İmam Əlinin (ə) möminlərə nəql etdiyi son hədisdə nəyin müjdəsi verilir?
Əsbəğ ibni Nübatə nəql edir: “O zaman ki, İmam Əlinin (ə) mübarək başına zərbə dəydi və şəhadətinə səbəb oldu, müsəlmanlar Darul-əmarədə toplaşdılar və İbni Mülcəmin qətlinin tələbində oldular.
İmam Həsən (ə) bayıra çıxdı və buyurdu: “Ey insanlar! Atam mənə vəsiyyət etmişdir ki, qatilinin işini atam vəfat edənə qədər boş buraxam. Əgər atam dünyadan getsə, qatilin işi aydın olacaqdır. Əgər sağ qalsa, özü onun haqqında qərar verəcəkdir. Ona görə də geri qayıdın, Allah rəhmət eləsin”.
İnsanlar hamısı geri qayıtdılar və mən isə getmədim.
İmam Həsən (ə) yenə bayıra çıxdı və mənə buyurdu: “Ey Əsbəğ! Mənim sözlərimi eşitmədinmi?”.
Dedim: “Eşitdim. Ancaq onun halını görən kimi istədim ki, mənə bir hədis desin və ondan hədis eşidəm. Ona görə də mənim üçün icazə al, Allah rəhmət eləsin”.
İmam Həsən (ə) daxilə getdi və bir az keçməmiş bayıra çıxdı və mənə buyurdu: “Daxil ol!”.
Mən daxil oldum və gördüm ki, Əmirəl-möminin (ə) başına sarı rəngli dəsmal bağlamışdır və üzünün sarılığı dəsmalın sarılığından daha çox idi.
Ağrının şiddətindən mübarək ayaqlarını bir-bir yuxarı qaldırırdı. Sonra mənə buyurdu: “Ey Əsbəğ! Mənim müraciətimi Həsəndən (ə) eşitmədinmi?”.
Dedim: “Bəli, ey Əmirəl-möminin! Ancaq sizi elə halda gördüm ki, sizə baxmaq istədim və sizdən hədis eşitmək istədim”.
Buyurdu: “Əyləş. Ey Əsbəğ! Bil ki, mən Allah Rəsulunun (s) ziyarətinə getmişdim və mənə buyurdu: “Ey Əbəl-Həsən! Get insanları topla və minbər başına çıx. Mənim yerimdən bir pillə aşağıda dayan və insanlara de: “Hər kim ata və anasını narazı edər – Allahın lənəti ona olsun. Hər kim öz sahibindən qaçar – Allahın lənəti ona olsun. Əgər kim tutduğu insanın əcrini verməz – Allahın lənəti ona olsun”.
Mən həbibimin sözlərinə əməl etdim və məscidin axırında əyləşən bir kişi ayağa qalxdı və dedi: “Ey Əbəl-Həsən! Üç cümlə dedin və onları bizim üçün şərh et”.
Mən heç nə demədim və Peyğəmbərin (s) yanına gedib, həmin kişinin sözlərini dedim.
Bu zaman İmam (ə) mənim əlimdən tutdu və buyurdu: “Ey Əsbəğ! Əlini aç”. Və mən əlimi açdım. İmam (ə) barmaqlarımdan birindən tutub buyurdu: “Ey Əsbəğ! Peyğəmbər (s) də mənim barmaqlarımdan birini belə tutdu. Sonra buyurdu:
“Ey Əbəl-Həsən! Mən və sən bu ümmətin atalarıyıq. Hər kim məni narazı edər – Allahın lənəti ona olsun.
Mən və sən bu ümmətin mövlasıyıq. Hər kim bizim muzdumuzu verməzsə, Allahın lənəti ona olsun”.
Sonra özü “amin!” dedi və mən də “amin!” dedim\".
Sonra İmam (ə) huşdan getdi və bir qədər sonra huşa gəlib buyurdu: “Ey Əsbəğ! Hələ əyləşmisən?”.
Dedim: “Bəli, mənim mövlam!”.
“Sənə başqa hədis deyimmi?”.
Dedim: “Bəli”.
Buyurdu: “Ey Əsbəğ! Peyğəmbər (s) Mədinə küçələrinin birində məni qəmgin halda gördü. Qəmin əlamətləri üzümdən görünürdü.
Buyurdu: “Ey Əbəl-Həsən! Səni qəmli görürəm. Sənə elə hədis deyimmi ki, ondan sonra qəmgin olmayasan?”.
Dedim: “Bəli”.
Buyurdu: “O zaman ki, Qiyamət günü olar, Allah peyğəmbərlərin (ə) və şəhidlərin minbərindən daha üstün minbər qərar verər. Sonra Allah mənə əmr edər ki, onun yuxarısına çıxım. Sonra sənə əmr edər ki, məndən bir pillə aşağıda yuxarıya çıxasan. Sonra iki mələyə əmr edər ki, səndən bir pillə aşağıda əyləşsinlər. Minbərdə yer alan kimi keçmişdəkilər və gələcəkdəkilərin hamısı hazır olar. Bu zaman səndən bir pillə aşağıda olan mələk car çəkər: “Ey insanlar! Hər kim məni tanıyırsa, tanıyır. Hər kim məni tanımırsa, özümü ona tanıdaram. Mən behiştin gözətçisi Rizvanam. Bilin ki, Allah mənə buyurmuşdur ki, behiştin açarlarını Muhəmmədə (s) tapşıram. Muhəmməd (ə) mənə buyurmuşdur ki, onları Əliyə (ə) tapşıram. Ona görə şahid olun ki, onları tapşırdım”.
Sonra o biri mələk ayağa qalxar və car çəkər: “Ey insanlar! Hər kim məni tanıyırsa, tanıyır. Tanımırsa, özümü ona tanıdaram. Mən cəhənnəmin gözətçisi Malikəm. Bilin ki, Allah mənə əmr etmişdir ki, cəhənnəmin açarlarını Muhəmmədə (s) tapşıram. Muhəmməd (ə) mənə əmr etmişdir ki, onları Əliyə (ə) tapşırım. Ona görə şahid olun ki, onları tapşırdım”.
Mən behiştin və cəhənnəmin açarlarını götürürəm və bu zaman Peyğəmbər (s) mənə buyurur: “Ey Əli! Sən mənim ətəyimdən yapışırsan, ailən – sənin ətəyindən, davamçıların – sənin nəslinin ətəyindən yapışır””.
Mən (sevincdən) əl çaldım və dedim: “Ey Allahın Rəsulu! Hamımız behiştə gedirik?”.
Buyurdu: “Kəbənin Allahına and olsun ki, bəli””\".
Əsbəğ deyir: “Mən bu iki hədisi Həzrətdən (ə) eşidəndən sonra o, gözlərini dünyaya birdəfəlik yumdu”. (Beytutə)/Deyerler.