Hansı hallarda təvazökar olmağa icazə verilmir?


Təvazökarlıq insanlığın ən fəzilətli sifətlərindəndir ki, Allah Təala ona çox böyük əhəmiyyət verir. Həmçinin bu sifəti xüsusi bəndələrinə aid edir. Buna baxmayaraq, bəzi hallarda təvazökar olmağın faydasından çox, ziyanı vardır. (Tebyan)
Bu hallarla tanış olaq:
1. Düşmən qarşısında təvazökarlıq.
Quran təvazökarlığı möminlərin bəyənilmiş sifətlərindən hesab etməsinə baxmayaraq, kafirlər qarşısında təvazökar olmağı məzəmmət edir və əksinə əmr edir ki, onlara qarşı təkəbbürlü olaq. “Ey iman gətirənlər, sizdən kim öz dinindən dönsə (Allaha bir ziyan vurmaz), Allah tezliklə Özünün sevdiyi və Onu sevən bir dəstəni gətirər. (Onlar) möminlərin qarşısında ram və təvazökar, kafirlərin qarşısında isə qüdrətli və qalibdirlər, Allah yolunda cihad edir və heç bir tənə vuranın tənəsindən qorxmurlar”. (“Maidə” 54).
Qurani-Kərim Həzrət Peyğəmbərə (s) və onun dostlarına kafirlərlə bağlı buyurur: “Həqiqətən, Allah din barəsində sizinlə vuruşan, sizi yurdunuzdan çıxardan və sizi çıxarmaq üçün bir-birinə kömək edən kimsələrlə dostluq etmənizi qadağan edir. Və kim onlarla dostluq etsə, məhz belə şəxslər (əsl) zalımlardır”. (“Mumtəhənə” 9).
2. Zəlil təvazökarlıq.
Təvazökar olmaq o zaman bəyənilir ki, insanın şəxsiyyətinə ləkə vurmasın. Allah bütün insanlara kəramət vermişdir. Hətta özlərinə belə icazə verməmişdir ki, bu İlahi neməti ləkəsinlər. Ona görə də o yerdə ki, zəlil və xar olmaq var, orada təvazökarlıq etməyin yeri yoxdur. İnsanı başqalarının yanında alçaldar və hətta günah belə sayılar. İmam Əli (ə) buyurur: “Aclıq çəkmək zillət və təvazö göstərməkdən daha yaxşıdır”.
3. Təkəbbürlü insanlara qarşı təvazökarlıq.
Təvazökarlığın hədəfi budur ki, cəmiyyətdə təvazökarlıq ruhiyyəsi yayılsın və ictimai gərginliklər azalsın. Ancaq əgər təvazökarlıq bizi bu hədəfə çatdırmazsa, bu zaman onu etməyin mənası olmaz. Təkəbbürlü və zalım qarşısında təvazökarlıq etmək, əksinə onu gücləndirər və fəsadı artırar. Həzrət Peyğəmbər (s) buyurur: “Təkəbbürlü insan qarşısında təkəbbür göstərmək - ibadətdir”.
4. Qüdrət sahiblərinin mal-dövləti qarşısında təvazökarlıq.
O kəslər ki, cəmiyyətdə təvazökalıq edir, müxtəlif niyyətlərə malikdirlər. Bəziləri Allah görə edir, bəziləri ədəbli olmaq üçün edir, bəziləri isə ondan vasitə kimi istifadə edirlər ki, hədəflərinə çata bilsinlər. O kəslər ki, qüdrət sahibləri qarşısında əyilirlər, ona görə deyildir ki, ona məhəbbətləri vardır, bəlkə həmin insanın malında gözü vardır. Bu insanların etdiyi təvazökarlıq mal və sərvətə çatmaq üçün bir vasitədir. Ona görə də çox dəyərsizdir. Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim qüdrət sahibinin yanına gedər və onun əlində olanlara görə qarşısında baş əyərsə, dininin üçdə birini əldən verər”.
5. Vəzifə sahibləri qarşısında.
Əgər vəzifə sahibinin insanlığına görə ona təvazökarlıq edərsənsə, çox dəyərlidir. Lakin əgər maddi mənfəətə çatmaq üçün olarsa, bu, çox məzəmmət olunar. İmam Sadiq (ə) buyurur: “Hər mömin, vəzifə sahibi və ya dininə müxalif olan insana onun əlində olana çatmaq üçün baş əyərsə, Allah onu alçaldar. Ona qəzəblənər və onu öz başına buraxar. Əgər o insan dünyada bir şeyə çatarsa, Allah bərəkəti ondan alar. Əgər əldə etdiklərini həcc, ümrə və ya qul azad etmək yolunda xərcləyərsə, ona savab verməz”. Deyerler.org


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter