Həzrət Rüqəyyə (s.ə) İmam Hüseynin (ə) mübarək bədənini necə tapdı?
Həzrət Rüqəyyə İmam Hüseynin (ə) qızlarından biri olmuşdur ki, anasının adı Ümmi İshaq olmuşdur. Ümmi İshaq İmam Həsənin (ə) həyat yoldaşı olmuşdur və şəhid olan zaman qardaşına vəsiyyət etmişdir ki, onunla evlənsin. Həzrət Rüqəyyə şəhid olan zaman bəzi mənbələrə görə üç yaşında, bəzi mənbələrə görə dörd yaşında və bəzilərinə görə isə beş və yeddi yaşında olmuşdur.
Nəql olunur ki, Şami-Qəriban gecəsində yarısı yanmış xeymədə Həzrət Zeynəb (s.ə) bir qədər yuxuya gedir və yuxuda Həzrət Zəhranı (s.ə) görür.
Ona deyir: “Anacan, bizim halımızdan xəbərim vardırmı?”.
Buyurur: “Eşitməyə taqətim yoxdur”.
Həzrət Zeynəb (s.ə) buyurur: “Bəs şikayətimi kimə deyim?”.
Həzrət Zəhra (s.ə) buyurur: “Mən özüm oğlum Hüseynin (ə) başını bədənindən ayıran zaman orada idim. İndi qalx və Rüqəyyəni tap”.
Həzrət Zeynəb (s.ə) ayağa qalxır və Rüqəyyəni çağırır. Ancaq onu tapa bilmir. Bacısı Ümmi Gülsüm ilə ağlayan halda xeymədən bayıra çıxırlar və axtarmağa başlayırlar. Nəhayət qətlgahda onun səsini eşidirlər. Kərbəla şəhidlərinin parçalanmış bədənlərinin yanına gəlirlər. Görürlər ki, Həzrət Rüqəyyə özünü atasının bədəni üstünə atmış və əlindən tutaraq, onunla dərdləşir.
Həzrət Zeynəb (s.ə) ona nəvaziş etdi və bir yerdə xeyməyə geri qayıtdılar. Yolda Həzrət Səkinə Rüqəyyədən soruşdu: “Atanın bədənini haradan tapdın?”.
O, cavab verir: “O qədər “ata, ata!” çağırdım ki, nəhayət atamın səsini eşitdim ki, deyir: “Gəl bura, mən buradayam”.
Həzrət Rüqəyyənin (s.ə) hekayəsi ürəklər dağlayır. Şəhid olduğu gecə barəsində nəql olunur ki, o, atasını yuxuda görür və ayılan zaman çox ağlayır. Yezid (lən) də bundan xəbər tutur və əmr edir ki, İmamın (ə) mübarək başını Xanım Rüqəyyənin yanına aparsınlar. Rüqəyyə xanım bu mənzərədən çox sarsılır və elə həmin o xarabalıqda can verir. Əhli-Beytin (ə) bu əmanətini elə həmin xarabalıqda dəfn edirlər. /Deyerler.