ALLAHIN ƏDALƏTLİ OLMASININ SƏBƏBİ NƏDİR?
Cavab: Allah-taala ən yüksək ixtiyara, yenilməz qüdrətə malik olduğu və heç bir qüvvənin təsiri altında olmadığı halda, mümkün olan hər işi yerinə yetirmir. O, qadir olduğu hər işi yox, istədiyi işi yerinə yetirir.
Məlum olduğu kimi, Onun istək və iradəsi səbəbsiz, ölçüsüz deyil. O kamal sifətlərinin tələb etdiyi işi görür. Əgər onun kamal sifətləri bir işin baş verməsini tələb etmirsə, həmin iş yerinə yetirilmir. Allah-taala mütləq kamal sahibi olduğundan Onun istəyi məxluqların kamal və xeyridir. Əgər bir məxluqun varlığı dünyada şər işlərin yaranmasına səbəb olursa, onun şər olmasının səbəbi ikinci dərəcəli məqsəddir. Yəni xeyir işlər bir-birindən çox ayrıldığı üçün onun ardınca əksəriyyət təşkil edən xeyir ilahi iradədə gerçəkləşəcək.
Beləliklə, Allahın kamal sifətlərinin tələbinə görə dünya ən çox kamala və xeyrə malik halda yaranmışdır. Bununla da, Allah-taalanın hikmət və müdriklik sifətinə malik olması isbat olunur.
Allahın iradəsi – Onun varlığı xeyir işlərin mənbəyi olduğundan – insanın yaranışını labüd edir. İnsanın əsas üstünlüklərindən biri onun ixtiyar sahibi və iradə azadlığına malik olmasıdır. Şübhəsiz, ixtiyar və (yaxşını pisdən) ayırd etmə qüvvəsinə malik olmaq varlığın kamallarındandır. Ona sahib varlıq ona sahib olmayandan üstün və kamil hesab olunur. Lakin insanın ixtiyar sahibi olduğundan həm yaxşı və saleh əməllər yerinə yetirib, əbədi və son kamala çata bilər, həm də çirkin və bəyənilməyən işlər görüb, əbədi bədbəxtliyə və uçuruma yuvarlana bilər. Əlbəttə, Allahın istəyi insanın təkamülə çatmasıdır. Lakin təkamülə çatmaq insanın ixtiyarına verildiyi üçün onun nəfsani və şeytani istəklərə uyaraq, azğınlığa və inhirafa yuvarlanması da mümkündür. İnsanın öz istək və ixtiyarı ilə belə bir azğınlığa düşməsi də ikinci dərəcəli olaraq ilahi iradə dairəsində qərar tutacaqdır.
Haqqa yönəlmək üçün, xeyir və şər yolları düzgün tanımaq lazımdır. Allah-taala insanı xeyrə və məsləhətli işlərə çağırmış, günaha və azğınlığa səbəb olacaq işlərdən çəkindirmişdir. Belə ki, onun təkamülə doğru hərəkəti üçün zəmin yaransın. Çünki ilahi təkliflər və göstərişlər insanın öz əməllərinin nəticəsinə çatması üçün qərar verilmişdir. Bunun Allah-taalaya heç bir faydası yoxdur. Məhz bu səbəbdən də, Allahın hikməti bu təkliflərin və göstərişlərin insanın qüdrətinə münasib olmasını tələb edir. Çünki itaəti mümkün olmayan təkliflər və göstərişlər yersizdir.
Beləliklə, ədalətin ilk mərhələsinin (təklif məqamındakı ədalətin) dəlili budur ki, əgər Allah-taala öz bəndələrinə onların qüdrəti çatmayan bir vəzifə təyin etsə, onların yerinə yetirilməsi mümkünsüz olacaq və həmin vəzifə yersiz sayılacaq.
İnsanlar arasında hökm edərkən ədaləti gözlədikdə (bu incəliyə diqqət yetirdikdə) bu işin insanların müxtəlif savab və ya cəzalara layiq olmasını müəyyən etmək məqsədilə yerinə yetirilməsi isbat olunur. Belə ki, ədalətin əksinə olarsa, məqsədin də əksinə olar.
Nəhayət, mükafat və cəza verərkən yaradılışın son məqsədinə diqqət yetirməklə ədalət təmin olunur. Belə ki, Allah-taala insanları yaxşı və pis əməllərin nəticələrinə çatmaq üçün yaratmışdır. Əgər tələblərin əksinə mükafat və cəza verilsə, məqsəd həyata keçməz. Beləcə ilahi ədalətin dəlili budur ki, Onun zati sifətləri hikmət və ədalətlə rəftar etməsinə səbəb olur. O, zülmə, haqsızlığa, puç və yersiz işlərə səbəb olacaq heç bir sifətə malik deyil.