Peyğəmbərlərin (ə) və İmamların (ə) əsas vəzifəsi nə olmuşdur?
Peyğəmbərlərin (ə) və İmamların (ə) vəzifələri çox olub. Amma onların içindən ikisini seçmək olar ki, bunlar mərkəzi yer tutur:
1. Hidayət və təbliğ. Allah Təala Həzrət Adəmə (ə) və Həvvaya xitab edərək, buyurur: “Dedik: «Hamılıqla oradan (o uca məqamdan) yerə enin. Beləliklə, əgər Mənim tərəfimdən sizə (peyğəmbərlər və səma kitabları vasitəsilə) bir hidayət gəlsə, Mənim hidayətimə tabe olanlara heç bir qorxu yoxdur və onlar qəmgin olmayacaqlar»”. (“Bəqərə” 38).
İnsan İlahi qürb məqamına çatmaq üçün xəlq edilmişdir. Onun bu məqama çatması üçün gərək bu haqda lazımlı agahlığı olsun. Allah insana nişanələr və hidayət yolu qərar verməlidir ki, kamala çata bilsin.
Uca Allah peyğəmbərləri (ə) və İmamları (ə) seçmiş və bəşərə tərəf göndərmişdir ki, onları hidayət etsinlər. Ona görə də deyə bilərik ki, peyğəmbər (ə) və İmamların (ə) əsil vəzifəsindən biri budur ki, insanlara Allahın dinini təbliğ etsin və hidayət etsin. İnsanlara aləmlərin Allahını tanıtsın. Onlara Qiyaməti, behişti, cəhənnəmi, əzabı, savabı, hesab və ədaləti tanıtsın. Namazın və başqa vacibatların Allah tərəfindən olduğunu bildirsin.
Bu vəzifənin heç bir şərti yoxdur. Peyğəmbərlər (ə) və İmamlar (ə) öz vəzifələrini yerinə yetirmək üçün səy göstərməlidirlər. Ancaq insanların haqq sözü eşidib-eşitməməsi – insanların öz boynunda qalır. “Sən onların üzərində hakim deyilsən (onların qəlbinə hakim deyilsən ki, onları iman gətirməyə məcbur edəsən, nə də onların cəmiyyətlərinə hakim deyilsən ki, zorla hökm yürüdəsən və nə onların talelərinə hakim deyilsən ki, onlara axirət cəzası verəsən)”. (“Ğaşiyə” 22).
2. Ədalətli cəmiyyət təşkil etmək. Ədalətli cəmiyyət qurmaq – nəinki peyğəmbərlərin (ə), həm də insanların vəzifələrindən biridir. Yəni, bu, elə əməldir ki, ancaq peyğəmbərlərə (ə) və İmamlara (ə) aid edilməmişdir. Əslində ictimai bir vəzifədir ki, hər bir insan ona əməl etməkdə məsuldur. Məsum İmamın (ə) da vəzifəsi bu cəmiyyətin başında durmaqdır.
Yəni, tarix boyu peyğəmbərlərin (ə) təkbaşına ayağa qalxaraq belə bir cəmiyyət qurmaları mümkünsüz olub. Bunun üçün dəstək və yardım lazımdır.
Ona görə də Allah belə bir cəmiyyətin yaradılmasında insanları da məsul hesab etmiş və onların da boynuna vəzifə qoymuşdur ki, bu yolda İmamlarına (ə) yardım etsinlər. Həm İmam bu yolda səy göstərməlidir, həm də insanlar. Hər kəs öz gücü səviyyəsində bu yolda addım atmalıdır. (Həvzəh)
Beləliklə deyə bilərik ki, peyğəmbər (ə) və İmamların (ə) vəzifələri çox olmuşdur. Ancaq onların içindən insanları hidayət etmək və ədalətli cəmiyyət qurmaq – ən əsas vəzifələrdən olmuşdur.
Hazırda qeybdə olan əziz İmamımız (ə.f) da bu İlahi vəziflərin mübarək daşıyıcısıdır. Hər bir müsəlman bu nəcib işdə o Həzrətə (ə.f) yardım etməlidir./Deyerler.