İmamət nədİr?


İmamətin məsumluğunun zəruri olmasının hansı özəllikləri vardır?
Bu sualın cavabına başlamadan öncə İmamətin düzgün anlamına, sonra İmamətin məqamına diqqət edək. Daha sonra isə İmamətlə peyğəmbərliyin fərqli məqamlarına aydınlıq gətirək.

İmamət nədir?
“İmamət” kəlam elmi baxımından belə tərif edilir: “O, İslam Peyğəmbərinin (s) dini və dünyəvi sahələrdə canişini, dinin keşikçisidir və İslam ümməti ona itaət etməlidir”.
Bu tərifə əsasən İmam Peyğəmbərdən sonra onun məqamına sahib olub onun yolunu davam etdirəndir. İmamın əsas məsuliyyətini daha aydın qavramaq üçün ilk öncə Peyğəmbərin vəzifələrinə nəzər salaq. O zaman Peyğəmbərin vəzifələrindən hansının ondan sonra İmama aid olduğunu və hansının İmamın öhdəsindən xaric olduğunu anlamış olarıq.

Peyğəmbərin vəzifələri

Bütün müsəlmanların əqidəsinə görə İslam Peyğəmbəri (s) aşağıdakı məsuliyyətlərlə görəvləndirilmişdir:
1.Allah tərəfindən vəhyin qəbulu və çatdırılması;
2. İlahi vəhyin düzgün təfsiri və anlamının olduğu kimi izahı;
3. İlahi ehkamların bəyanı;
4. Əqidəvi şübhələrin cavablandırılması;
5. Dini qorumaq və hər hansı təhrifdən uzaqlaşdırmaq;
6. Allahın ümumi qanunlarının icrası, həyata keçirilməsi və onun əsasında mühakimə yürütmək;
7.Ümmətin rəhbərlik və öndərliyi.
Burada yalnız birinci məsuliyyət (yəni vəhyin qəbulu və təbliği) peyğəmbərə məxsus işdir. Ancaq digər vəzifələr O Həzrətin dini öndərliyinə və rəhbərliyinə aiddir. Peyğəmbərlik görəvi İslam Peyğəmbəri (s) ilə sona yetdiyi üçün elə birinci görəv də Peyğəmbərin rihlətindən (vəfatından) sonra artıq kimsəyə verilmədi. Lakin, yuxarıda sadaladığımız digər altı məsuliyyət sona yetəcək deyildi. Çünki Peyğəmbərdən (s) sonra da onları yerinə yetirəcək bir kimsəyə ehtiyac duyulur.
İmamın ən əsas vəzifəsi Peyğəmbərin (s) yolunun davamçısı olaraq dinin təfsiri, ilahi ehkamların izahı, dini müdafiə edib qorumaq, insanlara dini tərbiyə və təlimin aşılanması, yaranan etiqadi və s. ixtilafları aradan qaldırmaq, bəşəriyyətin hidayəti, əmin-amanlığı və birliyini təmin etmək və ədalətli hökm yürütməkdən ibarətdir.


Quran və İmamət

Qurani-Kərim İmaməti mühüm məsələ saydığından ona xüsusi yer vermişdir.
İmamət haqqında bu mövzularda söz açılmışdır:
1. İmamətin İlahi əhd və müqavilə əsasında təyin olunması;
2. İmamət məqamının (“Risalət”dən deyil) “Nübuvvət”dən üstün olması;
3. Risalətin əsas şərtinin İmamət olması;
4. İmamətin dinə və kamilliyin inkişafına önəmli amil olması.

Cəfəri məzhəbinə görə İmam aşağıda zikr olunan özəl xüsusiyyətlərə malik olmalıdır:
1. İsmət;
2. İlahi elm və bütün dini ehkam və mərifətlərə vaqif olması;
3. Bütün kamil insani sifətlərdə qabaqcıl olması;
4. Şübhəsiz, Allah tərəfindən seçilmələri - yəni bu məqama təyin olunmaları.
İmamın Peyğəmbərdən sonrakı məsuliyyətlərinə nəzər etdikdə onların məsum olmaları zərurəti anlaşılır. Eyni zamanda bu haqda çoxlu dəlil və sübutlar da mövcuddur ki, gələcək bəhslərdə onlardan bir neçəsinə işarə olunacaqdır.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter