Ayətullah Kaşaninin böyük arif Qazi Təbatabi haqda müsahibəsi!


Ayətullah Kaşani: O danışanda tələbələr ağlayardı
Seyid Əli Qazi (Molla Məhəmməd Əli Culay Dezfulinin şagirdi, Ayətullah Behcətin ustadı)
Seyid Əli Qazinin şagirdləri arasında Ayətullah Seyid Abbas Hüseyni Kaşaninin adı xüsusi vurğulanır. Seyid Əli Qazi Nəcəfdə üç dövrə (kurs) əxlaq və irfan tədris edib. Onun şagirdlərinin əksəri tanınmış şəxslərdir. Seyid Əli Qazi Ayətullah Seyid Məhəmməd Həsən Təbatəbai, Ayətullah Məhəmməd Təqi Behcət, Ayətullah Seyid Əbdülkərim Kəşmiri, Ayətullah Seyid Abbas Kaşani, Hacı Seyid Haşim Həddad, Ayətullah Seyid Məhəmməd Hüseyni Həmdani Bəhar kimi böyük alimlər tərbiyə etmişdir.
Ayətullah Qazinin dəyərli yetirməsi Əllamə Ayətullah-üzma Seyid Abbas Hüseyni Kaşani Ustadın fərqli xüsusiyyətləri, əxlaq dərslərini xatırlayır...
Sual: Mərhum Qazinin hüzurunda neçə il olmusunuz?
Ayətullah Kaşani: Bismillahir-Rəhmanir-Rəhim. Yaşım az olduğu üçün üç ilə qədər. O zaman cənab Qazinin şagirdlərinin 40-50- yaşı olardı. Bəziləri ustadın özündən yaşlı idilər. Cənab Qazi Kərbəlaya gələndə atam onu qarşılayırdı. Atam vasitəsilə Qazinin şagirdliyinə qəbul oldum.
Sual: Qazidən dərs alanda neçə yaşınız vardı? - Ayətullah Kaşani: 20 yaşım olardı.
Sual: Bildiyimizə görə, Qazi ictihad dərəcəsinə çatan tələbəni şagird qəbul edirdi. Deyirlər ki, siz 18 yaşında ictihada çatmısınız. Ayətullah Kaşani: Bu barədə başqalarından soruşun.
Sual: Qazinin əxlaq dərsləri haqqında nə deyə bilərsiniz?
Ayətullah Kaşani: Nəcəfdə 16-17 yaşlı ictihada çatmış, müctehid tələbələr vardı. Onların kamalı, fəzilətləri insanı heyran qoyurdu. Kəlam, üsul, fiqh barədə şübhələrə, suallara məntiqli və əhatəli cavab verirdilər. Bu məqama necə çatdıqlarını soruşanda deyərdilər ki, Seyid Əbülhəsən İfahaninin fiqh, Seyid Əli Qazinin əxlaq dərslərində bir neçə dəfə olmuşam.
Cənab Seyid Əli Qazinin dərslərində iştirak edən, ondan bəhrələnən şəxs güman edərdi ki, 50 ildir əxlaq elmi üzərində işləyir. Ustad fitri istedad idi, dərsində bir saat iştirak edən bir dünya maarif əldə edirdi.
Sual: Harada dərs keçirdi?
Ayətullah Kaşani: Mən dərslərdə iştirak edən zaman evdə tədris edirdi. Çox yoxsul bir evi vardı. Xidmətçi evinə bənzəyirdi. Evdə xalı-xalça yox idi. Gözəl naxışlı bir kilim vardı. Bu kilimi əmisi vermişdi. Cənab Qazi kimsədən nəsə qəbul etmədiyi üçün əmisi demişdi ki, kilimi vəqf edirəm.
Sual: Cənab Qazi fiqh və üsul dərsləri də tədris edirdi?
Ayətullah Kaşani: Bəli, dərsi-xaric, ali fiqh kursu tədris edirdi. Hacı Mirza Ağa Həmdaninin tərtib etdiyi \"Misbahul-fiqhiyyə\" kitabından istifadə edirdi. Qeyri-adi bəyanı vardı. Başqalarından çox fərqlənirdi.
Sual: O zaman dərsləri yazmaq, toplamaq üçün heç bir vasitə, qurğu yox idi?
Ayətullah Kaşani: O zaman səsgücləndirisci yenicə ortaya çıxmışdı. İmkanlı adamlarda səsyazan qurğu olardı. Onlar bu qurğuları tələbələrə verərdilər ki, cənab Qazinin səsini yazsınlar. Cənab Qazi məsələdən xəbər tutanda buna icazə vermədi.
Sual: Dərslərdə ruhiyyə necə idi?
Ayətullah Kaşani: Sübh sinifdə 200-ə yaxın tələbə olardı. O danışanda tələbələr ağlayardı. Əlbəttə ki, deyə bilmərəm hamı ağlayırdı. Sözləri əxlaq mövzusunda olurdu. Mənim kimilər onun haqqında nə desə naqisdir.
Sual: Cənab Qazi nə üçün tələbənin müctəhid olmasını şərt qoyurdu?
Ayətullah Kaşani: Cənab Qazi təbliğatçı, bildiyini başqalarına öyrədə bilən layiqli tələbələr axtarırdı. Bir səbəbi elə bu ola bilər.
Sual: Siz Seyid Haşim Həddadı görmüsünüz?
Ayətullah Kaşani: Bəli, bir dəmirçi dükanı vardı, nal düzəldirdi. Cənab Qazinin aşiqi idi. Ağaya xidməti özünə iftixar sayırdı. Cənab Qazi onun bu işindən sıxılar, narahatlığını bildirərdi. Seyid Haşim Həddad həm möhtərəm seyid idi, həm də yoxsul insan deyildi. Bəzən Qazinin evinə gələndə bazarlıq edərdi. Xidmətçi qəbul etməyəndə, deyərdi ki, biz qardaşıq, götür və Qaziyə demə. Amma Cənab Qazi bunu başa düşər və deyərdi ki, belə iş görməyin, olsun ki, qiyamət günü çoxları rahat hesab verəcək, məni hələ qiyamət səhnəsində saxlayacaqlar. Qazi belə idi!
Sual: Şagirdlərlə necə rəftar edirdi?
Ayətullah Kaşani: Mənim yaşım az idi. Məclisə uşaq da daxil olanda ayağa qalxardı. Səbəbini soruşanda deyərdi ki, bu da bir dərsdir.
Sual: Cənab Qazinin mənəvi halları barədə nə deyə bilərsiniz?
Ayətullah Kaşani: Bunu ifadə etmək çətindir. Ayətullah Behcət cənab Qazini yada salanda ağlayardı və deyərdi ki, heyf Qazini olduğu kimi təsvir edəcək qələm yoxdur. Onun kəramətlərini görən çox olub. Cəmiyyət namazında İmam dayanmazdı. Bir dəfə məscidə gələndə gördüm pişnamaz dayanıb. Ondan yayılan nur məscidi işıqlandırmışdı. Namaz qurtaranda yaxınlaşıb təşəkkür etdim. Gülümsündü. Heç nə demədi. Oradan birbaşa evlərinə getdim. Gördüm Qazi evdədir, namaz qılır!
Sual: Onun sadəliyi haqqında nə deyə bilərsiniz?
Ayətullah Kaşani: Deyiləsi söz çoxdur. Bir dəfə İrandan onun görüşünə gəlmişdilər. Ustada təqlid etmək istədiklərini dedilər. O ağladı, əlini açıb dedi: \"Pərvərdigara, Sən yaxşı bilirsən ki, mən bu insanların dediyi şəxs deyiləm.\" Sonra gələnlərə tövsiyə etdi ki, Seyid Əbülhüseyn İsfahaniyə təqlid etsinlər.
Bu günə qədər kimsəyə danışmadığım bir əhvalatı xatırladım. Bir gün dərs başa çatanda Şeyx İbrahim adlı şəxsi çağırıb dedi: \"Eşitdim ötən gecə Hacı Sadiqin evində Nəcəfin varlılarına söhbət edəndə mənim adımı çəkmisən. Əgər halal-haramı qəbul edirsinizsə, haradasa adımın çəkilməsinə razı olmadığımı bilin. Mənim dərsimdə iştirak edənlərə bu işə icazə vermirəm və bilin ki haramdır. \" Bəli, Qazi belə idi. Hətta danışanda düzgün başa düşülməyəcəyindən ehtiyatlanıb bəzi sözləri dilə gətirməzdi. Aşiqlərinə ciddi tapşırardı ki, ona xatir məclis qurmasınlar. Haqqındakı təriflər Qazinin fəzilətlərinin heç üçdə biri deyildi. Amma yenə də razı deyildi ki, onun haqqında danışılsın.
Sual: Bu barədə şagirdlərinə də tövsiyə verirdi?
Ayətullah Kaşani: Tapşırırdı ki, əgər bir gün mərifətə çatsanız bunu ətrafdakılara bildirməyin, qoy onlar özləri bunu hiss etsin.
Sual: Hansı kəramətini xatırlayırsınız?
Ayətullah Kaşani: Şahidi olduğum bir hadisəni danışım. O zaman fiqh və üsul dərslərində 250-300 nəfər iştirak edən bir alim vardı. Onun xanımı ağır xəstələnmişdi, ölüm ayağında idi. Alim Qazinin görüşünə gəlmişdi. Qazi xanımının vəziyyəti soruşdu. Alim ağladı. Onların övladı yox idi, bir-birlərinə çox bağlanmışdılar. Dedi ki, xanımım can üstədir, o getdi mən də gedəsiyəm. Cənab Qazi danışanda adamın üzünə baxmazdı. Başıaşağı vəziyyətdə dua oxudu, sonra əlini qaldırıb gözlərini sildi. Alimə dedi ki, buyur get evə, inşaalah, Allah onu sənə qaytarar. Bu alim Qaziyə dərindən inanırdı. Bilirdi ki, dediyi söz həqiqətdir. Tələsik qalxıb evə getdi. Evə çatanda görmüşdü ki, xanımı ayaq üstə ev işlərinə məşğuldur. Xanım ərinə demişdi ki, dünyadan gedibmiş. Dördüncü səmaya çatanda onu saxlayırlar, deyirlər filankəsin duasına xatir ömrünü artırıblar!
Sual: Ustadın ölümü barədə nə deyə bilərsiniz?
Ayətullah Kaşani: Mənim qəlbim sızıldayır. Yalnız əfsus deyə bilirəm. Baxırsan ki, kimin üçünsə cah-cəlalla məqbərə qurulub, kimi də tanınmadan yaşayıb, başının üzərində sadə bir daş var. Nə dəbdəbə var, nə ziyarətçi! İnna lillahi və inna iləyhi raciun...
Sual: Onu qısaca necə vəsf edərdiniz?
Ayətullah Kaşani: Mən Qazini tanıtdırmaq ləyaqətinə malik deyiləm. Mən ona bənzərini görməmişəm. İstisna bir insan idi. Əsil Allah adamı idi! Vilayet.nur-az


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter