Allaha nə üçün İbadət edİlməlİdİr? Namazın, orucun, və həccİn fəlsəfəsİ nədİr?
Cavab: Bu suala iki şəkildə - icmali və təfsili şəkildə cavab vermək olar.
İcmali Cavab: Əgər düşünsək ki, Allah bizim ibadətimizə ehtiyaclıdır, onda belə bir sual yaranır ki, məhdud olmayan Allah məhdud varlığa necə möhtac ola bilər? Yəni Allahın insanın ibadətinə möhtac olmaması aşkar bir məsələdir. Bilməliyik ki, Allaha pərəstişdə məqsəd insanın özünün kamala çatmasıdır. Yəni ibadəti əmr etməsi Onun bizə qarşı lütfü, mərhəməti kimi başa düşülməlidir. Allah öz bəndəsini ibadət vasitəsi ilə kamala çatdırmaq istəyir.
Təfsili Cavab: Allahın razılığı üçün yerinə yetirilən hər bir əməl, eləcə də, ibadət bir sıra fərdi və ictimai təsirlərə malikdir. İbadət çox ali tərbiyəvi və əxlaqi bir məktəbdir. Onun bəzi təsirlərini nəzərdən keçirək:
1. Allaha pərəstiş və ona ibadət insanda qədirbilmə, şükretmə hisslərini dirçәldir. İnsanın ixtiyarında misilsiz nemətlər qoymuş varlığın qarşısında təşəkkür, ləyaqət nişanəsidir. İnsan öz ibadəti ilə ona əta olunmuş nemətlərə layiq olduğunu bildirir. İnsan Allaha həmd oxuyub, təşəkkür edərək nankor olmadığını aşkarlayır.
2. İbadət və Allaha pərəstiş insan ruhunun təkamülünün əsasıdır. İnsan ruhunu Allahın mütləq kamal dünyası ilə əlaqələndirən təkamüldən üstün təkamül ola bilərmi? İnsan öz bəndəlik vəzifələrinin, həyati işlərinin icrasında Allahın sonsuz qüdrətindən yardım diləyir və öz ləyaqəti həddində məbudu ilə danışır.
İxtisar şəkildə bəyan edilən bu xüsusiyyətlər düzgün yerinə yetirilən bütün ibadətlərə xasdır. Həm də namaz, oruc, həcc kimi ibadətlərin özünəməxsus məziyyətləri vardır. İslamda böyük ibadətlərdən sayılan namaz, oruc və həcc haqqında müxtəsər şəkildə danışaq ki, Allahın bu ibadətlərə ehtiyacsız olduğu məlum olsun.
Namaz və onun tərbiyəvi əsrarı:
1. Namaz Allahın xatırlanması səbəbidir: Allahın xatırlanması, zikri insanın öz meyllərini nəzarətə alması və ruhun tüğyanını cilovlaması üçün ən yaxşı vasitədir.
Namaz qılan şəxs daim bütün işlərimizdən xəbərdar, düşüncələrimizdən agah olan Allahı yad edir. Allah zikri ən azı insanın arzu-istəklərini tənzimləyir. Çünki Allahdan, onun mükafat və cəzasından qəflətdə olan insanın ağıl və düşüncəsi zülmətə qərq olur.
Allahdan qafil insan öz əməl və rəftarlarının nəticəsi haqqında düşünmür, öz azğın istəklərini həyata keçirmək üçün hədd tanımır. Gün uzunu insana beş dəfə Allahı xatırladan, onu qəflət yuxusundan аyıldıb təmizləyən namazdır.
Qurani-kərimdə bu məsələyə belə işarə olunur: “Namaz insanı günah və çirkin işlərdən uzaqlaşdırar.”
Namaz qılan şəxs bilsə ki, qıldığı namaz qəbul olunması üçün zəkat ödəməlidir, qeybət etməməlidir, təkəbbür və həsəddən çəkinməlidir, spirtli içkilər içməməlidir, Allaha diqqətlə namaz qılmalıdır, bütün bu şərtləri ödəməyə çalışar. Ona görə də həzrət Peyğəmbər (s) buyurur: “Namaz saf su arxı kimidir. İnsan bu arxda yuyunur. Gün uzunu beş dəfə namaz qılan şəxsin qəlbi bu pak mənəvi çeşmədə yuyulur, onun qəlbində və ruhunda günah tozu qalmır.”
3. Təmizlik: Bəzi məqamlarda bütün bədəni yumaqla qüsl verməli olan, gündə beş dəfə dəstəmaz alan, qüsl və dəstəmazdan qabaq bütün bədənini paklayan insan, şübhəsiz ki, təmiz olacaq. Bu baxımdan namaz təmizliyi təmin edir.
4. Dəqiqlik və vaxtşünaslıq: İslamda hər bir namazın özünəməxsus vaxtı var. İnsan namaz vaxtlarına riayət etməklə dəqiqliyə, vaxta diqqətli olur. Namaz qılan şəxs sübh namazını qılmaq üçün tüludan qabaq yuxudan oyanmalıdır. O, sübhün pak havasını duymaqla yanaşı, gündəlik həyat fəaliyyətlərinə də vaxtında başlayır.
Namazın tərbiyəvi əhəmiyyəti təkcə yuxarıda deyilənlərdən ibarət deyil. Biz sadəcə bu böyük ibadətin bəzi faydalarını sadaladıq.
Namazın ictimai əhəmiyyəti:
Müəyyən vaxtlarda qılınan namaz əzəmətli İslam ümmətinin vəhdət nümayişidir. Çünki bütün müsəlmanlar müəyyən vaxtlarda üzüqibləyə dayanır və xüsusi bir ədəblə Allaha pərəstiş edirlər. Belə bir təzahür müsəlman ümmətin birliyinə bariz nümunədir. İslam dini ibadət vasitəsi ilə öz ardıcıllarını birləşdirir.
Namaz cəmiyyət halında qılındıqda vəhdət, bərabərlik ruhu dəqiq və sıx cərgələrdə özünü göstərir. Uyğun birliyin əhəmiyyətini izah etməyə ehtiyac yoxdur. Əlbəttə ki, namazın başqa ictimai və tərbiyəvi əhəmiyyətləri vardır.
Orucun bəzi əhəmiyyətləri:
İslami ibadətlərdən biri də orucdur. Orucun tərbiyəvi əhəmiyyətlərindən biri insana adət və şəhvətin hakimliyinə son qoyulmasıdır. Oruc insanı nəfsin əsarətindən qurtarır.
İnsan üçün ən təhlükəli hakimiyyət pis adət və azğın nəfsin hakimiyyətidir. Adicə siqaretə adətin insana nə qədər zərərli olduğu inkarolunmazdır. Amma oruc tutan insan bir çox başqa pis adətlərdən də əl çəkir.
Azad o kəsdir ki, heç bir pis adətə təslim olmasın. Oruc insanda elə bir müqavimət ruhu yaradır ki, o adi vaxtlarda mümkünsüz saydığı adətləri tərk edir.
Bundan əlavə, oruc insanlıq hisslərini canlandırır. Adətən, il boyu rəngbərəng süfrələr arxasında oturan varlı insanlar gün uzunu aclıq çəkən yoxsullardan xəbərsiz olurlar. Amma onlar oruc tutduqda gün uzunu ac qalmaqla yoxsulları yada salır, onların dərdinə şərik olurlar. Nəticədə varlı аdаmların insani hissləri canlanır və yoxsul təbəqənin ehtiyaclarının təmini üçün şərait yaranır. Varlı təbəqənin belə bir ibadət vasitəsi ilə aclığı dadıb, ehtiyaclıların halına yanması cəmiyyət üçün təhlükəli olan yoxsulluq qəzəbini sakitləşdirir. Ramazan ayının orucu bərabərlik və birlik təzahürüdür. Çünki bu ayda cəmiyyətin bütün təbəqələri nəfs istəkləri ilə mübarizəyə qalxaraq, bir cərgədə dayanırlar.
Həccin fəlsəfəsi:
İslamın böyük ibadətlərindən biri də həccdir. Həcc ilin müəyyən günündə tarixi bir məkanda cəm formada yerinə yetirilən ibadətdir. Bu ibadət bəndə ilə Allah arasında möhkəm bağlılıq yaratmaqla yanaşı, cəmiyyət üçün də bir çox faydalara malikdir. Məsələn:
1. Yalnız iki hissə parçaya bürünməklə libassız v azad şəkildə yerinə yetirilən bu ibadət bəndələrin Allah qarşısında bərabərlik nişanəsidir. Bir gün insanların millət, dil, rəng, sərvət və məqamdan asılı olmayaraq bərabər şəkildə yaşaması bəşəriyyətin ən böyük amalıdır. Həcc mərasimində müqəddəs məkana toplaşanlar bir neçə günlük də olsa bu hissi yaşayırlar; həcc ibadəti bəşəriyyətin birlik amalını gerçəkləşdirir və həmin mərasimdə olanlar öz ictimai imtiyazlarını unudurlar.
2. Dünya müsəlmanlarının həqiqi nümayəndələrindən təşkil olunmuş bu əzəmətli toplum müsəlmanların illik konqresi hesab olunur.
İslam ayinləri təkcə əxlaqi və tərbiyəvi qanunlardan ibarət deyil. Müsəlman toplumlarının il boyu mütəmadi şəkildə toplanıb, öz əxlaqi, ictimai, siyasi, iqtisadi, hərbi problemlərini müzakirə etmələrinə ehtiyac var. Ona görə də İslamda siyasi qanunlar tənzimlənmi; Məkkə torpağında illik konqres təşkil olunmuşdur və bu yolla İslam ayinlərinin əbədiyyət və paklığı təmin olunmuşdur. Təbii ki, ilahi dəyərlərin keşiyində durmuş konqres dünyəvi, siyasi məqsədlərlə təşkil olunmuş müxtəlif konqreslərdən çox-çox üstündür.
Əgər dünyada mövcud olan siyasi cərəyanlar yalnız son əsrlərdə öz konqreslərini keçirmək qərarına gəlmişlərsə, İslam on dörd əsrdir ki, belə bir toplantıdan faydalanır. Bu mərasimə toplanmış müsəlman mütəfəkkirləri dünyada mövcud olan son ictimai-siyasi durumu araşdırır və ümumi bir qərara gələrək, fəaliyət istiqamətlərini müəyyənləşdirirlər. Əgər müxtəlif səbəblərdən bugünki həcc mərasimində dünya müsəlmanlarının problemləri istənilən səviyyədə həll olunmursa da, həcc mərasimi dünya müsəlmanlarına belə bir imkan vermişdir. Hər halda müsəlman rəhbərlərinin bir araya gəlməsi üçün bundan münasib bir fürsət təsəvvür olunmur.
Bu konqres müsəlmanların iqtisadi və mədəni durumuna əhəmiyyətli təsir göstərə bilər. Çünki dünyanın müxtəlif ölkələrindən gəlmiş mütəfəkkirlər və nəzər sahibləri həcc əməllərini yerinə yetirdikdən sonra aram bir mühitdə müzakirələr aparıb, ümumi bir fikirə gələ bilərlər.
Həcc konqresi müxtəlif müsəlman ölkələrində zülm-sitəm zəncirlərinin qırılması üçün azadlıq hərəkatlarına ilham verə bilər. İslam tarixinə nəzər saldıqda bu nöqtə daha da aydın olur. Bir çox zülm-sitəm rejimlərinin taleyi məhz həcc əyyamında həll olunmuşdur. Bu müqəddəs torpaq müsəlmanların azadlıq hissini gücləndirir.
Bəli, həcc mərasiminin belə imkanları var. Təəssüf ki, dünya müsəlmanları onun əhəmiyyətini hələ ki lazımınca dərk etməmişlər.
Yuxarıda deyilənlərdən belə bir nəticə alınır ki, bütün islami ibadətlərin ibadət edən şəxsə və cəmiyyətə müstəsna faydaları vardır.
Аyәtullаh Mәkаrim Şirаzi, Аyәtullаh Cәfәr Sübhаni