Hökmlərİn fəlsəfəsİ necə araşdırılmalıdır?


Cavab: Quran məntiqi və məsumların buyuruqlarından aydın olur ki, hər bir müsəlman dini hökmlərin fəlsəfəsi ilə maraqlana bilər. Bu barədə düşünmək, suallar vermək qadağan olunmamışdır. Amma bu o demək deyil ki, hər kəs dini hökmlərin fəlsəfəsini öz bildiyi kimi izah etsin. Bu sayaq yanlış izahlar səbəbindən uyğun mövzudakı araşdırmalar zərərli də ola bilər. Bəs bu araşdırmalar hansı proqramla aparılmalıdır?
Əvvəlcə qeyd etməliyik ki, dini göstərişlərə əməl edib-etməməyimizin Allah üçün heç bir fərqi yoxdur. Əmirəlmöminin Əli (ə) buyurur: “Günahkarlar ona (Allaha) ziyan vurmaz, itaət edənlər isə fayda verməz.” Allah-təala varlığın sonsuz dəryasıdır. Yaranmışların nəyi varsa, Ondandır. Allahın bir şeydən ehtiyacı yoxdur ki, biz o ehtiyacı ödəyək. Əldə etdiyimiz hər bir nemətin əsil xəzinəsi Onun əlindədir. Allah hər bir bəndəyə məsləhət bildiyi qədər əta edir. Qurani-kərimdə oxuyuruq: “Elə bir şey yoxdur ki, onun xəzinələri bizdə olmasın. Lakin biz ondan ancaq müəyyən qədər nazil edərik.” Özünüz düşünün, günəşin qabağında qoyulmuş ayna onun işığını artıra bilərmi? İnsan nə qədər qüdrətli olsa da, həmin ayna kimidir. Onun nəyi varsa, Allahdandır. Dini hökmlərə əməl edən hər bir insan özü üçün çalışır. Digər bir tərəfdən, insan təkcə cism deyil ki, ilahi hökmlər bu cismi təkamülə çatdıra. İnsan təkcə ruh da deyil ki, yalnız onun mənəvi inkişafı nəzərdə tutula. İnsan cism və ruhun məcmusudur və asimani göstərişlər bu məcmunun təkamülünə xidmət edir. Ona görə də dini göstərişlərdə yalnız dünyəvi faydalar axtaranlar, namazı idman, orucu pəhriz, duanı ruhi təskinlik sayanlar yanılırlar. Pak libas geyməyin, dırnağı tutmağın, hörümçək torunu təmizləməyin sınıq kuzədən su içməməyin müstəhəb olması kimi hökmlər təkcə fizioloji və psixoloji faydalarla izah olunmamalıdır. Etiraf edək ki, bu gün bəşəriyyətin malik olduğu elm bütün gerçəkliklərin fəlsəfəsini izah etmək gücündə deyil. Dini göstərişlərin bir hissəsi insanın əxlaqı, bir hissəsi onun mənəviyyatı, bir hissəsi onun imanı, bir hissəsi onun maddi həyatı, bir hissəsi isə ümumi təkamülü üçün faydalıdır.
İndi isə dini hökmlərin fəlsəfəsinin araşdırılma şəraiti ilə tanış olaq. Qeyd edək ki, dini qanunlar və hökmlər dörd qrupa bölünə bilər:
1. Həzrəti Peyğəmbərin besəti günündən fəlsəfəsi məlum olan hökmlər: həmin vaxt insanlar öz düşüncə və məlumatları səviyyəsində uyğun məsələləri dərk edirdilər. Amma xalqın bu göstərişlərə ümumi şəkildə əməl etməsi üçün həmin göstərişlər qanun şəklinə salındı. Məsələn: yalanın, xəyanətin, böhtanın, qətlin, oğurluğun, zülmün, əskik satmağın, saxtakarlığın qadağan edilməsi bu qəbildəndir. Eyni məqsədlə insanlara ədalətə riayət, paklıq, düzlük, məzluma yardım, çalışma, ata-anaya yaxşılıq, qohum-əqrəba ilə yaxınlıq əmr olunmuşdur. Bu hökmlərin fəlsəfəsi insanlara ona görə açıqlanılırdı ki, onlar bu əmrlərin faydasını daha çox dərk etsinlər.
2. Fəlsəfəsi bir çox insanlara, bəzən isə dövrün alimlərinə aydın olmayan hökmlər: Quranda və məsumların buyuruqlarında bu sayaq hökmlərin fəlsəfəsinə işarə olunmuşdur. Olsun ki, o dövrün insanları orucun üç əsas faydasından məlumatsız olduğu üçün Quranda bu faydalar sadalanır. Müxtəlif ayələrdə orucun əxlaqi, ictimai və tibbi faydaları önə çəkilir. Bir rəvayətdə imam Sadiq (ə) orucun ictimai əhəmiyyətini önə çəkərək buyurur: “(Oruc ona görə əmr olunub ki) varlılar yoxsulların halından xəbər tutsun və onların köməyinə gəlsin.” Başqa bir rəvayətdə həzrət Peyğəmbər (s) buyurur: “(Оruc ona görədir ki) cisminiz sağlam olsun.”
Bir çox başqa ayə və hədislərdə də dini hökmlərin fəlsəfəsi açıqlanır. Əvvəldə qeyd etdiyimiz kimi bu sayaq izahlar “İləlüş-şəraye” kitabında toplanmışdır. Mühəddis mərhum şeyx Hürr Amili “Vəsailuş-şiə” kitabında hər fəslin başlanğıcında dini hökmlərin fəlsəfəsi haqqında məlumat vermişdir. Bir nöqtəyə də diqqət yetirmək lazımdır ki, dini hökmlərin fəlsəfəsi hər dövrdə insanların düşüncə səviyyəsinə uyğun şəkildə açıqlanmışdır. Əslində həmin hökmlərin fəlsəfəsi daha genişdir.
3. Zaman ötdükcə, bəşəriyyətin məlumatı artdıqca dini hökmlərin fəlsəfəsi daha dərin şəkildə aydınlaşdırılır. Məsələn, spirtli içkilərin fizioloji, psixoloji, ictimai zərərləri, hətta onların genlərə təsiri bugünki insan üçün tam aydındır. Bu gün bəşəriyyətin əlində spirtli içkilərin zərərini sübuta yetirən statistik rəqəmlər var. Əsrimizdə kazinoların timsalında qumarın, xalqı üzüntülü günə salan sələmçiliyin zərərləri kimsədə şübhə doğurmur. Bugünki insan uyğun mövzularla bağlı keçmişdəki insandan daha çox məlumatlıdır.
Amma bir mövzuya da diqqət yetirilməsi çox zəruridir. İfratçılıq, vaxtsız və yanlış mühakimələr, tələskənlik, yanlış baxışlar, ən əsası elmi əsası olmayan fərziyyələr bizi həqiqətdən daha da uzaqlaşdırır. Əsassız izahlar səbəbindən ilahi hökmlərin fəlsəfəsi ilə tanışlıq əvəzinə təhlükəli azğınlığa düçar oluruq. Ona görə də elmi əsası olmayan istənilən mülahizə ilahi hökmlərin fəlsəfəsi kimi qəbul olunmamalıdır.
Əgər bir hökmün fəlsəfəsi haqqında əsaslı dəlillərimiz yoxdursa, “bilmirəm” demək daha faydalıdır. Hətta bir hökmün düzgün fəlsəfəsini əldə etmişiksə, unutmamalıyıq ki, bizim əldə etdiyimizdən də ətraflı və əsaslı izahatlar mövcuddur.
4. İlkin İslam dövründə fəlsəfəsi açıqlanmamış və sonrakı islami mətnlərdə də izahı verilməmiş hökmlər: Bəli, elə ilahi hökmlər var ki, bu gün də onun fəlsəfəsi haqqında məlumatsızıq. Məsələn, namazın rəkətlərinin sayı, ayrı-ayrı şeylər üçün zəkat ölçüləri (nisab), bəzi həcc əməlləri bu qəbildəndir. Görən gələcəkdə elmi inkişaf yolu ilə bu məsələlərin sirri açılacaqmı? Həzrət Mehdi (ə) hökmlərin fəlsəfəsindən məlumat verəcəkmi?
Mümkündürmü ki, gələcəkdə də inkişaf etmiş elm qaranlıq nöqtələrin üzərindən pərdəni qaldıra bilməsin? Bu suallara qəti cavab verə bilmərik. Bildiyimiz budur ki, fəlsəfəsini bilmədiyimiz dördüncü qrup dini hökmlərə də əvvəlki kimi ehtiram göstərib, əməl etmək lazımdır. Çünki bütün hökmlər eyni bir mənbədən gəlmişdir və onu gətirən şəxs möhkəm dəlillərə malik olmuşdur.

Аyәtullаh Mәkаrim Şirаzi, Аyәtullаh Cәfәr Sübhаni


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter