Əhlİ-beytdən məqsəd kİmlərdİr?
Təthir ayəsində zikr olunan Əhli-beytdən məqsəd kimlərdir; İmamlarmı, yoxsa Peyğəmbərin xanımlarımı?
Təthir ayəsi Əhzab surəsinin yalnız bir hissəsini təşkil edir. Ayəyə bütünlükdə nəzər salaq:
وَقَرْنَ فِي بُيُوتِكُنَّ وَلَا تَبَرَّجْنَ تَبَرُّجَ الْجَاهِلِيَّةِ الْأُولَى وَأَقِمْنَ الصَّلَاةَ وَآتِينَ الزَّكَاةَ وَأَطِعْنَ اللَّهَ وَرَسُولَهُ إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيراً
“Evlərinizdə qərar tutun. İlkin cahiliyyət dövründəki kimi açıq-saçıq olmayın. (Bər-bəzəyinizi taxaraq evdən çıxıb özünüzü, gözəlliyinizi yad kişilərə göstərməyin!) Namaz qılın, zəkat verin, Allaha və Rəsuluna itaət edin. Ey Əhli-beyt! Allah sizdən çirkinliyi (günahı) yox etmək və sizi tərtəmiz (pak) etmək istər!”
Ayənin birinci hissəsi Peyğəmbərin (s) zövcələrinə aid olsa da sonuncu cümlə onun Əhli-beytinə aiddir. Əhli-beyt deyildikdə yalnız Peyğəmbərin (s) özü, Əli (ə), Həzrət Fatimeyi Zəhra (ə) və onların iki övladı İmam Həsənlə (ə) İmam Hüseyn (ə) nəzərdə tutulur.Və əgər ayənin Əhli-beytə (ə) aid olan hissəsinə diqqət yetirəsək, orada qadın deyil, kişi cinsinə aid olan cəm şəxs əvəzliyindən istifadə olunduğunun şahidi olarıq.
Bildiyimiz kimi ərəb dilində qadın və kişilərdən ibarət olan topluma müraciət etdikdə kişi cinsinə aid olan-كُم ْ-(kum) cəm şəxs əvəzliyindən istifadə olunur.
Ayənin birinci hissəsində Peyğəmbərin (s) zövcələrinə xitab olunsa da nazil olma səbəblərinə nəzər saldıqda ikinci hissədə onların nəzərdə tutulmadığının şahidi oluruq.
Ayənin Ümmi-Sələmənin evində nazil olması və rəvayətin onun özü tərəfindən nəql olunması da sağlam ağıl və düşüncə sahiblərində azacıq da olsun şübhə doğurmur.
“Ğayətul-məram”- adlı kitabda bu barədə əhli-sünnə ravilərindən qırx bir, şiə ravilərindən isə otuz dörd hədis nəql olunmuşdur ki, onların hamısının məzmunu eynidir. Belə ki, bu rəvayətlərin hamısında təthir ayəsinin ayrıca nazil olduğu və ayədə yuxarıda adları çəkilən şəxslərin nəzərdə tutulduğu göstərilir. Misal olaraq onlardan birinə işarə edirik:
İbn Səbbağ Maliki özünün ,,Əl-fusulul muhimmə” və ,,Əsbabul-nuzul”- adlı kitabında Ümmi-Sələmədən nəql etdiyi rəvayətdə deyir: Peyğəmbər (s) Həzrəti Fatimənin (ə) evində idi. Birdən üzünü qızına tutaraq buyurur: Get Əlini və iki övladını bura çağır. Həzrəti Fatimə (ə) gedib onları atasının yanına çağırır. Peyğəmbər (s), qarşısında əba sərilmiş halda oturmuşdu. Mən də otaqda onların yanında idim. Hamı bir yerə toplandıqda Peyğəmbər (s) əbasını götürüb onların üzərinə çəkib buyurdu: İlahi bunlar mənim Əhli-beytimdir, onları bütün çirkinlikdən pak və bütün pisliklərdən uzaq et. Bu səhnəni müşahidə etdikdə Peyğəmbərə (s) dedim: Ey Allah peyğəmbəri, mən də sizin birinizəmmi? Peyğəmbər (s) buyurdu: Sən xeyir tapmışlardansan, hər zaman xeyirli işlər görər və xeyir əldə edərsən. Sonra ayəni tilavət etdi:
إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيراً
“Ey Əhli-beyt! Allah sizdən çirkinliyi (günahı) yox etmək və sizi tərtəmiz (pak) etmək istər.”
Əbu Nəimdən nəql olunan rəvayətdə deyilir: Ümmi-Sələmə deyir: Ey Allah peyğəmbəri, mən Əhli-beytdən deyiləmmi? Peyğəmbər (s) buyurdu: Sən xeyir tapmışlardansan və sən peyğəmbərin zövcələrindənsən.
Ayədə qeyd olunan الرِّجْس-(ər-rics-kəlməsindən məqsəd mənəvi və ruhi çirkinliklər və insanı nadanlığa və cəhalətə sövq edən küfr, şirk, nifaq, təkəbbürlük, həsəd və bu kimi qeyri əxlaqi qəlbi xəstəliklərdir. Elə bu səbəbdən də Əhli-beytin bütün pislik və çirkinlikdən pak olması deyildikdə Allahın onların batin və mənəviyyatlarını bütün xoşagəlməz xislət və xüsusiyyətlərdən pak etmək, həqiqəti dərk etmək, həqiqəti axtarmaq, haqqa təslim olmaq və ixtiyari olaraq günah etməyərək gündəlik həyatlarını ən gözəl tərzdə yaşamaq qabiliyyəti bəxş etmişdir.
Peyğəmbərlik və İmamət üçün əsas şərtlərdən biri olan ismət və məsumluq məhz belə məna ifadə edir. Deməli, Təthir ayəsi yalnız Əhli-beytə (ə) aid olmuş və onlar məsumluq məqamına sahib olduqları üçün nazil olmuşdur. Bu məsələ bütün şiə alimləri və bir çox əhli-sünnə alimləri tərəfindən qəbul və təsdiqlənmişdir. Lakin bəzi əhli-sünnə alimləri İslamın zühur etdiyi ilk illərdə yaşamış Əkrəmə, Məqatil, Urvə ibn Zubeyr kimi ravilərin nəql etdikləri rəvayətlərə istinad edərək ayənin Peyğəmbərin (s) zövcələrinə şamil olduğunu iddia etmişlər. Həqiqətdə isə onların irəli sürdükləri iddia heç bir etibar kəsb etmir. Belə ki, əhli-sünnə alimlərinin bir çoxu adları yuxarıda çəkilən şəxslərin Əlinin (ə) düşmənlərindən olduqlarını və yalan rəvayət nəql etməkdə şöhrət tapdıqlarını etiraf etmişlər. Onların dediklərinin əsassız olduğunu sübuta yetirmək üçün Aişə və Ümmi-Sələmədən təthir ayəsinin Peyğəmbərin (s) zövcələrinə şamil olmadığına dair nəql olunan rəvayətlərə işarə etmək kifayət edər.
Lakin öz iddiasından əl çəkməyən bəzi təfsir alimlərinə cavab olaraq bunları xatırlatmaq istəyirik:
Əvvəla Peyğəmbərin (s) zövcələrindən ikisi “Təthir” ayəsinin onlara şamil olmadığını etiraf etmiş və bunu dəfələrlə bəyan etmişlər.
Digər tərəfdən də üslub yalnız o zaman dəlil və sübut ola bilər ki, sonda gələn cümlə əvvəldə gələn cümlə ilə mənaca fərqli və ziddiyyətli olmasın. Burada isə təthir ayəsi ayənin əvvəli mənaca və məzmunca ziddiyyətlidir. Belə ki, ayənin əvvəlində qadın cinsinə aid olan cəm şəxs əvəzliyindən istifadə olunduğu halda ayənin sonunda, yəni Təthir ayəsində kişi cinsinə aid olan cəm şəxs əvəzliyindən istifadə olunmuşdur. Bu isə ayənin birinci hissəsinin ikinci hissəsi ilə əlaqəli olmadığından xəbər verir.
Bütün bunlarla yanaşı ayənin ayrı-ayrılıqda və Təthir ayəsinin Əhli-beyt (ə) barədə nazil olmasına dair əlimizdə yetmişdən çox mötəbər hədis vardır ki, onlardan bəziləri qeyd etdiyimiz kimi Peyğəmbərimizin (s) öz zövcələrindəndir.