Qissə bəyan etməkdə Quranın hədəfi nədir?
Quranın mühüm bir hissəsi keçmiş nəsillərin sərgüzəştləri və onların başına gələn əhvalatların bəyanına məxsusdur. Ona görə də belə bir sual yaranır ki, nə üçün insan tərbiyə edən belə bir kitabda bu qədər tarix və əhvalat vardır? Bir neçə incəliyə diqqət yetirməklə bu mövzunun həqiqi səbəbi aydın olur:
1. Tarix bəşər həyatının müxtəlif məsələlərində sınaq yeridir. İnsanların öz zehinlərində əqli dəlil-sübut vasitəsi ilə təsəvvür etdikləri şeylər tarix səhifələrində əyani şəkildə əks etdirilir. Buradan tarixin həyat gerçəkliklərini açıqlamaqdakı rolunu gözəl şəkildə dərk etmək olar.
İnsan tarix səhifələrində hər hansı bir dəstə və tayfanın ixtilaf və pərakəndəlik nəticəsində düçar olduqları ölümsaçan məğlubiyyətləri öz gözləri ilə, əyani şəkildə görüb hiss edir. Eləcə də bəzi xalqların ittihad və həmrəylik sayəsində nail olduqları parlaq qələbələri də müşahidə edir. Tarix sanki, “dilsiz bir dil” ilə hər bir tayfa, xalq və qrupun malik olduğu məktəb, ideologiya və proqramların inkarolunmaz və qəti nəticələrini bəyan edir. Keçmiş nəsillərin başına gələn əhvalatlar təcrübələrdən ibarət olan çox dəyərli bir məcmuədir. Bildiyimiz kimi, həyatın nəticəsi təcrübədən başqa bir şey deyildir. Tarix insan cəmiyyətlərinin taleyini özündə kamil şəkildə inikas etdirən bir güzgüyə bənzəyir; o, hər növ çirkinlik və gözəllikləri, nailiyyət və uğursuzluqları, məğlubiyyət və qələbələri, eləcə də bu işlərin hər birinin amillərini və səbəblərini bəyan edir. Buna görə də keçmiş nəsillərin tarixinin tədqiqi insan ömrünü eynilə onların ömürləri qədər uzadır! Çünki onların ömür sürdükləri dövrün təcrübə məcmuəsini insanın ixtiyarına qoyur.
Həzrət Əli (əleyhis-salam) əziz oğlu İmam Həsənə buyurur: “Oğlum! Mən əvvəlki nəsillərin hər birinin ömrünə bir yerdə malik olmasam da, onların əməllərinə nəzər saldım, əhvalatlarında təfəkkür etdim, əsərlərində seyr etdim, sanki, onlardan biri kimi oldum. Onların tarix təcrübələrini əldə etdiyimə görə, sanki onların birincisindən axırıncısına qədər hamısı ilə birlikdə ömür sürdüm!”[1]
Əlbəttə, tarix dedikdə məqsədimiz hər növ xurafatdan, yalandan, şayiədən, yaltaqlıqdan, təhrif və məsxdən (həqiqəti tərsinə cilvələndirməkdən) uzaq olan bir tarixdir. Amma təəssüflər olsun ki, belə tarix çox azdır. Buna görə də Quranın mötəbər və əsil tarix nümunələrini təqdim etməkdə ifa etdiyi mühüm rolu nəzərdən qaçırmamalıyıq. Bu tarix gerçəkliyi olduğu kimi bəyan edən saf və təmiz bir güzgüyə bənzəyir. O sadəcə tarixi hadisələri bəyan etməmiş, onun köklərini və nəticələrini də bəyan etmişdir.
Belə isə, Quran ən yüksək tərbiyəvi kitab olduğu halda nə üçün özünün müxtəlif fəsillərində tarixə istinad etməsin və keçmiş nəsillərin başına gələn əhvalatlardan şahid gətirməsin?!
2. Real tarix və gerçək əhvalatların xüsusi cazibədarlığı vardır. İnsan öz ömrünün bütün dövrlərində: uşaqlıq çağlarından qocalana qədər bu kimi cazibədar hadisələrdən son dərəcə təsirlənir. Buna görə də dünya ədəbiyyatının mühüm hissəsini və yazıçıların əsərlərinin ümdə hissəsini tarix və əhvalatlar, hekayələr təşkil edir. Böyük şairlərin və yazıçıların müxtəlif dillərdə ən yaxşı əsərləri onların yazdığı hekayə və əhvalatlardır. Sədini “Gülistan”, Firdovsinin “Şahnamə”, Nizaminin “Xəmsə” əsərləri, habelə müasir yazıçıların maraqlı və cazibədar əsərləri, eləcə də Fransa yazıçısı Viktor Hüqonun, ingiltərəli Şekspirin, almaniyalı Hötenin və s. həyəcanlı əsərləri hekayə və əhvalat qalibində təqdim olunmuşdur.
Hekayə istər nəzm, istər nəsr, istərsə də kino və teatr şəkilində təqdim olunsun, oxucuların və tamaşaçıların qəlbinə elə dərin təsir qoyur ki, əqli dəlil-sübutlar heç vaxt belə dərin təsir qoya bilməz.
Çünki insanların əksəriyyəti əqldən öncə daha çox hissiyyata qapılır, əqli məsələlərdən öncə hissi məsələlərə baş qoşurlar. Həyatın müxtəlif məsələləri hiss meydanından nə qədər uzaqlaşsa və əqli təcərrüd yönünə malik olsa, onu həzm və dərk etmək insanlar üçün bir o qədər ağır olur. Buna görə də əqli dəlilləri başa salmaq üçün həmişə hissi misallardan istifadə edirlər. Bəzən münasib bir misalın zikr olunması istidlalın təsirini bir neçə qat artırır. Buna görə də müvəffəqiyyət və uğur qazanan alimlər məhz ən yaxşı misalları seçən və bu işdə daha bacarıqlı olanlardır. Çünki əqli dəlillər nəticə etibarı ilə hissi, əyani və təcrübi məsələlərdən əldə edilir.
3. Hekayə, tarix və əhvalat hamı tərəfindən dərk oluna bilir, amma əqli istidlallar hamı üçün eyni səviyyədə dərk olunası deyildir. Buna görə də ümumxalq kütlələri üçün nəzərdə tutulan bir kitab yarımvəhşi savadsız çöl ərəblərindən tutmuş, ən böyük filosof və mütəfəkkirlərə qədər hamının istifadəsinə veriləcəksə, mütləq tarixi hadisələrə, əhvalatlara və məsəllərə istinad etməlidir.
Qeyd olunanların məcmusu göstərir ki, Quran təlim-tərbiyə cəhətindən ən yaxşı yolu – tarix və hekayə yolunu ötmüşdür. Xüsusilə, Quran heç bir halda tarixi hadisələri quru şəkildə zikr etmir; əksinə addımbaşı ondan nəticə alır və tərbiyəvi yöndə istifadə edir.[2]
Quranın qissə söyləməkdəki hədəfini bəyan etməkdən əvvəl qeyd etmək lazımdır ki, ondakı əhvalatların mahiyyəti xəyali şeylər deyil, varlıq aləmində baş verən real gerçəkliklərdir. Quranın hekayə və tarix zikr etməkdə əsas hədəfini aşağıdakılarda bəyan edə bilərik:
1. Təfəkkür:
فَاقْصصِ الْقَصَصَ لَعَلَّهُمْ يَتَفَکَّرُونَ
“Qissələri bəyan et, bəlkə təfəkkür edələr.”[3]
2. İbrət almaq.[4]
3. Qissələrin təhrif edilməsinin qarşısını almaq: Quran “mübahilə” hadisəsini bəyan etdikdən sonra buyurur:
اِنَّ هَذَا لَهُوَ الْقَصَصُ الْحَقُّ
Yəni “hadisənin həqiqəti budur.”[5]
Həzrət İsa (əleyhis-salam)-ın həyatının bir hissəsini bəyan etdikdən sonra buyur:
اَلْحَقُّ مِنْ رَبِّکَ
“Haqq – düzgün kəlam sənin Pərvərdigarının tərəfindəndir.”[6]
4. İxtilafları aradan qaldırmaq:
إِنَّ هَذَا الْقُرْآنَ يَقُصُّ عَلَى بَنِي إِسْرَائِيلَ أَكْثَرَ الَّذِي هُمْ فِيهِ يَخْتَلِفُونَ
“Həqiqətən, bu Quran Bəni-İsrailin çoxunun ixtilafa düçar olduqları hadisələri bəyan edir.”[7]
5. Yaxşı və pis əməl sahibləri ilə əlaqədar ilahi sünnətləri camaata bəyan etmək.[8]
İslamın əvvəllərində keçmiş ümmətlərin əhvalatlarının bəyanı Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih)-ə və azsaylı möminlərə təsəlli verirdi. Eləcə də hər bir dövr və zamanda möminlərə buyurur ki, azğın qövmlərin və müxaliflərin sayının çoxluğundan vəhşət hissi keçirməsinlər və öz gözəl işlərinin nəticəsinə tam mənada əmin və ümidvar olsunlar.
Həmçinin, hər bir əsr və zamandakı zalımlara, sitəmkarlara və azğın insanlara xəbərdarlıq edərək buyurur ki, zəlzələ, asimani saiqə, ölüm saçan tufan, vulkan, yerin yarılması, dağıdıcı sellərə səbəb olan yağış və sair kimi ilahi cəzaları nəzərdən qaçırıb uzaq hesab etməsinlər. Müasir insanlar da qədim dövrlərdəki insanlar kimi bu ilahi bəlaların müqabilində acizdirlər.
Quranda əhvalatların bəyanında əsas hədəf insanların təkamülə çatması, ruhlara nuranilik verilməsi, inadkar həvayi-nəfsin nəzarət altına alınması, nəhayət zülm, haqsızlıq və inhirafla mübarizə aparmaqdır.[9]
[1] “Nəhcul-bəlağə”, 31-ci məktub:
أَيْ بُنَيَّ إِنِّي وَ إِنْ لَمْ أَكُنْ عُمِّرْتُ عُمُرَ مَنْ كَانَ قَبْلِي فَقَدْ نَظَرْتُ فِي أَعْمَالِهِمْ وَ فَكَّرْتُ فِي أَخْبَارِهِمْ وَ سِرْتُ فِي آثَارِهِمْ حَتَّى عُدْتُ كَأَحَدِهِمْ بَلْ كَأَنِّي بِمَا انْتَهَى إِلَيَّ مِنْ أُمُورِهِمْ قَدْ عُمِّرْتُ مَعَ أَوَّلِهِمْ إِلَى آخِرِهِمْ
[2] “Təfsiri-nümunə”, 9-cu cild, səh. 304-306
[3] “Əraf” surəsi, ayə: 7 və 176
[4] Müctəbəvi, Seyid Cəlaləddin, “Elmi əxlaqi islami”, “Camius-səadat”ın tərcüməsi, 3-cü cild, səh. 194
[5] “Ali-İmran” surəsi, ayə: 62
[6] Yenə orada, ayə 59
[7] “Nəml” surəsi, ayə: 27, 76
[8] Feyz Kaşani, Möhsün, “Məhəccətul-beyza”, 7-ci cild, səh. 85
[9] “Təfsiri-nümunə”, 15-ci cild, səh. 343 - islamquest.net/