Qurani Kərimə əsasən Allah hər yerdədirsə, bəs qiblənin nə mənası vardır?
Allah Təala Quranda buyurur: “Şərq və qərb (Yer kürəsi, eləcə də şərq və qərbi olan bütün planetlər) Allaha məxsusdur. Odur ki, (bütün dua və ibadətlərdə) hansı tərəfə üz tutsanız, Allahın üzü (səmti) oradır. Şübhəsiz Allah (vücud, qüdrət və rəhmət baxımından) geniş və biləndir”. (“Bəqərə” 115).
İbni Abbas deyir: “Bu ayə qiblənin dəyişməsinə aiddir. O zaman ki, müsəlmanların qibləsi Beytul-müqəddəsdən Kəbəyə tərəf dəyişdi, yəhudilər inkar etməyə başladılar. Müsəlmanlara irad tutdular ki, məgər qibləni dəyişmək olarmı? Bu ayə nazil oldu və bəyan etdi ki, dünyanın şərqi də, qərbi də Allaha məxsusdur”.
Hədislərin birində oxuyuruq ki, bu ayə müstəhəb namaz barəsində nazil olmuşdur. O zaman ki, insan ata minər, hansı tərəfə getsə – o tərəfə namaz qıla bilər.
Cabir, Həzrət Peyğəmbərdən (s) nəql edir ki, Həzrət (s) bir dəstəni döyüşə göndərir və hava qaralan zaman onlar qibləni müəyyən edə bilmədikləri üçün hərəsi bir tərəfə namaz qılır. Səhər olan zaman görürlər ki, heç biri namazı düz tərəfə qılmamışdır. Bu haqda Peyğəmbərdən (s) soruşurlar və Allah Təala da bu ayəni nazil edir. Buyurur ki, namazları doğrudur.
Qiblə Allahın məkanını məhdudlaşdırmaq mənasını vermir. İnsan özü maddi olduğu üçün, hansısa bir tərəfə namaz qılmalıdır. Həmçinin, qiblənin olması müsəlmanların vəhdətinə səbəb olar. Təsəvvür edin ki, hər kəs hara gəldi namaz qılır, bu zaman müsəlmanların cərgəsi nə qədər dağınıq görünər… (Beytutə)
Müsəlmanların qibləsi, dünyanın ən qədim və ən müqəddəs məkanıdır. Bunu da qeyd etmək lazımdır ki, yuxarıdakı ayədə şərq və qərb sözünün gəlməsi məhdud məna vermir. Əksinə, bir metaforadır ki, hər bir yerin Allaha məxsus olmasını vurğulayır. Çünki bu aləmdə elə yer yoxdur ki, ora Allaha məxsus olmasın./Deyerler.