Bəşər mədəniyyətinin inkişafında İslamın nə kimi təsiri olmuşdur?


Hər bir xalqın qurucu mədəniyyəti o xalqın iqtisadı, ictimai və mədəni tərəqqisini göstərir, o cəmiyyətin fəaliyyət sahəsinin hamısında inkişaf və irəliləyiş miqyasını bəyan edir. Hər bir millətin və xalqın iftixarı onun tarixində mövcud olan müxtəlif mədəniyyətlərin varlığı ilə ölçülür. Münəzzəm və prinsipial vəziyyətdə olan bir mədəniyyətin yaranması üç sahədə inkişafla əlaqədardır:
1. Sərvət əldə etmək məqsədi ilə iqtisadi sahələrdə istehsalın inkişafı;
2. Yeni təfəkkür ixtira etmək məqsədi ilə mədəni sahələrdəki inkişafı;
3. Xüsusi mənada “qüdrət istehsalı” kimi yad edilən siyasi sahələrdəki inkişaf.
Diqqət yetirilməlidir ki, bu üç sahədə: iqtisadi, siyasi və mədəni sahələrdə təhlükəsizlik bərqərar olmadan heç bir şey ixtira edilə bilməz. Buna görə də təhlükəsizliyin varlığı – ən aşağı səviyyədə olsa belə, zəruridir. İslam ölkələrində təhlükəsizlik sayəsində mədəniyyət yaradılmasının tarixi bu mənayadır ki, onların fikir və əndişə, sərvət və sərmayə, habelə qüdrət istehsal etməyə bacarıqları var idi. Əks halda, heç bir mədəniyyət formalaşa bilməzdi. Mədəniyyətin icad edilməsi də çox yüksək səviyyəli təhlükəsizliyin – təhlükəsizlik nəzəriyyələrindən əldə olunan əsasda – bərqərar edilməsi ilə sıx əlaqədardır. Müxtəlif dini, fəlsəfi, irfanı və s. elmlər olmayınca təbii olaraq təhlükəsizlik nəzəriyyələri də formalaşmaz və bunun ardınca mədəniyyət yaradan icrası təşkilatlar və qurumlar da vücuda gəlməz. Bu izahla görək əsas etibarı ilə mədəniyyət nədir və hansı təriflərə malikdir.
“Mədəniyyət” ərəb sözüdür və onun kökü مُدُن “modon” kəlməsidir, mənası da “şəhər həyatını qəbul etmək”, “şəhərlilərin əxlaq, adət-ənənələri ilə ünsiyyətdə olmaq”, “ictimai sahələrdə qanun, nəzm-inzibatı qəbul etmək”, “cəmiyyət üzvlərinin müxtəlif ictimai, siyasi, iqtisadi, mədəni və s. sahələrdə bir-biri ilə qarşılıqlı əlaqəsi”ndən ibarətdir. [1] Digər kitablarda da mədəniyyətə belə tərif verilir: “Şəhərdə yaşayan əhalinin əxlaqı ilə ünsiyyətdə olmaq, cəhalət və nadanlıqdan insaniyyətə doğru irəliləmək.” [2]
Böyük Fransa alimlərindən biri olan Vill Dorant mədəniyyətin tərifində yazır: “Mədəniyyət – özünün külli formasında ictimai bir nizam-intizama deyilir. Onun vücuda gəlməsi nəticəsində mədəni xəllaqiyyətlər, yaradıcılıqlar mümkün olur, qüvvəyə minib hərəkətə başlayır. Mədəniyyətdə aşağıdakı dörd əsas ünsür vardır: iqtisadi işlərdə ehtiyat və irəlicədən proqnoz vermək, siyasi təşkilatçılıq, əxlaqi sünnətlər, incəsənətin genişləndirilməsi və mərifət (agahlıq) yolunda fəaliyyət. O zaman bir mədəniyyət yarana bilər ki, hərc-mərcliyə son qoyulsun, təhlükəsizlik bərqərar edilsin. Çünki yalnız qorxu aradan qalxan zaman ixtiraçılığa ehtiyac hiss olunur və bunun ardınca insanlardakı axtarışçılıq hisləri fəaliyyətə başlayır, insan özünü təbii olaraq elm və mərifət kəsb etməyə, daha yaxşı, üstün, firavan həyat qurmaq üçün vasitələrin hazırlanmasına sövq edən bir instinktə (qərizəyə) təslim edir.” [3]

Mədəniyyətin təşkiledici əsasları
Bir mədəniyyətin təşkilində müxtəlif ünsürlər təsir qoyur. O cümlədən:
Elm
Elm – mədəniyyətin formalaşmasının əsas sütunu və örtüyüdür. İslamda ona çox ciddi dəyər verilir və Quranda bu barədə çoxlu təkid olunur:
قُلْ هَلْ یسْتَوِی الَّذِینَ یعْلَمُونَ وَ الَّذِینَ لا یعْلَمُون
“De: bilənlərlə (elm sahibləri ilə) bilməyənlər (cahillər, elmsizlər) eyni səviyyədə ola bilərmi?!” [4]
Rəvayətlərdə də bu mövzuya çox toxunulmuşdur. İmam Əli (əleyhis-salam) buyurur: “Ey insanlar! Bilin və agah olun! Din o zaman düzgün və kamal (həddində) olur ki, öz elminizi icra (tətbiq) edəsiniz. Agah olun! Elm əldə etmək mal-dövlət qazanmaqdan daha vacibdir.” [5]
Nəzm-inzibat
Nəzm-inzibat – yəni hər şeyin özünə münasib və məxsus olan yerində qoyulması, səliqəyə salınması. Bu halda bir məcmuədə icad olunan uyğunluq və bağlılıq onu müştərək hədəflərə doğru sövq edir. Əvvəldən axıra qədər göndərilən bütün peyğəmbərlər fərdi və ictimai qayda-qanunların yaradılmasına dair çox bəyanlar vermişlər. Belə qayda-qanunlar insanların özü, ailəsi, yaşadığı cəmiyyət, insan növləri, ətraf mühit və hakimlərlə əlaqədar vəzifələrini bəyan edir. Bu məsələ də mədəniyyətin formalaşması və təşkil edilməsində özünəməxsus rol ifa edir.
Təhlükəsizlik
Təhlükəsizlik – hökumət, dövlət, qanun və nəzm-inzibat sayəsində hasil olan asayiş və rahatlıq hissindən ibarətdir. Bu ünsür hasil olmayınca mədəniyyətin vücuda gəlməsi qeyri-mümkün olur. Qurani-kərimdə iqtisadi, maddi, ruhi və s. sahələrdə təhlükəsizliklə əlaqədar çoxlu ayələr vardır. O cümlədən qisasın, oğruluğun hökmlərini, möminlərin abır-heysiyyət və namuslarının qorunmasının vacibliyini göstərən ayələr və s. ictimai təhlükəsizlik və asayişə zəmanət verən möhkəm qanunlardır.
Vəhdət, qarşılıqlı həmkarlıq
Mədəniyyətlərin inkişafında bu ünsür çox böyük yol ifa edir. Belə ki, əgər insanlar arasında qarşılıqlı həmkarlıq aradan götürülsə, cəmiyyət parçalanar, bədəvilik dövrünə gedib çıxar. Mədəniyyət məhz qanuna iltizamlı olan və əməl edən cəmiyyətin sayəsində vücuda gəlir, təfriqə isə bədəvilik ünsürlərindən qaynaqlanır. Quran möminləri vəhdətə, həmrəyliyə, ilahi hakimlərin rəhbərliyinə dəvət edir və onun sayəsində insanları təfriqədən, pərakəndəlikdən uzaq saxlayır ki, mütərəqqi və inkişaf etmiş bir cəmiyyətə nail olsunlar:
وَ اعْتَصِمُوا بِحَبْلِ اللّهِ جَمِیعاً وَ لا تَفَرَّقُوا
“Hamılıqla Allah ipinə (Quran, İslam və hər növ vəhdət vasitəsinə) sarılın və pərakəndə vəziyyətə düşməyin!” [6]
Yuxarıda sadalanan amillərlə eyni zamanda digər amillərə də işarə etmək olar. O cümlədən nisbi rifah və firavanlıq, tayfa və qohum-qəbilə təəssüblərindən uzaq və daha yüksəkdə olan məramlar, gözəl əxlaq, səbirli və helmli olmaq və s. Bunlar da mədəniyyətin yaranmasında rol ifa edir. Yuxarıdakı amillərə diqqət yetirməklə demək olar ki, bu ünsürlər olmadan heç bir mədəniyyəti təvəqqe etməməliyik. Hər kəs İslam dinində azacıq tədqiqat aparsa, başa düşər ki, bu din həm Quran ayələrində, həm rəvayətlərdə, həm də məsumların (əleyhimus-salam) sirə və davranışlarında mədəniyyət yaradan ünsürlərə çoxlu təkidlər etmişdir. Belə ki, elə bir din tapmaq olar ki, yuxarıdakı ünsürlər barəsində bu qədər təkid etmiş olsun.
İslami təfəkkür mənbələrinə, yəni Qurani-kərim, həzrət Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih)-in və məsum İmamların (əleyhimus-salam) sözlərinə azacıq diqqət yetirməklə başa düşmək olar ki, Allah və Onun övliyaları təkcə möminləri deyil, hətta kafirləri, müşrikləri və digər din ardıcılarını da öz əql qüvvələrindən istifadə etməyə dəvət etmişdir. Allah-taala möminlərin kor-koranə iman gətirmələrini istəmir, imanın sütunu olan tövhidi də əqli və elm sayəsində mümkün bilir. [7]
Hazırkı dünya mədəniyyəti tarix boyu müxtəlif dünya xalqlarının yorulmaz səylərinin nəticəsidir. Bu yeni mədəniyyətin vücuda gəlməsində İslamın rolu çox qabarıqdır. Çünki İslam elm, mədəniyyət və ibtidai texnologiyanı icad etməkdən əlavə, bunları qərbə də nəql etdirmişdir. Ümumi şəkildə, elm və mədəniyyətin İslamdan qərbə nəql olunması üç yolla baş vermişdir:
1. Müsəlmanların İspaniya, İtaliya ölkələri ilə qarşılıqlı əlaqəli, habelə səlib yürüşləri nəticəsində onların İslam dünyasının müxtəlif yerlərində, İslam ölkələri sərhədlərində və ondan kənarlarda İslam mədəniyyəti ilə tanış olması;
2. Ərəb dilində yazılan kitabların müxtəlif Avropa dillərinə tərcümə olunması; bu da 5-7ci hicri əsrlərində baş verən “ərəbcədən latına tərcümə” hərəkatı ilə qeyd olunur.
3. Ərəb kitablarından tədris və istifadə;
Müsəlman alimləri tərəfindən qələmə alınan kitablar tərcümə edilərək Avropanın elmi mərkəzlərində tədris və istifadə edilirdi.
4. Məsihilərin müsəlmanlarla qaynayıb-qarışması, onlarla evlənib ictimai münasibətlər qurması və sair kimi işlər məsihilərin müsəlmanların paltar geyimi, adət-ənənələri və sair ilə əlaqədar təqlid etmələrinə səbəb olmuşdur. [8]
Müsəlmanlar İslamın köklü və əsil ünsürlərindən ilham almaqla, öz əvvəlki mədəni miraslarından bəhrələnməklə Yunanıstan, Misir, Roma, İran, Hindistan, Mesapatomiya, Çin və sair ölkələrdə də İslami mədəniyyətin əsaslarını qoydular. Bu mədəniyyət sonrakı dövrlərdə o qədər ciddi şəkildə irəliləyib genişləndi və təkamülə çatdı ki, təqribən səkkiz əsr ərzində bütün xalqların ideoloji rəhbərliyini müsəlmanlar öhdələrinə aldılar. Bu uzun müddətli zaman ərzində müsəlmanlar iki növ rol ifa edirdilər: bir tərəfdən keçmiş xalqların dəyərli mədəni-miraslarını İslam dünyasına nəql etdirməklə nəinki onları unudulmaq və məhv olmaqdan xilas etdilər, üstəlik onların təfəkkürlərini tərcümə, islah və təkmil etməklə keçmiş elmlərin bir çoxunu kamala çatdırdılar. Digər tərəfdən, bəzi yeni elmlərin əsasını qoydular: o cümlədən praktiki kimya, yeni fizika, cəbr, həndəsə, geologiya, zoologiya, sosiologiya, tarix fəlsəfəsi və s. əldə etdilər. Məsələn, Cabir ibni Həyyan və Zəkəriyya Razi kimya elmini onun qədimi mənasından çıxardaraq laboratoriyalarda tədqiq etməyə başladılar. İbni Heysəm fizika elmində “nurun (işığın) tanınması” ixtisasının əsasını qoydu. Xarəzmi cəbr elminin əsasını qoymaqla nəinki öz adını əbədiləşdirdi, üstəlik bəşəriyyət dünyasına da böyük bir xidmət etdi. İbni Xəldun tarixi mövzuların təhlil və tədqiqində yeni üslubun əsasını qoydu və həqiqətdə hazırkı sosiologiya elminin və tarixin əsasına qoydu. Məhz bundan sonra İslam mədəniyyəti Avropaya və sair dünya ölkələrinə təsir qoydu və o xalqları da ayıltdı. [9]
Qeyd olunan hallardan əlavə, digər müxtəlif elmlər də müsəlmanların tərəfindən genişləndirilmiş, yaxud onların özü bu elmlərin əsasını qoymuşlar və bu da hazırkı qərb dünyasının mədəniyyətində özünəməxsus rol ifa etmişdir. Müsəlmanlar xüsusilə tibb elminin yaradılıb inkişaf etməsində çox mühüm rol ifa etmişlər. Göz həkimliyi, cərrahlıq, psixologiya müsəlmanların tərəfindən geniş şəkildə yayılmış həkimliyin bir qolu hesab olunur. Müsəlman həkimlərinin elmi əsərləri yüzlərlə il Avropanın ali tibb məktəblərində tədris olunurdu. Onlar yeni həkimlərin tərbiyə olunmasında İbni Sina kimi böyük alimlərin əsərlərindən istifadə və bu müsəlman həkimi ilə iftixar edirdilər.
Kimya və fizika kimi elmlərdə də qərb mədəniyyəti İslam mədəniyyətinə borcludur. Bu elmin səmasındakı parlaq ulduzlar, o cümlədən Cabir ibni Həyyan, İbni Meysəm, Zəkəriyya Razı və s.nin adları hələ də parlamaqdadır.
Qeyd etmək lazımdır ki, hazırkı dövrdə “İslam mədəniyyəti” adı ilə qeyd olunan şeylərin çoxu həqiqətdə İslamın külli təlimlərindən əldə olunan müsəlman mədəniyyətidir. Buna əsasən, sadalanan bu halların hamısını İslam mədəniyyəti ünvanı ilə müqəddəs hesab etmək olmaz.
Əlaqədar görünüşlər:
“Din və mədəniyyət”, sual 10756 (sayt 10668)
“Din və mədəniyyət”, sual 10272 (sayt 12191)

[1] “Deh Xuda”, “Muin”, “Əmid” lüğətləri, “modon” kəlməsi
[2] Ərəb-fars lüğəti, səh. 2858, “modon” kəlməsi
[3] Vill Dorant, “Sivilizasiyalar tarixi”, Əhməd Aramın tərcüməsi, 1-ci cild, səh. 3, “İnqilabi islami” nəşriyyatı, 4-cü çap, 1372-ci il
[4] “Zümər” surəsi, ayə: 9
[5] Kuleyni, “Üsuli-kafi”, 1-ci bab, hədis 4
[6] “Ali-İmran” surəsi, ayə: 113
“Bəşər mədəniyyətinin inkişafında peyğəmbərlərin rolları”, məqalə, Məhərrəmi, Qulam-Hüseyn: www.tebyan-zn.ir
[7] Vilayəti, Əli Əkbər, “Puyaiye fərhəng və təməddüni İslam və İran”, 1-ci cild, Xarici İşlər Nazirliyinin nəşr və çap mərkəzi, Tehran, 1382
[8] Yenə orada, səh. 231
[9] Məhəmmədi, Zikrullah, “Tarixi intibahda İslam mədəniyyətinin rolu”, “İmam Xomeyni (rəhmətullahi əleyh)” adına beynəlxalq universitetinin nəşri, 1373-cü il
http://www.islamquest.net


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter