QURANDA HİDAYƏT və onUN QİSMLƏRİ
Bu məsələnin başa düşülməsi hidayət və azğınlıq növlərini, onların şəraitini, Allahın hikmətli iradə və istəyini dəqiq şəkildə tanımaqdan asılıdır.
QURANDA HİDAYƏTİN QİSİMLƏRİ
Qurani-kərimdə hidayətin dörd qismindən söz açılmışdır:
1-Ümumi təkvini hidayət: Bu, Allah-taalanın məxluqlara hakim etdiyi nizam-intizamdan ibarətdir. Belə ki, bütün varlıqlar bir-birlərilə həmahəng və əlaqəli şəkildə, müəyyən hədəfə doğru hərəkət edirlər. Allah-taala Qurani-kərimdə belə buyurmuşdur: “Rəbbimiz hər şeyə öz surətini və şəklini verən, sonra da onu hidayət edən (doğru yol göstərən) Allahdır.”( “Taha” surəsi, ayə: 50.) Belə bir hidayət müqabilində heç bir azğınlıq yoxdur.
2-İlkin və xüsusi təkvini hidayət: Bu, bütün insanların əql və fitrət yolu ilə bir sıra həqiqətlərə, dəyərlərə və qayda-qanunlara doğru hidayət olunmasıdır. Buna “batini höccət” deyilir. Bu qisim hidayətin bir neçə xüsusiyyəti vardır:
a) Yalnız insanlara məxsusdur.
b) İnsanlar arasında ümumi yönə malik olub, heç bir istisna qəbul etmir.
v) Zati və daxilidir.
q) Onun müqabilində heç bir azğınlıq yoxdur; yəni, Allah-taala heç kəsə onu Allahdan uzaqlaşdıran fitrət və azğınlığa aparan əql verməmişdir.
3-Ümumi təşrii hidayət: Bu, insanlara və cinlərə məxsusdur; çünki qanun çıxarmaq üçün ixtiyar, qüdrət və ayırdetmə qabiliyyəti lazımdır və bunu nəzərə almadan heç bir məna kəsb olunmur. Qurani-kərim nöqteyi-nəzərindən belə bir hidayət öz çərçivəsində ümumi yönə malikdir. Misal üçün, Allah-taala peyğəmbərləri və səmavi kitabları bütün bəşər cəmiyyəti üçün göndərmişdir. Belə bir hidayət müqabilində heç bir azğınlıq yoxdur. Çünki təşrii azğınlıq budur ki, Allah-taala peyğəmbərləri bəzi insanları azğınlığa yönəltmək üçün göndərsin və onlara azğınlığa sapdıran qayda-qanunlar, göstərişlər və hökmlər nazil etsin. Halbuki Allah-taala belə bir iş tutmaz və yalnız haqq söz nazil edir. “O, hər nə deyirsə, hamısı haqdır!” Burada bir neçə mühüm nöqtə mövcuddur:
a) Allah-taala hidayətçi, şəriət göndərən, qanun və nizam qoyan adını daşıdığı üçün bütün insanların hidayətini və doğru yola yönəlməsini istəyir. Məhz bu səbəbdən də, hamı üçün haqq din göndərilmişdir.
b) Bu barədə Allahın iradə və istəyi budur ki, insanlar məcburiyyət üzündən yox iradə azadlığı ilə düzgün və haqq yol seçsinlər. Əks təqdirdə, O, bütün insanları məcburi olaraq düzgün və haqq yola yönəldərdi, peyğəmbərlərə və risalətə ehtiyac duyulmazdı. Buna görə də, Qurani-kərimdə belə buyurmuşdur: “Biz onlara doğru yolu göstərdik−istər şükür etsinlər, istərsə də nankor olsunlar.”
q) İnsanlar ümumi təşrii hidayət müqabilində (malik olduqları ixtiyar və iradə azadlığına diqqət yetirməklə) iki mövqe tutmuşlar: Bəziləri ona təslim olmuş, bəziləri boyun qaçıraraq tüğyan etmişlər. Elə buradaca hidayətin başqa bir qisminə diqqət yetirək:
4-Mükafata layiq təkvini hidayət: Bu hidayət ilahi peyğəmbərlər, əqli və fitri dəlillər müqabilində öz ixtiyarı ilə təslim olan şəxslərə, bir sözlə, möminlərə məxsusdur. Allah-taala onların üzünə başqa bir hidayət qapısı açmışdır. Başqa sözlə, onlar öz ixtiyarları ilə öncə qeyd etdiyimiz hidayətin mərtəbə və dərəcələrindən istifadə etdikləri üçün mükafata layiq görülürlər. Buna görə də, ona “mükafata layiq təkvini hidayət” adı verilmişdir.
Bu hidayətin öncə qeyd olunan hidayət mərtəbələrindən əsaslı fərqi budur ki, onlar bələdçi və yol göstərən yönünə, bu mərtəbə isə həmin xüsusiyyətlə yanaşı, məqsədə nail olmaq yönünə malikdir.
Bu təkvini hidayətin yuxarıda qeyd olunan iki qismdən (ümumi təkvini hidayət, ilkin və xüsusi təkvini hidayətlə) fərqi bundadır ki, həmin iki qisim istisnasız olaraq bütün insanlara aiddir. Bu qisim isə yalnız möminlərə məxsusdur. Əgər bir şəxs haqq və batil aşkar olduqdan sonra öz ixtiyarı ilə ilahi peyğəmbərlərin yolunu seçərək, o yolda qədəm atsa, Allah-taala onun doğru yola yönəlməsinin təkmilləşməsi və davamı üçün Öz təkvini və xüsusi mərhəmətini ona şamil edir, onun üçün yolu seyr etmə imkanını daha da işıqlandırır, təkamül maneələrini aradan qaldırır. Allah-taala buyurur: “Biz ona yolu müyəssər edəcəyik.” (“Ləyl” surəsi, ayə: 7.) Başqa bir ayədə isə belə buyurur: “Doğru yolu tapanlara gəldikdə isə (Allah) onların doğruluğunu daha da artırar və onlara təqvalarının mükafatını verər.”( “Mühəmməd” surəsi, ayə: 17.) Beləliklə, bu hidayət doğru yolu tapanlara aiddir və onlar öz ixtiyarları ilə hidayət yolunu ötüb keçmişlər.
Bu hidayət müqabilində cəzaya səbəb olan azğınlıq qərar tutur. Yəni hər kəs bütün hidayət imkanlarından – zahiri peyğəmbərlərlə yanaşı, əql və fitrətdən, təkvini və təşrii hidayətdən – istifadə etdiyi halda, bilə-bilə haqq yoldan sapsa, ilahi kitaba arxa çevirsə, Allahın cəzasına düçar olar, müvəffəqiyət və hidayət işığı ondan alınar. Başqa sözlə, Allah-taala onu özbaşına buraxar və heç bir kömək etməz. Bununla da, o, öz azğın yoluna davam edərək cəhənnəm əzabına düçar olar. Qurani-kərimdə buyurulur: “Allah bir tayfanı doğru yola yönəltdikdən sonra qorxub-çəkinməli olduqları şeyləri özlərinə bildirmədən onları haqq yoldan çıxarmaz!” (“Tövbə” surəsi, ayə: 115.)
Diqqət yetirmək lazımdır ki, belə bir cəzanın (azğınlığın və Allahın kömək etməməsinin) səbəbi təkcə günah yox, həm də günahın davamı xüsusilə Allah və haqq yolla düşmənçilikdir. Əlavə edək ki, azğınlıq daimi cəza deyil, Bir şəxs daxilən dəyişib, haqq yola yönəlsə, Allah-taalanın lütf və mərhəməti ona şamil olar. “(Tövbə etdiyiniz təqdirdə,) ola bilsin ki, Rəbbiniz sizə rəhm etsin. Əgər siz (çirkin əməllərinizə və günaha) qayıtsanız, Biz də sizə yenidən cəza verərik.”( “İsra” surəsi, ayə: 8.) Buna əsasən, Allah-taala heç vaxt insanı səbəbsiz olaraq azğınlığa salmır. Əksinə, Onun işi nöqsanları aradan qaldırmaq, kamillikləri son həddə çatdırmaqdır. Deməli, mükafata layiq təkvini hidayət və cəzaya səbəb azğınlıq insanın iradəsi ilə heç bir ziddiyyət təşkil etmir, məcburiyyətə səbəb olmur. Əksinə, insanın ixtiyari olaraq yerinə yetirdiyi əməllərin nəticsidir.
Bir daha qeyd edirik ki, hidayət iki qisimdir: bəzən bələdçilik etmək və yol göstərmək mənasındadır. Bu, ümumi təşrii hidayətdir. Bəzən də məqsədə nail olmaq mənası daşıyır. “Mükafata layiq təkvini hidayət” bu qəbildəndir. Bunu da qeyd etmək yerinə düşərdi ki, mükafata layiq hidayətə malik olmağın bir sıra şərtləri var. Bu şərtlər əxlaq və ürfan kitablarında bəyan olunmuşdur. Bir sözlə, ilahi müvəffəqiyyətlərin əldə olunub-olunmamasının bəzi amilləri var. Bu amillər bəzən insanın əməli, bəzən də qəlbi və əqidəsi ilə bağlıdır.
Cəzaya səbəb olan azğınlıqla əlaqədar bunu da əlavə edirik ki, azğınlıq “hidayət və doğru yolda olmamaq” mənasındadır. İnsandan hidayət nemətinin alınması onun azğınlığa düşməsi deməkdir. İstər ona səhv yol göstərilsin, istərsə də Allah-taalanın möminlərə məxsus etdiyi hidayət nemətindən məhrum olunsun. Cəzaya səbəb olan azğınlığın mənası da budur ki, Allah-taala insanı hidayət nemətindən məhrum edərək, onun qəflət yuxusundan ayılmasına səbəb olan amillər yaratmır. Çünki insan batil yol seçib, bu yolda qərq olduğu üçün həmin işlər onun vücudu ilə qaynayıb-qarışır və bir daha ilahi müvəffəqiyyətə, lütf və mərhəmətə layiq görülmür. Bəli, əgər batil yolda olmasaydı, ümümi təkvini və təşrii hidayət ona da şamil olardı.
Bir neçə il ibadət etdikdən sonra azğınlığa düşənlərə gəldikdə isə, onların azğınlığa düşmələrinin müxtəlif səbəbləri ola bilər. Ola bilsin ki, onların yaxşı və saleh əməllər yerinə yetirməkdə əqidələri (bir sözlə imanları) zəif olsun, ya öz əməllərini yerinə yetirməkdə xalis niyyətləri olmasın, ya da şeytana, nəfsani istəklərə, dünya malına aldanış kimi əxlaqi pozğunluqlar nəticəsində batil yola düşsün.
Diqqət yetirmək lazımdır ki, İslamda əxlaqi dəyərlər bir sıra üsullar üzərində qurulmuşdur. İnsan onların hər hansı birində süstlük etsə, tənəzzülə uğramasına, azğınlığa düşməsinə zəmin yaranacaqdır. Misal üçün, İslamın əxlaqi üsullarında niyyət mühüm rol oynayır. Əxlaqi dəyərlərin, insani keyfiyyətlərin və səciyyəvi xüsusiyyətlərin, eləcə də, yaxşılıq və pisliklərin mənbəyi hesab olunur. İslam baxımından əxlaqi dəyərlərə və keyfiyyətlərə malik olmaq üçün yalnız yaxşı əməl yerinə yetirmək kifayət etmir. Həm də insanın həmin əməli yerinə yetirməkdə məqsədi xeyir və ilahi olmalıdır. Belə olan təqdirdə onun üçün əxlaqi əməllər səmərəli olar.
Allah-taala “Bəqərə” surəsinin 264-265-ci ayələrində insanın sədəqə verməkdə niyyətinin mühüm rol oynamasını açıqlayaraq buyurur: “Ey iman gətirənlər! Sədəqələrinizi malını riyakarlıqla sərf edən, Allaha və axirət gününə inanmayan şəxs kimi, minnət qoymaq və əziyyət verməklə puça çıxarmayın. Belə şəxslərin halı üzərində bir az torpaq olan qayaya bənzər ki, şiddətli bir yağış o torpağı (yuyub) aparar və qayanı çılpaq daş halına salar. Onlar etdikləri işlərdən bir şey (savab) qazanmazlar. Şübhəsiz ki, Allah kafirləri haqq yola yönəltməz. Mallarını Allahın razılığını qazanmaq və ruhlarını möhkəmlətmək yolunda sərf edənlər uca təpə üstündə dağa bənzərlər. Oraya düşən bol yağış onun meyvələrini ikiqat artırar. Əgər bol yağış yağmazsa, az bir şəbnəm (şeh) də ona kifayət edər. Həqiqətən, Allah nə etdiyinizi görəndir!”
Belə bir yaxşı və xalis niyyət yalnız iman sayəsində aşkar olur. Əlbəttə, imanın da müxtəlif dərəcələri var; bəzilərinin imanı möhkəm, bəzilərinin imanı isə zəifdir. Məhz bu səbəbdən də, ola bilər ki, (məsələn) qəflət və məlumatsızlıq ucbatından insan doğru yoldan azaraq tənəzzülə uğrasın.
Əxlaqın tənəzzülünə səbəb olan mühüm bir amil kimi insanın yolu üzərində qərar tutan nəfsani istəklər o qədər güclüdür ki, bəzən Allah-taala Öz peyğəmbərlərinə xəbərdarlıq edərək onun təhlükəsini xatırladır. Allah-taala bir ayədə həzrət Davuda (ə) belə əmr etmişdir: “(Ya Davud!) Biz səni yer üzündə xəlifə etdik. Buna görə də, insanlar arasında ədalətlə hökm çıxar, nəfsdən gələn istəklərə uyma. Yoxsa onlar səni Allahın yolundan sapdırar.”( “Sad” surəsi, ayə: 26.) İnsanın azğınlığa düşməsində şeytanın rolu və göstərişləri çox təsirlidir. Hətta uzun illər ibadətlə məşğul olan çoxlu abidlər və alimlər də Onun tələsinə düşmüşlər.
Ümumiyyətlə, diqqət yetirmək lazımdır ki, Allah-taala Öz bəndələrinin xeyirli və yaxşı aqibətə çatmasını istəyir. Əgər doğru və haqq yoldan uzaqlaşıb, əyri və batil yola düşmüşüksə, bunun səbəbi biz özümüzük!