İmam Əlinin (ə) mənəvi tələbəsi olan Meysəm Təmmar haqqında yazın?


İmam Əlinin (ə) məktəbi insanlar üçün tərbiyə məktəbidir.
Təkamül və kamal istedadı olan kəs Əmirəlmömininin uca şəxsiyyəti nurunda cana gəlir, dirilirdi. Bu insan mənəvi cəhətdən çiçəklənir və insaniyyət meracına ucalırdı. Nə çox İmamın (ə) vilayət və hidayət çeşməsində ruhunu paka çıxaranlar! Onlar batinlərini zinətləndirdilər, özlərini Allaha fəda etdilər. Bütün bunlar onların düşüncəsinin dərinliyindən, əzəmətli imanlarından, haqtələbliklərindən, allahpərəstliklərindən və ixlaslarından danışır.
Söhbətimiz Meysəm Təmmar haqqındadır. Mənəvi dəyər, doğru yol, cihad, səbr və yəqin axtarışında olanların yaxşı tınıdığı bu ilahi insan haqqında danışacağıq! Meysəm Həzrət Əliyə (ə) onun ədalətinə, dininə, fəzilətlərinə görə aşiq idi. Bu eşqi doğuran həzrətin (ə) kamillik mücəssəməsi olması, “Qurane-natiq”, danışan Quran kimi tanınması, eynən dinin özü olmasıdır. Meysəmin Əlini (ə) sevməsi əslində haqqı sevməsidir. Onun qəlbindəki haqq sevgisi iman və əqidəsindən, bəsirət və agahlığından qaynaqlanır.
Meysəmin bariz çöhrəsinin tanınması bizi həqiqi dinin siması ilə daha yaxından tanış edir. Haqqın danışan dili, Əmirəl-mömininin (ə) vəfalı dostu olan bu şəxsin bioqrafiyası bizi Quran və İslam məktəbinin tərbiyəvi dəyərlərinə yaxınlaşdırır. Əli (ə) məktəbinin bu şagirdinin həyatı və iftixarlı şəhadəti bizim üçün başdan-başa ibrətdir. Bu bəhrəli həyat elm və ilham mənbəyi, yetərli bir nümunədir.
Bu Əli (ə) şiəsi, haqq davamçısı, fəzilət yolunun şəhidi olan insanın cazibəli şəxsiyyəti o qədər parlaqdır ki, neçə əsrlərdir ədalət və azadlıq aşiqlərini ilhamlandırır. Azadlıq, şərafət, həqiqət aşiqləri arasında Meysəmi tanımayanlar azdır.
Kufənin adi zəhmət adamlarından olan Meysəm uca iman, əzəmətli ruha malik idi. Bu iman və ruh, misilsiz fədakarlıq və dözüm ona əbədilik verdi, Meysəm müsəlmanlar üçün nümunəyə çevrildi. O öz adı ilə İslam tarixinin səhifələrini bəzədi. Meysəm müqəddəs İslam ayinləri üçün iftixarlı bir sənəddir. Bəşəriyyətə belə bir insanın təqdim olunması İslam məktəbinin fəxridir.
Bir sözlə, Meysəmi tanımaq lazımdır. Bu tanışlığın davamında həqiqətə ardıcıllıq və itaət dayanır. Bu kiçik müqəddimədən sonra onunla tanışlığın sorağına gedək. Meysəm bizi çağırır. Onun yatmışları oyadan fəryadlı səsi tarixin qulağında dalğalanmaqdadır.

Həzrət Əlinin (ə) və digər İmamların Meysəmə münasibəti

İmamların Meysəmə münasibətini onların Meysəm haqqındakı buyuruqlarından və onunla rəftarlarından öyrənmək olar. Həzrət Əli (ə) və Meysəm arasındakı səmimi münasibət onların bağlılığının möhkəmliyindən danışır. Həzrət (ə) hətta Meysəmin xurma dükanına gedər, bu dükanda onunla söhbət edər və ona dini maarif öyrədərdi.
Hətta bir dəfə Həzrət Əli (ə) Meysəmi iş dalınca göndərib, özü dükanda onun yerində oturur. Bir müştəri xurma almaq istəyir. Həzrət (ə) buyurur: “Pulunu ver, xurmanı apar.” Bir qədər sonra Meysəm qayıdır və Həzrət Əliyə (ə) xurma müqabilində verilmiş pulların saxta olduğunu görür. Aldığı pulların saxta olduğunu görən həzrət (ə) buyurur: “Xurma da onların ağzında acı dadacaq.” Çox keçməmiş həmin müştəri əlində xurma qayıdır və deyir: “Bu xurmalar acıdır.\"
Yuxarıda deyilənlər Həzrət Əli (ə) ilə Meysəm arasındakı dərin, səmimi münasibətin təzahürüdür. Həzrət Əli (ə) hökumət başçısı olduğu halda Meysəmin dükanında oturub xurma satır!
Başqa məqamlarda da Meysəmin Həzrət Əli (ə) ilə mənəvi yaxınlığı müşahidə olunur. Meysəm Həzrət Əlinin (ə) dua məqamlarında Kumeyl kimi şəxsiyyətlərlə yanbayan əyləşir. O, həzrətin Allahla razniyaz etdiyi irfani gecələrin şahididir.
Meysəm nəql edir: “Bir gecə mövlam Əmirəl-möminin (ə) məni özü ilə Kufədən kənardakı səhraya apardı. Nəhayət, Cöfə məscidinə çatdıq. Həzrət üzünü qibləyə tutub, dörd rəkət namaz qıldı. Namaz və təsbihdən sonra əllərini qaldırıb belə dua etdi: “Pərvərdigara, Səni necə çağırım? Sənə itaətsizlik etdiyim halda necə də çağırmayım? Səni tanımışam və qəlbim Sənin məhəbbət evindir. Günah dolu əl, ümid dolu gözlə Sənə doğru gəlmişəm...” Sonra İmam (ə) səcdəyə getdi və üzünü torpağa qoyub yüz dəfə “əl əfv” dedi.
Daha sonra qalxdı və məsciddən bayıra çıxdı. Mən də onun ardınca gedirdim. Nəhayət, səhraya çatdıq. Həzrət mənim qarşımda bir xətt çəkdi və dedi: “Məbada, bu xəttdən keçəsən! Məni həmin yerdə qoydu və özü getdi. Gecə qaranlıq idi. Özümü qınadım ki, nə üçün mövlamı tənha buraxdım? Onun düşmənləri çoxdur. Onun başına bir iş gəlsəydi, Allaha və Onun Peyğəmbərinə (s) nə cavab verərdim? Düşündüm ki, onun əmrindən çıxmış da olsam, ardınca gedim, görüm aqibəti nə oldu? Getdim, getdim... Nəhayət onu bir quyunun başında gördüm. O, başını quyuya tutub, quyu ilə danışırdı. Gəldiyimi hiss etdi və soruşdu: “Kimsən?” Dedim: “Meysəm” Həzrət buyurdu: “Məgər sənə əmr etməmişdimmi ki, həmin xətdən keçmə?” Cavab verdim: “Ey mənim mövlam, elədir. Amma düşmənlərinizin təhlükəsindən qorxdum, dözə bilmədim.” Sonra soruşdu: “Nə dediyimi eşitdinmi?” Dedim: “Yox, ey mənim ağam.”
Həzrət mənə xitabən bir şer oxudu:
Sinəm sirlə dolub, bağrımı yarır,
Kimə əl uzatdım dedi gücüm yox.
Əlimlə qazıyıb yerin köksünü,
Danışdım dərdimi, başqa seçim yox.
Meysəm Əlinin (ə) sirlərinə məhrəm idi. O, həzrətin (ə) xəlvəti dualarının, ilahi ruhunun təcəllasının şahidi idi. Ona həm Əli (ə), həm də İmam Həsənlə (ə) İmam Hüseyn ehtiramla yanaşar, eləcə də sonrakı İmamlar onun ilahi şəxsiyyətini xatırlayardılar.
Bir dəfə Meysəm Mədinədə həzrət Peyğəmbərin (s) həyat yoldaşı Ümmü-Sələmə ilə rastlaşır. Ümmü-Sələmə ona deyir: “Ey Meysəm, Hüseyn (ə) daim sənin haqqında danışır.” Başqa bir hədisdə İmam Baqir (ə) buyurur: “Mən Meysəmi çox sevirəm.” İmam Sadiq (ə) Meysəmə salam göndərərək, onun uca məqamı haqqında xoş sözlər deyir.
Meysəmin oğlu Saleh deyir: İmam Baqirə (ə) ərz etdim ki, mənə bir hədis söyləsin. İmam (ə) soruşdu: “Məgər atandan hədis öyrənməmisən?” Bildirdim ki, həmin vaxtlar körpə olmuşam...”
İmam Baqir (ə) öz cavabı ilə Meysəmin elmi məqamına işarə etmişdir. Həzrət (ə) belə hesab edir ki, Meysəmin oğlu hədis eşidib-öyrənməyə ehtiyacsız da ola bilər.
Dar ağacında
Allah aşiqləri üçün dar ağacı bir merac kürsüsüdür.
Haqpərəst, qeyrətli insanların dara çəkilməsi, qətlə yetirilməsi zalım qüdrət sahiblərinin zəifliyinin dəlili, şəhidlər üçün isə izzət sərmayəsi və iftixar sənədidir. Meysəm haqq danışdığı üçün sazişə getmədiyi üçün, haqq ələvi xəttini himayə etdiyinə görə dara çəkildi.
Meysəm öz ölümünü o qədər adi və etinasız qarşıladı ki, düşmənin qəzəbi daha da artdı. O hətta ölüm astanasında uca bir səslə xalqa İslami həqiqətlərdən və Həzrət Əlinin (ə) əsrarəngiz hədislərindən danışırdı. O vaxtlar insanı boğazından yox, çiyinlərindən, sinəsindən dara çəkər və boğmaqla yox, sıxıntı və aclıqla öldürərdilər. Meysəm deyirdi: “Hər kəs Həzrət Əlinin (ə) dəyərli bir hədisini eşitmək istəyirsə, mən ölməmiş yaxına gəlsin. Mən sizə dünyanın sonunadək gələcəyin hadisələrini xəbər verərəm. Xalq onun ətrafına toplanmışdı. Meysəm din mənbərindən danışırdı. O Peyğəmbər (s) Əhli-beytinin, Əli (ə) ailəsinin fəzilətlərindən danışır. Bəni-Üməyyənin xəyanətlərini ifşa edirdi. Həmin bu son anlarda Meysəmin dar ağacından həqiqətləri bəyan etməsi olduqca təsirli idi. İbn Ziyada xəbər verdilər ki, bu adam sizi rüsvay etdi. İbn Ziyad dedi: “Ağzına cilov taxın.” Bəli, Meysəm İslam yolunda ağzına cilov taxılmış ilk şəxs oldu.
Daha sonra onun qılıncdan iti dilini kəsdilər. Onun dilini kəsmək tapşırığı almış məmur Meysəmə dedi: “Nə istəyirsənsə, de, əmir sənin dilinin kəsilməsini əmr etmişdir.” Meysəm dedi: “Günahkar qadının oğlu Übeydullah İbn Ziyad elə düşünür ki, məni və mövlamı yalançı kimi tanıtdıra bilər. Budur mənim dilim.” Həmin muzdur Meysəmin dilini ağzından çıxardı...
Meysəm elə bu halda da dar ağacında qaldı. Səhəri gün onun burnundan və ağzından qan gəldi. Beləcə, öz dediyi kimi, onun ağ saqqalı qırmızı qanına boyandı.
Meysəmin darda olduğu üçüncü gün bir kişi ona yaxınlaşdı və dedi: “And olsun Allaha, sənin ibadət əhli olduğunu, gecələri dua ilə keçirdiyini bilirəm.” Sonra əlindəki nizə ilə Meysəmin sinəsindən elə bir zərbə vurdu ki, onun cismi parçalandı. Bu səbr, müqavimət, rəşadət nümunəsinin pak canı fələklərə ucaldı. Meysəmin ruhu uca bir meraca qanadlandı. Bu gün pak qəlbli allahpərəst tərəfindən fəzilət yolunun bu şəhidinə ünvanlanan salamlar onun Firdovs cənnətindəki məqamını ucaldır.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter