Süfyani nə zaman ortaya çıxacaq? - Zühur əlamətlərindən


Süfyaninin meydana çıxması bir çox şiə və əhli-sünnə mənbələrində böyük xilaskarın – İmam Zamanın (ə.c) zühur əlamətləri və yaxud axır zaman hadisələri sırasında qeydə alınmışdır. (“Biharul-ənvar”, 53-cü cild, səh.182, 190, 192, 206, 208 və 209.)



Bəzi rəvayətlərdən onun Əbu Süfyanın nəslindən olduğu anlaşılsa da, digər rəvayətlərdən isə müəyyən bir şəxsə aid olmadığı və bu adla tarix boyu bir sıra xüsusiyyətlərə sahib olan bir çox insanlara işarə olduğu da başa düşülür. Məsələn, İmam Səccaddan (ə) belə nəql olunur:

وأَمْرَ السُّفياني حتمٌ من الله، ولا يكونُ القائِمُ إلا بسُفيانيٍّ



“Süfyaninin zühuru şübhə doğurmayan məsələlərdən biridir və hər bir inqilabçının müqabilində bir Süfyani dayanacaqdır.” (“Biharul-ənvar”, 52-ci cild, səh.182.)



Bu hədisdən Süfyaninin müəyyən bir şəxs yox, ümumi bir ad olduğu, həqiqi bir islahatçının müqabilində maneə sayıldığı anlaşılır. İmam Sadiq (ə) buyurur:



إِنَّا وَآلُ أَبِي سُفْيَانَ أهْلُ بَيْتَيْنِ تَعَادَيْنَا فِي اللهِ، قُلْنا: صَدَقَ اللهُ، وَقَالُوا: كَذَبَ اللهُ، قَاتَلَ أَبُو سُفْيَانَ رَسُولَ الله (صَلَّى الله عليه وآله و سلم)، وَقَاتَلَ مُعَاوِيَةُ عَلِيَّ بْنَ أَبِي طَالِبٍ (عليه السلام)، وَقَاتَلَ يَزِيدُ بْنُ مُعَاوِيَةَ

الحُسَيْنَ بْنَ عَلِيٍّ (عليهما السلام)، وَالسُّفْيَانِيُّ يُقَاتِلُ القَائِمَ (عليه السلام)



“Bizimlə (Əhli-beytlə) Əbu Süfyan övladları ilahi təlimlər uğrunda bir-birimizlə müxalifətçilik edən iki tayfayıq; biz Allah-Taalanın buyruqlarını təsdiq, onlar isə təkzib edirlər. Əbu Süfyan Allahın Rəsulu (s) ilə, Müaviyə Əli ibn Əbu Taliblə (ə) və Yezid Hüseyn ibn Əli (ə) ilə döyüşdü. Süfyani də Qaimlə (ə) döyüşəcək.” (“Biharul-ənvar”, 52-ci cild, səh.190.)



Qeyd etməliyik ki, Süfyanilər tayfasının başçısı Əbu Süfyan aşağıdakı xüsusiyyətlərə sahib idi:

1. Varlı idi; qarətkərlik, başqalarının hüququnu mənimsəmək, sələmçilik və digər qeyri-qanuni yollarla mal-dövlət sahibi olmuşdu.

2. Güclü idi; şeytani yollarla qüdrət və nüfuz qazanmışdı, Məkkə və ətraf məntəqələrdə cahil tayfalara rəhbərlik edirdi və şəxsiyyəti əsasən bu iki istiqamətdə məhdudlaşırdı.



3. İslamdan öncə Məkkə və ətraf məntəqələrə hakimlik etsə də, İslam zühur etdikdən sonra qüdrət və hakimiyyətini itirdi. Çünki İslamın birinci kəskin düşməni elə şeytani qüdrət və nüfuz sahibi olan Əbu Süfyan və onun kimilər idi. Onun İslamın birincidərəcəli düşməni olmasına heç də təəccüb etməməliyik.



4. O, Məkkəyə hakim olan təbəqələşmə sisteminin simvolu sayılır, bütpərəstliyi hədsiz dərəcədə himayə edirdi. Çünki bütlər “ixtilaf və təfriqə salaraq hökm sürmək”, “qandallanmış zümrələri təhqir etmək” və nəticədə “Əbu Süfyan kimilərin qüdrət və hakimiyyətinin sütunlarını möhkəmlətmək” məqsədini təmin edən ən yaxşı vasitə sayılırdı.



Onun İslamla kəskin müxalifət və mübarizəsi məhz bu məsələyə əsaslanırdı. İslam onun cəhənnəmlik şəxsiyyətinin bütün sütunlarını viran etdiyindən, İslam inqilabını yatırmaq üçün var qüvvəsi ilə çalışırdı. Nəhayət, “Məkkənin fəthi” zamanı qüdrətinin son səngəri dağıldı və gizlində təhrikedici rəftarlarından əl çəkməsə də, həmişəlik olaraq kənara atıldı.



Onun bu xüsusiyyətləri – tərbiyə və irsiyyət vasitəsilə – oğlu Müaviyəyə və ondan da nəvəsi Yezidə keçmişdi. Onlar da Əbu Süfyan kimi proqramlarını fərqli şəkildə davam etdirsələr də, bu istiqamətdə uğursuz qaldılar.



Əbu Süfyan həqiqi mənada mürtəce bir şəxs idi və İslam Peyğəmbərinin (s) inqilabi hərəkatından hədsiz dərəcədə qorxurdu. Çünki İslam azğın, mürtəce və geridə qalmış cəmiyyəti dəyişmək üçün hərtərəfli tədbirə – elə bir tədbirə ki, onun icrası ilə Əbu Süfyan kimi qan içənlərə yer qalmayacaqdı – malik idi.



Buradan onun nəsli və övladlarının İslamın kökünü kəsmək və camaatı cahillik adət-ənənələrinə qaytarmağa cəhd etmələrinin səbəbi də aydınlaşır. Nəticə etibarilə, onlar İslam mexanizmi və onun ağır çarxları altında qalıb əzilsələr də, İslam və müsəlmanlara ağır zərbələr endirdilər.



Verilən xüsusiyyətlərə sahib olan Əbu Süfyanın İslam Peyğəmbəri (s) ilə müxalifəti yalnız İslam İnqilabına aid xüsusiyyət deyil, əksinə hər bir islahatçının müqabilində qarətçi, güclü, zülmkar, mürtəce, xurafat və cahillik adət-ənənələrinin təbliğatçısı kimi xüsusiyyətlərə sahib olan Əbu Süfyan kimilər baş qaldıracaq, islahat proqramlarını pozmağa çalışacaq, bu istiqamətdə maneə yaradacaq və ən azı, inqilabın baş vermə zamanını uzadacaqdır.



Şübhəsiz, böyük cahanşümul islahatçı İmam Mehdi (ə) inqilabının müqabilində də Süfyani və onun kimilər dayanacaq və bu qurucu inqilabın qələbə və gerçəkləşməsinə xələl yetirmək və həyata keçirilmə vaxtını təxirə salmaq üçün var qüvvələri ilə çalışacaqlar. (“Biharul-ənvar”, 52-ci cild, səh.26.)



Böyük xilaskar İmam Mehdiyə (ə) qarşı qiyam edən Süfyaninin də Əbu Süfyaninin nəslindən olması heç də uzaq ehtimal deyil. Rəvayətlərdə həmin məsələyə toxunulmuşdur. Nəsil-nəcabətdən də mühüm məsələ onun Əbu Süfyanın yolu və proqramlarını davam etdirməsi və eyni xüsusiyyətlərə sahib olmasıdır. O, İmam Mehdinin (ə) zühurundan az müddət əvvəl Şam vilayətində qiyam edəcək, çoxlu sayda günahsız insanların qanını axıdacaq, insanları öldürməkdən çəkinməyəcək. İmam Sadiq (ə) onun haqda belə buyurmuşdur: “Əgər Süfyanini görsən, insanların ən alçağını görmüsən.” (“Kəmalud-din”, 2-ci cild, səh.557, fəsil 57, hədis 10.)



Hədislərə görə, Süfyani Rəcəb ayında qiyam edəcək, Şam vilayətini və ətraf məntəqələri ələ keçərdikdən sonra İraqa hücum edərək, kütləvi qırğınlara əl atacaq. Bəzi rəvayətlərə görə, Süfyaninin meydana çıxması ilə ölümünün arasındakı fasilə on beş ay çəkəcək. (“Əl-qeybət”, Nömani, səh.310, fəsil 18, hədis 1.)



Süfyani İmam Mehdinin (ə) qoşunu ilə döyüşmək üçün Məkkəyə doğru bir ordu göndərəcək. Ordu Məkkə ilə Mədinə arasında yerləşən Bəyda məntəqəsnə çatdıqda, möcüzəvi şəkildə yerə batacaq. İmam Baqir (ə) bu haqda belə buyurmuşdur: “Mehdinin (ə.c) Məkkəyə doğru hərəkət etməsi Süfyani ordusunun komandirinə xəvər verildikdə, onun ardınca bir ordu göndərər, ancaq onu tapa bilməzlər... Süfyaninin ordusu Bəydaya çatadığı zaman, samadan belə bir səs eşidilər: “Ey Bəyda, onları məhv et.” Bu zaman Bəyda çölü onları yerə çökdürər.” (“Əl-qeybət”, Nömani, səh.289, fəsil 14, hədis 67.)



Beləliklə, bu Süfyani də Əbu Süfyan və digər süfyanilər kimi, sonda İmam Mehdinin (ə) böyük inqilabı müqabilində diz çökəcək, plan və təlaşları puça çıxacaqdır.



Qeyd etməliyik ki, süfyanilərin qeyd etdiyimiz xüsusiyyətləri ilə yanaşı, İslam tarixində bariz nümunəsi olan digər xüsusiyyətləri də vardır. Belə ki, onlar layiqli, səlahiyyətli və əməlisaleh insanları ictimai səhnədən kənarlaşdıracaq və onların yerinə nalayiq insanları təyin edəcəklər. Onlar “beytül-mal”ı (ümumi əmlak) Əbu Süfyan nəslinin hakimiyyəti zamanında olduğu kimi, öz qohum-əqrəbası və tərəfdarları arasında bölərək ayrı-seçkilik edəcəklər. Onları məhz bu xüsusiyyətlərlə tanımaq və tanıtdırmaq olar.



Süfyanilərlə dəccalların fərqinə gəldikdə isə, “dəccallar” cahanşümul inqilaba qarşı gizli, “süfyanilər” isə aşkar mövqedə duracaqlar. Onların hər ikisi həqiqətdə iki fərqli simaya sahib olsalar da, eyni prizmadan çıxış edəcəklər. (“Hokuməte cəhaniye həzrət Mehdi (ə.c)”, Ayətullah əl-üzma Məkarim Şirazi, səh.77-81.) Rza Şükürlü (Maide.az)


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter