Günah edən insan, tövbə etmədən bağışlana bilərmi?!
Tövbə və istiğfarın həqiqəti budur ki, insan etdiyi günahına görə peşman olsun. Gələcəkdə bir də bu günaha düçar olmasın. Bəs əgər insan bu halı ilə tövbə etməzsə, Allah onu bağışlayarmı?
Alimlər buyurur ki, əgər insan etdiyi günaha görə peşman olar və onu təkrar etməmək qərarına gələrsə – bu, həqiqi tövbə olar. Belə bir tövbənin qəbul olması isə qətidir. Ona görə də insan baxmayaraq ki, dilində istiğfar etməmişdir, ya tövbə etdiyini elan etməmişdir – ancaq əməli baxımdan o, tövbə etmiş sayılır. Ancaq yaxşı olardı ki, insan dilində və qəlbində istiğfar zikrini də söyləyərdi.
Başqa bir tərəfdən deyə bilərik ki, Rəhim Allah insanın bəzi günahlarını, tövbə etməsə belə, bağışlayır. İnsan bundan peşman olsa və təkrarlamamaq qərarına gəlsə. Lakin, tövbə elə bir haldır ki, insana daha çox lütf bəxş edir. Onun Allaha yaxınlaşmasına səbəb olur.
Maraqlısı buradadır ki, din alimləri tövbəni Allaha tərəf atılan ilk mərhələ hesab edirlər. Günahlara görə tövbə etmək – salikin Allaha tərəf atdığı ilk addım olar. Salik məhz tövbə edərək və etdiklərindən peşman olaraq bu yola qədəm basar və onun bu əməli saliki Allaha bir addım yaxınlaşdırar.
Beləliklə, deyə bilərik ki, əgər insan tövbə etməsə və dilində istiğfar etməsə də, günahları bağışlanar. Bunun üçün günahından peşman olması və onu bir daha təkrar etməmək qərarına gəlməsi lazımlıdır. Ancaq əgər dildə istiğfar edərsə, ona daha çox lütflər qazandırar və Allaha yaxınlaşdırar./Deyerler.