Yezİdin (lən) qeyrİ-İnsanİ kİnİnİn mənbəyİ nə İdİ?
Dəhşət hissi Əbu Süfyanın və tör-töküntüsünün əl-ayaqlarını bürümüşdü. Həzrət Muhəmmədin (s) ordusu Məkkəyə yaxınlaşırdı. Bir qədər sonra Peyğəmbərin (s) lütf buludları göy üzünü bürüdü. Rəhmət yağışı yağmağa başladı və bu İlahi şəhərdən qorxunu yuyub apardı. Həzrət Peyğəmbər (s) düşmənlərinə buyurdu: \"Gedin, siz azadsınız”.
Bəni- Üməyyə üçün məğlub olmaq təzə bir şey deyildi. Onların qəlbi kinlə dolu idi, müsəlmanlara məğlub olmuşdular, indi də onları bağışlamaqla Peyğəmbər (s) daha bir kin fırtınasını qəlblərində alovlandı. Onlar Bədr və qalan döyüşlərdə öldürülmüş atalarının kinini bəsləyirdilər. Onlar Məkkənin fəthinə görə çox acı xatirələrə malik idilər. Bu xatirələrində Peyğəmbərin (s) yenilməzliyini və əzəmətini, özlərinin isə xar və rüsvay olmaqlarını görürdülər.
Atalarının ölüm intiqamı və bu ağır rüsvayçılıq onların kinini günü-gündən daha da artırırdı. Buna görə də fürsət axtarırdılar ki, daxili kinlərini üzə çıxara bilsinlər və Peyğəmbərdən (s) və onun Əhli-beytindən (ə) intiqamlarını alsınlar. Bu, ondan irəli gəlirdi ki, onlar zahirdə müsəlman olmuşdular, əslində isə öz cahiliyyə ab-havaları ilə yaşayıdrılar.
Bu fürsət Yezidin (lən) zamanında onun əlinə keçdi. O, atalarının kinini özündə cəmləmişdi. Bədr döyüşündə öldürülənlərin törəməsi intiqam qılıncını əlinə götürdü. O, vəhşi əcdadlarının bütün məğlubiyyətlərinin, rüsvayçılıqlarının əvəzini çıxmaq istəyirdi. Buna görə də qan tökdü və pak insanları əsir götürdü. Bu kininə görə behişt cavanlarının sərvərinin qətli hökmünü verdi və qanlı Kərbəla hadisəsini eşidən zaman bu kini yenə də yatmadı. Əsirlərin Şama daxil olması ilə də onun kini hələ də yatmamışdı. Ali-Muhəmməd (s) karvanı Şama çatanda Yezid (lən) Dəməşq darvazalarının birinin ağzında dayanmışdı və bu karvanı görən kimi gülümsədi və şeir deməyə başladı. Bu zaman uzunqulaq ulamağa başladı və o, dedi: \"Fəryad çəksən də, çəkməsən də, mən Peyğəmbərdən almaq istədiyimi almışam”. Sonra da əsgərlərə əmr edir ki, əsirlərlə kobud rəftar etsinlər və onları incitsinlər. Ona görə də onları kəndirlərlə bir-birinin boğazından bağladılar. Hər kim yeriyə bilmirdisə, ona qamçı ilə vururdular. Onlara bir xarabalıqda yer verdilər. Yezid öz iqtidarını onlara göstərmək istəyirdi və sonra da onları bağışladığını söyləyəcəyini düşünürdü. Yezid öz əlləri ilə İmam Səccadın (ə) ayaqlarına vurulmiş zənciri açır və ona deyir: \"Bilirsən, niyə belə edirəm?” Həzrət Səccad (ə) da buyurur: \"İstəyirsən ki, ancaq özün mənə minnət qoyasan”. Bu sözlərdən başa düşmək olur ki, Yezid necə Ali-Muhəmmədə (s) minnət qoymağa çalışırdı. Bununla da özünü rahat etməyə səy edirdi.
Yezid hər nə qədər çalışdısa, hədəfinə çata bilmədi. Əhli-beyt (ə) Mədinəyə qayıdanda isə qələbə çalmış halda qayıtmışdı. Yezidin fikirləşdiyi kimi xar və rüsvay olmuş halda deyil.
Əsir olmaq elə bir şeydir ki, az söz danışa bilirsən və ancaq gələcəkdə başına nə gələcəyini düşünürsən. Hətta əgər nəyisə demək istəsən, macal vermirlər. Çünki əsirsən və zəcirdəsən. Ancaq bu əsirlər tamam başqa əsirlər idi. Onlar hər fürsətdə öz təbliğlərindən əl çəkmir və insanların yatmış vicdanlarını oyadırdılar. Az bir müddətdə düşməni diz üstə çökdürdülər. Bəli Əhli-beyt (ə) əsirləri elə bir əsirlər idi ki, düşməni əsirliyə götürmüşdülər. Şama çatan zaman uzaq yolun yorğunluğunu, sinələrində düşmənin qamçı izlərini və əl və ayaqlarında zənciri hiss edirdilər. Zəiflikdən və aclıqdan əziyyət çəkirdilər. Ancaq İmam Hüseynin (ə) əlindən mətanət məlhəmini içdikləri üçün Şamdakı mənəvi döyüşə yollandılar. Həzrət Zeynəbin (s.ə) bəlağətli, şücaətli və məntiqli dili və İmam Səccadın (ə) qılınc kimi kəsərli olan kəlamları Yezidi (lən) yerində otuzdurdu və həqiqəti aşkar etdi.
Yezidin düzəltdiyi şənlik məclisini Həzrət Zeynəb (s.ə) viran etdi. Öz təmtəraqlı taxtında əyləşmiş Yezidə dedi: \"Ey Yezid, məgər bu ədalətdəndirmi ki, qadınlarını və kənizlərini pərdə arxasında otuzdurursan, Rəsullahın (s) qızlarını isə əsir kimi şəhərdən-şəhərə gəzdirirsən?!”. Zeynəbin (s.ə) bu sözləri 50 il bundan öncə Məkkənin fəthindən sonra Əbu Süfyan nəslinin xarlığını bir daha yada saldı. Yezidi qəm bürüdü. Onun istədiyi bu deyildi, o, istəyirdi ki, elə bir məclis qursun ki, cəhənnəmə vasil olmuş atalarının ruhunu şad edə bilsin və bu pak insanları xar edə bilsin. Ancaq nəticə tamamilə əksinə idi. Həzrət Zeynəb (s.ə) danışdıqca, lənətlik Yezid sükut edir və heç bir şey deyə bilmirdi. Bəli, Yezid Həzrət Zeynəbin (s.ə) mübarək dilinin əsiri olmuşdu. Xanım Zeynəb (s.ə) həqiqəti deyirdi. O, deyirdi ki, Peyğəmbər (s) sənin kafir atalarını azad etdi, ancaq sən bu azadlığı onun qızlarından əsirgədin. Bu, sənin və ailən üçün bir ardır.
Karvanın Şama daxil olması zamanı Yezidin etdiyi rəftar, bir neçə gün sonra etdiyi rəftarla tamamilə fərqlənirdi. O, hər şeyin üstünün açıldığını görürdü və çalışırdı ki, bütün olanların günahını ibni Ziyadın üstünə atsın. Ancaq Əhli-beyt (ə) ona deyir: \"Ey Yezid! İmam Hüseyni (ə) səndən başqa heç kim öldürməyib!”. O, bu sözlərin qarşısında özünü o qədər alçalmış hiss etdi ki, İmam Səccadın (ə) öldürülməsini əmr etdi. Ancaq sonra bunun özünün ziyanına olduğunu görüb, ondan əl çəkdi. Əhli-beyt (ə) Şam camaatının qəlbini tamamilə əlinə almışdı və Əba Abdullah (ə) haqqında oxuduqları mərsiyələrlə onların qəlblərini titrədirdilər. Aşura hadisəsini ürək ağrısı ilə bəyan edirdilər. İmam Səccad (ə) came məscidində xütbə deyən zaman İmam Hüseynin (ə) məzlumiyyətinə aid mərsiyə dedi və onun düşmənləri sayılan Şam əhli ağlamağa başladı. Nəhayət, Mərvan Həkəm əsilərin Şamda qalmağını təhlükəli hesab edib, Yezidə məsləhət gördü ki, onları Mədinəyə göndərsin. Əhli-beyt (ə) baş ucalığı ilə Şamı tərk edib, Mədinəyə qayıtdı.
(Erfan/Deyerler.org)