PEYĞƏMBƏRLƏR VƏ İMAMLARIN MƏSUM OLMASI İFTİXARDIRMI?
-- Peyğəmbərlər və İmamların günahdan məsumluq məqamı...
SUAL: İsmət elə bir əsrarəngiz qüvvədir ki, insana günah qarşısında paklıq verir. Belə bir qüvvəyə malik insanlar günah etməyə qadir deyillər. Beləcə, onların paklığı iftixar deyil. Bu fikirlər nə dərəcədə düzdür?
CAVAB: Peyğəmbərlər və İmamların günah qarşısında paklığı qeyri-iradi, qeyri-ixtiyari bir iş deyil. Onların isməti iradi və ixtiyari bir haldır və onların elmindən və imanından qaynaqlanır.
İzah: Günah qarşısında ismət və paklıq elmin və imanın tələbləri və əsərlərindəndir. Əlbəttə, hər elm insanı günahdan qoruya bilmir. Elmin həqiqəti göstərmə gücü o qədər çox olmalıdır ki, günahın nəticələrindən insanı xəbərdar etsin, insanın təsəvvüründə qarşısındakı günahın acı nəticələri canlansın. Bu halda günah insan üçün “əqlən mümkünsüz” yox, “adi mümkünsüz” şəklinə düşür. Bu həqiqəti aydınlaşdırmaq üçün bir misal çəkək: Həyatımız bahasına başa gələcək, bizi məhv edəcək elə əməllər var ki, biz bu əməllərin acı nəticələrini gördüyümüz üçün onlardan çəkinirik. Belə bir çəkinmə, pakqalma həmin əməllərə münasibətdə malik olduğumuz elmin nəticəsidir. Məsələn, iki düşmən dövlət qonşuluqda yerləşirsə, hər iki tərəfin sərhədçiləri sərhəd zolağının ətrafında güclü binokllarla, işıqlandırıcılarla, təlim görmüş itlərlə keşik çəkirlər. Onlar sərhəd zonasına nəzarət etdiyindən qadağan zonasına atılan hər addım insanın ölümünə səbəb ola bilər. Belə bir halda, heç bir ağıllı insan sərhədi pozmaq fikrinə düşmür. Ona görə də işin acı nəticəsini düşünən insan amanda qalır. Ağıl və düşüncə sahibi olan hər kəs öldürücü zəhəri içməkdən, elektrik məftilinə toxunmaqdan, keçici xəstəliyi olan şəxslə təmasdan çəkinir. İnsan heç vəchlə belə bir addım atmır və onun qorunması “adi mümkünsüzdür”. Belə bir qorunma amili işin sonunun təsəvvür edilməsidir. İnsan işin aqibətini o qədər aydın təsəvvür edir ki, bu təsəvvür onu uyğun əməllərdən çəkindirir.
Bəzən şahidi oluruq ki, müəyyən adamlar yetimin malını haqsızlıqla yeməkdən zərrəcə çəkinmirlər. Amma elələri də var ki, dilinə bir tikə haram vurmur. Nə üçün biri yetimin malını yeməkdən qorxmadığı halda, o biri haram tikədən imtina edir? İnsanın haramdan çəkinməməsinin bir səbəbi onun imansızlığıdır. Amma imanlı insanın itaətsizliyinin səbəbi onun maddiyyata vurğunluğu və bu vurğunluğun bəsirət gözünü bağlamaqla itaətsizliyin pis aqibətini kiçik göstərməsidir. Günahın pis sonluğuna elə dərin inananlar da var ki, yetimin malından bir tikə yeməyi od yeməklə bərabər tuturlar. Ağıllı insan isə heç vaxt od yemək istəməz. Çünki o, haram malın oda çevrildiyini elm və bəsirət gözü ilə görür. Buna görə də, həmin əməllərdən çəkinərək pak qalır. Qurani-Kərim xəzinə halında qızıl-gümüş toplayıb, başqalarının bu xəzinədə olan haqqını ödəməyənlər haqqında buyurur:
يَوْمَ يُحْمَى عَلَيْهَا فِي نَارِ جَهَنَّمَ فَتُكْوَى بِهَا جِبَاهُهُمْ وَجُنوبُهُمْ وَظُهُورُهُمْ هَـذَا مَا كَنَزْتُمْ لأَنفُسِكُمْ فَذُوقُواْ مَا كُنتُمْ تَكْنِزُونَ
“Yığdıqları qızıl-gümüş o gün (qiyamət günü) cəhənnəm odunda qızdırılıb alınlarına, çiyinlərinə və kürəklərinə dağ basılacaq...” (“Tövbə” surəsi, ayə 35.)
Əgər bəzi xəzinə sahibləri bu səhnəni öz gözləri ilə müşahidə etsələr və görsələr ki, başqa xəzinə sahibləri necə cəzalandırılır, onlara da belə xəbərdarlıq edilsə, öz mövqelərini dəyişərlər. Bəziləri bu səhnələri gözləri ilə görmədən, yalnız ayələr əsasında elə iman gətirirlər ki, onların rəftarları bu səhnəni gözlə görmək qədər təsirli olur. Onların imanı o qədər güclüdür ki, hətta gözlərindən dünya pərdələri götürülsə belə, imanlarında dəyişiklik yaranmır. Belə bir vəziyyətdə insan günah qarşısında bir növ məsumluq, günahsızlıq və ismət əldə edir.
Demək, insan bütün günahların cəzasından bu sayaq xəbərdar olsa və Allahın qəzəbini yetərincə dərk etsə, onun əzab səhnələrini görüb-götürməsinin fərqi yoxdur. Belə insan dünya həyatında uyğun gerçəkliklərə belə bir səviyyədə inanır ki, hətta əzab səhnələrini gördükdə də onun imanında dəyişiklik olmur. Beləcə, belə insanlar bütün günahlardan qorunub pak qala bilirlər. Onlar nəinki günah etmir, hətta günah haqqında düşünmürlər.
Deyilənlərdən məlum olur ki, bu sahədə paklığın təminatçısı iman və əməllərin cəzasından xəbərdarlıqdır. Elə bir insan yoxdur ki, hansısa bir işdə məsum, ismət sahibi olmasın. Bu adamlar məhz çəkindikləri günahla bağlı agahlığa malikdirlər. Peyğəmbərlər və İmamların elmi isə əhatəli və malik olduqları elmin təsiri isə böyükdür. Onlar bütün günahların acı nəticəsindən və Allahın əzəmətindən xəbərdardırlar. Ona görə də bütün günahlar qarşısında ismətlərini qoruyub-saxlaya bilirlər. Həmin bu əhatəli elm sayəsində insanın bütün azğın istəkləri cilovlanır və işin sonunu görən insan Allah tərəfindən təyin olunmuş sərhədi pozmur.
Peyğəmbərlər və İmamların günahdan məsumluq məqamı dа bеlәdir. Bu məsumluq və paklığın əsası iman, elm və bilik, nəfsə nəzarət, ciddi himmət və iti düşüncədir. Məgər belə bir məsumluq və ismət fəzilət deyildirmi? Məgər azad insan günaha yol verə bilməzmi? Bəli, onların günah etməyə gücü çatır, amma heç vaxt bu gücdən istifadə etmirlər. Uca şəxsiyyətə malik hər bir insan xalqın divarını aşıb nə isə oğurlaya bilər. Amma onlar heç vaxt bu işi görmürlər. Hər bir həkim öz xəstəsinə mikroba yoluxmuş su içirə bilər. Amma onlar belə etmirlər. Bu o demək deyil ki, pisliyi və pis işləri bacarmırlar. (“Pasox be poseşhaye məzhəbi” – Dini suallara cavablar, müəlliflər: Ayətullah Məkarim Şirazi və Ayətullah Cəfər Sübhani, səh.135-138.) -Maide.az