Allahın təqdİrİ nə deməkdİr?
Cavab: Bu dörd sual ən əsas sullardandır. Onlara cavab versək, sizin nəzərdə tutduğunuz məsələ də aydınlaşacaqdır:
Əvvəlcə, Allahın “təqdiri” və onun insanın ixtiyarı ilə münasibəti barəsində söhbət etmək istəyirik. Təqdirin iki mənası var və onu mütənasib olaraq iki kateqoriyaya bölmək olar:
1-Elmi təqdir: Ölçü və miqdar deməkdir. Allahın elmi təqdirində məqsəd budur ki, Allah-taala hər şeyin hər zamanda və məkanda hansı surətdə gerçəkləşəcəyini bilir. Başqa sözlə, Allah-taala varlıqların və fenomenlərin yaranma şərtləri, səbəbləri və müqəddimələrinin hazırlanmasından və onların baş verməsindən agahdır.
Allahın bu elmi təqdiri insanın ixtiyarı ilə heç bir ziddiyət təşkil etmir; çünki Allah-taala bilir ki, məsələn, filankəs öz ixtiyarı və istəyi ilə hansı işləri və əməlləri yerinə yetirəcəkdir. Həqiqətdə Allahın əzəli elmi və uzaqgörənliyinin insanın ixtiyarı ilə heç bir ziddiyyəti yoxdur. Çünki insanın ixtiyari olaraq yerinə yetirdiyi işlər Allahın elminin bir hissəsində qərar tutur və belə bir elmin nəinki ixtiyarla ziddiyyəti yoxdur, həm də onu təsdiqləyir.
2-Eyni təqdir: Müəyyən ölçüdə icad etmək və yaxud hansısa bir şey üçün ölçü qərar vermək mənasındadır. Allahın eyni təqdiri məxluqatın idarə olunmasından ibarətdir. Belə ki, fenomenlərin üzərində xüsusi təsir qoyulur və bu, təbii olaraq hər hansı bir fenomenin uzaq və yaxın olmasını nəzərə almaqla bir-birindən seçiləcəkdir. Necə ki, cins, növ, şəxs və şəxsin halətləri bir-birindən fərqlənəcəkdir. Məsələn, insan cinsinin təqdiri yer üzündə xüsusi bir zamandan başlayaraq müəyyən bir vaxta qədər həyat sürməsindən, hər bir şəxsin təqdiri isə məhdud zaman çərçivəsində ata və anadan dünyaya gəlməsindən ibarətdir. Eləcə də, insanın ruzisində, həyatının digər problemlərində və ixtiyari işlərində olan təqdir onların hər hansı biri üçün xüsusi şəraitin hazırlanmasından ibarətdir. Həqiqətdə Allahın təqdiri bundan ibarətdir ki, Allah-taala hər hansı bir məxluqu müəyyən hədlər, qeyd-şərtlər, xüsusiyyətlər və istedadlarla vücuda gətirir. (“Furqan” surəsi, ayə: 2)
Bu təqdirin insanın ixtiyarı ilə heç bir ziddiyyəti yoxdur; çünki bizim ixtiyarımız, öz ixtiyarımızla yerinə yetirdiyimiz əməllər və ixtiyari işlərimizin müqəddimələri hər hansı bir başqa fenomen kimi, xüsusi yerdən, müəyyən kadrdan və özünəməxsus dairədən kerçəkləşir. Bu da Allahın müəyyən etdiyi təqdirdir. Məsələn, (ixtiyari bir əməl sayılan) insanın danışması mütləq özünəməxsus bir üzvlə həyata keçir və danışıq forması alır. Buna görə də, Allah-taala nəfəs borularını, qırtlağı, səs tellərini, dili, dişləri, dodaqları yaratmış və bu hissələri (ixtiyari əməl sayılan) danışığın gerçəkləşməsi üçün müəyyən etmişdir.
Allah-taala ixtiyari işlərin müqəddimələrini də xüsusi şəraitlə təyin etmişdir. Məsələn, Allah-taala insanın qidalanması üçün bədəndə bəzi üzvlər yaratmış və onun sərf olunma yerlərini ayırd etmişdir. İnsanın qidalanmasında bəzi üzvlər rol oynayır. Əgər bu bədən üzvləri olmasaydı, ixtiyari bir əməl sayılan qidalanma prosesi gerçəkləşməzdi.
Ümumiyyətlə, Allah-taalanın xaricdə təqdirlə bağlı müəyyən etdiyi bütün işlər məcburidir. İnsanın ixtiyar və iradə azadlığı onda heç bir rol oynamır. Bədən üzvlərimiz bizə məcburi verilmişdir. Bizim bədənimizdə hansı üzvün olub-olmamsında heç bir seçim ixtiyarımız yoxdur və bu işə qüdrətimiz çatmır. Bəli, ixtiyari əməllərin müqəddimələri məcburi olaraq yaranmışdır (və əgər bu müqəddimələr olmasaydı, ixtiyari əməllər həyata keçməzdi).
Allah-taala Öz müəyyən etdiyi təqdirlə hər hansı bir şəxsin yaşayışı üçün çərçivələr qərar vermişdir. (bizə öz növbəsində məcburi olaraq əta olunan) İxtiyari fəaliyyət onun daxilində yerinə yetirilir. Biz bu çərçivə daxilində ixtiyar sahibi olub, istədiyimizi görə bilərik, lakin ona tabe olmaq bizim ixtiyarmızdan xaricdir.
Başqa sözlə, ixtiyar qanunu, bütün ixtiyari işlərin müqəddimələri və ixtiyari işlərin görülməsini həyata keçirən hissələr (məsələn, bədən üzvləri) – varlıq aləminin tələbinə görə – Allahın müəyyən etdiyi təqdir əsasında məcburdurlar. Lakin öz ixtiyarımızdan və həmin müqəddimələrdən necə istifadə etmək bizim öz ixtiyarımızdadır.
“İlahi qəza” və onun ixtiyarla münasibəti barəsində söhbət etməzdən öncə, qeyd etmək lazımdır ki, “eyni təqdir” mənasını daşıyan ilahi təqdir həqiqətdə naqis səbəblərə qayıtmaq deməkdir. Yəni fenomenin yaranması bir sıra müqəddimələrlə bağlı olub, o şeyin ölçüsü və həddinin təyin olunmasında təsirlidir və ona həmin şeyin təqdiri deyilir. Lakin bir şeyin tam səbəbi Allaha istinad edilsə belə, bu terminə əsasən, “təqdir” adlanmır. Bu tezliklə haqqında danışacağımız “qəza”dan ibarətdir.
Bu təhlilə əsasən, eyni təqdir heç vaxt dəyişə bilməz; çünki bir şeyin müqəddimələri hazırlandıqda, – əgər uzaq müqəddimələrdən olsa, – yenə də bir neçə başqa vasitə gerçəkləşməli, nəhayət həmin fenomenin özünə çatmalıdır. Bu zaman mümkündür ki, bir maneə yaranıb həmin şeyin gerçəkləşməsinin qarşısını alsın.
Bu incəliyə diqqət yetirdikdə, təqdirin dəyişməsi ilə əlaqədar nəql olunan bir çox rəvayətlərin mənası aydınlaşır. Bir sıra rəvayətlərdən başa düşülür ki, insan bəzi əməllər yerinə yetirməklə öz təqdirini dəyişə bilər. Məsələn, sədəqə vermək bəlanın aradan qaldırılmasına, qohumluq əlaqələrini möhkəmlətmək ömrün uzun olmasına səbəb olur. Belə bir vəziyyətdə, ilkin olan eyni təqdir bir bəlanın nazil olması, (məsələn) insanın müəyyən bir yaş həddinə çatdıqda, xəstəlik və ya qəzaya uğramaq nəticəsində vəfat etməsidir. Lakin sədəqə vermək və qohumluq əlaqələrini möhkəmlətmək həmin bəlanın və yaxud vəfatın qarşısını alır, təqdirin, taleyin dəyişdirilməsinə səbəb olur.
İLAHİ QƏZA VƏ İNSANIN İXTİYARI
“Qəza” sona çatmaq, işi qurtarmaq mənasını daşıyır və bir işin son mərhələsini “qəza” adlandırmaq olar. “Qəza”nın da “təqdir” kimi iki kateqoriyası var: “Elmi qəza” və “eyni qəza”. İşin sona çatmasını və sonuncu mərhələsini bilməyə “elmi qəza”, işin sona çatıb, həqiqətdə gerçəkləşməsinə isə “eyni qəza” deyilir.
Allahın elmi qəzası: Allah-taala varlıqların və fenomenlərin labüd olaraq həyatda gerçəkləşməsini bilir. Onun elmi qəzası insanın ixtiyarı ilə heç bir ziddiyyət təşkil etmir. Çünki Allah bilir ki, bir fenomen, yaxud bir fel və iş insanın ixtiyarı ilə labüd olaraq həyata keçəcəkdir. Başqa sözlə, Allahın, insanların öz ixtiyarları ilə yerinə yetirdikləri işləri barəsindəki elmi qəzasının mənası budur ki, O, insanın filan işdə ixtiyar sahibi olması ilə yanaşı, labüd olaraq gerçəkləşəcəyini bilir. Yəni Allah bilir ki, filankəs belə bir işi iradə edəcək, öz ixtiyarı və istəyi ilə onu yerinə yetirəcəkdir.
Allahın eyni qəzası: Bu, varlıqların labüd olaraq gerçəkləşməsinin Allaha mənsub edilməsi deməkdir. Başqa sözlə, Allahın eyni qəzası tələb edir ki, fenomenlərin varlığının yarandıqları ilk gündən, hətta uzaq müqəddimələrin hazırlandığı vaxtdan Onun hikmətli tədbiri altında olduğuna inanaraq, yaradılış şərtlərinin hazırlanıb, son mərhələyə çatmasını Onun iradəsinə tabe hesab edək.
Başqa sözlə:
1-Hər hansı (səbəbə ehtiyacı olan) varlığın özünün zəruri varlıq həddinə çatması onun tam illətinin (səbəbinin) gerçəkləşməsi yolu ilədir.
2-Heç bir məxluq öz varlığında və varlığının təsirlənməsində müstəqil deyildir.
3-Təbii ki, bütün fenomenlərin varlığının zəruriliyi tam müstəqilliyə malik olan və heç bir şeyə möhtac olmayan Allaha aid edilir.
Həqiqətdə Allahın qəzası tələb edir ki, hər hansı bir fenomenin varlığı Onun təkvini izninə və istəyinə mənsub edildiyi kimi, Onun izni olmadan heç bir varlıq, varlıq aləminə qədəm qoya bilməz. Hər bir şeyin yaradılışı Allahın eyni qəzasına əsaslanır və Onun icazəsi olmadan heç bir varlıq özünəməxsus surətinə düşə bilməz.( “Nisa” surəsi, ayə: 78; “Şüəra” surəsi, ayə: 79-81.)