Mübahilə dastanı tarixdə hansı hadisəyə deyilir?


Mübahilənin leksik və terminoloji mənası
Leksik mənası: “Mübahilə” “Bəhələ” sözündən götürülüb, yəni xilas etmək. Terminoloji mənası: Mübahilə insanın qarşı tərəflə bir-birinə lənət və nifrin etməsinə deyilir. Mübahilənin üsulu isə bu cürdür: Əgər bir neçə nəfər mühüm bir dini məsələ haqda ortaq məxrəcə çata bilməsələr, bu zaman onlar bir yerə yığışıb Allaha dua edir və Ondan yalançı tərəfin xar və zəlil olmasını istəyirlər.

1. Mübahilə hadisəsinin qısa şərhi
Peyğəmbərin (s) mübahiləsi Nəcran məsihiləri ilə olub. Hicrətin 10-cu ili zil-həccə ayının 24 də baş verib. Peyğəmbər (s) bir məktubla Nəcran məsihilərini İslam dininə dəvət etdi. Nəcran məsihiləri İslam dinini qəbul etməyə razı olmadılar və öz nümayəndə heyətlərini Mədinəyə göndərdilər. Peyğəmbər (s) onlarla uzun söhbətdən sonra, dini qəbul etmədiklərini görüb onları mübahiləyə dəvət etdi. Mübahilə zamanı çatdıqda isə Nəcran məsihiləri Peyğəmbərin (s) bu işdə çox rahat və qorxusuz olduğunu görüb mübahilə etməkdən əl çəkdilər və Peyğəmbərdən (s), İslam dövlətində vergi verməklə öz dinlərində qalıb yaşamağı istədilər.

2. İslama dəvət
Peyğəmbər (s) öz risalətini çatdırmaq və dinini təbliğ etmək üçün bir çox məmləkət başçılarına məktublar göndərdi. O haqqa pərəstişi və təkallahlılığı bütün dünya insanlarının qulağına çatdırmaq istəyirdi. Bu məktublardan biri Peyğəmbərin (s) məsihi keşişi Əbu Harisə yazdığı məktub idi. Peyğəmbər bu məktubda Nəcran məsihilərini İslamı qəbul etməyə dəvət etdi.

3. Peyğəmbərin (s) Nəcran keşişinə yazdığı məktub
Peyğəmbərin (s) Nəcran keşişinə yazdığı məktubun məzmunu belədir: “İbrahim, İshaq və Yəqubun Allahının adı ilə. Məhəmməddən (s), Allahın peyğəmbərindən Nəcran keşişinə. İbrahimin, İshaqın və Yəqubun Allahına şükür edirəm. Sizi bəndələrə ibadət etməkdən Allaha ibadət etməyə çağırıram. Əgər mənim dəvətimi qəbul etməsəniz gərək İslam dövlətinə vergi verəsiniz (bu məbləğə görə sizin can və malınız amanda olar) və əgər bunu da etməsəniz sizi təhlükə gözləyir. ”

4. Nəcranlıların bu məktuba reaksiyaları
Peyğəmbərin (s) göndərdiyi nümayəndə Nəcrana çatdı və məktubu Nəcranın keşişinə verdi. O keşiş bir şura təşkil etdi və onlarla məsləhətləşdi. Onlardan biri daha bilikli idi, elə o da söhbətə başladı: “Biz dəfələrlə öz keçmişdəkilərimizdən eşitmişik ki, peyğəmbərlik məqamı bir gün İshaq övladlarından İsmail övladlarına keçəcək. Bu məsələ qəribə bir şey deyil ki, Məhəmməd elə o vəd olunmuş insan ola.” Şura muzakirələrdən sonra bir qrup nümayəndə heyətinin Mədinəyə, Peyğəmbəri (s) yaxından görüb və onun peyğəmbərlik nişanələrini araşdırmağa getməsini qərara aldı.

5. Peyğəmbərin (s) nəcranlı nümayəndələrlə görüşü
Peyğəmbər (s) nəcranlı məsihi nümayəndə heyəti ilə görüşü zamanı onları tək Allaha ibadət etməyə dəvət etdi. Amma onlar öz iddialarında (İsanın (ə) Allah olmasında) israrlı idilər. İsanın (ə) Allah olmasına dəlil isə onun atasız doğulmasını gətiridilər. Bu zaman vəhy mələyi nazil olub Peyğəmbərə (s) bu ayəni oxudu: “Həqiqətən Allah yanında İsanın məsəli Adəmin məsəli kimidir ki, Allah onu (Adəmi) torpaqdan yaratdı. ” Bu ayədə həzrət İsanın (ə) təvəllüdünü həzrət Adəmin (ə) təvəllüdünə oxşatmaqla bunu çatdırmaq istəyir ki, Allah Adəmi (ə) ata-anası olmadığı halda öz sonsuz qüdrəti ilə torpaqdan yaratdı. Əgər atasız dünyaya gəlmək Allah olmaq hesab olunursa, Adəm (ə) buna daha layiqdir. Çünki onun nə atası var idi, nə də anası. Peyğəmbərin (s) bu dəlili deməsi ilə yanaşı onlar yenə qane olmadılar. Bu zaman Allah, həqiqətin aşkar və yalançının rüsvay olması üçün öz peyğəmbərinə mübahilə etmək əmri verdi.

6. Son silah - mübahilə
Allah-Taala mübahilə ayəsini nazil etməzdən qabaq İsanın (ə) təvəllüdü haqda bir neçə ayə nazil etdi. Məsihiləri əql və məntiqlə bu haqda fikirləşməyə çağırdı. Bunun üçün də Peyğəmbər (s) əvvəldə çalışdı ki, onları qəti dəlillərlə agah etsin. Amma bu dəlillər onları qane etmədi və onlar inadkarlıq göstərdilər. Bu zaman mübahilə ayəsi nazil oldu. Allah-Taala bu ayədə belə buyurur: “(İsanın Allahın qulu və peyğəmbəri olması barədə) sənə göndərilən elmdən (məlumatdan) sonra buna (İsanın əhvalatına) dair səninlə mübahisə edənlərə de: “Gəlin biz də oğlanlarımızı, siz də oğlanlarınızı; biz də qadınlarımızı, siz də qadınlarınızı; biz də özümüzü, siz də özünüzü (bura) çağıraq! Sonra (Allaha) dua edib yalançılara Allahın lənət etməsini diləyək.” (Ali-İmran surəsi, ayə 61)

7. Nəcran böyüklərinin mübahilə haqda fikirləri
Peyğəmbər (s) mübahilə məsələsini dedikdən sonra Nəcran məsihiləri fikirləşmək üçün möhlət istədilər. Şura təşkil etdilər. İçlərində daha ağıllı və elmli olanlar çıxışlarında dedilər: “Mübahiləyə getdiyiniz zaman, əgər Məhəmmədin mübahiləyə təmtəraqla, çoxsaylı insanlarla gəldiyini görsəniz, o zaman mübahilə edin və heç nədən qorxmayın. Çünki onun işində həqiqət olsaydı, insanların sayından kömək almazdı. Amma əgər onu çox azsaylı bir cəmiyyətlə, öz yaxınları və kiçik yaşlı uşaqları ilə görsəniz, bu zaman bilin ki, o, peyğəmbərdir və onunla mübahilə etməkdən çəkinin.

8. Mübahilə yerində nə baş verdi?
Qabaqcadan danışdıqları kimi, Peyğəmbər (s) və nəcranlılar mübahilə yerinə getdilər. Bu an nəcranlılar Peyğəmbərin (s) gəldiyini gördülər, amma çoxsaylı insan əvəzinə, özü ilə birgə yalnız beşnəfərlik bir qrupla gəldi. Qucağında Hüseyn (ə), əli ilə Həsənin (ə) əlini tutub və Əli (ə) ilə Zəhra (s) da onun kənarında idilər. Peyğəmbər (s) o dörd nəfər məsuma buyurmuşdu: “Mən dua etdiyim zaman siz amin deyərsiniz.” Nəcranlılar bu səhnəni gördükdə çox qorxuya düşdülər, çünki Peyğəmbər (s) mübahilə meydanına ən əziz yaxınlarını gətirmişdi. Nəcranlılar bu işdən başa düşdülər ki, Peyğəmbərin (s) öz iddiasına kamil imanı var. Əks halda, əgər imanı olmasaydı, öz əzizlərini gətirməzdi, çünki Allahın lənəti və əzabı onlara nazil ola bilərdi. Nəcranlılar elə buna görə Peyğəmbərlə (s) mübahilə etmək fikirindən daşındılar.

9. Sülh haqda Əbu Harisənin dedikləri
Nəcranlı heyət peyğəmbəri mübahilə yerində gördükləri zaman çox qorxdular. Əbu Harisə onların içində ən yaşlısı, keşişlərin böyüyü və ən biliklisi idi. O da həmin yerdə idi və Peyğəmbəri (s) gördükdə buyurdu: “Əgər Məhəmməd haqq olmasaydı, bu cür mübahilə etməyə cürət etməzdi. Əgər bizimlə mübahilə etsə yer üzündə bir nəfər də məsihi qalmaz.” Başqa rəvayətə görə buyurub: “Mən elə bir simalar görürəm ki, əgər Allahdan istəsələr dağı yerindən qoparsın, Allah qoparar. Bunun üçün də bunlarla mübahilə etməyin, çünki həlak olarıq.”

10. Mübahilənin sonu
Əbu Harisə Peyğəmbərin (s) yanına gəlib dedi: “Ey Əbəl-Qasim! Bizimlə mübahilə etmək fikirindən daşın və bizimlə ödəməyə imkanımız olduğu həddə vergi ilə sülh bağla.” Peyğəmbər (s) onlarla sülh bağladı. Nəcranlılar hər il 2000 zinət əşyası verirdilər. Onların hər biri 40 dirhəm idi. Bundan əlavə, əgər müsəlmanların müharibəsi olsaydı 30 döyüş zirehi və 30 at borc verməli idilər. Kamran Məmmədov (islammektebi.org).


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter