İslam maarifinə əsasən insanda ümid və Allaha təvəkkül nə həddə olmalıdır?!


İnsan həm namazında və həm də həyat mövzularında təvəssülə malik olmalıdır. Əhli-Beytdən (ə) istəməlidir ki, Qiyamət günü naqis namaz və ibadətlərinə görə ona şəfaət versinlər. Həmçinin ümidə malik olmalıdır ki, bu naqis ibadətlər Allahın izni ilə qəbul olacaqdır və bəndə behiştə gedə biləcəkdir.

Çünki bu dünya tarladır və əkin yeridir. Heç kəs zəhmət çəkmədən Allahdan meyvə intizarında ola bilməz. Çünki əgər ağac olmazsa və ona qulluq edilməzsə, meyvə haradan olacaqdır ki?!

Ancaq insan zəhmət çəkərsə, mütləq səyinin nəticəsini görər. Bir tələbə alim olmaq üçün dərs oxumalı və həyatının çox hissəsini təhsil almağa sərf etməlidir. Bunun üçün gecə və gündüz çalışmalıdır. Ancaq bundan sonra insanların xidmətində dura bilər.

İnsan mütləq ümidə, rəcaya malik olmalıdır. Lakin bu ümid onu düzgün motivləndirməli, yersiz arxayınçılığa sövq etdirməməlidir.


Həzrət Peyğəmbər (s) bir gün məsciddə əyləşmişdi və görür ki, bir şəxs gəlir və adi namaz qılır. Təqibatlarını etməmiş əlini dua üçün qaldırır və deyir: “Allahım! Məni behiştlik et və mənə huruleyni inayət et!”.

Həzrət (s) onun bu duasını eşidir və təbəssüm edib, buyurur: “Necə də yüngül mehriyyədir, ancaq nə qədər böyük istəkdir”. (Həvzəh)


Bəli, insanın ümidə, rəcaya malik olması bəzən həddini aşa bilir. Bu zaman kiçik əməyi qaşılığında böyük mükafat gözləyir. Belə rəcanı dinimiz qəbul etmir və onu şeytanın vəsvəsəsi adlandırır.

İnsanın rəcası onu imanı təkmilləşdirməyə, əməllərini ixlaslaşdırmağa doğru yönəltməlidir. İnsanda xof və rəca – İlahi qorxu və ümid yanaşı olmalıdır ki, insan kamillik həddinə yüksələ bilsin./Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter