ALLAHIN BİRLİYİNƏ İNANMAĞIN ŞƏRTLƏRİ NƏDİR?
İNSANIN YEGANƏ ALLAHA PƏRƏSTİŞİ
Qurani-kərim nöqteyi-nəzərindən insanın yeganə Allaha etiqadı aydın olsun deyə, tovhidi müəyyən həddə qəbul etmək lazımdır. Lakin ondan sonra heç bir şərtə ehtiyac yoxdur; hərçənd ki, onlara da nail olmaq çox yaxşı və bəyəniləndir.
Yeganə Allaha pərəstiş (müvəhhid olmaq) üçün dərk olunması zəruri hədlər aşağıdakılardan ibarətdir:
1-Yalnız Allahın zəruri varlıq olmasına inanmaq.
2-Yalnız Onu xaliq bilmək.
3-İnanmaq ki, dünya öz yaradılışında Allahdan qeyrisinə möhtac deyil və onun təkvini rübubiyyəti – idarə olunması da məhz Ona məxsusdur.
4- Allahdan başqa kimsənin fərman vermək və qanun qoymaq haqqı olmadığına əminlik.
5-Allahdan başqa heç bir kəsin ibadət və pərəstişə layiq olmadığına etiqad bəsləmək.
Əgər insanın vücudunda tovhidin bu beş dərəcəsi (başqa sözlə, vacib olan varlıqda tovhid, xəlq etməkdə tovhid, təkvini rübubiyyətdə tovhid, təşrii rübubiyyətdə tovhid və ibadətdə tovhid dərəcələri) yəqin, etiqad və təsdiq həddində aşkar olunsa, o tovhidin əsasını və Allahın birliyini qəbul etmişdir. Lakin tovhidin kömək istəmək, qorxmaq, ümid və məhəbbət bəsləmək kimi digər dərəcələrini Quran ayələrindən və rəvayətlərdən başa düşüb tovhidə olan imanını artıra bilər. Allahın birliyinə inanmağın (müvəhhid olmağın) əsası isə yuxarıda qeyd etdiyimiz beş şərtdən ibarətdir.