Doğrudanmı Əlİ (ə) Mədİnədən Mədaİnə bİr gecədə gəlmİşdİr?
Cavab: Hərəkətli cisimlərin eyni sürətdə olmadığını bilirik. Məsələn, atlı süvarinin sürəti avtomobil və qatarın sürətindən aşağıdır. Təyyarə isə avtomobil və qatardan daha sürətlidir. Təyyəranin sürəti isə yerin günəş ətrafında hərəkət sürəti ilə müqayisədə çox kiçikdir. Qeyd edək ki, yer günəş ətrafında saniyədə 30 km yol gedir. Yerin bu sürəti isə saniyədə 300 min km sürətə malik olan işığın sürətindən çox-çox kiçikdir. İşıq bir saniyə ərzində yeri yeddi dəfə dövr edə bilər.
Əlbəttə ki, təyyarə, qatar və avtomobil ixtira edilməmiş insanlar üçün saatda 50-100 km yol gedilməsi ağlasığmaz bir iş idi. Amma bu qeyri-mümkünlük əqli yox, adi “qeyri-mümkünlükdür”. Gələcəkdə elə cihazlar ixtira oluna bilər ki, onların sürəti elektronun atom mərkəzi ətrafında hərəkətindən daha böyük ola.
Bir halda ki, ağıl böyük sürəti inkar etmir, demək, Allah-təala bir insanı bir gecədə Mədinədən Mədainə aparmaq qüdrətinə malikdir. Biz məhz Allah-təalanın qeyri-məhdud qüdrətini əsas götürərək, həzrət Peyğəmbərin merac səfərinin cismani şəkildə baş verdiyini qəbul etmişik.
Qurani-kərimdə, bizim müqəddəs səmavi kitabımızda elə məsələlər var ki, biz onları yalnız Allahın qüdrətini əsas götürərək qəbul edirik. Səba mələkəsi Bilqeys Süleymanın hüzuruna gəlib çıxmamış Süleyman onun qəlbini Allaha cəzb etmək üçün onu möcüzə ilə qarşılamaq qərarına gəldi. Quranda bu əhvalat belə bəyan olunur: “Süleyman dedi: “Ey əyanlar, onlar yanıma müti vəziyyətdə gəlməmiş hansınız onun taxtını mənə gətirə bilər?” Cinlərdən olan bir ifrit dedi: “Sən yerindən qalxmamış mən onu sənə gətirərəm. Mən bu işi görməyə çox qüvvəli və etibarlıyam.” Kitabdan xəbərdar olan birisi dedi: “Mən onu sənə bir göz qırpımında gətirərəm.” Süleyman taxtı yanında hazır durmuş görüb dedi: “Bu, Rəbbimin lütfündən və Onun mərhəmətindəndir...” Ümumiyyətlə, möcüzələri və kəramətləri təhlil edərkən bəşərə xas maddi miqyaslardan istifadə etmək olmaz. Möcüzə qeyri-adi bir şeydir və Allahın qeyri-məhdud qüdrətindən qaynaqlanır. Uzun məsafənin qısa zamanda qət olunması Allaha yaxın, böyük iman sahiblərinə məxsus bir kəramətdir və belə bir səfər “teyyul-ərz” adlanır.
Аyәtullаh Mәkаrim Şirаzi, Аyәtullаh Cәfәr Sübhаni