Hansı 3 əməli kənara qoyaq ki, qəlbimiz sərtləşməsin?! Hz Peyğəmbərin (s) hədisi
Həzrət Peyğəmbər (s) buyurur: “Üç şey qəlbi sərtləşdirir:
1. Yersiz sözlər eşitmək.
2. Ov etmək.
3. Sultanın sarayına gedib-gəlmək”.
O kəs ki, yersiz sözlər eşidər – zaman keçdikcə onlara adət edər və qəlbi daşlaşmağa başlayar. Artıq nəsihət və bəlağətli sözlər eşitməyə taqəti olmaz.
O kəsin ki, peşəsi heyvan öldürmək olar – onda rəhm hissi azalar. Nəticədə qəlbi daşlaşar.
O kəs ki, sultanın sarayına gedib-gələr, gözləri ilə görər ki, necə sultan insanlara zülm edir. Get-gedə bu hal onun üçün adiləşər və qəlbi daşlaşar.
Bundan başqa qəlbin daşlaşmasına səbəb olan başqa əməllər də vardır. O cümlədən:
Allahı yada salmağı tərk etmək.
İmam Sadiq (ə) buyurur: “Allah Həzrət Musaya (ə) vəhy edir ki, ey Musa! Çoxlu sərvətə görə sevinmə. Hansı halda olursansa-ol, Məni yada salmaqdan əl götürmə. Çünki çoxlu sərvət günahları unutdurur. Məni yada salmağı tərk etmək – qəlbi sərtləşdirir”.
Günah.
İmam Əli (ə) buyurur: “Göz yaşları qurumaz, məgər qəlbin sərtləşməsinə görə. Qəlblər sərtləşməz, məgər günahların çoxluğuna görə”.
Uzun arzular.
Uca Allah Həzrət Musaya (ə) buyurur: “Ey Musa! Dünyada uzun arzuları başında fırlatma ki, qəlbin sərt olacaqdır. Qəlbi sərtləşmiş Məndən uzaqdır”./Deyerler.