Məhdəviyyətin (İmam Zamanın olması və gəlməsinin) bir əsası vardırmı?
Bəzi qərb yönümlü müsəlman ziyalıları iddia edirlər ki, məhdəviyyət inancı cəmiyyətdəki siyasi təzyiqlərdən qaynaqlanır.
Şərqşünas Fan Floten deyir: “Abbasilərin zülm-sitəmi əməvilərin zülm-sitəmindən az olmamışdır. Sıxıntılar nəticəsində əzilən sinif özünü ümidvar etmək istəyi ilə məhdəviyyət inancına bağlanmışdır. Onlar bu yolla ruhi sarsıntılarını yüngülləşdirməyə çalışmışlar...”[1]
Digər bir şərqşünas Donaldson deyir: “Çox ehtimal ki, Bəni-Üməyyə hakimlərinin ciddi siyasi sıxıntıları nəticəsində məhdəviyyət nəzəriyyəsi formalaşmışdır”.[2]
Əhməd Əmin Misri deyir: “Məhdəviyyət əqidəsinin əsas yaranış amili İmam Əlinin (ə) şəhadətindən və Müaviyənin hakimiyyətə gəlməsindən sonra şiələrin üzləşdiyi sıxıntılar olmuşdur. Bu sıxıntı Həsən ibn Əlinin (ə) Müaviyəyə beyəti və Hüseyn ibn Əlinin (ə) şəhadətindən sonra daha da güclənmişdir. Həmin vaxt şiələr taktikanı dəyişərək aşkar dəvətdən çəkinmiş və zülmə qarşı gizli mübarizə yolu seçmişlər...”[3]
Məhəmməd Əbdülkərim Ətfəm deyir: “Əslində Mehdiyə etiqad İmamın qeybindən öncə yaranmışdır. Bu əqidə Kərbəla hadisəsindən sonra əməvi hökumətinin şiələri sıxıntıya salması nəticəsində ortaya çıxmışdır. Bütün bu sıxıntılar şiələrin məhdəviyyət əqidəsi üçün zəmin hazırlamışdı. Məhdəviyyət şiələri mövcud vəziyyətdən qurtarsa da, bir arzu olaraq onların həyatına mənfi təsir göstərmişdir”.[4]
İradlarımızı bildirək:
1. Tarix boyu istər müsəlman, istər qeyri-müsəlman məzlumlar siyasi təzyiqlərə məruz qalmışlar. Amma bu o demək deyil ki, sıxıntı keçirənlər məhdəviyyət etiqadını uydurmuşlar. Əksinə, Allah-taala Öz məsləhətinə uyğun olaraq yer üzündə ədaləti bərpa etmək üçün Öz xilaskarının zühurunu müəyyənləşdirmişdir.
2. Öncə qeyd etdiyimiz kimi, məhdəviyyət mövzusu bəşər fitrətinin tələbidir. Əql, Quran və rəvayətlər bu həqiqəti təsdiqləyir və müsəlman icması bəzi qərb yönümlü ziyalılar istisna olmaqla, məhdəviyyətə inanırlar.
3. Məhdəviyyət və İmam Mehdinin (ə.f) zühur intizarı kamil şəkildə dərk olunduqda heç bir mənfi təsirə malik olmur. Bu inancın yetərincə müsbət təsirləri var. İntizar insanda ümid ruhiyyəsi yaradır, cəmiyyət həzrətin zühuru üçün münasib zəmin yaratmağa çalışır.
***
Fan Floten deyir: “Şərq ruhiyyəsi ümumi şəkildə qeybi xəbərlər sorağındadır. Onlarda qeyb pərdələrinin açılmasına, gələcəkdən xəbər tutmağa meyl böyükdür. Bəli, xilaskarın zühuruna etiqad şərq təbiətinə uyğundur və bu etiqad cəhalət və istibdad nəticəsində yaranmışdır”.[5]
Sualı cavablandıraq:
1. Bu əqidə təkcə şərqə aid deyil, əksər dinlərdə, məktəblərdə və ayinlərdə onun oxşarı var.
2. Məhdəviyyət insan fitrətindən qaynaqlanan bir əqidədir.
3. Qeyd olunduğu kimi, məhdəviyyət ayə və rəvayətlərə, icmaya və bütün din və məktəblərə uyğun əqidədir.
İngilis filosofu Bertrand Rassel deyir: “Dünya hamını birləşdirib, bir bayraq və bir şüar ətrafında toplayacaq xilaskarın intizarındadır”.[6]
Nisbilik nəzəriyyəsinin banisi Eynşteyn deyir: “Sülh-səfanın bütün yer üzünü bürüyəcəyi və insanların dost və qardaşcasına yaşayacağı gün bir o qədər də uzaq deyil”.[7]
***
Bəziləri məhdəviyyət əqidəsini İslama kənardan gəlmiş əqidə kimi qəbul edirlər.
Culd Zeyher deyir: “Mehdi (ə.f) əqidəsinə qayıdış qeyri-İslami prinsiplərdəndir. Əslində bu əqidə əfsanə və qeyri-real işlərdəndir”.[8]
Saih Əli Hüseyn deyir: “Qeyb və qayıdış əqidəsi və nəzəriyyəsi yəhudilər və məsihilər arasında müştərək əqidədir. Şiə məzhəbi yalnız bu iki mənbədən təsirlənə bilər...”[9]
Doktor Əbdürrəhman Bədəvi deyir: “Müsəlmanlar arasında Mehdi (ə.f) əqidəsini Kəbul-Əhbar yaymışdır”.[10]
Bütün bu iddiaların cavabı var:
1. Quran və mütəvatir rəvayətlərə əsasən İmam Mehdinin (ə.f) zühuruna inam əsl İslam əqidəsidir. Bu məsələyə digər dinlərdə də işarə olunmuşdur. Uyğun əqidəni əfsanə saymaq üçün heç bir əsas yoxdur.
2. Bu əqidə təkcə şiələrə aid deyil. Peyğəmbər səhabələri də ayə və rəvayətlərə əsasən, Məhdəviyyətə inanmışlar. Bütün İslam tarixi boyu şiə və sünni məzhəbindən olan böyük alimlər məhdəviyyəti qəbul etmişdir.
3. Belə əqidənin yəhudi və məsihilərə aid olması o demək deyil ki, İslamda bu əqidə ola bilməz və o hökmən başqa dinlərdən götürülmüşdür. Əksinə, digər səmavi dinlərdə də uyğun əqidənin mövcudluğu məhdəviyyətin insan fitrətindən qaynaqlandığını və Allah tərəfindən təqdir olunduğunu göstərir.
4. İslam cəmiyyətində məhdəviyyət əqidəsi Kəbul-Əhbar tərəfindən yayılmamışdır. Allah və Onun peyğəmbərləri, xüsusi ilə İslam Peyğəmbəri (s) və onun məsum Əhli-beyti (ə) cəmiyyəti məhdəviyyət məsələsindən məlumatlandırmışlar.
***
İordaniya Universitetində fəlsəfə bölməsinin rəisi Doktor Səlman Büdur məhdəviyyət haqqında deyir: “İslam Peyğəmbərinin (s) hökuməti İslam və digər dinlərin müjdə verdiyi ədalət hökumətinin mücəssəməsi idi. Bir çox müsəlmanlar elə həmin dövrdə ədalət hökumətinin dünyaya yayılmasını arzulayırdı. Bu arzu gerçəkləşmədi. Amma hələ də İslam mütəfəkkirləri, xüsusilə İmamiyyə şiələri bu arzu ilə yaşayır”.[11]
Həzrət Muhəmmədin (s) dövründə İslam bütün yer üzünə yayılmasa da, əvvəla, İslam haqqında bir din olaraq bütün dünya xəbər tutdu və həzrət Peyğəmbər (s) bütün yer əhlini İslama dəvət etdi.
İkincisi, Quran və Peyğəmbər (s) İslamın bütün yer üzünə yayılacağına xəbər vermişlər. Müsəlmanların bu amaldan məyus olub məhdəviyyətə üz tutması fikri yanlışdır.
Doktor Əbdülcəbbar Şərarə deyir: “Elm və mərifət iddiasında olan bir qrup insanın elə qədim dövrdən hazırkı dövrədək İslam cəmiyyətində şübhə yaratması təəccüb doğurur. Əslində onların iddiası düşüncələrinin darlığını göstərir. Culd Zeyher, Fəlhauzen, Fan Floten, Mak Donald, Bernard Levis, Monteqri, Vat və Masinyon kimi şərqşünaslar və onların şagirdləri şərq təfəkküründən qidalandıqları halda heç bir dəlil gətirmədən məhdəviyyət məsələsini şübhə altına alırlar. Hansı ki aşkar və qəti dəlillər onların nəzərinə çatdırılır. Fundamental şəkildə sübut olunmuşdur ki, dünyanın axırlarında İmam Mehdi (ə.f) zühur edəcək. Bu əqidəni əhli-sünnədən olan Bərzənçi, Şövkani və başqaları mütəvatir hədislərə əsaslanaraq qəbul edirlər...”[12]
***
Müsəlmanlar arasında müxtəlif məzhəbi ixtilaflar olsa da, onlar məhdəviyyət əqidəsinə münasibətdə yekdildirlər. Bu əqidə hansısa məzhəbə aid deyil. İmamiyə, zeydiyyə, maliki, hənəfi, şafei, hənbəli, hətta vəhhabi firqəsində dә məhdəviyyət məsələsi qəbul olunur. Bütün məzhəblər inanır ki, Peyğəmbər (s) nəslindən olan bir şəxs qiyam edib, yer üzünü bürümüş zülm kökünü kəsəcək və ədaləti bərpa edəcək.
Əksər sünni alimləri bu əqidənin bütün müsəlmanlara aid olduğunu bildirir. Hətta bəzi sünni fəqihləri bu əqidəni inkar edənlərin qətlini vacib saymışlar.
Əhməd Əmin Misri məhdəviyyət məsələsini prinsipcə inkar etsə də, onu sünnə əhlinin aşkar əqidələrindən sayır.[13] [14]
www.İmamzaman.az
[1] Əs-səyadətul-ərəbiyyə, səh.132
[2] Əqidətuş-şiə, səh.213
[3] Zəhyul-İslam, c.3, səh.241
[4] Ən-nəzəriyyətul-siyasiyyətul-məasirətuş-şiətul-İmamiyyə, səh.86
[5] Əs-səyadətul-ərəbiyyə, səh.107
[6] Elmin cəmiyyətə təsiri, səh.56
[7] Nisbiyyət anlayışı, səh.35
[8] Əl-əqidə vəş-şəriə, səh.218
[9] Tərasəna və məvazinul-nəqd, səh.184
[10] Məzahibul-İslamiyyin, c.2, səh.76, 77
[11] Dirasətu әnil-firəq fi tarixul-muslimin, səh.222
[12] Bəhsun həvlәl-Məhdi, səh.16-17
[13] Əl-Məhdi vəl-Məhdəviyyə, səh.110
[14] Əliəsğər Rizvani, Məhdəviyyətlə bağlı şübhələrə cavab
- See more at: http://İmamzaman.az/index.php?do=meqale&id=434#sthash.1GlkimaN.dpuf