Peyğəmbərin (s) sevimli səhabəsi Əbuzər nə üçün sürgün edildi?


Cavab: Üçüncü xəlifə Osmana tutulan mühim iradlardan biri, həzrət Peyğəmbərin (s) sevimli səhabəsi Əbuzərin kimsəsiz səhra məntəqəsinə sürgün olunmasıdır. Əbuzər həmin şəxsdir ki, həzrət Peyğəmbər (s) onun haqqında belə buyurmuşdur: «Əbuzərdən düzgün bir kəsə səma kölgə salmadı, yer onu öz üstündə gəzdirmədi».
Osmanla müxalifətçilikdə heç bir şəxs təmənnası olmayan Əbuzər, xəlifənin dövlət xəzinəsini öz yaxın adamlarına israfçılıqla paylaşdırmasından narazı idi. Beytül-maldan ibarət olan dövlət xəzinəsinin xərclənməsində həzrət Peyğəmbərin (s) üsullarını müdafiə edən Əbuzər, kimsəyə güzəştə getmək fikirində deyildi. Əbuzərin etirazlarından qeyzlənən xəlifə, əvvəlcə onu Şama sürgün etdi. Şamda Müaviyənin özbaşınalıqlarına qarşı çıxan Əbuzər haqqında xəlifə məktub aldı. Müaviyə yazırdı: «Əgər Şama ehtiyacın varsa, Əbuzəri geri qaytar. O burada qalsa, Şam əlindən çıxacaq».
Osmanın göstərişi ilə qəddar məmurların nəzarəti altında nəfəs dərmədən, gecə-gündüz yol gələn Əbuzər, Mədinəyə çatanda artıq xəstələnmişdi. Xəlifənin son qərarı bu oldu ki, Əbuzər Rəbəzə çölünə sürgün edilsin. Peyğəmbərin (s) susuz səhraya sürgün edilən sevimli səhabəsi, oradaca dünyasını dəyişdi.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter