Allahın cİnsİ nədİr?


Cavab: Düzgün cavab əldə etmək üçün aşağıdakı məsələlərə diqqət yetirmək zəruridir:

VARLIQ ALƏMLƏRİ
Varlıq aləmində dörd ümumi aləm mövcuddur. Onların üstünlükləri nəzərə alınmaqla tərtib olunmuşlar:
1. “Lahut” aləmi, yaxud “adlar və sifətlər” aləmi: Bu aləm Allah-taalanın hədsiz-hüdudsuz kamallarından xəbər verir. Necə ki, Onun zatının pak olması hər bir eyb və nöqsandan uzaqlıq, zaman və məkanca hüdudsuzluq yox olmamaq mənalarını göstərir. Başqa sözlə, bu aləmdə Allah-taalanın xüsusi adları, sifətləri və bəzi cilvələri aşkar olunur.
2-”Əql, ruh və cəbərut” aləmi, yaxud “tam mücərrəd” aləm: Bu aləm maddə və onun hökmlərindən pak və xalidir.
3-”Xəyal, bərzəx və mələkut” aləmi, yaxud misal aləmi: Bu aləm maddədən uzaqdır. Lakin onun hökmlərilə hərəkətdədir.
4-”Təbiət” aləmi, yaxud “nasut” aləmi: Bu aləm maddə və onun hökmlərindən ayrı deyil.
Allahın mücərrəd olması məsələsinə gəldikdə, Onun mücərrəd varlıqından sayılan mələklərlə müştərək olması düzgün fikir deyil, O, mücərrəd olan aləmdən, hətta adlar və sifətlər aləmindən də üstündür.
“Qeybi huviyyət”, “qeybi-zat”, “zat məqamı”, “zat mərtəbəsi”, bəzən də (“ünəqa” və “qeybül-qüyub” kimi) başqa sözlərlə ifadə olunan Allahın zatı mütləq varlıqdır, onun heç bir həddi-hüdudu yoxdur, o sonsuzdur, konkretləşmiş zatdan uzaqdır, nə adı var, nə də əlaməti; nə isimdir, nə sifət; nə bir ad və sifətlə şərtlənir, nə də mütləq şəkildə – həmin sifət və ad olmadan; nə xüsusi bir konkretləşmə ilə konkretləşir, nə də o konkretləşmənin olmaması ilə; hətta mütləqlik və konkretləşmənin olmaması ilə belə ona şərt qoyulmur, Çünki mütləq və konkretləşmənin olmaması da öz növbəsində bir növ konkretləşmə və şərt sayılır.. Allahın zatı isə ondan pak və uzaqdır.
Allahın bütün adları və sifətləri zat məqamından sonra qərar turur və təcəlla məqamında zahir olurlar. Allahın zatı gözlə görünmədiyi üçün, Onu adları və sifətlərilə yad edirik. Əlbəttə, bu o demək deyil ki, Allahın zatında adların və sifətlərin kamalları mövcuddur. Əksinə Onun bütün adları və sifətləri pak zatında cəmlənmişdir. Bu xüsusiyyətlər Onun vahid, bölünməz və bir olan zatının eynidir. Onun adları və sifətləri bir-birindən ayrı deyil, Allahın pak zatından ayrılıqda məna kəsb etmir. Allahın adları və sifətləri məna cəhətdən bir-birlərindən fərqlənsələr də, eyniyyət məqamında (gerçəklikdə) vahiddirlər. Allahın zatı bəsit olmaqla yanaşı, bütün kamilliklərə malikdir. Belə də deyil ki, Allahın zatının (məsələn) bir qismini elm, bir qismini qüdrət, üçüncü qismini isə dirilik təşkil etsin. Elm, qüdrət və dirilik elə Onun zatının özüdür. Yəni zatından ayrı bir şey deyil, zatı ilə eynidir.
Əllamə Təbatəbai deyir: “Zəruri (vacib) varlıq sırf və xalis olduğu üçün qeyri-məhduddur. Buna görə də, Onun (zata əlavə olunan) hər bir ismi, sifəti və məfhumi şərti deyil. Hətta həmin hökmdən belə pak və uzaqdır”
Beləliklə, Allahın zatını düşüncə, əql, güman və kəşf vasitəsilə dərk etmək qeyri-mümkündür. Hər şey onu qavramaqda acizdir. Əgər bu yöndə arddım atsalar, həqiqətə çatmayıb, heyrətdə qalar, yaxud xəta və azğınlığa düşərlər. Bəli, insan Onun zatını dərk etməyə qadir deyil. Qurani-kərimdə buyurulur: “(Rəbbin) Onların keçmişini də, gələcəyini də bilir. Onların elmi isə Onu (Allahın zatını) əhatə edib qavraya bilməz.” (“Taha” surəsi, ayə: 110.)
İmam Rza (ə) bu barədə buyurmuşdur: “Allahın zatını hansısa bir şeyə bənzədən şəxs Onu tanımamış, zat məqamına çatmaq (onu anlamaq) istəyən şəxs Onun yeganəliyini qəbul etməmiş, zatını zehnində təsəvvür edən şəxs Onun həqiqətinə yetməmiş, Allahın zatının hədd-hüdudu olduğunu deyən şəxs Onu təsdiq etməmiş və Onun zatına işarə edən şəxs Allaha üz tutmamışdır.”
Hətta əql və eşq bir-birilə əlbir olub, Allahın zat məqamına doğru yüksəlmək istəsə, heyran və sərgərdan vəziyyətdə qalar, heç bir yerə çata bilməz və öz acizliklərinə etiraf edərlər.
Dua edən “dua”, ibadət edən “ibadət”, zikr edən “zikr”, arif “irfan” məqamında Allahın adları zahir olan zaman Onun zatına üz tutur, adları və sifətləri ilə Onu yad edirlər. Başqa sözlə, Allahın zatına yol tapmaq qeyri-mümkün olduğu üçün Onun zatını adları ilə çağırırlar.
Məhz buna görə də, bəziləri haqq olaraq etiqad edirlər ki, İslam dininin zühur etməsinin əsas səbəbi “Allah”ı olduğu kimi tanıtdırmaqdır. Qurani-kərim sözsüz ki, Allahı tanıtdıran bir kitabdır. Bu barədə ayələr o qədər dərin və dəqiqdir ki, ən böyük alimlər belə onun müqabilində acizdirlər. Allahı bəşərin dərk etdiyi səviyyədə tanımaq üçün Quran ayələrinə müraciət edərək onların üzərində fikirləşin.( “Bəqərə” surəsi, ayə: 37, 115 və 284;)

VARLIQLARIN RUHU
Qeyd etdiyimiz sualın ikinci hissəsilə əlaqədar bir neçə nöqtəni qeyd etmək zəruridir:
1. Ruh həyata, şüura və iradəyə malik olan, məxluq sayılan varlıqlara aid edilir. Şüursuz varlığa, eləcə də Allaha−ruhu Yaradana şamil etmək olmaz. Bu məsələni başa düşdüyümüz kimi təsdiqləyir, həmçinin, öz sözlərimizdə, ruhu diri və şüurlu varlıqlara aid edirik. Beləliklə, bir şəxs ruhu mənalandırarkən, onu maddi olmayan şüurlu məxluqlara aid etsə, səhv etməmişdir.
2-İsbat olunmuş məsələlərdən biri də budur ki, heyvanlar şüur və iradəyə malikdir. Bu şüur və iradə onların vərdişləri ilə bağlı deyil. Heyvanların bir sıra hərəkət və halətləri göstərir ki, onların şüur və iradəsi vərdişlərində mövcud olanlardan üstündür. Bu həqiqəti Qurani-kərim də təsdiq etmişdir.
3. Fəlsəfi və əqli sübutlara əsasən, şüur və iradəyə diqqət yetirsək, ruh maddi yox, mücərrəddir. Həqiqətdə, ruhun xüsusi fəaliyyətlərinə görə, onu maddi varlıq hesab etmək olmaz. İnsanın ruhunun mücərrədliyi fəlsəfi dəlillər və Quran ayələri ilə isbat olunsa da, bu dəlillərin bəzisi (o cümlədən, iradənin, şüurun və görmə qabiliyyətinin mövcud olması) heyvanların ruhunun da qeyri-maddi və mücərrəd olmasını açıqlayır.
4. Bütün varlıq aləminin Allahın məxluqu olması, Ona aid edilməsinə baxmayaraq, Qurani-kərimdə insanın ruhunun Allahın ruhundan olması ilə əlaqədar xüsusi söz açılmışdır. Məhz bu səbəbdən də, bütün varlıqlar arasında yalnız insan Allahın xəlifəsi olmağa layiq görülmüşdür. Heyvanların ruhunun Allahın ruhundan olmasına gəldikdə, ayə və rəvayətlərdə bu barədə heç nə deyilməmişdir. (“Hicr” surəsi, ayə: 29; “Ənbiya” surəsi, ayə: 91; “Səcdə” surəsi, ayə: 9. “Bəqərə” surəsi, ayə: 30-33.)

VARLIQLARIN TƏSBİHİ (ZİKRİ)
Ayə və rəvayətlərə əsasən, Allah-taalanın müqəddəs zatına təsbih, təqdis və tənzih edilməsi (Onu bütün eyb və nöqsanlardan uzaq bilmək) yalnız insana yox, bütün varlıqlara aiddir; yəni bütün varlıqlar Allah-taalanın pak zatına həqiqi mənada təsbih və təqdis edir, Onu eyb və nöqsandan uzaq bilirlər. Varlıq aləminə qədəm qoyan hər mövcud öz məqamı həddində Allahı dərk edir, öz istedadı qədər Ona inanır, gücü çatdığı qədər Ona doğru can atır, elmi və biliyi qədər Onu çağırır. Allaha üz tutduğu üçün Onun yolunda qədəm atmağa başlayır. Allah-taalaya itaət və pərəstiş yalnız insana, ya heyvana yox, bütün varlıqlara aiddir. Ayə və rəvayətlər bu həqiqəti aydın şəkildə açıqlayır. Biz bu mövzuda iki ayə və iki rəvayətə işarə etməklə kifayətlənirik:
1. “Yeddi göy, yer və onlarda olan bütün məxluqlar Allaha təsbih deyir. Elə bir şey yoxdur ki, Allaha tərif deyib Ona şükür etməsin. Lakin siz onların təsbihini anlamazsınız. Allah, həqiqətən, həlim və bağışlayandır.” (“İsra” surəsi, ayə: 44.)
Allah-taala bu ayədə əvvəlcə yeddi göyün, yerin və onlarda olanların təsbihini açıqlayır, sonra məsələnin əhatəsini genişləndirərək buyurur: “Elə bir şey yoxdur ki, Allaha tərif deyib Ona şükür etməsin.” Burada Allah-taala bütün məxluqların təsbihini çox zərif və incəliklə bəyan etmişdir. Nə üçün hamı Ona təsbih edir? Bu qədər məxluq hara, O hara? Bəli, Onun zatı pak və müqəddəsdir və məxluqlar Ona çata bilməz. Lakin Allah-taala həlim və bağışlayan olduğundan hamı Ona ümid bəsləyir, Ona çatmağı arzulayır və arzularına da nail olurlar. Allah-taala qeyd etdiyimiz ayədə buyurur: “Lakin siz insanlar bütün məxluqların (Allaha) təsbihini başa düşmürsünüz və ona dəqiq elminiz yoxdur.”
Doğrudan da, biz insanlar varlıqların Allaha zikr deməsini və Onu yad etməsini anlamırıq. Bunu yalnız peyğəmbərlər, övliyalar və ariflər başa düşür, görürlər. Əgər biz də Allaha aşiq olsaydıq, eşqin ən yüksək mərhələsinə nail olan və bütün məxluqatın təsbih etməsini görən həzrət Davud (ə) kimi dağların təsbihini görərdik. Bəli, dağlar həmişə Allaha təsbih və təqdis edirlər. Lakin bunu eşidən qulaq, görən göz lazımdır.
2. “(Ya Məhəmməd!) Məgər göylərdə və yerdə olanların, qanadlarını açıb uçan quşların Allaha təsbih və təqdis edib şəninə tərif dediklərini görmürsən? Onlardan hər biri öz duasını, şükür-sənasını bilir. Allah onların nə etdiklərini biləndir!” (“Nur” surəsi, ayə: 41.)
Allah-taala bu ayədə insanlara xəbərdarlıq edərək buyurur: “Bütün məxluqlar öz namazını və təsbihini yaxşı bilir.” Bu incə-nöqtə belə bir həqiqəti göstərir ki, bütün məxluqlar Allahı istəyir və Onu istədiklərini yaxşı bilirlər.
3. “Durrul-mənsur” kitabında həzrət Peyğəmbərin (s) belə buyurduğu nəql olunmuşdur: “Həzrət Nuh (ə) vəfat edərkən iki oğluna buyurdu: “Mən sizə Allah-taalaya təsbih və həmd-səna etməyi əmr edirəm. Çünki Allah-taalaya təsbih və həmd-səna etmək hər bir məxluqun namazıdır. Buna görə də, bütün məxluqlara ruzi verilir.” Yəni, məxluqlar Allaha təsbih deyib, bu işi davam etdirməklə öz ruzilərini alır və nöqsanlarını aradan qaldırırlar.
4. Yenə də həmin kitabda həzrət Peyğəmbərin (s) belə buyurduğu nəql olunmuşdur: “Bütün heyvanların, həşəratların, yerin, qarışqaların, bitkilərin, çəyirtkələrin, atların, dəvələrin, bütün canlı və cansızların ömür müddəti onların təsbihlərindədir. Onların (Allaha) təsbihi sona çatdıqda Allah-taala onların canlarını alır. Onların canlarının alınmasının ölüm mələyinə (Əzrailə) heç bir dəxli yoxdur.”
Bu və digər rəvayətlərdən aydın olur ki, Allaha təsbih etmək öncə dediyimiz kimi, ümumi bir məna kəsb edir, bütün məxluqlara və varlıq aləminə şamil olunur.
***


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter