Ürəyin daşlanmasına səbəb olan 3 amil nələrdir?


“Sonra, onun (möcüzələrin) ardınca sizin qəlbləriniz sərtləşdi, daş parçaları kimi və ya ondan da bərk oldu”. (“Bəqərə” 74).
Həzrət Peyğəmbər (s) buyurur: “Allahdan başqası haqqında çox danışmayın. Çünki Allahdan qeyrisi haqqında çox danışmaq ürəyi sərtləşdirər. Allahdan ən uzaq insan da ürəyi daş olandır”. (Tebyan)
Allahı zikr etmək insanın qəlbini pak və təmiz edər. Lakin Allahı zikr etmək dedikdə sadəcə “Əlhəmdulillah” demək kifayət deyildir. Bəndəni Allaha yaxınlaşdıran hər bir söz – Allahın zikridir. Əhkam və İslam maarifi haqqında söhbət etmək kimi.
İmam Sadiq (ə) buyurur: “Peyğəmbər (s) İmam Əliyə (ə) tövsiyə etmişdir: “Üç şey ürəyi sərtləşdirər: yersiz söz eşitmək, ov etmək və saraya gedib-gəlmək””.
O kəsin ki, peşəsi heyvanları öldürmək olar, zaman keçdikcə rəhm hissi ürəyini tərk edər. Yerini daşlaşmış ürək alar. Həmçinin o kəs ki, davamlı olaraq dövrünün sultanının sarayını gedib-gələr və gözləri ilə insanlara necə zülm olunduğunu görər, zaman keçdikcə bu hal onun üçün adiləşər. Artıq bu cür şeylərdən təsirlənməz.
İmam Sadiq (ə) buyurur: “Allah Həzrət Musaya (ə) vəhy edir: “Ey Musa! Çoxlu mal-dövlətə görə şad olma. Hansı halda olursansa-ol, Məni yada salmaqdan əl çəkmə. Çünki çoxlu mal günahların (çirkinliyini) unutdurar və Məni tərk etmək ürəkləri sərtləşdirər””.
O kəs ki, sərvətə və çoxlu mal-dövlətə malikdir, özünü heç bir zaman pis insan hesab etməz. Bu gün sionistlərin və digər canilərin insan ölümünə gülümsəmələri bu hədisi bizim üçün daha aydın edir.
Əmirəl-möminin (ə) buyurur: “Göz yaşları qurumaz, məgər ürəklərin sərtləşməsinə görə. Ürəklər sərtləşməz, məgər günahın çoxluğuna görə”. Deməli çoxlu günah insan ürəyini sərtləşdirər.
Allah Təala Həzrət Musaya (ə) buyurur: “Ey Musa! Dünyada uzun arzuları beynində fırlatma ki, ürəyin sərtləşər. Ürəyi daş olan Məndən uzaqdır”.
Belə görünür ki, Allah Təala məhz bu səbəbə görə ürəyi daşlamış insanları Özündən uzaq bilir. “Ona (Qur’ana, ya Peyğəmbərə) iman gətirənlər (yəhudi və xristianlar kimi səma) kitab(ı) verdiyimiz və onu layiqincə (təhrif etmədən, düşünüb əməl etməklə) tilavət edən kəslərdir. Ziyana uğrayanlar isə onu inkar edənlərdir”. (“Bəqərə” 121). Yəni, bu insanlar səma kitabından uzaq olduqları üçün Allahdan da uzaqdırlar.
Quranı tilavət edən insanlar üç dəstədirlər:
1. Sadəcə Quranı oxuyurlar və sözlərinin düzgün deyilişinə diqqət edirlər. Mənasına az diqqət edirlər.
2. Quran oxumaqla yanaşı, onun mənasını başa düşüb təfəkkür edirlər. Lakin əməldə ona riayət etmirlər.
3. Quranı oxuyub başa düşür və ona əməl edirlər. Ona görə də bu insanlar nə zaman Quran oxusalar, ruhları təzələnər və yeni təravət alar.
Quran bu insanları həqiqi möminlər adlandırmışdır. İmam Sadiq (ə) buyurur: “Tilavətin haqqı dedikdə, məqsəd Quran ayələri haqqında düşünmək və əhkama əməl etmək nəzərdə tutulur”.
Allah Təala bizləri həqiqi möminlərdən qərar versin. Deyerler.org


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter