İmam Əlinin (ə) Allah tərəfindən müəyyən edilmiş 5 üstünlüyü nələrdir?!


Əmirəl-möminin İmam Əlinin (ə) beş üstünlüyü vardır ki, onu həm dostları və həm də düşmənləri etiraf edirlər. Hər kim bu üstünlükləri qəbul etmirsə, ya dini maarifdən bəhrə aparmamışdır, ya da inadı üzündən dini həqiqətlərə mane olmaq istəyir.

1. Həzrət Əli (ə) Allah tərəfindən seçilmişdir. Allahın Quranda İmam Əli (ə) üçün bəyan etdiyi ən üstün fəzilətlərdən biri odur ki, o Həzrət (ə), İslam Peyğəmbərinin (s) canişini və vəlisidir. Həzrət Peyğəmbər (s) Qədir-Xum çölündə onun İlahi rəhbərlər olduğunu elan edərək, vilayət nemətini tamamlamış və dinin kamala çatmasına səbəb olmuşdur. “Ey Peyğəmbər, Rəbbin tərəfindən sənə nazil olanı çatdır! Əgər (bunu) etməsən, (elə bil ki,) Onun (heç bir) tapşırığını çatdırmamısan. Allah səni insanlardan (onların fitnə və şərindən) qoruyacaq. Şübhəsiz, Allah kafirlərin dəstəsini hidayət etməz”. (“Maidə” 67). Allah başqa ayədə buyurur: “Bu gün dininizi sizin üçün kamilləşdirdim, sizə Öz nemətimi tamamladım və (möhkəm və sabit) bir din kimi sizin üçün İslamı qəbul etdim”. (“Maidə” 3). Bu ayə İmam Əlinin (ə) fəzilətində nazil olmuşdur və bu ayədən sonra Peyğəmbər (s) İmam Əlinin (ə) əlini yuxarı qaldırdı və onu özündən sonra İlahi rəhbər və mövla kimi tanıtdı.

2. Həzrət Əli (ə) Peyğəmbərin (s) canıdır. O zaman ki, Həzrət Peyğəmbər (s) qərara alır ki, xristianlarla mübahilə etsin, bu ayə nazil olur: “Buna görə də sənə elm gəldikdən sonra, onun barəsində (İsa Məsih (ə) haqqında) səninlə mübahisə edən (höcətləşən) kəsə de: «Gəlin biz öz oğullarımızı, siz öz oğullarınızı, biz öz qadınlarımızı, siz öz qadınlarınızı, biz özümüzü, siz də özünüzü (bizim canımız kimi olan kəsləri) çağıraq, sonra bir-birimizə nifrin edək, beləliklə Allahın lənətini yalançılara yağdıraq. (Peyğəmbər bu hadisədə İmam Həsənlə İmam Hüseyni oğulları, Həzrət Fatiməni (s.ə) xanımların nümayəndəsi və Əlini canı kimi «mübahilə»yə, yəni ayədə işarə olunan qarşılıqlı nifrin etmə mərasiminə apardı və kafirlər təslim oldular)”. (“Ali-İmran” 61). Bu ayədə adı çəkilən canımız olan kəslər sözü İmam Əliyə (ə) aid edilir.

3. İmam Əliyə (ə) itaət etməyin vacibliyi. Allah Təbarəkə və Təala Quranda Özünə və Peyğəmbərə (s) itaət etməkdən sonra əmr sahiblərinə itaət etməyi buyurur ki, əmr sahiblərinin başında Mövlayi-müvəhhidin olan Əli ibn Əbu Talib (ə) durur. “Ey iman gətirənlər, Allaha itaət edin, Onun peyğəmbərinə və (Peyğəmbərin məsum canişinləri olan) öz əmr sahiblərinizə tabe olun”. (“Nisa” 59). Peyğəmbərə (s) əmr sahiblərinin kim olduğu ilə bağlı sual verəndə, Həzrət (s) belə cavab verir: “Onlar mənim canişinlərim və məndən sonra müsəlmanların İmamlarıdır ki, onların birincisi Əli ibn Əbutalibdir (ə) və ondan sonra tərtiblə Həsən (ə), Hüseyn (ə), Əli ibn Hüseyn (ə), Muhəmməd ibn Əli (ə)...dir”.

4. İmam Əli (ə) ən pak insandır. İmamın (ə) üstün cəhətlərindən biri də onun pak və məsum olmasıdır. Allah onun və övladlarının pak olmasına Özü şəhadət vermişdir. “Allaha və (İlahi rəhbərliyə aid məsələlərdə) Onun Rəsuluna itaət edin, həqiqətən, Allah (xüsusi yaradılış iradəsi ilə) siz (Peyğəmbərin) Əhli-Beyt(in)dən (əqidə, əxlaq və əməllərdə) hər cür (növ) pisliyi təmizləmək və sizi – paklığın bütün cəhətlərində – pak etmək istəyir”. (“Əhzab” 33).

5. İmam Əli (ə) rəhbərdir. Allah Təala Quranda İmam Əliyə (ə) işarə edərək, vilayətdən söz açmış və onun bəzi fəzilətlərinə işarə etmişdir. O cümlədən rüku halında yoxsula verdiyi sədəqəyə. “Həqiqətən sizin başçınız və işlərinizin ixtiyar sahibi yalnız Allah, Onun peyğəmbəri və iman gətirənlər – namaz qılıb rüku halında zəkat verən kəslərdir. (Hər iki məzhəb tərəfindən nəql edilmiş rəvayətlərə əsasən, cəm şəkildə buyurulan bu ayənin yeganə nümunəsi Əli əleyhis-salam və onun rüku halında üzük bağışlamasıdır)”. (“Maidə” 55).

Bu beş üstünlük İmam Əlinin (ə) əxlaq dənizinin bir damcısı idi. İmam (ə) bizlər üçün çox sayda fəzilətli sifətləri yadigar qoyub getmişdir ki, hər birimiz üçün ibrət dərsidir./Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter