Kərbəlada qadınların olmasının sirri və faydaları nə oldu?


Kərbəla qadınları

Təqribən 1400 il əvvəl “Kərbəla” adlı bir çöldə baş verən hadisə parlaqlığı ilə əbədiyyətə qovuşdu. “Aşura” hadisəsi, bu hadisə qəhramanı, zülm və zalımı şəhadəti ilə məhv edən İmam Hüseyn (ə) idi. İnsanların nicatı üçün qiyam etdi və bu yolda öz ailəsinin şəhadətini belə gözə aldı. İmam Hüseyn (ə) karvanı təkcə əsgərlərdən yox, kişi, qadın, qoca, cavan, uşaq və böyüklərdən ibarət eşq karvanı idi. Bu karvandakıların hər biri fədakarlıq və canfəşanlığı ilə tarixə iz saldı.
İmam Hüseyn (ə) həqiqətdə bilirdi ki, hərbi gücü ilə düşmənin qüdrətli və sayca çox olan qoşununu məhv edə bilməz, amma İmam Hüseyn (ə) ali hədəfə çatmaqdan ötrü başqa plan cızmışdı. Onun planı karvandakıların fədakarlıq və şücaətlərini nümayiş etmək idi. Bu karvandakıların bir şüarı vardı: “Zillət bizdən uzaqdır!”
Əgər qadınlar əzizlərinin müsibətlərini müşahidə edərkən səbirsizlik etsəydilər, ər və övladlarını candan keçənə qədər İmamı himayə etməyə hər tərəfli (dildə və əməldə) çağırmasaydılar, aşura qiyamının sonu necə olacaqdı?
Həqiqətən xanım Zeynəbin (s) rəşadət, şücaət və səbrini nəzərə almadan Aşura hadisəsini necə vəsf etmək olar?
Xanımların ər və övladlarına ruhiyyə bağışlamalarını, onlara mehriban şəfqət bacısı olmalarını, söz və nalələri ilə düşmənin canını lərzəyə salmalarını görməməzliyə vurmaq olmaz.
Mən bu məqalədə, Kərbəla tarixinin səhifələri arasında qadınların bu qiyamda rolunu çox araşdırdım. Məqsədim bu idi ki, bəlkə bu işimlə Aşura qadınlarının izzət və məqamını dərk edim və bununla iftixar edim.

Qadınların karvanda iştirakının sirri
İslam siyasətində İmamın (ə) elm və istedada malik olmasını nəzərə alsaq, İmam Hüseyn (ə) mübarizəyə düzgün planla başladı. Hədəfinə kömək edən amillərdən istifadə etdi. İmamın (ə) hədəfinə ən təsirli amillərdən biri qadınların bu qiyamda iştirakı idi. Əgər İmam bir dəstə səhabəsi və qohumları ilə Kufəyə getsəydi, təkcə şəhadətə yetişəcəkdi. Bəni-üməyyənin hər yerdə hazır olan təbliğat qrupları dərhal bütün hadisəni özlərinin xeyrinə izah edəcəkdi.
Bəni-üməyyənin mənfi təbliğatının təsirləri nəticəsində xalq bu qiyamı, ərəblər arasında olan adi qiyamlardan biri sayardılar. Qiyam nətcəsində baş verən oyanış sədalarını tez bir zamanda yatırdardılar. Nəticədə hökumət kürsüsü yenə Bəni-üməyyənin ixtiyarında qalacaqdı. Amma xanımların bu qiyamda iştirakı imkan vermədi ki, Bəni-üməyyə öz mənfur planı əsasında hərəkət etsin. Mərhum Ayəti israrla bildirir ki, Əhli beyt qadınları və Əli ibn Hüseynin (ə) müxtəlif fürsətlərdə çıxışları Kərbəla hadisəsinin (sözdə və əməldə) təhrif olunmamasından ötrü idi.
