Bir şəxsi vəsiyyəti əsasında öz oğlu ilə eyni qəbirdə dəfn etmək olarmı?


Cavab: Əgər ata ilə oğul eyni zamanda dəfn edilirsə, bu vəsiyyətə əməl etmək olar. İslam tarixində eyni qəbirdə iki və daha çox cənazənin dəfn olunması halları olub (məsələn, Ühüd şəhidlərinin dəfni zamanı). Amma əgər oğul dəfn ediləndən sonra ata vəfat edir və oğlu ilə eyni məzarda dəfn olunmağı vəsiyyət edirsə, bu halda oğulun məzarını açmaq lazım gəlir. Bu isə şəriətimizlə qadağandır.

İslam qanunlarına görə, yalnız bəzi zəruri hallarda qəbri açmağa icazə verilir. Məsələn, cənazə qəsbi torpaqda basdırılmışsa, qəbrin içinə başqasının şəxsi əşyası düşmüşsə və həmin şəxs öz əşyasını tələb edirsə, dəfndən sonra bədənin bir parçası tapılırsa, cənazənin sel suları və ya heyvanlar tərəfindən tələf ediləcəyinə güman yaranırsa, qətl hadisəsi və sairə bu kimi hallar zamanı araşdırmaya ehtiyac yaranırsa, hamilə ananın bətnində diri uşaq dəfn olunursa və sairə. Bu kimi hallardan əlavə, yalnız o zaman qəbri açmağa icazə verilir ki, cənazənin tamamilə çürüyüb torpağa qarışmasına əminlik olsun. Lakin adətən oğulla atanın vəfat müddətləri arasındakı fasilə oğulun cəsədinin çürüyüb torpağa qarışmasına kifayət etmədiyi üçün, atanın vəsiyyətinə əməl edilə bilməz./ixlas.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter