Quran ayələrinə əsasən insana vacib olan həyanın növ və yeriləri haradır?


Ən böyük həya Allah qarşısında həya etməkdir (yəni xəlvətə düşəndə günahdan çəkinmək kamil həya hesaba gəlir). (Qərərul Hikəm, 5451 hədis).

Quranda «həya» məfhumuna aid müxtəlif ayələr nazil olub, məsələn:
1. Dil həyası, «Ənam surəsi», ayə: 108. “Kafirlərin Allahın əvəzinə çağırdıqlarını (bütlər və cinləri) söyməyin ki, onlar da ədavət və nadanlıq üzündən Allahı söyərlər”.
2. Danışıq həyası, «Əhzab surəsi», ayə: 32. “Siz, ey Peyğəmbərin zövcələri! Siz təqvalı olsanız, başqa (adi) qadınlar kimi deyilsiniz. Buna görə də danışığınızda naz-qəmzə və işvə etməyin ki, qəlbində (günah, pozğunluq) xəstəliyi olan kəs tamaha düşməsin. Gözəl (təhrik və işvədən uzaq) danışın”.
3. Yol gedəndə həyalı olmaq, «Qəsəs surəsi», ayə:, 25. “O iki qadından biri – yüksək həya ilə utana-utana onun yanına gəlib dedi: «Atam bizim üçün (heyvanlarımıza) su verməyinin muzdunu ödəməkdən ötrü səni çağırır». (Musa) onun yanına gəldikdə öz əhvalatını qocaya söylədi. (Qoca) dedi: «Qorxma, (artıq) zalımlar tayfasından nicat tapmısan (bura Fironun hökümətinin hüdudlarından kənardır)”.
4. Qonaqlıqda həyalı olmaq, «Əhzab surəsi», ayə:,53. “Ey iman gətirənlər, Peyğəmbərin evlərinə daxil olmayın, amma əgər yemək üçün sizə izn verilsə bu istisnadır. (Erkən gedərək) onun (yeməyin) hazırlanmasını gözləməyin. Lakin dəvət olunduğunuz zaman daxil olun və təamı yedikdən sonra söhbətə qapılmayıb dağılışın. Çünki (sizin) bu, (rəftarınız) Peyğəmbəri incidir və o, sizdən xəcalət çəkir (və heç bir şey demir). Halbuki, Allah həqiqət(i və sizin vəzifələrinizi bəyan etmək)dən xəcalət çəkməz. Əgər onlardan (Peyğəmbərin zövcələrindən məişət ləvazimatlarından) bir şey istəsəniz, pərdə arxasından istəyin ki, bu, həm sizin qəlbləriniz üçün həm də onların qəlbləri üçün daha təmiz olar. Sizə yaraşmaz və caiz deyil ki, Peyğəmbərə əziyyət verəsiniz və onu incidəsiniz. (Və əsla caiz deyil ki,) ondan sonra zövcələri ilə evlənəsiniz, şübhəsiz bu, (iş) Allahın yanında çox böyükdür (böyük bir günahdır).”
5. Bir yerə baxanda həyalı olmaq, «Nur surəsi», ayə:, 30-31. “Mömin kişilərə de ki, (başqalarının ayıb yerləri və yad qadının bədəni kimi baxılması haram olan şeylərlə qarşılaşanda) gözlərini yumsunlar və ayıb yerlərini (görünməkdən) qorusunlar. Bu onlar üçün daha pakdır. Həqiqətən Allah onların etdiklərindən xəbərdardır.
Mömin qadınlara de ki, (başqalarının ayıb yerləri və yad kişinin bədəni kimi baxılması haram olan şeylərlə qarşılaşanda) gözlərini yumsunlar və öz ayıb yerlərini (üz və əllərindən başqa bədənlərinin hər yerini yadların görməsindən) qorusunlar. Həmçinin öz zinət və bəzəklərini və onların yerlərini (boyun, sinə, saç, biləklər, baldırlar və sairəni, naçarlıqdan öz-özlüyündə) görünən (üst paltarları, əl və üz kimi şeylər) istisna olmaqla, üzə çıxarmasınlar. Gərək (boyun və sinələrinin örtülməsi üçün) baş örtüklərini (çəkib) yaxalarına salsınlar və zinət (və zinət yer)lərini ərlərindən, atalarından, qayınatalarından, oğullarından, ərlərinin oğullarından, qardaşlarından, qardaşlarının oğullarından, bacılarının oğullarından, özlərindən olan (müsəlman) qadınlardan, kənizlərindən, şəhvəti olmayan qulluqçu kişilərdən və qadınlarla yaxınlıq qüdrəti olmayan uşaqlardan başqa heç kəsə göstərməsinlər. (Ayağına xalxal taxmış qadınlar) gizlətdikləri zinətlərin bilinməsi üçün ayaqlarını yerə (bərk) vurmasınlar. Ey möminlər, hamınız (bütün cəhətlərdə) Allaha tərəf qayıdın ki, bəlkə nicat tapdınız.

6. İqtisadi məsələlərdə həyalı olmaq, «Bəqərə surəsi», ayə:, 273. “(Sədəqələr) Allah yolunda (cihad, mallarının qarət olunması, uzunmüddətli xəstəlik və ya elm öyrənmək kimi məsələlərə) düçar olub (yaşayışlarını təmin etmək üçün) yer üzündə heç cür səfər edə bilməyən yoxsullar üçündür. Nadan onları çox iffətli (həyalı) olduqları üçün imkanlı hesab edər. Onları üzlərindən tanıyarsan, insanlardan israrla bir şey istəməzlər. Allah şübhəsiz ki, maldan xərclədiyiniz hər bir şeyi biləndir”.
7. Camaatın evinə daxil olan zaman həyalı olmaq, «Nur surəsi», ayə:58-59.
“Ey iman gətirənlər, sizin qullarınız və həddi-buluğa çatmayanlarınız (şəxsi yaşayış yerlərinizə daxil olanda qəflətən girməli deyil,) üç dəfə (üç vaxtda) icazə almalıdırlar: Sübh namazından qabaq, günorta paltarlarınızı çıxardığınız zaman və işa namazından sonra ki, (həmin) üç vaxt sizin xəlvət vaxtlarınızdır. Bundan (həmin üç vaxtdan) sonra sizə və onlara (icazəsiz daxil olmaq) günah deyildir, (çünki) onlar həmişə (ünsiyyət zərurəti üzündən) sizin ətrafınıza dolanırlar (və yaxud sizin bir-birinizlə işiniz olur, get-gəl edirsiniz və hər dəfə icazə almaq çətindir). Allah ayələri (hökmlərini) sizə bu cür bəyan edir. Allah bilən və hikmət sahibidir.
Uşaqlarınız (da) həddi-buluğa çatan zaman(dan sonra) onlardan qabaqkılar (onlardan qabaq həddi-buluğa çatmış şəxslər) icazə aldıqları kimi (sizin yatdığınız yerə daxil olmaq üçün həmişə) icazə almalıdırlar. Allah Öz ayələrini (hökmlərini) sizin üçün bu cür açıqlayır. Allah bilən və hikmət sahibidir. Hazırladı: Hacı Yusif Əliyev.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter