İmam Əlidən (ə) Malik Əştərə: İstəyirsənmi ki, Allah səhvlərini bağışlasın?
İmam Əli (ə) Malik Əştərə yazdığı məktubda tabeliyində olanlarla bağlı buyurur: “Onların işinə əl tut, necə ki, ata və ana övladlarına əl tuturlar. Gərək onlara etdiyin yaxşılıqlar ki, onunla onları güclü etmisən, sənin üçün böyük görünməsin. Bəzən (tabeliyində olanlar) səhv edər və büdrəyərlər. Onlar narahat olar, bilərəkdən və ya səhvən yanlış işlər görərlər. Bu zaman öz əfv və bağışlanmandan onlara o qədər əta et ki, necə istəyərdin Allah sənə göz yumsun və əfvini sənə inayət etsin”. (Tebyan)
İnsanın cəmiyyətdəki məqamı hər nə qədər yüksək olursa-olsun, insanların ondan gözləntiləri də çox olar. Bu cür şəraitə malik olan müdir təkcə idarə işləri ilə deyil, daha böyük məsələlərlə məşğul olmalıdır. Özünü cüzi işlərlə məşğul etməsin, gördüyü işlərdə rastlaşdığı səhv və xatalarda böyüklük etsin.
Diqqət etmək lazımdır ki, insanların büdrəməsinə göz yummağın da öz həddi və hüdudu vardır. İlahi övliyalar öz həyatları boyu bəyənilən sifətlər nümayiş etdirmişdilər və lazım olan qədər insanların büdrəmələrinə göz yummuşdular.
İmam Əli (ə) də Malik Əştərə verdiyi tövsiyədə buyurur ki, tabeliyində olanların pis rəftarlarına güzəşt etməyi unutma. Həzrət buyurur: “Ey Malik! Bağışlamaq və böyüklük ilə əvəzini vermək mümkün olan büdrəmələrini bağışla. Necə ki, istəyirsən Allah sənin büdrəmələrindən keçsin. Çünki sən rəhbərlik məqamında daha yüksək vəzifədəsən. Həmçinin səni bu işə təyin edən vali də səndən üstündür. Allah da sənin rəhbərlik əmrini imzalayan həmin validən üstündür”.
İmam Əli (ə) İbn Abbasa yazdığı məktubda buyurur: “O yerin insanlarını onlara yaxşılıq edərək xürrəm və şad et və qorxu düyünlərini ürəklərindən aç. Allah ədalət və ehsana əmr edir: “Şübhəsiz, Allah (fərdi, ailəvi və ictimai) ədaləti, yaxşılıq etməyi və qohumun (özününkülərin və Peyğəmbərin (s) məsum qohumlarının) haqlarını əda etməyi əmr edir və çox çirkin günahlardan, xoşagəlməz əməllərdən, zülm və həddi aşmaqdan çəkindirir”. (“Nəhl” 90)”.
Ona görə də mömin olmaq istəyən hər bir kəs İmam Əlinin (ə) verdiyi bu tövsiyələrə diqqət etsin və onlardan qafil olmasın. Çünki İmamın (ə) verdiyi tövsiyələr hər birimiz üçün səadət qapısının açarıdır. Əgər bu açara malik olsaq və qulaq assaq, şübhəsiz ki, bu qapını açmaq daha asan olacaqdır./Deyerler.