SƏHABƏ BARƏSİNDƏ NƏZƏRİNİZ NƏDİR?


Cavab: Şiələrin nəzərindən Peyğəmbəri Əkrəm (s)-i görüb onunla müsahib (yoldaş) olanlar bir neçə qismə bölünür. Biz bu qismləri şərh etməzdən öncə səhabənin tərifini qısa şəkildə deyirik. “Peyğəmbər səhabəsi” ilə əlaqədar müxtəlif təriflər qeyd olunmuşdur. O cümlədən:
1-Səid ibni Müseyyib deyir: “Səhabə o kəsdir ki, bir, yaxud iki il müddətində Peyğəmbəri Əkrəm (s)-lə yanaşı olmuş, onunla birlikdə bir, yaxud iki müharibədə iştirak etmiş və vuruşmuşdur.” (“Usdul-ğabə”, 1-ci cild, səh.11-12, Misir çapı.)
2-Vaqidi deyir: “Alimlərin nəzərinə görə hər kəs Peyğəmbəri Əkrəm (s)-i görüb və islamı qəbul edibsə, həmçinin din işində təfəkkür edərək ona razı olmuşsa bizim nəzərimizdə Peyğəmbər səhabəsi hesab olunur, hətta günün bir saatı qədər olmuş olsa belə.” (“Usdul-ğabə”, 1-ci cild, səh.11-12)
3-Məhəmməd ibni İsmail Buxari belə deyir: “Müsəlmanlardan hər kəs Peyğəmbər (s)-lə müsahib olmuşsa, yaxud onu görmüşsə o həzrətin səhabəsi adlanır.”
4-Əhməd ibni Hənbəl deyir: “Hər kəs bir ay, yaxud bir gün, yaxud bir saat Peyğəmbər (s)-lə müsahib olmuşsa, yaxud o həzrəti görmüşsə səhabələrdən sayılır.” (“Usdul-ğabə”, 1-ci cild, səh.11-12)
Sünnü alimlərinin nəzərində istisnasız olaraq bütün səhabələrin ədalətli olması məsələsi danılmaz bir prinsip kimi qəbul edilmişdir. Yəni hər kəs Peyğəmbər (s)-lə müsahib olmuşsa hökmən adildir. (“Əl-istiyab fi əsmail əshab”, 1-ci cild, səh.2)
İndi isə Quranın aydınlıq verən ayələrinin sayəsində bu nəzəriyyələri araşdırır, şiənin vəhy məntiqindən qaynaqlanan nəzərini qeyd edirik:
Tarixdə on iki mindən artıq adam “Peyğəmbər (s) səhabəsi” kimi qeyd edilmişdir ki, onların arasında müxtəlif simalar gözə dəyir. Şübhəsiz, Peyğəmbəri Əkrəm (s)-lə müsahib olmaq böyük bir iftixardır ki, müəyyən insanlara nəsib olmuşdur və islam ümməti də onlara həmişə ehtiram nəzərləri ilə baxırlar. Çünki onlar islam dinini qəbul edən ilk şəxslər olmuş, islamın izzət və şövkətli bayrağını ilk dəfə olaraq ucaltmışlar. Quran da daim bu hərəkatın önündə gedən belə bayraqdarları tərifləyərək buyurur:
لَا يَسْتَوِي مِنكُمْ مَنْ اَنفَقَ مِنْ قَبْلِ الْفَتْحِ وَقَاتَلَ اُوْلَئِكَ اَعْظَمُ دَرَجَةً مِنَ الَّذِينَ اَنفَقُوا مِنْ بَعْدُ وَقَاتَلُوا
“Məkkənin fəthindən qabaq mal-dövlətlərini (Allah yolunda) ehsan edib mübarizə edənlər bu işdən sonra infaq və cihad edənlərlə bərabər deyillər əksinə onlar yüksək bir dərəcəyə malikdirlər.” (“Hədid” surəsi, ayə:10)
Eyni halda bunu da etiraf etməliyik ki, Peyğəmbər (s)-lə müsahib olmaq elə bir kimya deyildi ki, bütün insanların mahiyyətini dəyişdirsin, onların hamısına, ömürlərinin axırına qədər zəmanət versin və aqillər cərgəsində qərar versin. Bu məsələnin aydın olması üçün hər şeydən öncə bütün müsəlmanlar tərəfindən qəbul edilən Qurana üz gətirir və onun həll olunmasında bu müqəddəs asimani kitabdan kömək istəyirik:

QURAN NƏZƏRİNDƏN SƏHABƏ
Vəhy məntiqində Peyğəmbəri Əkrəm (s)-in hüzuruna çatan və onunla müsahib olan (yoldaşlıq edən) şəxslər iki dəstədir:

BİRİNCİ DƏSTƏ
Onlar Quran ayələrində təriflənmiş, islamın şövkətinin və əzəmətli sarayının bünövrəsini qoyanlar kimi qeyd olunanlardır. Biz burada həmin dəstədən olan səhabələrlə əlaqədar bəzi ayələri qeyd edirik:

1-İlk iman gətirənlər
وَالسَّابِقُونَ الاَوَّلُونَ مِنَ الْمُهَاجِرِينَ وَالاَنْصَارِ وَالَّذِينَ اتَّبَعُوهُمْ بِاِحْسَانٍ رَضِيَ اللّهُ عَنْهُمْ وَرَضُواْ عَنْهُ وَاَعَدَّ لَهُمْ جَنَّاتٍ تَجْرِي تَحْتَهَا الاَنْهَارُ خَالِدِينَ فِيهَا اَبَدًا ذَلِكَ الْفَوْزُ الْعَظِيمُ
“Mühacir, ənsar və onlara tabe olan ilk iman gətirənlər... Allah onlardan, onlar da Allahdan razıdır və Allah, ağaclarının altından çaylar axan behişt bağlarını onlar üçün hazırlamışdır, bu, həqiqətən də böyük qurtuluşdur.” (“Tövbə” surəsi, ayə:100)

2-Ağacın altında beyət edənlər
لَقَدْ رَضِيَ اللَّهُ عَنِ الْمُؤْمِنِينَ اِذْ يُبَايِعُونَكَ تَحْتَ الشَّجَرَةِ فَعَلِمَ مَا فِي قُلُوبِهِمْ فَاَنْزَلَالسَّكِينَةَ عَلَيْهِمْ وَاَثَابَهُمْ فَتْحًا قَرِيبًا
“Allah, səninlə ağacın altında beyət edən möminlərdən razı oldu və onların qəlblərindən keçənləri bildi. Bundan sonra onların qəlbinə aramlıq nazil etdi və yaxın olan qələbəni onlara mükafat verdi.” (“Fəth” surəsi, ayə:18)

3-Mühacirlər
لِلْفُقَرَاءِ الْمُهَاجِرِينَ الَّذِينَ اُخْرِجُوا مِن دِيَارِهِمْ وَاَمْوَالِهِمْ يَبْتَغُونَ فَضْلًا مِنَ اللَّهِ وَرِضْوَانًا وَيَنصُرُونَ اللَّهَ وَرَسُولَهُ اُوْلَئِكَ هُمُ الصَّادِقُونَ
“Öz ev-eşiklərindən qovulub uzaqlaşdırılan mühacir müsəlmanlar, Pərvərdigarın fəzl və mərhəmətini axtaran, Allaha və Peyğəmbərinə kömək edənlər üçün... Onlar həqiqətən doğruçulardır.” (“Həşr” surəsi, ayə:8)

4-Fəth səhabələri

مُحَمَّدٌ رَّسُولُ اللَّهِ وَالَّذِينَ مَعَهُ اَشِدَّاءُ عَلَي الْكُفَّارِ رُحَمَاءُ بَيْنَهُمْ تَرَاهُمْ رُكَّعًا سُجَّدًا يَبْتَغُونَ فَضْلًا مِّنَ اللَّهِ وَرِضْوَانًا سِيمَاهُمْ فِي وُجُوهِهِم مِّنْ اَثَرِ السُّجُودِ
“Məhəmməd Allahın Rəsuludur, onun köməkçiləri və onunla olanlar kafirlərə qarşı qəliz, bir-birləri arasında mehribandırlar. Onları rüku və səcdə halında görərsən ki, Allahın fəzl və mərhəmətini axtarırlar, onların üzlərində səcdənin əsərləri vardır.” (“Fəth” surəsi, ayə:29)

İKİNCİ DƏSƏTƏ
İkinci dəstə Peyğəmbər (s)-lə müsahib olmalarına baxmayaraq batinləri ilə zahirləri düz gəlməyən müna-fiqlərdir. Qurani-Kərim onların mahiyyətini, iç üzünü ifşa edərək Peyğəmbər (s)-i onların varlığından qorxudur. Burada nümunə olaraq onlardan bir neçəsini qeyd edirik:

1-Tanınmış münafiqlər
اِذَا جَاءَكَ الْمُنَافِقُونَ قَالُوا نَشْهَدُ اِنَّكَ لَرَسُولُ اللَّهِ وَاللَّهُ يَعْلَمُ اِنَّكَ لَرَسُولُهُ وَاللَّهُ يَشْهَدُ اِنَّ الْمُنَافِقِينَ لَكَاذِبُونَ
“(Ey Peyğəmbər,) o zaman ki, münafiqlər sənin yanına gəlib dedilər: “Biz şəhadət veririk ki, sən Allahın peyğəmbərisən.” Allah bilir ki, sən Onun Rəsulusan və o həm də şahidlik verir ki, münafiqlər yalan danışırlar.” (“Munafiqun” surəsi, ayə:1)

2-Tanınmayan münafiqlər
وَمِمَّنْ حَوْلَكُمْ مِنَ الاَعْرَابِ مُنَافِقُونَ وَمِنْ اَهْلِ الْمَدِينَةِ مَرَدُواْ عَلَي النِّفَاقِ لاَ تَعْلَمُهُمْ نَحْنُ نَعْلَمُهُمْ
“Sizin ətrafınızda olan bəzi çöl ərəbləri münafiqdirlər və Mədinə əhlindən bəziləri nifaqa (ikiüzlülüyə, münafiqliyə) qərq olmuşlar. Sən onları tanımırsan, Biz onları tanıyırıq.” (“Tövbə” surəsi, ayə:101)

3-Qəlbləri xəstə olanlar
وَاِذْ يَقُولُ الْمُنَافِقُونَ وَالَّذِينَ فِي قُلُوبِهِم مَّرَضٌ مَّا وَعَدَنَا اللَّهُ وَرَسُولُهُ اِلَّا غُرُورًا
“Münafiqlər və qəlblərində xəstəlik olanlar Allahın və Peyğəmbərin vədəsini eşitdikləri zaman “bu yalandan başqa bir şey deyildir” - deyirdilər.” (“Əhzab” surəsi, ayə:12)

4-Günahkarlar

وَآخَرُونَ اعْتَرَفُواْ بِذُنُوبِهِمْ خَلَطُواْ عَمَلاً صَالِحًا وَآخَرَ سَيِّئًا عَسَي اللّهُ اَن يَتُوبَ عَلَيْهِمْ اِنّ اللّهَ غَفُورٌ رَحِيمٌ
“Öz günahlarına etiraf edən bəziləri yaxşı əməllərini pis əməllərlə qarışdırmışlar, bəlkə Allah onların tövbəsini qəbul edə. Allah bağışlayan və mehribandır.” (“Tövbə” surəsi, ayə:102)
Qeyd olunan ayələrdən başqa, Peyğəmbər (s)-dən nəql olunmuş çoxlu rəvayətlərdə bəzi səhabələr məzəmmət edilir. Misal olaraq, onlardan ikisini qeyd edirik:
1-Əbu Hazim, Səhl ibni Səddən rəvayət edir ki, Peyğəmbəri Əkrəm (s) buyurdu:
اَنَا فَرَّطُّكُمْ عَلَي الْحَوْضِ مَنْ وَرَدَ شَرِبَ وَ مَنْ شَرِبَ لَمْ يَظْمَاْ اَبَدًا وَ يَرِدَنَّ عَلَيَّ اَقْوَامٌ اَعْرِفُهُمْ وَ يَعْرِفُونَنِي ثُمَّ يُحَالُ بَيْنِي وَ بَيْنَهُمْ
“Mən (qiyamətdə) sizi hovuza tərəf göndərirəm, hər kəs ona varid olursa ondan içir, hər kəs də içirsə onun susuzluğu əbədi olaraq aradan qalxır. Bir qrup mənim yanıma gəlir, mən onları tanıyıram, onlar da məni tanıyırlar, sonra mənimlə onlar arasında fasilə salınır.”
Əbu Hazim deyir: Mən bu hədisi oxuyan zaman Noman ibni Əbi Əyyaş eşidib dedi: Səhldən belə eşitdinmi? Dedim: Bəli. Dedi: Şəhadət verirəm ki, Əbu Səid Xidri də bu hədisi aşağıdakı əlavə ilə Peyğəmbər (s)-dən nəql edirdi:
اِنَّهُمْ مِنِّي فَيُقَالُ اِنَّكَ لَا تَدْرِي مَا اَحْدَثُوا بَعْدَكَ فَاَقُولُ سَحْقًا سَحْقًالِمَنْ بَدَّلَ بَعْدِي
“(Mən deyəcəyəm: Pərvərdigara, axı) onlar məndəndir?! Deyiləcək: Sən bilmirsən ki, onlar səndən sonra nələr etdilər! Sonra mən deyirəm: Allahın rəhmətindən uzaq olsun o kəslər ki, (məndən sonra Allahın hökmlərini) dəyişdirdilər.” (“Camiul-üsul” (ibni Əsir), 11-ci cild, səh.120, 7972-ci hədis)
“Mən onları tanıyıram, onlar da məni tanıyırlar, eləcə də “məndən sonra dəyişdirdilər” cümləsindən məlum olur ki, “onlar” dedikdə məqsəd bir müddət Peyğəmbərlə yoldaş olan səhabələrdən bəziləridir.
2-Buxari və Müslim Peyğəmbəri Əkrəm (s)-in belə buyurduğunu nəql etmişlər:
يَرِدُ عَلَيَّ يَوْمَ الْقِيَامَةِ رَهْطٌ مِنْ اَصْحَابِي -اَوْ قَالَ مِنْ اُمَّتِي- فَيُحْلَؤُونَ عَنِ الْحَوْضِ فَاَقُولُ يَا رَبِّ اَصْحَابِي، فَيَقُولُ اِنَّهُ لَا عِلْمَ لَكَ بِمَا اَحْدَثُوا بَعْدَكَ اِنَّهُمْ اِرْتَدُّوا عَلَي اَدْبَارِهِمُ الْقَهْقَرِيِّ
“Qiyamət günündə mənim səhabələrimdən (yaxud “ümmətimdən” deyə buyurdu) bir qrupu mənim yanıma gələr, sonra onlar hovuzdan (“Kovsər” hovzundan) uzaqlaşdırılar. (Onların Kovsər hovuzuna yaxınlaşıb daxil olmalarının qarşısı alınar.) Mən deyərəm: Pərvərdigara, bunlar ki, mənim səhabələrimdir?! Allah buyurar: Sən onların, səndən sonra etdikləri əməllərdən agah deyilsən. Onlar əvvəlki vəziyyətlərinə (cahiliyyət dövrünə) qayıtdılar.” (“Camiul-üsul”, 1-ci cild, səh.120, 7973-cü hədis)

NƏTİCƏ
Quran ayələrindən və Peyğəmbər (s) sünnəsindən aydın olur ki, Peyğəmbəri Əkrəm (s)-lə müsahib olmaq iftixarına nail olan səhabələrdən hamısı (əqidə cəhətindən) eyni səviyyədə olmamışlar onların bir qrupu təqvalı və layiqli insanlar olmuşlar və onların dəyərli xidmətləri nəticəsində islam dini inkişaf edib genişlənmişdir. Digər bir qrupu isə ilk əvvəldən ikiüzlü, münafiq, qəlbi xəstə və günahkar insanlar olmuşlar.
Deməli şiələrin Peyğəmbər (s) səhabəsi barəsində olan nəzəri elə Allahın və Peyğəmbər (s)-in buyurduğundan ibarətdir.
(Əlavə məlumat almaq üçün “Münafiqun” surəsinə müraciət edə bilərsiniz.)


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter