Əraf haradır və Əraf səhabələri kimlərdir?


“O iki dəstənin (Cənnət əhli ilə Cəhənnəm əhlinin) arasında bir pərdə və arakəsmə vardır. Ə’rafın üstündə hər bir dəstəni simalarından tanıyan (məsumlar və Allahın övliyalarından olan) kişilər vardır. Onlar hələ daxil olmamış və (lakin daxil olmalarına) ümid bəsləyən Cənnət əhlinə «Sizə salam olsun» (deyə) nida edərlər. Gözləri Cəhənnəm əhlinə tərəf dönən zaman (isə) deyərlər: «Ey Rəbbimiz, bizi zalım qövmlə birgə etmə». Və Ə’rafın üstündə olan kəslər üzlərindən tanıdıqları (Cəhənnəm əhlindən olan) kişiləri səsləyər (və onları məzəmmət etmək məqsədilə) deyərlər: «(Gördünüz ki,) sizin toplum və cəmiyyətiniz (yaxud topladığınız mal-dövlət) və təkəbbür göstərməyiniz (sizdən heç bir əzabı) dəf etmədi!». (Və möminlərə işarə edərək deyərlər:) «Məgər bunlar Allahın Öz rəhmətinə qovuşdurmayacağını and içdiyiniz kəslər deyildirlər? (Sonra möminlərə deyəcəklər:) “Cənnətə daxil olun ki, sizə nə bir qorxu var və nə də qəmgin olacaqsınız”». (“Əraf” 46-49).
Əraf haradır və Əraf səhabələri kimlərdir? Bu haqda təfsirçilər arasında fikir ayrılığı vardır. Yuxarıdakı ayədən də aydın olur ki, Əraf səhabələri Qiyamət gününə aid bir məsələdir. Bəzi təfsirçilər deyirlər ki, Əraf behiştlə cəhənnəm arasında olan divar və ya pərdədir. Yəni, orada olan hər bir insan hər iki tərəfi görə bilir. (Tebyan)
Başqa bir ayədə də bu divar və ya pərdə haqqında söz açılmışdır: “(Həmin) o gün ki, münafiq kişi və qadınlar (məhşər əhlinin məxsus hədəf istiqamətindəki yolunda) iman gətirənlərə deyəcəklər: «Bizə görə (bir az) dayanın və möhlət verin və ya bizə tərəf baxın ki, nurunuzdan işıq götürək». Onlara deyiləcək: «Geriyə (dünyaya) qayıdın və (orada) nur axtarın». Həmin vaxt onların (mömin və münafiqlərin) arasında qapısı olan divar çəkiləcək. Onun (cənnətə sarı olan) içəri tərəfində mərhəmət, (cəhənnəmə sarı olan) çölündə isə o tərəfdən əzab vardır”. (“Hədid” 13).
Bəzi təfsirçilər isə deyir ki, Əraf ruhani dərəcələrindən ən alisidir ki, behişt və cəhənnəmdən xaricdədir və hər ikisini əhatə edər. Bəzi təfsirçilər isə Ərafı behiştlə cəhənnəm arasında olan dağlara və təpələrə şamil edirlər. Həzrət Peyğəmbərdən (s) gələn hədisdə oxuyuruq ki, Əraf – Ühüd dağına aid edilir ki, Həzrət Peyğəmbərin (s) ona əlaqəsi olduğu üçün Qiyamət günü behiştlə cəhənnəm arasında təcəssüm edəcəkdir. Bəzi təfsirçilərin isə nəzərinə görə Əraf – elm əhli və mərifətə tam yiyələnən insanlardır. Onlar insan tayfalarını yaxşı tanıyır, behiştlə cəhənnəm əhlini bir-birindən ayırd edə bilirlər. Hədislərin birində oxuyuruq ki, Əraf – Allah yanında olan ən böyük xəlq olmuşdur.
Əraf səhabələrinin kimlər olduğu haqda nəzərlər müxtəlifdir. Bu nəzərləri üç dəstəyə bölmək olar:
1. Onlar böyük və şəxsiyyətli insanlardır ki, bütün xəlq olmuşlardan şərəflidirlər. Onlar xəlq olmuşların əvvəl olanını və sonuncusunu tanıyırlar. Necə ki, dünyada olan zaman xeyir və iman əhlini, şər əhlini tanıyardılar. Onlar behişt əhlinə salam göndərər və Qiyamət günü başqalarına təsəlli verərlər. Onlar Allahın izni ilə nüfuz və qüdrət sahibidirlər. Ona görə də behiştə girmək üçün əmr verərlər. Bu nəzərə görə Əraf səhabələri – Allahın xüsusi bəndələridir. Onlar Qiyamət gününün hesabında istisna insanlardır. “Beləliklə onlar onu təkzib etdilər. Şübhəsiz onlar (Qiyamət günü hesab və əzab üçün) hüzura gətiriləcəklər. Allahın paklaşdırılmış və seçilmiş bəndələri istisna olmaqla!”. (“Saffat” 127-128). Bəzi təfsirçilər bu insanların İlahi peyğəmbərlər (ə) olduğunu iddia edir. Bunu isbat edən hədislər də vardır.
2. Orta həddə olan insanlardır ki, kafirlərdən və münafiqlərdən üstündür. Onlar da behiştə daxil olacaqlar. Onlar behiştə girməyi arzu edən kəslərdir. Lakin hələ ona daxil olmayıblar. Ona görə də Əraf səhabələri o kəslərdir ki, yaxşı və pis əməlləri bərabərdir. Heç biri o birisini üstələmir. Ona görə də onlar Ərafda ilişib qalıblar. Həmçinin bəzi təfsirçilər deyir ki, kafirlərin uşaq olan zaman ölən övladları, imanlı cinlər və o kəslər ki, öz ibadətlərinə görə təkəbbür edirlər, zinadan doğulan uşaqlar, o kəslər ki, səğirə günahı ediblər - onları insanların olduğu ən axırıncı təpədə qərar verərlər və Əraf səhabələri adlandırırlar. Bu insanlara həmçinin valideynindən ancaq birinin ondan razı olduğu, o kəslər ki, valideynin icazəsi olmadan cihada gediblər - onlar da şamil olur.
3. İnsan cildində Ərafda aşkar olan mələklər. Onlar möminləri kafirlərdən ayırd edərlər.
Bəzi hədislərdə isə oxuyuruq ki, Əraf o yerdir ki, imanlı və güclü insanlar oradan keçər, ancaq orta hədli insanlar orada ilişib qalarlar. İlahi rəhbərlər bu yerdə dayanar və zəif olanlara yardım edərlər. Həm də hər iki tərəfə nəzər salıb onlarla söhbət edərlər. Deyerler.org


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter