Nə üçün Allah Evinin üstünə çəkilən parça yalnız qara rəngdədir?
Hal-hazırda Kəbə Evinin üstünə çəkilən qara rəngli parça “Kəbənin köynəyi”, “Kəbənin pərdəsi”, yaxud “Kəbənin paltarı” adlandırılır. Bu pərdə son əsrdə qara rəngli olmuş və Quran ayələri onun üzərində gözəl xətlə və qızılı rəngdə yazılmışdır. Amma əvvəllər bu pərdə üçün digər rənglərdən istifadə olunurdu.
İbni İshaq yazır: “Peyğəmbər (s)-in dövründə Kəbənin üstünə Misirdə toxunan və qibati adı ilə məşhur olan ağ rəngli pərdə salırdılar. Ondan sonra Yəmən parçalarından istifadə olunurdu. Peyğəmbərdən sonra Ömər, Osman, Həccac və İbni Zübeyr Kəbənin üstünü qubati və diba pərdəsi ilə örtürdülər.”[1]
Bu pərdə bəzən yaşıl və bəzən qırmızı olurdu, bəzən də onun üzərinə üst-üstə bir neçə parça salınırdı. Nasir Abbasinin xilafəti dövründə Kəbə üçün əvvəlcə yaşıl rəngli pərdə salınırdı. Onun xilafətinin axırlarında isə qara rəngli parça hazırlayırdılar.
Misir soltanları Kəbə pərdəsini hazırlamağı öhdəsinə aldıqları zamandan sonra hər il Kəbə üçün qırmızı rəngli parça göndərilirdi.[2]
Məlik Şah Səlcuqinin dövründə iranlılar Kəbə pərdəsini hazırlamaq iftixarına nail oldular. Bu zaman Kəbə üçün hazırlanan pərdələr sarı rəngli idi. İbni Bəttutə öz “Səfərnamə”sində (“Rəhlə”) yazır: “Kəbə Evinin köynəyini İranın Xuzistan əyalətinin Şuştər şəhərində xalis dibadan (ipəkdən) toxuyur və Kəbəyə göndərirdilər. 1221-1229-cu illərdə Hicaz əhli pərdəni hazırlamaq iftixarına nail olmuşdular. Onlar ilk pərdəni qırmızı ipəkdən, sonrakı illərdə isə qara ipəkdən hazırlayırdılar...”[3]
Həcc mərasimində, xüsusilə pərdənin dəyişdirilməsi günlərinə yaxın olan zaman onu yavaş-yavaş yuxarı qaldırır, bükür və onun yerinə ağ pərdə salırdılar, Həcc mərasimi qurtardıqdan sonra ona başqa bir təzə pərdə salırdılar.[4]
Buna əsasən, Kəbə Evinin parçasının (paltarının) qara olmasının xüsusi bir dəlili yoxdur və bu işi öhdəsinə alanların səliqəsinə bağlıdır.
[1] Əsğər Qaidan, “Məkkeyi-mükərrəmə və Mədineyi-münəvvərənin islami abidə və tarixi əsərləri”, səh. 95
[2] Yenə orada, səh. 96
[3] Seyid Kibari, “Simayi Kəbə”, səh. 161
[4] Seyid Kibari, “Simayi Kəbə”, səh. 162; Məhdi Mültəca, “Fərhəngi danistənihayi piş əz səfər be Xaneyi Xuda”, səh 2012; Məhəmməd ibni Əbdullah ibni Əhməd Əzrəqinin yazdığı “Əxbari Məkkə və ma caə fiha minəl-asar” kitabının 97-ci səhifəsindən nəqlən. islamquest.net