Ölüm və şəhadət Hüseyn (ə) planının əsasını təşkil edir, əgər Kərbəlada insanı lərzəyə salan səhnələr olmasaydı Zeynəb (s) və Zeynəl-abidin (ə) nəyin vasitəsilə ilə təbliğ edəcək və hansı təbliğat silahı ilə əməvilərin zülmünə son qoyacaqdı?
Hüseyn (ə) öz şəhadətilə bu vasitəni yaradır, özü getsə də bir təbliğat silahını Zeynəb (s) və qalanların ixtiyarında qoyur. Bu əsasla o bu yolu tənha deyil, xanımlarla, uşaqlarla və qohumları ilə gedir.
İmam Hüseynə (ə) dedilər:” Ey Hüseyn! Niyə bu təhlükəli səfərə qadın və uşaqları da aparırsan?”
Məhəmməd Hənəfiyyə, Hüseynin (ə) qadın və uşaqları səfərə aparmamasından ötrü, ağlayaraq dəfələrlə israr edirdi. Lakin Hüseyn (ə) hamıya bir cavab verirdi:” Yox, Onlar da gərək mənimlə səfər etsinlər, Allah ailəmdən, onları əsarət libasında görməsini istəyib.”
Bəli, əsirlər karvanı yola çıxmalı, əsir paltarında İmam Hüseynin (ə) qətlini insanlara çatdırmalı, Kufə və Şam şəhərlərində inqilab yaratmalıdır.

Qadınların Aşura qiyamında rolu
1. Qiyamın həqiqətini bəyan etmək
İmam Hüseynin (ə) Məkkədən Kufəyə qiyam üçün səfəri “Bəni üməyyə” ilə döyüşdən ötrü deyil, bəlkə pisliklərdən çəkindirmək, bidətləri aradan qaldırmaq, xalqın işlərini islah etmək və haqq və həqiqəti tanıtdırmaqdan ötrü idi. O zamanın təbii amillərini və vəziyyətini nəzərə alsaq, aydın olur ki, Hüseynin (ə) Hicazdan İraqa hərəkətinin səbəbi Kufə böyüklərinin ona yazdıqları çoxsaylı məktublar idi. Qadınların bu səfərdə olmaları onu göstərir ki, Həzrət (ə) Kufəlilərin dəvətini səmimi qəlbdən qəbul edib, ailəsilə birlikdə onlara tərəf gedir.
2. Allah yolunda fədakarlığın həddini təyin etmək
Bəzi ayə və rəvayətlərlə əsasən müsəlman gərək dinin qorunması yolunda mal və canından keçsin. İmam Hüseyn (ə) əməli surətdə bunu müsəlmanlara öyrətdi. İnsan təbiəti elə yaradılıb ki, çox vaxt özünün yaralanması və ölməsindən dəhşətli dərəcədə qorxmur. Amma bilsə ki, təslim olmadığı surətdə ailəsinə zərər vuracaqlar, çox vaxt düşmən qarşısında təslim olmağı seçir.
İmam Hüseyn (ə) Kərbəlada çətin mövqedə yer almışdı. O və ailəsi, az bir qoşunla susuz və azuqəsiz halda, otuz min düşmən qoşunun mühasirəsində idi. Bir tərəfdən xanımların və qızların naləsi Hüseynə (ə) təsir edir, o biri tərəfdən düşmən dəfələrlə onu təslim olmağa çağırır. Bütün bunlara baxmayaraq Hüseyn (ə) son nəfəsinə kimi izzətini qorudu, düşmənə təslim olmadı.
3. Nalə və göz yaşları
İmam Hüseynin (ə) ailəsi müxtəlif səhnələrdə ağlayır və nalə edirdilər. Bu nalələr o qədər təsirli idi ki, düşməndə belə təsir qoyur, onların ruhiyyəsində dəyişiklik yaradırdı. Hüseyn (ə) və yoldaşlarının şəhadəti xalqa o qədər təsir etmədi. Amma qadınların nalələri səbəb oldu ki, xalq bundan təsirlənsin. Aşura günü qadınların göz yaşı və nalələri İbn Ziyad və Yezid kimilərin qurduqları şadlıq məclislərini çökəldir, hər yerdə bu qiyamı dirildir və imkan vermirdi ki, Bəni-üməyyə bu qiyamın təsirlərini məhv etsin. Kufədə, Şamda, Mədinədə və yol boyu canyaxan göz yaşları və nalələr Aşura qiyamını elə təcəssüm etdirirdi ki, sanki camaat bütün olanları müşahidə edirdilər.
4. Xanımların əsarəti
Məhəmməd ailəsnin əzizlərini şəhadətə yetirəndən sonra onların özlərinin də Bəni-üməyyə tərəfindən əsir edilməsi, bütün müsəlmanların nəzərində dinin məntiqinə və Qurana zidd bir əməl idi. Bəni-üməyyə yol boyu əsirlərə verilən işgəncələrə haqq donu geyindirə bilmədi. Nəticədə Peyğəmbər (s) və ailəsi ilə olan düşmənçilikləri xalqa aşkar oldu.
Xanımlar əsarət dövründə “Bəni üməyyənin” işlərinə etiraz edir, insanlara həqiqəti çatdırırdılar. Şam camaatı, əsirlərdən soruşanda ki, Siz kimsiniz Hüseynin (ə) qızı Səkinə buyururdu:” Biz “Ali- Məhəmmədin” əsirləriyik.”
Yezidin məclisində Hüseynin (ə) qızı Fatimə səsləndi:” Ey Yezid! Məhəmmədin (s) ailəsi əsir olmalıdır?”
Bu sözün təsirindən məclisdəkilər və Yezid ailəsi ağlamağa başladı. Şübhəsiz ki, “Ali Məhəmmədin” əsir edilməsi və bu cür sözlər xalqda əməvilərə qarşı nifrət yaratdı və onların hökuməti xalqın gözündən düşdü. Əsirlərin təbliğatı əməvilərə qarşı ən gözəl təbliğ idi.
Şeyx Bəhai yazır:” Əsir qadınlar saraya daxil olan zaman “Ali Əbu Sufyanın” qadınları ağlar gözlərlə onları qarşıladılar və onların əllərindən öpdülər.”

Aşura qiyamında qadınların iştirakının müxtəlif cəhətləri

Aşura qiyamının tarixinə nəzər saldıqda, Kərbəla qadınlarının müxtəlif planları öhdələrinə götürməklə bu qiyamı əbədiyyətə qovuşdurmalarını müşahidə edirik. Həqiqətən fədakar qadınların dərslərinin hər biri bir həqiqəti aşkar edir. Bu dərslərə nümunə olaraq aşağıdakıları sadalaya bilərik:
- Qadınların cihadda iştirakı
Aşura qiyamında qadınların cəbhədəki iştirakı və həmkarlığı müxtəlif şəkildə cilvələnir. Bu həmkarlıq Kufədə, Müslümün qiyamında, Kərbəlada şəhidlərin zövcələrində və Kufə qoşununun cinayətlərinə etiraz edən qadınlarda özünü doğruldur.
- Səbr dərsi
Kərbəlada müsibətlər müqabilində qadınların müqaviməti və səbri, Kərbəla dərslərindən biridir. Səbrin ən üstün mərtəbəsi Zeynəbin (s) rəftarında və ruhiyyəsində cilvələnirdi.
- Xəbər gətirmək
Kərbəla qadınlarının vəzifələrindən biri də istər əsarətdə olarkən, istər Mədinəyə dönəndə xəbər gətirmək idi. Xanımlar nitqlərində, fərdi dialoqlarında əməvilərin cinayətlərini ifşa edirdilər.
- Şəfqət
Kərbəlada xəstələrə və yaralılara şəfqət bacısı olmaq qadınların vəzifərindən biri idi. Zeynəbin (s) İmam Səccada (ə) şəfqəti və onu qoruması buna nümunədir.
- İdarəçilik
Çətinliklər istedadların zühur etməsinə səbəb olur. Zeynəbin (s) Aşurada rolu, böhranlı şəraitdə idarəçiliyi öyrətdi.

Aşura qiyamının qadınları

Aşura qiyamında iştirak edən qadınların bəziləri bunlardır:
- Zeynəbi-Kübra (s) - O, Əli ibn Əbutalibin qızı, İmam Hüseyn və Həsənin (ə) bacısı, Abdullah ibn Cəfər Təyyarın xanımıdır. Həzrəti Zeynəb (s) “Ümmül məsaib” (Müsibətlər anası) ləqəbi ilə məşhurdur. Onun qardaşına möhkəm əlaqəsi vardı. Səbrdə İmam Həsən (ə), şücaətdə isə Hüseyn (ə) kimi idi. Cəbrayıl Peyğəmbərə (s) nazil olub xəbər gətirdi ki, bu qızın adını Zeynəb qoy! Sonra ağladı. Peyğəmbər (s) Cəbrayıldan ağlmağının səbəbini soruşanda, dedi:” Bu qız ömrünün əvvəlindən axırınadək çətinlik və əziyyət içində olacaq. Həm sənin müsibətinə, həm atasının qəminə, həm də Həsənin (ə) ayrılığına mübtəla olacaq. Bunlardan əlavə Kərbəla müsibətinə düçar olacaq. Bu müsibət qamətini əyəcək, saçlarını ağardacaq. Bu an Fatimə (s) buyurdu:
“Ey Ata! Qızım Zeynəbə ağlayanın savabı nədir?”
Peyğəmbər (s) buyurdu: “Onun savabı qardaşı Hüseynə (ə) ağlayanın savabı kimidir.”
Deyirlər Zeynəb (s) yoldaşı ilə şərt qoymuşdu ki, hər gün Hüseynin (ə) ziyarətinə getsin.
- Ümmi-Vəhəb (Vəhəbin anası) – Ümmi-Vəhəb İmam Hüseynin (ə) vaxtında müsəlman olan məsihilərdəndir. O, Kufədən gəlib Hüseynin (ə) dəstəsinə qoşulan Əbdullah ibn Umeyr Kəlbinin xanımı idi. Aşura günü Vəhəbin anası onu meydana göndərdi. “Muntəhəl-amaldakı” rəvayətə görə Vəhəb yeddi, səkkiz nəfəri öldürəndən sonra əsir düşdü. Ömər ibn Sə`din əmri ilə başını kəsib Hüseyn (ə) qoşununa tərəf atdılar. Anası Vəhəbin qılıncını götürüb düşmənlə mübarizə etdi. İmam (ə) buyurdu:” Əl saxla, Vəhəbin anası! Allah qadınlara cihad əmr etməyib, sən və oğlun cəddimlə cənnətdə olacaqsınız.”
- Ümmil-Bənin - “Ümmil-Bənin” ləqəbi ilə tanınan Fatimə binti Həzam, Əbəlfəzlin (ə) anası idi. Özü Kərbəlada olmasa da dörd övladı Aşura qiyamında şəhid oldu. Övladlarının şəhadət xəbərini ona çatdıranda, dedi:” Mənə İmam Hüseyndən (ə) xəbər verin, övladlarım Hüseynə (ə) fəda olsun. Niyə ilk olaraq mənə Ondan xəbər vermirsiniz?”
- Fatimə Kübra - İmam Hüseynin (ə) qızı Fatimə Kübra elmdə, ibadət və mənəviyyatda böyük məqama sahib idi. Həmçinin mücahid və nümunəvi qadınlardan sayılırdı. O, yoldaşı Həsəni müsənna (İmam Həsənin (ə) oğlu) ilə Kərbəlada iştirak edirdilər.
Əməvilərin xeymələrə vəhşicəsinə hücumu zamanı, Fatimənin sırğalarını qulağından amansızcasına dartıb çıxarırlar. O, Ubeydullahın qüdrətə çatdığıı Kufə şəhərində öz xütbəsi ilə Bəni–üməyyənin zülmünü ifşa etdi. Dünyapərəstlərə başa saldı ki, Hüseyn (ə) qanı, Fatimənin (s) damarlarından axan qandır. Aşuradan sonra Vəlid ibn Əbdül-Məlik və Mərvan, Fatimənin həyat yoldaşını zəhərləyib şəhid etdilər. Ərinə vəfalı Fatimə xanım onun qəbri üstündə məskən salıb, bir il əza saxlayır.
- Şəhribanu - Əsli İranlı olan Şəhribanu Hüseynin (ə) xanımlarındandır. O, körpəsi Kərbəlada şəhid olan qadınlardandır. Övladı Hani ibn Səbit tərəfindən qətlə yetirilib. Bu xanım Zeynalabidinin (ə) anası Şəhrubanu deyil.
- Ümmi-Xələf - Müslim ibn Oscənin xanımıdır. Deyirlər Müslimin oğlu, atasının şəhadətindən sonra meydana getmək istədi. İmam Hüseyn (ə) buyurdu:” Ey cavan! Atan şəhid oldu. Səndə şəhid olsan anan nə edəcək?”
Bu sözdən sonra Müslimin oğlu qayıtmaq istədi. Bu anda anası onun yolunu kəsib dedi:” Ey oğul! Salamatçılığı Peyğəmbərin oğluna köməkdən üstün tutursan? Şəhid olmağını görməyincə səndən razı olmaram. Oğlu şəhid olarkən isə fəryad etdi: Ey oğul! Şad ol ki, Kövsər hovuzunun saqisinin əli ilə sirab olacaqsan.”
- Rübab - O, Böyük ərəb şairi Əmr Əl Qeysin qızı, Seyyidüş-şühədanın (ə) xanımlarından idi. O, Səkinə və Əbdullahın (Əli Əsğərin) anasıdır. Kərbəla hadisəsindən sonra əsir olaraq Şama aparıldı, oradan da Mədinəyə döndü. Mədinəyə qayıdandan sonra ona bir çox ərəb böyükləri elçilər göndərdi. Amma Rübab bunların hamısına rədd cavabı verdi. Deyirlər Hüseynin (ə) qəbri kənarında bir il əza saxladı. Rübabın iftixarlı ölümü Kərbəla hadisəsindən bir il sonra baş verdi.
- Ümmi-Ömər - Kərbəla qadınlarından olan Ümmi -Ömər oğlunu şəhidlik şərbəti içmək üçün meydana yolladı. Oğlunun başını kəsib Hüseynin (ə) qoşununa tərəf atanda Ümmi Ömər başı ağuşuna alıb, öpəndən sonra dedi:”Afərin sənə! Gözümün nuru, oğlum!”
- Sonra oğlunun başını düşmənə tərəf atdı. Düşmənə hücum edib Sə`din qoşunundan iki nəfəri qətlə yetirdi. Sonra İmamın əmri ilə geri döndü.
- Fəkihə - Fəkihə, Abdullah ibn Əriqətin xanımı idi. Onun Qarib adlı oğlu Kərbəlada şəhid oldu. Özü isə əsir olub digər əsirlərlə Şama getdi.
- Ümmi-İshaq - O, Təlhə ibn Abdullahın qızı, İmam Həsənin (ə) həyat yoldaşı idi. Oğlanları, Həsən ibn Həsən (ə) və Təlhə ibn Həsən (ə) Kərbəlaya gələnlərdəndirlər.
- Ümmi-Gülsüm - O, Əli ibn Əbutalibin (ə) qızı, Müslüm ibn Əqilin xanımı və Abdullah və Məhəmmədin anası idi. Ümmi-Gülsüm Kərbəlada olan xanımlardandır. Deyirlər Müslümün ölüm xəbəri İmam Hüseynə (ə) çatanda, Müslümün qızı Həmidəni çağırdı və nəvazişlə başına sığal çəkdi.
- Ümmus-Səğr - Ömərin qızı və Əqil ibn Əbutalibin yoldaşı idi. Həmçinin Cəfər ibn Əqil onun oğludur. Hər üçü Kərbəlada iştirak edirdilər.
- Ümmu-Gülsüm - Abdullah ibn Cəfər Təyyar və Zeynəbin (s) qızıdır. O, Qasım ibn Məhəmməd ibn Cəfər ibn Əbutalibin xanımıdır.
- Fatimə- Suğra - Hüseynin (ə) qızı Fatimə azyaşlı idi.
- Leyli binti-Məsud - Məsudun qızı Leyli Əmirəlmöminin (ə) əyalından idi. Oğlu Abdullah Əsğər Kərbəlada şəhid oldu.

Zeynəbin (s) xəbər gətirməyi

İmam Hüseyn (ə) Mədinədən Məkkəyə, oradan da Kərbəlaya gələrkən, Zeynəb (s) qardaşının kənarında idi. Həqiqətdə Zeynəb (s), xanım və uşaqların himayəçisi idi. O, bu səfərdə son gücünə kimi qardaşının qiyamına kömək etdi. Əlli beş yaşı olmasına baxmayaraq, qardaşının qiyamının hədəfə çatması üçün ən böyük və ən çətin müsibətlərə dözdü. Zeynəb (s) iki oğlu Məhəmməd və Ovnu özü ilə Kərbəlaya gətirmişdi. Bu iki cavan Hüseynin (ə) yolunda şəhid oldular. Zeynəb (s) müsibətlər müqabilində dağ kimi möhkəm olub, səbr etdi. Ağladısa da ağlamağı zülmə qarşı bir fəryad idi. O, şəhid qanının xəbər gətirəni idi. Bu cür olmasaydı İbn Ziyada deməzdi ki:“ Kərbəlada gözəllikdən başqa bir şey görmədim.” Hətta Mədinəyə dönəndə hər fürsətdə Kərbəla xəbərlərini xalqa çatdırırdı. Məhərrəm ayının on birinci günü, əsirləri apararkən qətlgaha yetişəndə hamı ixtiyarsız olaraq özünü torpağa atdı. Zeynəb (s) özünü Hüseynə (ə) çatdırır, ürək ağrıdan səhnə ilə üzləşir. Başsız və libassız bir bədən. O qədər nalə etdi ki, düşmən göz yaşlarını saxlaya bilmədi. Hüseynin (ə) yas məclisini ilk olaraq Zeynəb (s) yaratdı. Bu müsibət ona vəzifəsini unutdurmadı. Zeynəlabidinə (ə) şəfqət bacısı olmaq onun öhdəsində idi. Zeynəlabidinə (ə) baxdı, onun həddən artıq narahat olduğunu gördü. Cəld İmam Hüseynin (ə) bədənindən uzaqlaşıb ona yaxınlaşdı: “Qardaşım oğlu! Niyə səni bir halda görürəm, sanki ruhun bədənindən uçmaq istəyir?” İmam (ə) buyurdu: “Bibican! Əzizlərimin bədənlərini görüb necə narahat olmayım?” Bu halda Zeynəb xanım (s) İmama (ə) başsağlığı verir. Gələcəkdə bu yerin ixlas əhlinin Kəbəsi olacağını İmama (ə) xəbər verir.
Məhərrəm ayının on ikinci günü əsirlər şeypur və təbil sədaları altında Kufəyə gətirilir. Müqəddəs başlar nizələrdə onların önündə aparılır. Zeynəb bu səhnədə də öz mövqeyini tanıyır və ona işarə edir. Tarixdə belə yazılır:” İnsanların səs-sədası kəsildi, sanki nəfəslər sinədə həbs oldu. İyirmi il əvvəl Əli (ə) Kufədə xəlifə idi. Hələ də insanlar arasında Əlinin (ə) xütbə oxuması zərbül-məsəl idi. Ravi deyir: Sanki Əli (ə) dirilmiş, sözləri Zeynəbin (s) dilindən cari olurdu. Zeynəb (s) Kufədə xütbə oxudu: “ Ey Kufə əhli! Üzünüz qara olsun! Hüseynin (ə) qiyamından əl çəkmənizə, özünü şəhid və malını qarət etmənizə nə səbəb oldu? Vay olsun sizə! Pak qan axıtdığınızı, hamıdan üstün olan kəsi öldürdüyünüzü bilirsinizmi? Ananız yasınıza otursun! Sönməsi mümkün olmayan atəşə görə tezliklə cəzalandırılacaqsınız. Mən nə qədər sağam, qardaşıma deyirəm bundan sonra gözlərimdən yaş sel kimi axacaq, qurumayacaqdır.”
Sonra Kufə əhlinə xitab etdi:” Sədəqə bizlərə haramdır. Ey Kufə əhli! Kişiləriniz kişilərimizi öldürürlər, qadınlarınız bizə ağlayırlar. Sabah, qiyamətdə Allah-taala bizlə sizin aranızda hökm edəcək.” Bu, yanan ürəkdən gələn sözlər eşidənlərə o qədər təsir etdi ki, əllərini ağızlarına qoydular. Ravi nəql edir:” And olsun Allaha! O gün Kufə camaatı göz yaşları tökür, qəm və kədərin şiddətindən əllərini ağızlarına qoyub barmaqlarını gəmirirdilər. Kərbəla macərasında Zeynəbin (s) rolu böyükdür. Ən mühüm rolunui üç mövzuda xülasə etmək olar:
1. Qardaşı Hüseyn (ə) olduğu surətdə, onun yeganə mühafizi idi. Ondan sonra isə Allahın höccəti İmam Səccadı (ə) mühafizə etdi. Bir neçə yerdə İmamın qətlə yetirilməsinə mane oldu.
2. O, yetimlərin və başsız xanımların sərpərəsti idi. Son nəfəsinə kimi onları himayə etdi. Hətta öz su payını uşaqlara verirdi. Bütün bunlarla yanaşı gecə namazını tərk etmirdi.
3. O, şəhid qanlarını batmağa qoymadı. Kufədə, Şamda və Mədinədə bütün fürsətlərdə şəhidlərdən söz açırdı. İmam Hüseyn (ə) qiyamının hədəfini onlara bəyan edir, insanlarda oyanış yaradırdı. Onun “ğərrai” xütbəsi Kufə və Şamda səs-küyə səbəb oldu. Xanım Zeynəb (s) cəmiyyət qarşısında təsirli bəyanatla Yezidi məhkum etdi. Bir halda ki, Yezid etdiyi cinayətləri Abdullah ibn Ziyadın üstünə yıxaraq peşiman olduğunu izhar etdi.

Nəticə
Aşura tarixini müxtəsər araşdırmaqla demək olar ki, hərçənd bu qiyamda yezidlər, İmam Hüseyn (ə) və qoşununu qətlə yetirdilər. Amma bu mərhələyə kimi yalnız Hüseyn (ə) planının yarısı icra olunmuşdu və yarısı Aşura hadisəsinin təbliğatı və əməviləri rüsvay etmək idi. Bu mühüm vəzifəni kimlər gərək yerinə yetirəydi? Bir halda ki, karvanda sağ qalanların əksəriyyəti uşaqlar və qadınlar idi. Aşura hadisəsindən sonra əsirlər Kərbəla müsibətini söhbətlərində şərh etməklə, Bəni-Üməyyəyə böyük rüsvayçılıq gətirdilər. On dörd əsrdən sonra Aşuranın əbədi qalması, qadınların səylərinin nəticəsi idi. “Kərbəla tarixi, kişi-qadın tarixidir. Bu hadisədə kişi və qadın hər ikisi rol oynayırdı. Kişi özünəməxsus rolunu, qadın da öz rolunu.”


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter