İNSANIN MAHİYYƏTİ VƏ YARADILIŞ SİRİ


Cavab:
İCBARİ YARADILIŞ
Hər şeydən öncə qeyd etmək lazımdır ki, insan bu dünyaya öz ixtiyarı ilə gəlməsə də, “varlıq” və onun təsirləri kimi misilsiz nemətə malik olmuşdur. Bunun müqabilində yox və puç olmaq ən böyük zərərdir. Allah-taala Öz lütfü və mərhəməti sayəsində bizi yoxluq düzənliyindən çıxararaq yaratmış və varlıq aləminə gətirmişdir. Belə bir hədiyyəyə sahib olduğumuz üçün Ona şükür etməliyik. Baxmayaraq ki, bu işdə heç bir ixtiyar və iradəmiz olmamışdır!
İnsan varlıq aləminə gəlişində heç bir ixtiyara malik olmasa da, Allah-taala Öz lütfü və mərhəməti sayəsində onu necə yaşamaq, necə olmaq, necə yol getmək və necə hərəkət etməkdə tamamilə azad qoymuşdur. Bu da öz növbəsində ən böyük nemətdir. Təəssüflər olsun ki, bəşər cəmiyyəti ondan yaxşı şəkildə istifadə etmir. Bəli, əgər Allah-taala məni bu zəmində də məcbur etsəydi, düzgün, yaxud əyri fikirləşməkdə, rəftarımda və davranışımda məcbur olsaydım, bu sualı irəli sürmək haqqına malik idim. Lakin həqiqət belə deyil!

İNSANIN HƏQİQƏTİ
Əgər insan öz həqiqətinə, məqamına diqqət etsə, heç vaxt belə bədbinliyə yol verməz. Bu barədə çox danışmaq olar. Lakin insan üç incə nöqtəyə diqqət yetirərək düşünsə, bu bədbinlikdən uzaqlaşar və gözəl nəticə əldə edər.
1. İnsan varlıq aləminin gül-çiçəyi, tacı və bütün məxluqların ən şərəflisidir. Həqiqətdə bütün dünya məhz onun üçün yaradılmışdır.( “İsra” surəsi, ayə: 70; “Mizanul-hikmə”, 1-ci cild, səh. 360-361.)
2. İnsanın mahiyyəti izaha ehtiyaclı bir kitabdır. Onu izah edən müəllifindən, yəni Allahdan başqa heç kəs ola bilməz. Çünki bu kitabın müəllifi Onun Özüdür. Bu mövzuda ayə və rəvayətlərə diqqət yetirmək zəruridir. Quran insanın yaradanı kimi Allah-taalanı tanıtdırır. İlahi kitab baxımından insanın Allaha qarşı mərifəti nə qədər artsa, həm dünyanı, həm də özünü bir o qədər yaxşı tanıyar. Çünki varlıq aləminin Xaliqi öz yaradılışında təcəlla edir. Bütün yaradılış Onun nişanəsi olduğundan Allahın xəlifəsi adını qazanan insan da Onun adlarının zahir olduğu ünvandır. Allahı və Onun böyük adlarını gözəl tanımaqla insanın məqamını daha da artıq başa düşmək olar.
3. Qurani-kərim əllidən çox ayədə pis sifətlərə işarə etmiş və onlara malik olan insanı da məzəmmət etmişdir. Buna paxıllıq, zəiflik və süstlük, tələskənlik, zülm və nadanlıq kimi sifətləri misal göstərmək olar. Lakin bunların hamısı insanın təbiətindən qaynaqlanır və bu rəzil sifətlərin yaranmasının mənbəyi insanın təbii cazibələridir. Necə ki, fəzilətlərin və səciyyəvi xüsusiyyətlər ən üstün təbii cazibələrdən ərsəyə gəlir. Diqqət etmək lazımdır ki, ərş aləmində rəzil sifətlərin heç bir kökü yoxdur. “(Yerdə və göydə) Elə bir şey yoxdur ki, onun xəzinələri Bizdə olmasın; Lakin Biz ondan yalnız müəyyən (lazım olduğu) qədər göndəririk!”( “Hicr” surəsi, ayə: 21) – ayəsində nəzərdə tutulmur. Əlbəttə, “(Ey insan!) Sənə yetişən hər bir yaxşılıq Allahdandır, sənə üz verən hər bir pislik isə özündəndir!”( Nisa” surəsi, ayə: 79.) – ayəsinə əsasən, bütün pisliklər və rəzil sifətlər insanın özündəndir.
Bu həqiqəti unutmaq olmaz ki, batini nur insanın fitrətindən şölələnir. Əgər bu ilahi mənbə (fitrət) qəflət yuxusundan oyansa, nəfsani istəklər və çikinliklərlə örtülməsə, daha da işıqlanar. Amma o, günah pərdəsinin arxasında qalanda, günahkar insan öz mahiyyətini görmür, fitrətində nur olmadığı üçün, bir müddət sonra kimliyini tamamilə yaddan çıxarar. İnsanın fitrəti yalnız elm və məhəbbətlə şölələnir; çünki Allahı insana göstərən və insanı Ona çatdıran elmdir. Əgər qəflət yuxusundan oyanmaq, günahlardan və rəzil sifətlərdən uzaq olmaq istəyirsinizsə, elm ardınca getməli, sonra ona əməl etməlisiniz. Buna əsasən, elm və biliyə yiyələnmədən ilahi mərifət ardınca getmək nadanlıqdır. Eləcə də əməlsiz elm axtaran insanın ömrü dəyirman daşının öz oxu ətrafında fırlanaraq dayanmasına, nəticə də hərəkətsiz qalmasına bənzəyir.
İnsan özünü tanımaq üçün səy göstərməli, özünü ucuz qiymətə satmamalıdır.
4. Ümidvar olmağın əhəmiyyəti: Allah-taala Onun rəhmətindən ümidsizliyi olmağı böyük günahlardan biri, bəzən küfr saydığı üçün, həzrət Peyğəmbəri-Əkrəmə (s) xitabən buyurmuşdur: “(Ya Peyğəmbər! Bəndələrimə) De: “Ey Mənim (günah törətməklə) özlərinə zülm etməkdə həddi aşmış bəndələrim! Allahın rəhmətindən ümidsiz olmayın. Çünki Allah (tövbə etdikdə) bütün günahları bağışlayar. Həqiqətən, O, bağışlayan və rəhm edəndir!”( “Zümər” surəsi, ayə: 54.) Allahın belə xitab etməsinin səbəbi budur ki, əgər bir şəxs Allahın rəhmətindən ümidsiz olsa, onun öz həyatında yaxşı və bəyənilən əməllər yerinə yetirməsi, yaxud çirkin əməllərdən, böyük və kiçik günahlardan çəkinməsi üçün daxili bir amil olmayacaq. Çünki insanın daxilən təhrik olunmasında iki amil rol oynayır: 1-Ümid və rəhmət. 2-İlahi əzabdan qurtuluş.
Ümumiyyətlə, diqqət etmək lazımdır ki, ilahi lütf və mərhəmət bəndələrin paklanmasına səbəb olur. Buna görə də, belə bir əhəmiyyətli məsələni unutmaq olmaz.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter