Məsumların hədislərinə əsasən günün hansı vaxtlarında yatmaq məsləhət deyil?!


İmam Cəfər Sadiq (ə) buyurub ki, sübh azanı ilə Günəşin doğuşu arasındakı müddətdə yatmaq adamın ruzisini kəsər, çöhrəsini saraldar, üzündə dəyişiklik və çirkinlik yaradar (Biharül-ənvar, XIII, 182). Hədislərdə bunun səbəbini belə izah edirlər ki, günün həmin vaxtında insanların ruzisi bölünüb müəyyən edilir. Bunu rəmzi mənada da qəbul etmək olar. Sübh namazını qılandan sonra yatmayıb oyaq qalan insan adətən ya zehni, ya da fiziki əməklə məşğul olur, iş-gücünün arxasınca gedir, nəticədə ruzi qazanır. Yatıb yuxuya qalan adam isə bu imkanı əldən verir. Buna görə xalq içində deyirlər ki, iki nəfər qazanar: tez evlənən və yuxudan tez oyanan.
Məğrib və işa arasında yatan adamın da ruzisinin azala biləcəyi barədə rəvayətlər var.

Həzrət Mühəmməd Peyğəmbər (s) buyurub: \"Fəcr (sübh azanı) və Günəşin doğuşu arasında yatmaq adamın xasiyyətini pisləşdirər. Zöhrdən əvvəl yatmaq nemətdir. Əsr vaxtından sonra yatmaq ağlı kütləşdirər. Məğriblə işa arasında yatmaq isə adamı ruzidən məhrum edər” (Biharül-ənvar, LXXVI, 185).
Dini mənbələrdə yazılıb ki, hətta Həzrət Musa Peyğəmbərin (s) zamanında Misirdən Fələstinə qayıdan Bəni-Israil qövmü səhrada ikən Allah fəcrlə Günəşin doğuşu arasında onlara səmadan yemək endirirdi (Quranda buna \"mənn” deyilir). Şirin toz şəklində olan bu yemək yalnız günün həmin vaxtında səmadan yerə tökülür və qısa müddət ərzində yoxa çıxırdı. Tənbəllik edən, yatıb yuxuya qalan adam o günün yeməyindən məhrum olurdu.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter