Hədislərə əsasən dua etmək seçilmiş məkanlar haradır?!


Qurani-Kərimdən və hədislərimizdən belə qənaətə gəlmək olur ki, hər bir əməlin ədəb qaydaları olduğu kimi, dua etməyin də özünəməxsus qaydaları və şəraitləri vardır. Hər kim ona əməl edərək dua edərsə, duası daha tez qəbul olar. Bu qaydalardan biri də duanın edildiyi məkana aiddir. Dünyada elə məkanlar vardır ki, hər kim orada dua edərsə, duası qəbul olunar. Bu məkanları tanıyaq:
1. Məscid. İmam Sadiq (ə) buyurur: “Nə zaman atamın hacəti olsaydı, onu zöhr zamanı istəyərdi. Əvvəl sədəqə verərdi, bir qədər ətir vurardı və sonra məscidə tərəf gedərdi. Orada hacətini Allahdan istəyərdi”.
2. Məkkə. “Və (yadınıza salın) o zaman(ı) ki, Biz bu Evi (əzəmətli Kə’bəni) insanların dönüş yeri və əmin-amanlıq məkanı etdik və (dedik): «İbrahim məqamından (onun arxasından, ya sağ və ya sol tərəfindən) namaz üçün bir yer seçin. Və İbrahim ilə İsmailə tapşırdıq ki, Mənim evimi təvaf edənlər, yaxınlıqda olanlar (yaxud ibadətə çəkilənlər), rüku və səcdə edənlər üçün pak-pakizə edin”. (“Bəqərə” 125)...


İcazə verilən yalan hansıdır?


Yalan insanı imandan çıxardar və kafir edər. İmam Sadiq (ə) buyurur: “Həqiqətən, yalan imanın xarab olmasına bais olar və Quran buyurur: “Yalnız Allahın ayələrinə iman gətirməyənlər yalan uydurarlar və yalançı onlardı”. (“Nəhl” 105)”. Yalan müxtəlif niyyətlər üçün deyilər, o cümlədən: düşmənçilik, həsəd, dünya mənfəətini qazanmaq, tamah... Onun ən mühüm amili isə nəfsin zəif olmasıdır. Başqa sözlə desək, yalanı zəif və tədbirsiz insanlar deyərlər. Güclü insan yalan deməz. Çünki ona ehtiyacı olmaz.
Yalanın hər bir növü haramdır. Ancaq elə yalan vardır ki, onu deməyə icazə verilir. Yəni, məsləhət görülən yalandır. Misal üçün, müsəlmanın canını xilas etmək üçün, əsir olmamaq üçün, möminin abırını qorumaq üçün, insanların arasını düzəltmək üçün, dostluq yaratmaq üçün, düşməni aldatmaq üçün, həyat yoldaşını razı salmaq üçün deyilən yalanlar. İnsan həyat yoldaşına yalan deyən zaman tövriyədən istifadə etməlidir. Belə ki, yalanı elə deməlidir ki, yalan sayılmasın..


Möminlərin şəfaətçiliyi necə olur?


Əbu Bəsir nəql edir: “Mən səhabələrin biri ilə İmam Sadiqin (ə) xidmətinə getmişdim. Həzrətə (ə) dedim: “Ey Allah Rəsulunun oğlu! Bəzən səbəb olmadan qəmgin və narahat oluram. Bunun səbəbi nədir?”. Həzrət (ə) buyurdu: “Sizə çatan qəm və sevinc bizim tərəfimizdəndir. Çünki nə zaman biz qəmgin olsaq və ya şadlansaq – onun təsirindən siz də sevinir və qəmgin olursunuz. Səbəbi budur ki, bizlər və sizlər bir nurdan, yəni Allah Təalanın nurundanıq. Allah sizlərlə bizim fitrətimizi eyni cür qərar vermişdir. Ancaq sizin fitrətiniz düşmənlərin fitrəti ilə qarışmışdır. Buna görə də bizimlə bərabər mərtəbədə olmaqdan xaric olmusunuz. Əgər bu cür olmasaydı, siz günah etməzdiniz”. Həzrətə (ə) dedim: “Bizim fitrətimiz və nurumuz əslinə tərəf qayıdırmı?”. Həzrət (ə) buyurdu: “Bəli. Allaha and olsun ki, bizim davamçılarımız Allah nurundan xəlq olmuşdur. Həmin nura tərəf də qayıdacaqdır. Allaha and olsun ki, Qiyamət günü sizlər bizə qoşulacaqsınız. Biz şəfaət edəcəyik və şəfaətimiz qəbul olunacaqdır.


Həzrət Peyğəmbərin (s) buyurduqlarının hamısı vəhy olmuşdur, yoxsa yox?


Nəzər sahibləri bu mövzu haqqında deyirlər ki, Həzrətin (s) buyurduqlarının hamısı vəhy olmuşdur. Bu ayənin söylədiyi kimi: “O, (Qur’anın və İlahi tapşırıqların çatdırılmasında) əsla nəfsi istəkləri ilə danışmır. Dedikləri – yalnız (yuxarı aləmdən) ona ilham olunan vəhydir”. (“Nəcm” 3-4).
Həzrət Peyğəmbərin (s) sünnəti – hüccətdir və o Həzrətin (s) sözləri, sükutu qətiyyən nəfsi əsasında olmamışdır, vəhy əsasında olmuşdur. Adi həyatında belə, heç zaman nəfsinin buyurduqlarına tabe olmamışdır. İlahi peyğəmbərlərin (ə) Allahla xüsusi rabitəsi olmuşdur. Bu rabitə sayəsində əhkamı və dini təlimləri qəbul etmişdilər. Sonra isə insanlara elan etmişdilər. Bu rabitə – çox qarışıq bir rabitədir. Bəşər onu dərk etməkdən acizdir. İnsan ancaq ağlının səviyyəsi qədər vəhyi tanıya bilər.
Vəhyin mənası – elmi çatdırmaqdır. Vəhyin əsil xüsusiyyəti budur ki, gizli və tez şəkildə peyğəmbərə (ə) təqdim olunar. Ən çox elm və idraka aiddir, əməl və təhrikə deyil. Baxmayaraq ki, insan əməl meydanında ağlından yardım alır, ancaq bu, vəhyin mahiyyətini izah edə bilmir...


Əməli, hissi, zahiri, həqiqi şükür nə deməkdir?


Şükrün növləri və dərəcələri vardır ki, onlarla tanış olaq. Şükrün iki növü vardır: zahiri və həqiqi.
-Zahiri şükür – dildə və səthi deyilən şükürdür. Bu şükür insanın batinindən çıxmaz, bəlkə sadəcə səthi şəkildə dildə deyilər.
-Həqiqi şükür odur ki, insanın batinində qərarlaşar, daxilindən gələr. Həqiqi şükrün öz növbəsində, iki növü vardır: hissi şükür və əməli şükür.
- Hissi şükür – o şükürdür ki, insan öz daxilində təşəkkür hissinə malik olar. Batini bir haldır.
Əməli şükür isə o şükürdür ki, insan Allahın ona verdiklərindən Onun yolunda istifadə edər. Əlbəttə də şükrün bu növü daha ali və daha yüksəkdir...


Niyə qadınlarla kişilərin hicabı fərqlidir?


Qadınla kişinin ruhi və cismi üzərində aparılan tədqiqatlar göstərmişdir ki, kişilərin görmə qabiliyyəti qadınlara nisbətdə hərəkət edən varlıqlara görə daha həssasdır.
Belə ki, kişi qadına baxan zaman daha tez həssaslıq təzahür edər. Ancaq qadınlarda belə deyildir. Müqəddəs İslam dini də bunu nəzərə alaraq, öz nurani əhkamlarını nazil etmişdir.
Kişilərə göstəriş vermişdir ki, onları təhrik edən baxışlardan özlərini qorusunlar və gözlərini kontrol altına alsınlar. İmam Rza (ə) buyurur: “Allah, qadınların saçlarına baxmağı haram buyurmuşdur. Çünki kişilərin şəhvətli baxışları fəsada səbəb olar”. Kişilərin hicabı qadınlardan ona görə fərqlənir ki, Allah gözəllik və cazibəni qadının cismində qərar vermişdir. Lakin kişilər o qədər də gözəl və cazibəli olmurlar. Ona görə də Allah qadınların gözəlliyini qorumaq üçün onlara daha çox örtünməyi əmr etmişdir.


Quranda buyurulan Kişinin ailədə üstünlüyü nə məna daşıyır?


Qadın ilə kişinin cismi tutumları ona görə fərqlidir ki, hər biri boynuna düşən məsuliyyətləri yerinə yetirə bilsinlər. Bu yolla bir-birini tamamlayar və kamala doğru hərəkət edərlər. Kişinin bədəni elə xəlq olmuşdur ki, daha ağır bədən işlərini görə bilsin. Bu, onların qadınlardan üstün olması mənasını vermir. Çünki hər ikisinin nəfsi vardır və hər ikisinin ruhu vardır. Həm nəfsləri və həm də ruhları eynidir. Hansının üstün olması – məsuliyyətlərini düzgün yerinə yetirməkləri zamanı üzə çıxar. Uca Allah, ailənin başçısını kişiləri qərar vermiş və ən ağır məsuliyyətləri də onların boynuna qoymuşdur. “Allah bəzilərini (kişiləri düşüncə, ruh və cismani qüvvə baxımından) digər bəzilərindən (qadınlardan) üstün etdiyi üçün kişilər qadınların ixtiyar sahibidir (və buna görə də cəmiyyətin işlərinin peyğəmbərlik və İmamət məqamı ilə, eləcə də məsum tərəfindən təyinatla idarə olunmasını kişilərə məxsus etmişdir). Həmçinin kişilər mallarından (arvadlarına) xərclədikləri üçün öz arvadlarının ixtiyar sahibidirlər. Buna görə də ləyaqətli qadınlar itaətkardırlar və Allahın (onların hüquqlarını) qoruması müqabilində onlar da (ərləri yanlarında olmayanda onların hüquqlarını, sirlərini, mallarını) qoruyurlar.


İslam maarifinə əsasən Ailə quran cütlərin şirin olması üçün hansı 5 addıma diqqət yetirmək lazımdır?!


Ailə quran cütlər bir qədər keçəndən sonra sabit həyat yaşamağa başlayarlar. Bu həyatda heç bir xüsusi yeniliklərə can atmırlar. Onu canlandırmaq üçün 5 addım tövsiyə olunur.
1. Həftə sonlarında qısa səfərə çıxmaq. İnsanlar adətən səfərə çıxmaq dedikdə, bir neçə günlük səfəri nəzərdə tuturlar. Halbuki, səfər bir neçə saatlıq da ola bilər. Ailə həyatında yeni qığılcımlar yaratmaq üçün həftə sonu bir qədər yemək bişirin və onu qablaşdırıb səfərə çıxın. Ən çox sevdiyiniz məkana gedib, orada istirahət edin.
Bu səfər həm sizi gündəlik problemlərdən uzaqlaşdıracaqdır və həm də yeni qığılcımların yaranmasına şərait yaradacaqdır.
2. Həyat yoldaşınıza sürprizlər edin. Həyat yoldaşınızı sürprizlər edərək sevindirin. Vacib deyildir ki, aldığınız və ya təşkil etdiyiniz sürprizlər bahalı olsun. Xeyr, ən az büdcə ilə həyat yoldaşınızı sevindirə bilərsiniz...


Namaz qılanların 4 dəstəsi. Hansındayıq?


Həzrət Peyğəmbər (s) buyurur: “Mənim ümmətim dörd dəstədən ibarətdir: Namazda səhlənkarlıq edənlər, namazı zay edənlər, namazı tərk edənlər, namazda müti olanlar”.
1. Namazda səhlənkarlıq edənlər. Həzrət Rəsuli-Əkrəm (s) bu dəstə barəsində buyurur: “Bir dəstə namaz qılır, ancaq namazlarında səhlənkardırlar. Ona görə də Vəyl onlar üçündür”. Vəyl isə cəhənnəmin təbəqələrindən birinin adıdır. “Vay halına o namaz qılanların ki, onlar öz namazlarından qafildirlər və ona etinasızdırlar”. (“Maun”, 4-5).
2. Namazı zay edənlər. Həzrət Peyğəmbər (s) buyurur: “Bir dəstə gah namaz qılır, gah da qılmırlar. Ona görə də Ğəyy onlar üçündür”.
Ğəyy – cəhənnəmin alt təbəqələrindəndir. “Sonra onların arxasınca namazı zay edən və (nəfsi) istəklərə tabe olan canişinlər gəldilər. Buna görə də onlar tezliklə öz azğınlıqlarını(n əvəz və cəzasını) görəcəklər”. (“Məryəm (s.ə)”, 59).
3. Namazı tərk edənlər. Həzrət Peyğəmbər (s) buyurur: “Bir dəstə heç vaxt namaz qılmazlar. Səqər onlar üçündür”.


Qiyamət günü hesab verməyin ən çətin mərhələsi hansıdır?


Hədislərdən və Quran ayələrindən belə nəticəyə gəlmək olur ki, Qiyamət günü hesab verməyin ən çətin mərhələsi – haqqun-nasdır. Qiyamət günü taciri gətirərlər və deyərlər ki, sən filankəsi filan iş üçün tutmuşdun, ancaq onun muzdunu verməmisən. İndi ver görək, necə verəcəksən?!
Haqqun-nas elə bir şeydir ki, insanı ən son mərhələdə behiştdən saxlayar və cəhənnəmə göndərər. Hədislərimiz buyurur ki, siratın yeddi dayanacağı vardır ki, onun ən sonuncusu haqqun-nasdır. İnsan bütün dayanacaqlardan keçər və gəlib çatar sonuncu dayanacağa. Ona deyərlər ki, sənin boynunda haqqun-nas vardır və üzü aşağı cəhənnəmə atarlar.
Necə də ağır bir hesabdır! İmamSadiq (ə) buyurur: “Borclu olanı Qiyamət günü hazır edərlər. O halda ki, dəhşət və qorxu içində olar. Əgər həsənələri (savabları) varsa, ondan alarlar, borclu olduğu şəxsə verərlər. Əgər həsənələri olmasa, borclu olduğu şəxsin günahlarından götürər və ona verərlər”...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter