Quranda bərzəx aləmi ilə bağlı məlumat varmı?


BƏRZƏX VƏ ƏRAF haqqında:
Dünyadakı həyatın bitməsinin absolyut son olmaması, ondan sonra yeni bir həyatın – axirətin olmasına inam iman əsaslarındandır. “Axirət” sözü axır deməkdir. Amma bu mütləq son yox, bu dünyadakı həyatın axırı, insandan ilahi nəfəsin alınması, yeni bir vüsalın başlanğıcıdır. Quranda dəfələrlə “onlar ki Allaha və axirətə inanarlar” ifadəsi keçir. Yəni bir çox hallarda başqa iman əsasları sadalanmır, Allaha və ölümdən sonrakı həyata inam isə qoşa səsləndirlir.
Ölümdən sonrakı həyatdan danışılarkən ilk olaraq ağıla gələn Cənnət və Cəhənnəmdir. Amma daha iki anlayış var ki, onlar barədə də danışmağa ehtiyac var. Bunlar Bərzəx və Ərafdır. “Bərzəx” istər ərəbcədə, istərsə də dilimizdə coğrafi termin kimi, adətən, iki dəniz arasında qalan quru parçası anlamı verir. Bu söz Quranda üç dəfə işlənilib. O, Furqan və Rəhman surələrində dadlı və duzlu iki dənizin bir-birinə qarışmasına əngəl olan maneə kimi göstərilir: «Şirin sulu, acı sulu iki dəniz yaratmış, qovuşuq görünür gözə onlar. Qovuşa bilmirlər bir-birinə, maneə kəsibdir aranı» (Rəhman, 19-20); «Bir-birinin yanında qoşa dəniz yaradıb, birinin suyunu içməli, şirin, digərinin suyunu duzlu, acı eləyən və qarışmasınlar deyə aralarında maneəyə qərar verən Odur» (Furqan, 53). Muminin surəsində isə Bərzəx ölümlə yenidən dirilmə arasındakı müddət kimi verilir: «Onlardan hər kimi ölüm haqlayarsa, deyər: «Rəbbim, geriyə qaytar məni. Yarımçıq qoyduğum işimi tamamlaram, yaxşı işlər görərəm». Bir sözdür, deyir o, deməyin nə faydası? Diriləcəkləri günə qədər bir maneə dayanar onların arxasında» (Muminin, 99-100).
Quranda Bərzəx aləmi barədə müfəssəl məlumat verilmədiyi üçün bu barədə müxtəlif şərhlər meydana gəlib. Bir sıra sufi mütəfəkkirlərə görə, Bərzəx ruhun “kiçik qiyamətdən” – insanın ölümündən qiyamətə qədər qalacağı yerdir. Hər bir kəs dünyadakı əməllərinə müvafiq olaraq, burada ləzzət və ya əzaba düçar olacaq. Onda belə bir sual meydana çıxır: eyni savab-günah nisbətinə malik olan iki nəfərdən birisi qiyamətdən bir az əvvəl dünyasını dəyişib, o biri ondan 5 min il əvvəl yaşayıbsa, onda necə olacaq? Əgər həmin adekvat resurslu ruhların savabı daha çoxdursa, biri o birindən 5 min il çox ləzzət alacaq, günahı çoxdursa, bir o qədər artıq əzaba düçar olacaq. Füzuli «Mətləül-etiqad»da məhz bu xüsusa diqqət çəkərək maraqlı nəticələrə gəlib: «Belə deyə bilərlər: əgər eyni dərəcədə düzgün əməllər etmiş iki şəxsin biri Nuh zamanında, o biri isə bizim dövrümüzdə ölərsə, dirçəliş dövrü hər ikisinin nəfsi eyni həzzi alarsa və cənnət həzlərini almaqda bərabər olarlarsa, onda əvvəl ölənin həzzi sonrakından vaxt baxımından çox olar. Bu isə sonra ölən üçün haqsızlıqdır. Buna cavab olaraq deyərik ki, ölüm ilə dirçəliş arasındakı həzz cənnət nemətlərinin daimi olması üçün iztirabla qarışdırılmışdır». Bizcə, dünyaya nə zaman gəlmək insanın öz iradəsindən asılı olmadığı üçün müxtəlif dövrlərdə yaşamış və ekvivalent günah sahibi olan iki şəxsin bu qədər fərqli cəza və ya mükafat alması bizim təsəvvürlərimizlə izah edilən deyil. Axı “Allah heç kimsəyə haqsızlıq etməz” (Kəhf, 49). Biz yalnız onu ehtimal edə bilərik ki, ölümdən sonra bədəni tərk edən ruh yeni bir bədəndə yaşamırsa, onda onun qeyri-maddi olması həm də zamanın təsirindən kənarda olması deməkdir. Əqli dəlillərlə ehtimal etmək olar ki, Bərzəx məhz zamansız bir aləmdir. İnsan isə cəmi bir dəfə - qiyamətdə sorğuya çəkilir. Qurana görə, Qiyamət ixtilafların həlli günüdür (Baqara 113). Əməllərin qarşılığı o gün veriləcək (Ali İmran 185). “Hesab aparan kimi Biz yetərliyik” ayəsi isə (Ənbiya 47), fikrimizcə, Qiyamətdən başqa hansısa hakimliyin və sorğu-sualın olmamasına işarə edir. Və nəhayət, Quranın heç bir yerində Qiyamətə qədər kiməsə ya əzab, ya da mükafat veriləcəyi barədə bir işarəyə belə rast gəlmədik. Qiyamətdən əvvəl qəbir əzabının mövcud olması fikrinin tərəfdarları Quranda yalnız Ğafir (Mümin) surəsinin Fironun cəzalandırılması barədə olan 46-cı ayəsinə istinad edirlər: “Səhər-axşam yanar odu göstərərlər onlara”. Amma göründüyü kimi, burada söhbət cəhənnəmdə yanmaqdan yox, o od barədə onlarda təsəvvür yaradılmasından gedir. Cəza isə qiyamətdən sonra olur: “Elə ki, yetişdi Qiyamət günü mələklərə əmr olunar: «Ən şiddətli əzaba salın Fironun adamlarını» (yenə həmin ayədə). Və ya Hud surəsindən də görünür ki, məhz həmin gün Firon və tərəfdaşları cəhənnəmə girəcək: “Qiyamət günü də öz qövmünün önündə gedər, od içinə aparar soydaşlarını Firon. Getdikləri yer pisdən pis bir yer imiş” (Hud 98) .
Göründüyü kimi, cəza Qiyamətdən sonra verilir.
Nəhayət, Fatihə surəsində Qiyamətin “Din günü” (əvəz verilən gün) adlandırılması, həmin günün yiyəsinin isə Allah olmasının deyilməsi bir daha onu göstərir ki, o vaxta qədər nə mühakimə, nə cəza, nə də mükafat olacağı barədə hökm vermək olmaz. Allah taalanın Qiyamət günü verəcəyi cəza ilkin və yekun cəzadır, başqa cəza təyin etmə instansiyası və subyektləri yoxdur. Bu təqdirdə Bərzəx ölümlə qiyamət arası yer (şərti olaraq) və ya müddətdir (şərti olaraq). Onu dəqiq demək olar ki, orada da insan-Allah ünsiyyəti davam edir: “«Onlardan hər kimi ölüm haqlayarsa, deyər: «Rəbbim, geriyə qaytar məni...» (Müminin 99).
Gələk Ərafla bağlı qənaətlərə. Qeyd edək ki, xristianlıqda da Əraf anlayışı var. Əraf haqda təlimi pravoslavlıq və protestantlıq qəbul etmir. Katolisizmə görə, Əraf cənnətlə cəhənnəm arasındakı bir yerdir. Orada dünyada olarkən bağışlanmamış, amma cəhənnəmlik də olmayan günahkarlar yerləşdirilib. Bu insanlar Cənnətə girməzdən əvvəl odla təmizlənirlər. Katolik ilahiyyatçılar bu prosesi fərqli şəkildə şərh edirlər. Bəzilərinin fikrincə, Ərafdakı od rəmzdir, o, vicdan əzabı və tövbədir. Bir qisim isə söhbətin gerçək oddan getdiyini bildirir. Katolik ruhanilər iddia edir ki, dünyasını dəyişənlərin ruhunun əzabdan daha tez qurtulması mümkündür. Bunun üçün onun dünyadakı yaxınları “yaxşı işlər” görməlidirlər. “Yaxşı işlər” deyəndə dualar, messalar, kilsəyə maddi yardımlar nəzərdə tutulur. Bundan başqa indulgensiya ilə də buna nail olmaq olar. İndulgensiya günahın yuyulması üçün Papanın verdiyi etimadnamədir. Onu pulla və ya katolik kilsəsi qarşısında xüsusi xidmətlərə görə əldə etmək olar. Katolik ilahiyyatçılar iddia edirlər ki, Vatikan İsa Məsihin və Məryəm ananın etdiyi saleh işlərdən ibarət yaxşı işlər ehtiyatına malikdir və bununla insanların günahlarını yumaq olar. Əraf haqda təsəvvürlər xristianlıqda 1-ci əsrdə yaranıb, Foma Akvinski bu barədə təlimi geniş şəkildə işləyib. Katoliklər hesab edirlər ki, Qiyamət başlayanda Əraf ləğv ediləcək.
XIII əsrin böyük italyan şairi Aligyeri Dante “İlahi komediya”adlı poemasında Ərafdan ətraflı bəhs edir. Cəhənnəmi 9 dairədən ibarət təsvir edən şair onun qıf şəklində olduğunu göstərir. Cəhənnəm yerin dibinə doğru uzanır və dərinə getdikcə daralır. Əraf isə yeddi mərtəbədən (dairədən) ibarətdir. O da qıf şəkindədir, amma tərsinə qoyulmuş qıf kimi. Yəni daha çox dağa bənzəyir. Danteyə görə, bu nəhəng dağ cənub yarımkürəsində okeanda yüksəlir, onun ətəyi Ərafın girəcəyidir. Oraya daxil olanda əli qılınclı mələk adamların alnına 7 ədəd “P” hərfi cızır. “P” latınca “peccatun” (günah) sözünün ilk hərfidir. Ərafın mərtəbələrini keçdikcə hər mərtəbədə o hərflərin biri silinir. Danteyə görə, hər dairədə konkret bir günah növünü işlədənlər cəza alırlar. Birinci mərtəbədə təkəbbürlü adamlar əzab çəkir. Onların üzərinə böyük qayalar qoyurlar. Ərafın ikinci mərtəbəsində paxıllar yerləşdirlib, onların gözləri kor edilib. Üçüncü dairədə qəzəbli olanlar yerləşib. Dördüncü dairədə tənbəllər, beşincidə xəsis və israfçılar, altıncıda qarınqulular, yeddinci dairədə şəhvət düşgünləri təmizlənir. Ərafdan cənnətə yol var və bütün dairələrdə təmizlənənlər, nəhayət, cənnətə daxil olurlar. Dante o vaxt xristianlıqda geniş yayılmış təsəvvürləri təxəyyülünün əlavələri ilə dolğunluqla qələmə alıb.
İslamda da Əraf anlayışı var. Amma onun Cənnət və ya Cəhənnəm kimi mərtəbələri, dairələri barədə danışılmır. Katolisizmdən fərqli olaraq, hansı qrup insanların orda qərar tutması barədə qəti fikir də ifadə edilmir. Eyni zamanda, Ərafın təmizlənmə məkanı olub-olmadığı da açıq bəyan edilmir. Müqəddəs Kitabımızda Ərafdan danışılan surənin adı da Ərafdır. Orada deyilir: “İki tərəf [cənnət və cəhənnəm əhli] arasında pərdə var. Və hər iki tərəfi üzlərindən tanıyan adamlar dayanıblar Əraf üzərində. Cənnət əhlini səsləyərək «Sizə salam olsun deyirlər. Bunlar cənnətə girməyiblər, amma cənnətə girməyin arzusuyla yanırlar. Cəhənnəm əhlinə zillənəndə gözləri «Zalımların qövmilə bir yerdə yerləşdirmə bizi, Rəbbimiz» dedi onlar. Üzlərindən tanıdığı adamları səsləyib Əraf əhli dedi: «Nə yığdığınız mal-dövlətin, nə də lovğalandığınız şeylərin faydası qalmamışdı sizə” (Əraf, 46-48).
Cənnət və cəhənnəm arasında yerləşən bu məkanda qərar tutanların kim olması barədə müxtəlif fikirlər var. Bir qisim onların mələklər olduğunu, başqaları peyğəmbərlər, şəhidlər və alimlərin qəsd edildiyini söyləyir. Üçüncü qrup fikir tərəfdarları iddia edir ki, guya bu kateqoriyaya aid olanlar hər hansı bir peyğəmbərin təbliğini eşitmədən ölənlər, müşriklərin yetkinlik yaşına çatmayan övladları və qanuni nikahdan doğulmayanlardır. Dördüncü və daha çox inandırıcı versiyaya görə, Əraf əhli günah və savabı bərabər səviyyədə olanlardır. Mələklər yalnız dürüst işlər görmək üçün proqramlanmış varlıqlardır və mükəlləf deyillər – nəyinsə mələklər üçün savab və ya günah olması barədə söhbət gedə bilməz. Başqa səmavi dinlərdən fərqli olaraq islamda günahkar mələklər anlayışı yoxdur. Surənin 47-ci ayəsindən görünür ki, Əraf əhli cənnət arzusundadırlar, cəhənnəm qorxuları isə yüksəkdir: “Cəhənnəm əhlinə zillənəndə gözləri «Zalımların qövmilə bir yerdə yerləşdirmə bizi, Rəbbimiz» dedi onlar”. Ona görə onların mələklər olması barədə deyilənlər özünü doğrultmur. Bunlar, təbii ki, peyğəmbərlər, siddiqlər və şəhidlər də ola bilməz. Üçüncü iddiaya gəlincə, hər hansı bir peyğəmbərin təbliğini eşitmədən ölmək insanın iradəsi xaricində ola bilər. Müşriklərin yetkinlik yaşına çatmayan övladlarının isə dini məsuliyyəti olmamalıdır. Qanuni nikahdan doğulmayanların onlardan asılı olmayan səbəbə Ərafa yerləşdirilməsi də məntiqə ziddir.
Dördüncü versiya daha inandırıcıdır. Çünki Quranda cənnət və cəhənnmi haqq edənlərin savab və günahın tərəzidə çəkilməsi yolu ilə müəyyən ediləcəyi deyilir: “Gördükləri işləri danışarıq birər-birər onlara, iş görən zaman onlar Biz qaib deyildik axı. Haqq çəkisi qoyulacaq o gün mizan-tərəziyə. Çəkisi ağır gələnlər uğura uğrayarlar. Çəkisi yüngül gələnlər ayələrimizə haqsızlıq eləyənlərdir, itiriblər özlərini” (Əraf 7-9); “Sur çalınan gün əsil-nəsəb deyilən şey qaldırılar aradan və bir-birindən bu barədə soruşmaz onlar. Kimlərin ki, ağır gəlmiş çəkisi, uğura uğramış onlar. Kimlərin ki, yüngül gəlmiş çəkisi, onlar itirmişlər özlərini, cəhənnəmdə əbədilik qalarlar” (Müminin 101-103). Buradan belə nəticə çıxır ki, savabla günahların müqayisəsi zamanı müsbət saldoya malik olanlar cənnətə, mənfi saldosu olanlar cəhənnəmə göndəriləcək. Günah və savabı eyni olanların aqibəti barədə isə Quranda heç nə deyilmir. Ona görə Əraf əhlinin məhz günah və savabı eyni olanlar olduğunu deyənlər fikirlərində daha əsaslı görünürlər.
Amma onların “hər iki tərəfi üzlərindən tanıyan adamlar” olması tam əminliklə fikir yürütməyi mümkünsüz edir. Hər şeyin əsl mahiyyətini Allah bildiyi kimi, onların kimlər olduğunu da tam dəqiqliyi yalnız Allah bilir.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter