İmam Hüseynin (ə) Kərbəlada etdiyi son nifrini nə olmuşdur?!


... Bu zaman Əbcər ibni Kəəb qılıncını İmama (ə) tərəf aparır. Abdullah fəryad çəkir: “Ey, napak qadının oğlu! Vay olsun sənə! Əmimi öldürmək istəyirsən!”.
Əcbər qılıncını vuran zaman, Abdullah qolunu qabağa verir. Qılınc mübarək qolunu dərisi ilə bir yerdə qoparır. Abdullah qışqırır: “Ey ana!”.
İmam Hüseyn (ə) onu bağrına basır və buyurur: “Ey qardaşım oğlu! Sənə çatana səbir et. Çünki Allah səni saleh atalarına qovuşduracaqdır”.
İmam (ə) əllərini göyə qaldırır və buyurur: “Pərvərdigara! Yağışın damcılarını onlardan əsirgə və torpağının bərəkətini onlardan saxla.
Pərvərdigara! Əgər (ölənə) qədər onlara möhlət versən və bəhrələndirsən, onların arasına təfriqə sal və hər birini ayrı yollara sal. Rəhbərlərini heç bir zaman onlardan razı etmə. Çünki onlar bizi dəvət ediblər ki, yardım etsinlər. Bizə qarşı düşmənçilik etdilər və bizi öldürdülər”.


İmam Hüseynin (ə) qatili Şimrdir (lən), yoxsa Sənan ibni Ənəs (lən)?


Bu mövzu haqqında da tarixdə başqa mövzular kimi nəzər ayrılıqları mövcuddur. Şeyx Mufid buyurur: “Bundan sonra Xuli Əsbəhi qabağa gəldi ki, İmamın (ə) mübarək başını bədənindən ayırsın, ancaq bədəni titrəməyə başladı və bacarmadı. Şimr onu bu cür çarəsiz görüb dedi: “Allah sənin biləyini işdən salsın. Niyə bu qədər titrəyirsən?”. Bu zaman özü qabağa gəldi və İmamın (ə) mübarək başını bədənindən ayırdı. İmam Hüseynin (ə) kəsilmiş başını Xuliyə verdi və dedi: “Onu Ömər ibni Sədə təslim et!”.
Aşura günü belə deyilir ki, İmam Hüseynin (ə) qatili Sənan ibni Ənəs (lən) olmuşdur və o, İmama (ə) son zərbəni vuran cani idi. Ancaq Şimr (lən) də qatildir, çünki İmamın (ə) mübarək başını bədənindən o məlun ayırmışdı.


İmam Əlinin (ə) ordusunda vuruşan, Kərbəlada şəhid olan, İmam Zaman ağanın (ə.f) duasında adı çəkilən səhabə kimdir?!


Cunadə o igidlərdən idi ki, Siffeyn döyüşündə Əmirəl-möminin (ə) bayrağı altında döyüşürdü. O, Kufədə Müslimlə beyət edir və Əmr ibni Xalid, Nafəh ibni Həlal, Məcmə ibni Abdullahla bir yerdə İmam Hüseynin (ə) ordusuna qoşulur. Bu dörd dost İmamın (ə) yanına gələn zaman Hürr onları görüb İmama (ə) demişdi ki, mən gərək onları həbs edim, ya da gərək geri qayıtsınlar. İmam (ə) cavabında buyurmuşdur ki, onlar mənim dostlarımdır və mənimlə gələn insanlar kimidirlər. Onları elə himayə edərəm ki, özümü o cür himayə edirəm. Nə zaman bu fikirdə olsan, səninlə işim olmaz, əks halda səninlə vuruşaram”. Hürr İmamın (ə) bu müdafiəsini görüb, geri çəkilmişdi...


Bu münafiqin İmam Hüseynə (ə) qarşı vuruşacağını Həzrət Əli (ə) öncədən demişdi?!


Bərə ibni Azəb isə İslam tarixinin ən görkəmli şəxsiyyətlərindən olmuşdur. Onu Peyğəmbərin (s) və İmam Əlinin (ə) səhabəsi hesab edirdilər. O, Qədir-Xumu nəql edənlərdən biri olmuşdur. Peyğəmbər (s) vəfat edəndən sonra birinci xəlifəyə beyət etməkdən imtina etmişdir. Lakin bütün bunlara baxmayaraq, Kərbəla hadisəsində İmam Hüseynə (ə) yardım etməkdən çəkinən insanlardan olmuşdur. İmam Əli (ə) onun haqqında əvvəlcədən xəbər vermişdi.
Bir gün İmam Əli (ə) Bərəyə buyurur: “Ey Bərə! Oğlum Hüseyn (ə) öldürüləcəkdir və sən sağ qalacaqsan. Ancaq ona yardım etməyəcəksən”. O zaman ki, Hüseyn ibn Əlini (ə) şəhid edirlər, Bərə deyir: “Allaha and olsun ki, Əli ibni Əbutalib (ə) düz deyirdi. Hüseyn (ə) öldürüldü və mən ona yardım etmədim”. Sonra bu işinə görə peşman olur və dərin həsrət çəkir.


Niyə Həzrət Peyğəmbərin (s) səhabələri İmam Hüseynə (ə) qoşulmamışdılar?


Peyğəmbər (s) səhabələri İmam Huseynin (ə) dəstəsinə qoşula bilmədilər! Çünki Onların bəziləri maneələrlə qarşılaşdılar.
... Zeyid ibni Ərqəm onlardan biri idi. O, Aşura hadisəsi baş verən zaman ahıl yaşında idi. O zaman ki, İmamın (ə) mübarək başını Kufəyə gətirirlər, Mərcanənin oğlu (lən) hörmətsizlik edir və Zeyid ona deyir: “Allaha and olsun ki, dəfələrlə görmüşəm ki, Peyğəmbər (s) öz mübarək dodaqları ilə bu dodaqları öpmüşdür”.
Başqa bir səhabə Süleyman ibni Xəzayi də bu hadisəyə etiraz edənlərdən biri olmuşdur. Onun adını Həzrət Peyğəmbər (s) qoymuşdur və o, özünü İmam Hüseynə (ə) çatdırmaq istəyəndə, Yezid (lən) onu tutub zindana salır. Zindandan azad olan kimi, o, təvvabinlərə rəhbərlik edir və Eynul-vərdə döyüşündə şəhid olur...


Məhərrəm ayında qara geyinməyin fəlsəfəsi haqda dinin baxışı necədir?!


Rəyan ibni Şəbib nəql edir: “Məhərrəm ayının birində İmam Rzanın (ə) xidmətinə gəlmişdim. Həzrət (ə) mənə buyurdu: “Ey Şəbibin oğlu! Əgər Hüseynə (ə) elə ağlasan ki, göz yaşların yanağından axar, Allah etdiyin hər bir günahı bağışlayar. Əgər behiştdə bizimlə bir dərəcədə olmaq istəyirsənsə, bizim qəmimizə qəmlən, sevincimizə sevin”. (Tebyan)
Ona görə də deyə bilərik ki, Məhərrəm ayında qara geyinməyimizin fəlsəfəsində Əhli-Beyt (ə) məktəbi durur. Başqa bir tərəfdən tarix də bunu təsdiq edir ki, qara rəngli paltar qəm və qüssənin əlamətini büruzə verir. Əsma binti Əmis nəql edir: “O zaman ki, Cəfər Təyyar şəhid olur, Həzrət Peyğəmbər (s) mənə buyurmuşdu: “Üç gün əyninə qara paltar geyin, ondan sonra necə istəsən et””. İbni Əbil Hədid nəql edir ki, o zaman ki, İmam Əli (ə) şəhid olur, İmam Həsən (ə) ona əza saxlayıb qara geyindi. İmam Səccad (ə) atasının qətlindən sonra Dəməşq məscidində xütbə deyən zaman buyurmuşdu: “Mən və Əhli-beytim (ə) əza libası geyinmişik. Yeni paltar geyinmək bizə rəva deyildir”.


Niyə ancaq İmam Hüseynin (ə) Ərbəini qeyd edilir?


Sual yarana bilər ki, nə üçün ancaq İmam Hüseynin (ə) Ərbəini qeyd edilir, qalan İmamların (ə) və hətta Peyğəmbərin (s) ərbəini qeyd edilmir?
1. İmam Hüseynin (ə) fədakarlığı ilə İslam dini dirçəldi. İslam dininin dirçəldilməsində onun rolu əvəzsizdir. Ona görə də bu fədakarlıqları canlı saxlamaq lazımdır. Çünki onları canlı saxlamaq İslam dinini canlı saxlamaq deməkdir. Aşura gününü və Ərbəini əziz tutmaq İslam dininin düşmənləri ilə mübarizə aparmaq deməkdir. Və ümumilikdə Peyğəmbər (s) və Əhli-beytinin (ə) müsibətini diqqətdə saxlamaq deməkdir.
2. Həzrət İmam Hüseyn (ə) müsibəti heç bir İmamın (ə) və Peyğəmbərin (s) başına gəlməmişdir. Onun müsibəti bütün müsibətlərdən daha böyük və ağrılıdır.
3. 61-ci hicri ilinin Məhərrəm ayında İmam Hüseyni (ə), övladlarını və səhabələrini öldürdülər. Əhli-beytini (ə) əsir götürdülər, Kufəyə və Şama apardılar. Bu dağ görmüş karvan İmamın (ə) Ərbəinində Kərbəlaya gəldi və Aşura gününün acısı təzələndi. Həzrət Peyğəmbər (s) ailəsi üçün ağır günlər idi...


Çətinliyə düşən zaman Aşura ziyarətini oxumağı unutmayın?!


Bu əyyamda Aşura ziyarətindən qafil olmayaq. Çünki Aşura ziyarəti Kərbəlanın şəxsiyyətnaməsidir. Onu çoxlu oxuyun və sözlərinin mənasına diqqət edin. Bu ziyarətdə adı çəkilən ümmət bir insan deyildir. Əslində ziyarət demək istəyir ki, İmamı (ə) qətl edən bir insan olmamışdır – bir fikir və bir təfəkkür olmuşdur.
İmam Sadiq (ə) buyuruşlarından birində buyurur: “Əgər sizə bir çətinlik üz versə ki, onu heç cür həll edə bilmirsinizsə, İmam Hüseyni (ə) ziyarət etmək niyyətilə qüsl alın. İki rükət İmam Hüseynin (ə) ziyarət namazını qılın. Aşura ziyarətini yüz salam və yüz lənət ilə oxuyun. Sonra “Əlqəmə” duasını oxuyun. Çətinliyiniz həll olacaqdır”. (Tebyan)
Mirzə Cavad Mələki buyurur: “Əgər Əhli-Beyt (ə) davamçısı olub-olmadığını bilmək istəyirsənsə, bax gör Məhərrəm ayı doğan zaman nə hisslər keçirirsən? Əgər qəlbinə qəm əyləşərsə, Allaha şükür et və şad ol ki, qəlbin Hüseyn (ə) sevgisi ilə doludur”


“Kullu yəvmin Aşura”nın mənası nədir?


“Kullu yəvmin Aşura” sözünün mənası odur ki, İmam Hüseyn (ə) aşiqi İmama (ə) ancaq Aşura günündə əza saxlamaz. Hər bir zamanda və hər bir məkanda Seyyidi-şühəda (ə) üçün ağlaya və əza saxlaya bilər. Biz gərək İmamın (ə) əməllərindən örnək götürək və ibrət dərsləri alaq. Zalımların zülmü qarşısında öz dini vəzifələrimizə əməl edək.
Aşura səhnəsini görmək meyar deyildir, əgər qəlbimiz İmam Hüseyn (ə) və Əhli-Beyt (ə) üçün yanırsa, qəlblərimizi Aşurayi edə bilər və onlar üçün hər bir zamanda əza saxlaya bilərik. Necə ki, onlar buyurmuşdular: “Kulli ərzin Kərbəla və kulli yəvmin Aşura”.
Bu cümlənin ən sadə təfsiri odur ki, İmam Hüseynin (ə) həqiqi aşiqi ancaq Aşura günündə əzadarlıq etməz. Ya da əzadarlıq üçün Kərbəlaya getməsi vacib deyildir. Həqiqi aşiq üçün hər gün Aşuradır və hər yer Kərbəladır. Həqiqi aşiq Aşuranın ideallarını hər zaman və hər yerdə yaşatmalıdır.


Həzrət Abbasın (ə) həyat yoldaşı və övladları da Kərbəlada idi...


Kərbəla vaqiəsinin Ələmdarı və Babəl-həvahic olan Həzrət Əbülfəzl Abbasın (ə) ancaq bir həyat yoldaşı olmuşdur ki, adı Ləbabə olmuşdur. O, Ubeydullah ibni Abbasın qızı idi.
O, şərif bir ailədən olan iffətli xanım idi. Öz zamanının ən yaxşı banularından olmuşdur. İmam Əlini (ə) sevənlərdən idi. Ləbabənin Həzrət Abbasdan beş oğlu və bir qızı olur. Ləbabə də Kərbəlada iştirak etmişdir və Qasim adlı oğlu şəhid olmuşdur. Başqa əsirlərlə birlikdə o, da əziyyətlərə məruz qalmışdır. Əsirləri azad etdikdən sonra isə Mədinəyə qayıtmışdır.
Bu qanlı hadisədən sonra Ləbabə həm gündüzləri və həm də gecələri ağlayardı. Ona görə də xəstələnib 28 yaşında dünyasını dəyişir. Övladları nənələri Ümmil-bənin tərəfindən tərbiyə olunmuş və yetişdirilmişdilər. Bu uşaqlara himayə etmək İmam Səccadın (ə) öhdəsinədüşmüşdür.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter