Niyə insan Məsumların (ə) yanında bir halətdə, onlarsız isə başqa halətdə ola bilir?
Səlam ibni Mustənir nəql edir ki, İmam Baqirin (ə) xidmətində idim. Həmran ibni Əyin İmamın (ə) yanına gəldi və Həzrətdən (ə) bir neçə məsələ ilə bağlı suallar soruşdu.
O zaman ki, qalxıb getmək istədi, dedi: “Niyə biz sizin xidmətinizə gələn zaman sizinlə söhbət etmək bizə elə təsir qoyur ki, ürəklərimiz yumşalır və canımız dünyanı unudur? Zəngin insanların əlində olan sərvət bizim üçün dəyərsiz olur?
Ancaq elə ki, sizin xidmətinizdən çıxırıq – insanların və tacirlərin həmdəmi oluruq. Dünyaya qarşı əlaqəli oluruq?”.
İmam (ə) buyurur: “Bu, qəlb xüsusiyyətləridir ki, bəzi şəraitdə sərt və bəzi şəraitdə yumşaq olur. Peyğəmbərin (s) səhabələri də Həzrətə (s) buna bənzər bir sual vermişdilər. Həzrətə (s) demişdilər: “Ey Allahın Rəsulu! Qorxuram ki, münafiq olam”.
Həzrət (s) buyurur: “Niyə?”.
Deyir: “Çünki nə zaman Sizin yanınızdayam, Sizin təzəkkürləriniz bizi qorxudur və dünyanı unuduruq. Dünyaya qarşı elə rəğbətsiz oluruq ki, sanki axirəti, cəhənnəmi müşahidə edirik. Ancaq elə ki, Sizin xidmətinizdən çıxırıq, övladlarımızın iyini hiss edirik, ailəmizi görürük – o hal tədricən aradan gedir. O zamana qədər ki, sanki heç belə halda olmamışıq. Bu, nifaqın nişanəsidir?”.
Həzrət Peyğəmbər (s) buyurur: “Xeyr. Belə deyildir. Bu, şeytanın addımlarıdır ki, sizi dünyaya həvəsləndirir. Allaha and olsun ki, əgər özünüz təsvir etdiyiniz bu hala davam etsəniz, hər an mələklər sizə əl verər və suyun üzərində gedərsiniz”. Allah Təala bizləri sanki Məsumların (ə) hüzurunda olduğumuz kimi bir halətə qərq etsin./Deyerler.