Dostlarımızı necə nəsihət edək?! İmam Əsgəri (ə)-ın hədisi


İmam Həsən Əskəri əleyhissalam buyurur:

مَن وَعَظَ اَخاهُ سِرًّا فَقَد زانَهُ، ‌وَ مَن وَعَظَ عَلانیةً فَقَد شَأنَهُ

“Kim (din) qardaşına gizlində öyüd-nəsihət versə onu bəzəyib zinətləndirib. Ancaq kim (din qardaşına) başqalarının qarşısında moizə edib öyüd versə onu ləkələyib.”
Tuhəful uqul 489-cu səhifə
Din qardaşını, yəni kişilərin öz dostlarını və qadınların öz rəfiqələrini moizə və öyüd-nəsihət etmək hər bir şəxsin əxlaqi vəzifəsidir. Eləcə də yerində və haqlı olan nəsihəti qəbul etmək də hər bir insanın mədəniyyətinin göstəricisidir.
Nəsihət etmək sadə məsələ deyil, belə ki nəsihət edə bilmək üçün elm, mərifət və təcrübədən əlavə nəsihət etməyin əxlaqi normalarına riayət etmək də vacib məsələdir. Cəmiyyətdə hər bir şəxs öz abırını və ad-sanını qorumağa çalışır, həm də insanlar tərəfindən ona ehtiram olunmasının arzusundadır.
Odur ki, başqalarını nəsihət edərkən bu məsələni unutmamalıyıq. Nəsihət etməkdə daha çox əhəmiyyətə malik olan iki məsələ vardır.

1- Onların birincisi nəsihətin gizlində olmasıdır. Gizlində sözündən məqsəd nəsihətin insanların gözü qarşısında olmamasıdır. Nəsihətin gizlində yox aşkarda edilməsi bir çox fəsadlara gətirib çıxaırır, o cümlədən: nəsihəti qəbul etməmək, həmin pis işi təkrarlamaq, qarşı tərəfə kin bəsləmək, öz səhv rəftarında inadkarlıq və ilaxır.
Nəsihət edən şəxs gərək nəsihətini təklikdə etsin, təki həmin şəxs öz səhvini qəbul edib həmin səhvi təkrarlamasın. Aşkarda edilən nəsihət əslində nəsihət yox, danlaq və məzəmmətdir.

2- Nəsihət etməklə əlaqədar ikinci mühüm məsələ isə nəsihət edilən şəxslə mehriban və hörmətlə davranmaqdır.
Dostlar, çox görmüsünüz ki, nəfspərəst, təkəbbürlü və öz şəxsi mənfəətini güdən insan başqasını nəsihət edərkən əvvəlcə onu təhqir edib alçaldır, onun şəxsiyyətini sındırıb həmin şəxsə günahkarlıq damğasını vurur daha sonra nəsihət edir. O, bu hərəkəti ilə həm də həmin şəxsin onun yanında həmişəlik gözükölgəli olmasını istəyir.
Ancaq nəfsinə qalib gəlmiş və bütün işlərində Allahı nəzərə alan imanlı insan başqasını nəsihət etmək istəyərkən əvvəlcə ona dəyər verərək ehtiram edir, onunla mehribanlıq və şəfqətlə davranır daha sonra isə nəsihət edir.
Qurani-kərim Ali İmran surəsinin 159-cu ayəsində varlıq aləminin ən üstün şəxsi olan həzrət Muhəmmədə (səllAllahu əleyhi və alih) xitab edərək buyurur:

فَبِمَا رَحْمَةٍ مِّنَ اللَّهِ لِنتَ لَهُمْ وَ لَوْ كُنتَ فَظًّا غَلِيظَ الْقَلْبِ لاَنفَضُّواْ مِنْ حَوْلِكَ فَاعْفُ عَنهْمْ وَ اسْتَغْفِرْ لَهُمْ وَ شَاوِرْهُمْ فىِ الْأَمْرِ فَإِذَا عَزَمْتَ فَتَوَكَّلْ عَلىَ اللَّهِ إِنَّ اللَّهَ يحُبُّ الْمُتَوَكلِّينَ

“(Ey Peyğəmbər!) Allahın mərhəmətindəndir ki, sən insanlarla (mülayim və) yumşaq rəftar etdin, əgər sərt xasiyyətli və daşürəkli olsaydın, əlbəttə, onlar sənin ətrafından dağılıb gedərdilər.”
Deməli, nəsihətlər iki cür olur. Nəfsin nəsihəti və Ağılın nəsihəti.
Nəfs birini nəsihət etmək istəyəndə alçaldıb təhqir edərək nəsihət edir.
Ağıl isə birini nəsihət etmək istəyəndə məhəbbət, ehtiram, mülayimlik və əzizləməklə nəsihət edərək Allah Taalanın öz bəndələrini nə qədər çox sevdiyini həmin şəxsə əməl və rəftarı ilə sübut edir. .axlaqimaarif.com


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter