqları üçün, Biz onlardan əmrimizlə (insanlara) haqq yolu göstərən İmamlar təyin etdik”. (“Səcdə” 24).
“Biz onları (küfr və tüğyanları ilə gələcək nəsilləri) (cəhənnəm) od(un)a sarı çağıran rəhbərlər etdik”. (“Qəsəs” 41)...


İnsanı peşman olmağa qoymayan 3 sifət hansılardır?! İmam Cavaddan (ə) hədis


İmam Cavad (ə) buyurur: “Üç şey vardır ki, hər kim ona malik olar, peşman olmaz:
1. Tələsməkdən çəkinmək. 2. İşlərdə məsləhət etmək. 3. Bir işin qərarını verən zaman Allaha təvəkkül etmək”.
Mübarək dinimiz bizə ən yaxşı və ən pis insanları tanıdır. İmam Həsən Müctəba (ə) buyurur: “İnsanlar dörd dəstədirlər:
1. O dəstə ki, əxlaqları vardır, ancaq dünyadan (bəhrələri) yoxdur.
2. O dəstə ki, dünyadan bəhrələri vardır, ancaq əxlaqları yoxdur.
3. O dəstə ki, nə (dünyadan) bəhrələri vardır, nə də əxlaqları. Onlar – ən pis insanlardırlar.
4. O dəstə ki, həm əxlaqları vardır və həm də dünyadan bəhrənirlər – onlar ən yaxşı insanlardırlar”.


İnsan “inşəallah!” deməyi unutsa, nə etsin?


Qurani-Kərim buyurur: “Və heç bir şey barəsində «mən sabah onu mütləq yerinə yetirəcəyəm» demə (çünki yaradılış səbəbləri, hətta insanın iradə və istəyi, Allahın iradə və istəyindən asılıdır).
Yalnız (belə de: «Əgər) Allah istəsə (filan işi edəcəyəm»). Və («inşəallah» deməyi) unudanda, öz Rəbbini yada sal və de: «Ümid var ki, Rəbbim məni bundan daha yaxın (bir yol)a – təkamülə və haqqa doğru yönəltsin»”. (“Kəhf” 23-24).
Biz insanlar adət etmişik ki, gələcək işlərimiz barəsində rahat hökmlər verək. Ancaq Allah Təala buyurur ki, ey Mənim bəndələrim! Belə etməyin. Çünki sizin bütün işlərinizin gələcəyi Mənim əlimdədir. Əgər həmin işin olmasını istəyirsinizsə, onu Mənim iradəmə tapşırın və deyin “inşəallah!”. Yəni, əgər Allah istəsə, həmin iş baş verəcəkdir.
Bu ayə bizə bir daha qəflətdən uzaq olmağı öyrədir və buyurur ki, həyatınızın hər anında Allahı yada salmağı unutmayın və Onu hər yerdə və hər anda yada salın.


“Yasin” surəsini oxumağın hansı 3 gizli təsirləri vardır?!


Yasin surəsini oxumağın üç gzili təsirləri :
1. Bu surə saliki fəal edər. İnsan elə bir məxluqdur ki, Allah onun fitrətinə çox sayda istedadlar qoymuşdur. Əgər bu istedadları feiliyyət halına sala bilərsə, o zaman daha çox irəli gedə bilər. Quranın surələrinin də özünəməxsus sirləri vardır və onların təsir qüvvəsi çox böyükdür. Zahirdə biz onu hiss etməsək də, batində o, öz işini görər. Oxuduğumuz bu surə təsirlərini ruhumuzda göstərər. Bu səbəbdəndir ki, “Yasin” surəsini Quranın qəlbi adlandırırlar.
2. İbadət əməllərinin savabının artmasına səbəb olar. İslam dini hər bir ibadət üçün müəyyən savab və əcrlər təyin etmişdir. Bəzən bir ibadətin savabını başqalarının vasitəsilə artırmaq olar. Misal üçün, namazqılan insan Quran oxuyaraq, savabını daha da artıra bilər. Məscid elə bir yerdir ki, ancaq onun daxilində qılınan konkret namazların savabını artıra bilər, ancaq ondan xaricdə edilən digər əməllərə məscidin təsiri olmaz. Ancaq hədislərimiz buyurur ki, “Yasin” surəsini oxumaq bütün ibadətlərə təsir qoyar və onların savabını artırar.
3. İbadi yüksəlməni sürətləndirər. “Yasin” surəsi elə bir maşına bənzəyir ki, insanın bir saatda gedə biləcəyi yolu on dəqiqəyə qədər qısaldar və insanı məqsədinə tez çatdırar.


Peyğəmbərin (s) meracı neçənci ildə baş vermişdir?


Elə bir müsəlman yoxdur ki, Həzrət Peyğəmbərin (s) meraca qalxmasına görə şəkk etsin. Çünki bu həqiqəti Qurani-Kərim açıq şəkildə təsdiq etmiş və buyurmuşdur: “Öz bəndəsini (Muhəmmədi (s)) Özümüzün (tövhid, qüdrət və hikmətimizin) bəzi nişanələrimizi ona göstərmək üçün bir gecə Məscidül-Həramdan ətrafını (nazil olmuş mələklərin və oradan çıxmış peyğəmbərlərin mənəviyyatı, çoxlu ağacların yaşıllığı və çaylar ilə) mübarək (bərəkətli) etdiyimiz Məscidül-Əqsaya aparan Allah(hər bir eyibdən) pak və nöqsansızdır. Əlbəttə (Öz bəndəsinin və yuxarı aləmin sakinlərinin danışığını) eşidən və (onların hamısının halını) görən Odur (O Allahdır)”. (“İsra” 1).
Bu ayə meracın həqiqətən də haqq olduğunu təsdiq edir və buyurur ki, Həzrətin (s) bu səfəri qeybi bir səfər olmuşdur. Quranın başqa ayəsində buyurulur: “Şübhəsiz, (onun Peyğəmbəri özü ilə yuxarı apardığı) digər bir nazilolmada onu (öz gözü ilə əsil qiyafəsində, Allahı isə qəlbinin gözü ilə) görmüşdü”. (“Nəcm” 13).


Zalım xəlifənin imanlı vəzirinin xətası necə düzəldi? İmam Kazimin (ə) elmi


Əli ibni Yəqtin, Harunun məşhur vəzirlərindən olmuşdur ki, yeddinci İmam Həzrət Musa Kazımın (ə) xalis davamçılarından idi. Ancaq o, öz əqidəsini gizli saxlayır və təqiyyə halında yaşayırdı. Bir gün casusların gözündən uzaq halda İmamın (ə) xidmətinə gəlir. Ancaq İmam (ə) onu qəbul etmir. Sabahısı günü təsadüfən bazarda görüşürlər və Əli İmamdan (ə) dünənki hadisənin səbəbini soruşur. İmam (ə) buyurur: “Ona görə ki, bizim davamçılardan birinin ürəyini sındırmısan, ona yol verməmisən, hacətini yerinə yetirməmisən, çətinliyini həll etməmisən. Onun razılığını almadan səni xidmətimə qəbul etməyəcəyəm”. Əli deyir: “Hal-hazırda o, uzaq yerdədir”. İmam (ə) buyurur: “Gecə Bəqi qəbiristanlığında at səni gözləyəcəkdir, ona min və onunla görüşə get. Razılığını al”. Əli, İmamın (ə) tövsiyə etdiyi kimi həmin ata minir və Bəsrədə olan İbrahimin evinin qapısına çatır. Ondan razılıq istəyir və qayıdır. Ondan sonra İmam (ə) onu xidmətinə qəbul edir.


Evində Quran oxuyan hansı xeyirlərə çatar?


Quranı evdə oxumağın gətirdiyi bərəkətləri Həzrət (s) bu cür tanıdır:
1. Evdə xeyir və bərəkət artar. Səfa və səmimiyyət olar.
2. Mal və sərvətin artmasına səbəb olar. İnsanın fikir və düşüncə dairəsi genişlənər.
3. Bu ev göy əhli üçün ulduz olar.
Həzrət Zəhra (s.ə) haqqında nəql olunur ki, Xanım (s.ə) mehrabda dayanan zaman nuru səmaya qədər yüksələrmiş və mələklər bu nurun haradan gəlməsini Allahdan soruşurlar. Xitab gəlir: “Ey Mənim mələklərim! Fatimənin (s.ə) mehrabına nəzər salın”. O evdə ki, Quran oxunar, o evin xüsusi ab-havası və səfası olar.


Qurani-Kərimə əsasən insan həyatının beş bölümü hansılardır?!


Qurani-Kərimin “Hədid” surəsinin 20-ci ayəsində buyurulur: “Bilin ki, bu dünya həyatı yalnız oyun, əyləncə, bər-bəzək, bir-birinizə öyünmək, mal-dövlət və oğul-uşağı çoxaltmaqdan ibarətdir. (Dünya həyatı) elə bir yağışa bənzəyir ki, onun (yetişdirdiyi) məhsul əkinçiləri heyrətə salar. Sonra o solar və sən onun saralıb-solduğunu, daha sonra quruyub sındığını görərsən. Axirətdə (kafirləri) ağır əzab, (möminləri isə) Allahın bağışlaması və razılığı gözləyir. Dünya həyatı aldadıcı maldan başqa bir şey deyildir.”
Böyük alim mərhum Bəhauddin Amuli bu ayənin təfsirində belə yazır: Adətən, hər bir mərhələ səkkiz il fəaliyyət tələb edir və bu müddət ərzində həmin mərhələyə meyil azalır və növbəti mərhələ başlayır. Uşaqlıq dövrü oyun-oyuncaq mərhələsidir və uşaq o zaman onlardan başqa bir şey haqda düşünmür. Onun bu təbii istəyi zamanla əlaqədar dəyişilə bilir. Əlbəttə, bu proses heç də pislənilmir və uşağın inkişafı, əzələ və sümüklərinin möhkəmlənməsi üçün zəruridir. Uşaqlıq dövrü bitdikdən sonra yeniyetməlik dövrü başlanır. Bu dövrdə, artıq, növbə Qurani-Kərimin “ləhv” adlandırdığı əyləncə mərhələsinə çatır. Üçüncü mərhələdə zahiri gözəllik, zinət və bər-bəzək özünü nümayiş etdirir...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter